XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022



Tahir Rzayev: “Ali Baş Komandan əmr versəydi, bütün deputatlar döyüşə qatılardı”
Gündəm 16:27 / 28.02.2022



"Bəzi adamlar, doğrudan da, fanatikdirlər. Onlar Ukraynada gedən döyüşlərdə həlak olan deputatı azərbaycanlı həmkarları ilə müqayisə edərək müəyyən fikirlər səsləndirirlər. Amma Vətənin hər kəs üçün doğma olduğunu unudurlar. Əgər Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev əmr versəydi, bütün deputatlar yaşına uyğun olaraq döyüşlərə qatılardı. Biz İkinci Qarabağ müharibəsində Vətən uğrunda savaşmağa hazır olduğumuzu dəfələrlə səsləndirmişdik. Bizim qohumlarımız, əzizlərimiz müharibədə iştirak etdi, onlardan yaralananlar, şəhid olanlar oldu. Sadəcə olaraq, Azərbaycan Ordusu güclü idi və döyüşlərdə özü hücuma keçirdi”.

 

Yenisəs.az bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi ilə Vətən müharibəsinin ümumi vəziyyətini müqayisə etmək olmaz: "Ukraynada döyüşlərin miqyası genişdir, bütün xalq dövləti qorumaq üçün ayağa qalxıb. Milli Məclisin deputatlarının ukraynalı həmkarı ilə eyni cəsarəti göstərməyinə şübhə etmək olmaz. Həmin vaxt Prezident İlham Əliyev də göstəriş vermişdi ki, yerlərə getmək olmaz, deputat cəbhədən uzaqda sözünü deməli, fikir bildirməli, televiziyalara çıxıb xalqı maarifləndirməli, iclaslarda aktiv iştirak etməli idilər. Lazım olsaydı, əlbəttə ki, hər bir deputat silaha sarılmağa hazır idi. Ukraynada bütün xalq ayağa qalxıb, döyüşürlər. Prezident Volodimir Zelenski səngərdədir. Elə Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev də səngərdə əsgərlərin yanında idi. Yəni, döyüşlərə qatılmaq üçün deputatlara və ya müəyyən dövlət qurumlarının işçilərinə ehtiyac olmadı. Diqqət edin, döyüşlərə qatılmaq istəyən nə qədər könüllülər var idi… Lakin Azərbaycan Ordusu güclü olduğu üçün bütün könüllülər müharibəyə çağırılmadı. Nə vaxt lazım olarsa, nəinki deputat, hər bir vətəndaş Azərbaycan torpaqlarını qanı, canı bahasına qorumağa hazırdır. Belə iddialar səsləndirənlər deputatlar haqqında mənfi fikir formalaşdırmaq istəyirlər. Milli Məclisin deputatları Soltan Məmmədov və Tahir Mirkişili İrəvana gedərək, orada ermənilərin içində sözlərini açıq-aydın dedilər, erməniləri susdurdular.  Bəs bunun özü qəhrəmanlıq deyilmi? Yaxud da Parlament sədri Sahibə Qafarova xarici ölkələrə səfərlərində Azərbaycan həqiqətlərini yayaraq qəhrəmanlıq göstərmir?! Müəyyən adamlar müqayisələr edərək şou yaratmaq istəyirlər. Normaldır, belə vəziyyətdə Ukraynada bir yox, onlarla deputat da döyüşlərə qatıla bilər, çünki vətənlərini qorumaq məcburiyyətindədirlər. Yəni, tutduğumuz vəzifədən asılı olmayaraq Vətəni qorumaq borcumuzdur”.

 


5395 oxunub

InvestAZ