XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



İlhami Cəfərsoy yazır- Qum kahinləri:- N İ Z A M İ Gəncəvinin uzaq əcdadları
Maraqli 07:49 / 18.03.2022

Giriş. Ön Asiyanın yerli kahin nəsilləri yunanlarla döyüşlərdə Troya hökmdarı Piramın tərəfində idilər. Həmin nəsillər Sal, Qal, Kum, Aplu və başqaları idi. Yunan və latın tarixçilərinin əsərlərində onların adları olduğu kimi, bəzən də azca fonetik dəyişikliklə yazıya alınmışdır. Məsələn, Aplu məbədi Apollon məbədi adlandırılır (Вильгельм Вагнер 1901.s.129).
Troya şəhərinin süqutundan – eradan əvvəl 1334-cü ildən sonra İtaliyaya köçən kahin nəsillərindən biri də Kum idi. Onlar Appenin yarımadasının cənubunda Kum şəhərini saldılar və həmin şəhərdə Kum məbədini tikdilər (Энеида 1933. s.338; Энеида1971. s.386; История греческой литературы 1872 s.11, 273).
Publi Maron Vergili (er.əv.I əsr) yazır ki, İtaliyanın cənubundakı və Evbey adalarındakı Kum şəhərlərini H`Alkidadan gələn Kum kahinləri salıblar. Həmin şəhər Kampan vilayətində Neopol yaxınlığında idi (Энеида 1933.s.423; Энеида 1971.s. 386). H`Alkida Suriyanın şimalıdır. İndi o vilayət və şəhər H`Ələb adlanır. H`Ələb alova tapınan prototürklərin yurd yeridir.
Şumerin "Gilqamış” dastanında Kum baba obrazı var. O, dastanda Uruk şəhərinin düşməni kimi təqdim edilir (Масперо 1916.s.167). Bu əfsanə göstərir ki, Kum etnosu yuxarı Dəclə çayı boyunda yaşamış, aşağı Dəclə çayı boyunda yerləşən Uruk şəhərini işğal etmək istəmişdir.
Vergili yazır ki, Kum məbədində cadugər qadınlar yaşayırdılar. Həmin qadınlardan birinin adı Sevil idi. Qədim Roma şairləri onun adını Sevilla kimi yazırlar (История греческой литературы 1872.s.11; Энеида 1933.s.15; Энеида 1971.s.386). Eney atası Anxizi Siciliya adasında dəfn edir və Sevillanın yanına gəlir. Ondan xahiş edir ki, falına baxsın, görsün gələcək taleyi necə olacaqdır?
Sevilla sehirli sözlərlə Eneyi ovsunlayır. Onu yeraltı dünyaya aparıb atası Anxiz ilə görüşdürür. Atası ona deyir ki, Latinin qızı Lavinanı al, İtaliyada yeni dövlətin əsasını qoy. Eney boy- buxunlu cəngavər cadugərin sözlərindən elə təsirlənir ki, atası ilə görüşdüyünə inanır, Sevillanın dizlərini qucaqlayıb uşaq kimi ağlayır (Энеида 1933.s.15).
Sevilla cadugər adının Zebilla, Zabella variantları da vardır. Adın kökündə seb, sab sözü durur. Türk dillərində kahinlərlə, el şairlərinə sebçi deyilirdi. Çünki onlar Tanrının sebini, yəni sözlərini insanlara çatdırırdılar.
Orxon – Yenisey abidəsində belə cümlə var: - Sabımı tüketi esidgil, yəni sözünü sonadək dinlə. Bizim ensiklopediyalara inansaq, Sevilla, Zabella adları latın mənşəlidir. Əslində isə o adlar türk mənşəli olub, sonradan Avropa dillərinin təsirinə uğramışdır.
Er. əv. II minilliyin əvvəllərinə aid Xatti kitabələrində cadugər qadınlara Kum Ama deyilir (Сойрек 1980.s.203). Xattilər xettlərdən qabaq Kızıl İrmak çayı boyunda yaşayan xataylardır. Xataylar arxaik bir türk etnosu olaraq iltisaqi, xettlər flektiv dillidirlər (Камменхубер 1980.s.105; Грозный 1938.s.26-27).
Kum sözü kahin anlamında Likiya dilində də vardır. Likiyalılar şumerlərə və xataylara qohum idilər. Onlar Kum kahinlərinin məbədlərinə Kumezia deyirdilər. Bundan başqa Likiya mixiyazılı kitabələrində Kumaza sözü vardır. Kumaza kahinlik sənətinin sahiblərinin daşıdıqları titul idi (Нойман 1980.s.352).
Ön Asiyadan İtaliyaya köçən Kum kahinləri Nizami Gəncəvinin uzaq əcdadlarıdır. Bu barədə heç bir tədqiqat işi aparılmamışdır. Nizamişünaş alimlərimiz nəinki böyük şairin Qum mənşəyinə, hətta onun əslən Qum şəhərindən olmasına çox ehtiyatla yanaşırlar. Onlara elə gəlir ki, Qum İran şəhəri, qumlular farsların əcdadlarıdır. Əslində isə Kum prototürk etnoslarından biri, hansı ölkədə salınmasından asılı olmayaraq Kum türk şəhəridir.
Kum şəhərinin biri Orta Asiyada Ürgənc vilayətində (Бартольд I. III, 1966; s.88), biri Kaşandan Təbrizə gedən ticarət yolunun üstündə (Петрушевский 1949.s. 200), biri Qıpçaq çölündə (Чокан Валиханов 1984.s.249), biri Çin Türküstanında (Кучера 1984.s.30), biri hardasa Troyanın şərqində idi (Хойбек 1980.s.321).
Qədim Çin tarixçilərinin yazdığına görə Kum şərqdəki 36 dövlətdən biridir (Кучера 1984.s.30). Bu məlumatlar onu göstərir ki, Kum qədim dünyanın elitar nəsillərindən biridir. Dinlər, ayinlər dəyişmiş, etnosların qitələrdən- qitələrə, iqlimlərdən – iqlimlərə miqrasiyaları baş vermiş, çoxlu xalqlar məhv olaraq yer üzündən silinib getmişdir. Ancaq qumlular dinlərini, inanclarını dəyişərək öz varlıqlarını qoruyub saxlamışlar.
Təbrizlə Kaşan arasındakı Qum təriqət şeyxləri fars millətçiliyinin təzyiqi ilə erməniyə dost, Azərbaycana düşmən oldular. Qarabağda Vətən savaşı zamanı fitva verərək bizi işğalçı adlandırdılar.
Qum nəslinin bir qolu xristianlıq dövründə Albaniya ilə İveriya arasında yurd salmışdı. VII əsrdə onların burada böyük məbədi və qalası var idi. A.S.Xaxanov 1893-cü ildə Qax rayonunda Ləkit kəndi yaxınlığında Qum məbədinin xarabalığını tapmışdır (Шанидзе 1938.s.170).
Bundan başqa IV əsrdə hardasa Van gölü vadisində Qum adlı qala var idi. Erməni tarixçiləri həmin yaşayış məskənini Qomkunk adlandırırlar (Фавстос Бузанд 1953.s.97). Qomkunk Qum etnosunun qalası, sığnağı deməkdir.
Nizami Gəncəvi yazır:
Ço dor gərçe dər bəhre Gənce qoməm,
Vəli əz qohestane şəhre Quməm.
Mirvari kimi Gəncə dənizində batsam da,
Dağlıq yerdəki Qum şəhərindənəm.
Hindistanlı tədqiqatçı Şibli Nümana görə şairin əcdadları Qum şəhəri yaxınlığındakı Təfreş, yəni Təbriz kəndindəndir. Ancaq "İsgəndərnamə” nin Bakı nəşrindən bu məlumatı çıxarıblar. Akademik Ziya Bünyadov yazır ki, Nizaminin babaları Qax yaxınlığındakı Qum kəndindəndir. Həmin kənd qohestanda, dağlıq ərazidə yerləşir (Ziya Bünyadov 1984.s.225).
Xristian kilsə salnamələrindəki məlumatlar Şibli Nümanın yox, Ziya Bünyadovun fikirlərini təsdiq edir. Xilafətin qoşunları Tiflisi tutanda şairin babaları xristianlığın sonunun çatdığını görmüş, İslam dinini qəbul edərək Gəncəyə köçmüşdür. Bundan sonra Qum məbədi baxımsız qalaraq dağılmış və ya dağıdılmışdır.
Ancaq Şibli Nümanın da vətənpərvərliyini anlamaq lazımdır. Şibli kəndinin biri Təbriz yaxınlığında, biri Pakistandadır. Şibli qədim türk tayfalarından biridir.
Nizami Gəncəvinin ata xəttilə qohumları Qumi soyadı ilə məşhur idilər. Onlar Atabəylər dövründə Gəncə şəhərinin aparıcı simalarına çevrildilər. Cəmaləddin Qumi Gəncə şəhərinin rəisi idi. Onun qohumu Şəmsəddin Qumi Atabəy Özbəyin hacibi kimi Gəncədə oturub gürcülərlə diplomatik danışıqlara başçılıq edirdi (Ziya Bünyadov 1984.s.124, 177).
Şəmsəddin Qumi dövrünün çox istedadlı diplomatı idi. O, ilk dövlət xadimidir ki, müsəlman oğlanların xristian qızlara uyaraq ölkəni tərk etməsinin qarşısını almışdır.
Çariça Tamarın zamanında Gürcüstanda qız monastırları var idi. Gözəl və fitnəkar qızlar orada xüsusi təlim alırdılar. Qonşu ölkələrin alp igidləri onların sorağını alıb kilsələrə gəlir, xristianlığı qəbul edir, bir də vətənlərinə qayıtmırdılar.
Belə qadınların çoxlu aşnaları olurdu. Onlar 35 yaşına çatana qədər ərə gedib uşaq doğmurdular. Bədənlərinin təravətini saxlayırdılar.
Çariça Tamar 35 yaşına qədər 15 dəfə ərə getmişdi, ancaq doğmamışdı. Saray şairləri onun gözəlliyini vəsf edir, Şirvandan, Gəncədən müsəlman oğlanlar onun həsrətilə Tiflisə yollanırdılar (Джаnaшвили 1900.s.36,37; Меликсеtбеков 1939.s.8-9).
Şəmsəddin Qumi Atabəy Özbəyin bir oğlunu Tamarın yanına göndərdi. Oğlan elə boy- buxunlu, yaraşıqlı idi ki, Tamar onu görəndə aşiq oldu. 15-ci əri David Soslanı tələsik kəndə göndərib, oğlan ilə eyş-işrətə başladı.
Oğlan iki aydan sonra ova getmək bəhanəsilə Tiflisdən çıxdı və Gəncəyə gəldi. Şəmsəddin Quminin göstərişi ilə cavanları başına toplayıb dedi ki, mən 50-60 kişinin altından çıxan o qadında bir gözəllik görmədim. Bundan sonra Azərbaycan oğlanlarının Gürcüstana axınları dayandı.
Qum nəslinin təriqət şeyxləri kahinlik dövründən qalma ənənələrlə insanların ürəyinə girir, beynini yuyurdular. Onların çoxlu kitabları, yazılmış və yazılmamış qanunları var idi. Dövlətçilikdə, şəcərənin tərbiyəsində elə sirlər vardı ki, yalnız özləri bilirdilər.
Yakup Şafak yazır ki, Nizami ərəb və fars dillərindən başqa pəhləvi, süryani, ibrani, erməni və gürcü dillərini bilirdi (Yakup Şafak XXXIII.s.183). Bu dilləri yalnız şairin özü bilmirdi, Qum nəslinin patriarxları bilirdi. Əgər onlar müxtəlif dilləri, dinləri bilməsəydilər, kilsələrdə yepiskop, məbədlərdə təriqət şeyxləri ola bilməzdilər. Bizim tarixçilərimiz yalnız ölkələrin, dövlətlərin tarixini öyrənirlər, elitar nəsillərin, sülalələrin tarixini elmi tədqiqatın obyektinə çevirmək lazımdır.
Qum şəhərinin və məbədinin farslara heç bir aidiyyatı yoxdur. Чokan Valixanov yazır ki, Kum qıpçaq tayfasıdır (Чокан Валиханов 1984.s.249). Qıpçaqlar cənubi-rus çöllərinin qədim sakinləridir. Kuban çayı onların adı ilə Kum, Kumli, Kum Aka adlanırdı. Bundan başqa Stavropol, Kuban quberniyalarında Kum, Kumli kəndləri var idi (Аростолова 1897. s.126; Галкин, Коровин 1980. s.76-84; Пагирев 1913. s.148; История Доnскoqo Войска 1834.s.165).
Kimsə bizimlə mübahisə edə bilər ki, qıpçaqlar Volqa- Don arasına XI əsrdə gəlmişdir. Ancaq heç kəs düşünə bilməz ki, bir çox qıpçaq boyları, o cümlədən Kum kahinləri qədim Ön Asiyada şəhərlər salmamış, məbədlər tikməmişdir. Er. əv. II minilliyə aid Lidiya mixi yazılarında Kumli patriarx adı var(Хойбек 1980.s.321),
er. əv. IX əsrə aid Urartu qaya yazılarında göstərilir ki, Kum tayfası cənub-şərqi Anadoluda yaşayır. Onların Yuxarı Zab çayı boyundakı ölkəsi və şəhəri Kum adlanır (Меликişвили 1960.s.438).
İtaliya səyyahı Plano Karpini yazır ki, kumanların ölkəsi Kum adlanır (Шопен 1866.s.322). Kuman qumlular, Qum nəslindən olanlar deməkdir. Yəhudi tarixçisi İosif Flavi (I əsr) yazır ki, İudeya ölkəsini romalılar tutdular. Roma imperiyasının vassalı Ventidiy Kuman 48-52-ci illərdə iudalar üzərində hakim oldu (Иосиф Флавий 1991.s.163, 479). Bu məlumat onu göstərir ki, Kum alpları romalılarla birlikdə İtaliyadan gələrək Fələstini tutmuşdur.
Misirin Karnak şəhərindən tapılan er. əv. XIII əsrə aid bir papirus mətnində göstərilir ki, XVII sülalə fironlarının zamanında Kumli qalasında bir Asiya knyazı hakimlik edirdi. O, firon Ramzesin atası ilə vuruşa- vuruşa öz qalasına sığınmışdı (Струве 1919.s.9).
Nəzərə alsaq ki, Troya şəhəri er. əv. XIV əsrin sonlarında tutulmuşdur, deməli qumluların bir hissəsi o zaman İtaliyaya yox, Misirə köçmüşdür. Artıq er. əv. XIII əsrin əvvəllərində onların yuxarı Nil çayı vadisində iki, deltallarda bir şəhəri var idi (Клота бей 1843. xəritə 1 və 2; Тураев 1913.s. xəritə 1).
Xüsusilə maraqlıdır ki, Assuriya mixi yazılarında Kum ölkəsi Kummux, ölkənin hakim etnosu Kummuxa adlanır (Меликшвили 1960.s.429) Kummuxa qumuxların ölkəsi deməkdir. Qumux türk etnosudur (Bakıxanov 1951.s.116). Onların bir hissəsi özlərini Qumux adlandırır və Şimali Qafqazda yaşayır. Bundan başqa XIX əsrdə Orenburq vilayətində Kumax adlı qışlaq (Географическо – статистический словарь I. 1863.s.683) və Özbəkistanın Altun kul rayonunda kənd var idi (Административно – Tерриториальное деление Узбекской 1960.100).
Mahmud Kaşğari yazır ki, Qum şəhərinin adı türkcədir (MK III.1941.s.149), ancaq sözün anlamını izah etmir. Altay türkləri isə quma kumux deyirlər (МурзаeB 1959.s.124). Kum, kumux etnonimləri qum sözü ilə bağlı ola bilərmi? Fikrimcə olar, amma bilavasitə sözün həqiqi mənası ilə yox.
Türk dillərində qum sözünün mənalarından biri gömmək, yəni torpağa, quma basdırmaqdır. İtaliyadakı Qum məbədinin kahini Sevilla Eneyi yerin altına kömür. Zülmət dünyaya aparıb atasının ruhu ilə görüşdürür (Энеида 1933.s.15; Энеида 1971.s.386).
Чokan Valixanov yazır ki, qum qırğız sözüdür. Ancaq onlar indi bu sözü işlətmirlər (Чокан Валиханов 1984.s.249). Ona görə işlətmirlər ki, onlar cadugərliyi unudublar. İslam dini cadugərlərə, falçılara inancı qadağan edir.
Nizaminin ata xəttilə qohumları Şəmsəddin Qumi, Cəmaləddin Qumi də artıq insanları İtaliyanın Qum məbədinin kahinləri kimi yeraltı dünyaya aparmırdılar. Onlar V- VII əsrlərdə kilsələrdə, IX – XII əsrlərdə məscidlərdə tamam başqa üsullarla inanc əhli üzərində hökmran oldurdular.
Nəticə. İtaliyanın Kum şəhərini Troyanın süqutundan sonra Ön Asiyadan Appenin yarımadasına köçən Qum kahinləri salmışdır. Qum prototürk etnoslardan biridir.
Nizami Gəncəvi ata xəttilə Qum, ana xəttilə Qurd nəslindəndir. Qum nəslinin patriarxları Gəncəyə köçməzdən qabaq Qax rayonundakı xristian türk icmasının başçıları olmuşlar. Onlar İslam dinini qəbul edib, Gəncə şəhərində rəhbər mövqelər qazandılar.
İstər Albaniya ilə İveriya arasında olsun, istər Təbriz və ya Urgənc şəhəri yaxınlığında Qum arxaik bir türk nəslinin şəhəridir. Qum müdrikləri yalnız Azərbaycanın yox, qədim Ön Asiya və antik İtaliya mədəniyyətinin yaradıcılarından biridir.

6440 oxunub

InvestAZ