XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Şəhri nənənin söz boxcasından - Faiq ŞÜKÜRBƏYLİNİN TƏQDİMATINDA Beşinci yazı
Maraqli 09:23 / 13.03.2022

Dolu quyuya bit düşməz

Bu ifadə qarabağlıların söz-söhbətlərində məqamı gələndə işlənir. Niyə? Ona görə ki, tarixən qarabağlılar oturaq olublar. Peşələri də əkin-biçin olub. Becərdikləri taxlı da ərzaq quyularına doldurub qış üçün tədarük görüblər. Ən kasıb adamın belə, quyusunda bəs deyəcək dərəcədə taxıı olardı. Qarabağlılar deyərdilər: -"Allah məni bir çörəklə, bir də ürəklə imtahana çəkməsin”.

Quyu deyəndə isə biz su quyusu kimi dərin quyuları nəzərdə tutmuruq. Taxıl quyuları taxıl məhsullarını saxlamaq üçün su quyularından fərqli olaraq, çox da dərin yox, amma enli, geniş qazılırdı. Fındıq, zoğal, murdarça, söyüd və s. ağacların çubuqlarından cəvərən hörüb quyunun içərisinə yerləşdirirdilər. Cəvərənlə torpağını arasını samanla doldururdular ki, taxıl nəm çəkməsin. Sonra taxıl quyunun içinə doldurulurdu. Onun üstünə saman döşəyib ağzını palçıqla suvayırdılar. Daha burada zərrə qədər boş yer qalmırdı ki, burada nəsə özünə yer eləsin.

Dolu quyuya bit düşməz ifadəsi bax, beləcə yaranıb. Bu məsəl insanların əxlaqı, tərbiyəsi, ağlı-kamalı, soy kükü ilə ilişgəli olaraq işlədilir. Yəni tərbiyəsi yerində olan, əsli-nəsli pak olan insanları hər zaman əyri yollara çıkmək mümkün deyil.

Dilini qarnında dinc saxla

Bu ifadə adətən artıq-əskik danışmamaq, xəbərçilik etməmək üçün öyüd-nəsihət, bəzən isə hədə-qorxu tonunda işlədilir. Söz gəzdirən, qeybət edən şəxslərə rəğmən cəzalanacaqlarına işarəylə deyilir. İfadənin əsas qayəsi budur ki, xəbərçilik, qeybət etmək, söz gəzdirmək insana heç vaxt başucalığı gətirmir, əksinə insanı həmişə xəcil edir.

Bəs dilin ağızda deyil, qarında dinc saxlanılması ifadəsi nə ilə ilişgəlidir? Məlumdur ki, insanın ağzı, burnu, qulağı, q

görünə bilməyən əzası yalnız onun qarın boşluğudur. Yəni insanın qarın boşluğunun içərisi görünmədiyi, bilinmədiyi kimi, baş verən hadisələr də faş olunmamalıdır. Bu həm də söz gəzdirməyin, xəbərçiliyin insan üçün yad-yabançı olduğuna, onun daxili aləminin zənginliyinin vacibliyinə bir işarədir.

Onun təkə-təkə gəzməyi var

"Əşşi sən allah qoy görək, o bizim adamımız deyil. Onun təkə-təkə gəzməkdən savayı əlindən nə gəlir ki...”, "Bir Şəfinin xoş-beşi, bir də Xankişinin təkə-təkə gəzməyi qocaltdı məni”, "Onun təkəyə oxşayan qızı var ey, o, az aşın duzu deyil”.

Söz-söhbət əsnasında bu cür ifadələr tez-tez işlənməkdədir. Təkə yaşlı, erkək keçiyə deyirlər. Təkələr bir qayda olaraq qoyun sürüsünün qabağında gedirlər. Yerişləri də adi keçilərin və qoyunlarınkından fərqlənir. "Təkə-təkə gəzmək” ifadəsi həm mənfi, həm də müsbət mənada işlənir. Lovğa-lovğa yeriyən adamlara da, fiziki möhkəmliyi, şax yeriş-duruşu ilə başqalarından açıq-aydın seçilən şəxslərə də işarəylə bu ifadə işlədilir. Bəzən də təkə ifadəsi cəsarətlilik, qorxmazlıq, saymamazlıq kimi də işlədilir və qadınlara da şamil edilir.

Qalaya dolma yeməyə gedən kimi

Qarabulaqda Fətalı adlı bir kişi varmış. Yeyib-içənmiş. Bir gün eşidir ki, bəs Qalada) yaxşı dolma bişirirlə. Fətalı eləmir tənbəllik payipiyada yön alır Qalaya tərəf. Burdan da qalaya Molla Nəsrəddin yolu deyilən yol ilə yarım günlük məsafəymiş. Fətalı gəlib çıxır Qalaya. Nişan verilən aşbazxananı tapır. Bir qab dolma sifariş verir. Dolma gətirilir. Fətalı girişir dolmanın canına. İnsafən dolma deyildiyi kimi çox dadlı və ləzzətli imiş. Yeyib toqqanın altın bərkidəndən sonra daban alır geriyə.

İndi də biri qarnını götürüb qarunqululuğa gedəndə deyillər: Fətalı kimi bir qarın yeməkdən ötrü Qalaya doma yeməyə gedirsən?

Ağlına keçə yamayım

Keçə isladılaraq döyülmək surətiylə yun və ya qıldan əldə edilən qalın və qaba materiala deyirlər. Keçə daranmamış, bir-birinə keçmiş, bir-birinə yapışmış halda olur. Keçəni keçəçilər hazırlayırlar. Bu peşə keçəçilik adlanır. Keçəçilik keçə hazırlayanın işidir. Dediyimiz kimi bu yundan və qıldan hazırlanır. Qıl bəzi heyvanların vücudunda çıxan sərt tükə deyillər. Keçəçillikdə əsasən keçi qılından, keçi qəzilindən istifadə edilir. Keşə çox məhkəm, qalın və isti olur. İnsanlar keçədən sağlamlıq məqsədi ilə istifadə edirlər. Xalq təbabətinə rəğmən deyə bilərik ki, soyuqdəyməsi olan adamı keçəyə bükürlər ki, o, tərləyib ayılsın. Çıxıq zamanı, şiş zamanı bir parça keçəni isti suyun içərisinə salır, sonra onu həmin yerin üstünə sarıyırlar. Çox keçmir ki, keçə havlamış, simləmiş yaranın şişini çəkib sağaldır.

Xalq təbabətində çəpiş kəlləsinin dərisinin əhəmiyyəti haqqında bilgilər vardır. Çəpiş kəlləsinin dərisini soyan kimi isti-isti başa bələmək sinir fəaliyyəti pozğunluğu və zehni qarışıqlıq halarında çox faydalı hesab olunur.

Yaxud xalq inam və etiqadlarının birində deyilir ki, "Uşağı olmayan qadını keçi dərisinə salsan, uşağı olar”. Demıli, ağıla keçə yamama ifadəsi müəyyən tibbi, etimoloji kökə bağlıdır və heç də təsadüfi olaraq işlənmir.

Ağlına keçə yamayım ifadəsi yaddaşı zəiff olan, olayları qısa bir zamanda unudan insanlara işarəylə işlədilir. Bir şəxsin unutqanlığı, yaddaşının zəif olması ərk ilə, mülayim tərzdə, bir az da ironik formada bəyan edilir və onun yaddaşının, hafizəsinin normal hala düşməsini arzulayır.

Toplayıb təqdim edəni

Faiq Şükürbəyli, folklorşünas


2626 oxunub

InvestAZ