XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Mənim xəyalımın təyyarəsi var - yazdı Əbülfət MƏDƏTOĞLU
YAZARLAR 13:17 / 21.02.2022


Başlığa çıxartdığım bu cümlə bir şeirin adıdır. Və mən bu cümləni ona görə birbaşa diqqət mərkəzinə gətirdim ki, hər birimiz bir anlıq düşünək. Necə deyərlər, özümüzlə, tanrımızla bir yerdə olaq... Özümüzlə dünənimiz, sevgimiz və bir də yenə özümüz ilə üz-üzə dayanaq... Bax, bu qısa zamanın içərisində xəyalımızın surətini ölçmək yəqin ki, nə asan, nə də çətin olmayacaq. Çünki istəyimiz məlumdur. Amma o istəyə elə bir surətlə baş çəkib qayıdacağam ki, onu poetik ifadə etsək, ancaq təyyarə surəti ilə gerçəkləşdirə bilərik. Deməli, bu cümləni şeirinə, duyğularına başlıq edən müəllif yəqin ki, elə müəyyən qədər mənim indi şərh etdiyim ovqatın içərində olub. Və o da öz şair təxəyyülü ilə duyğularının xəyal qanadındakı surəti hesabına dünənə baş çəkib qayıdır bu günə. Yol getdiyi həmin anda isə həm öz-özünə, həm də bizim üçün pıçıldayır:

Dərəni adlayar, dağ aşıb gələr,

Nə azar, nə də ki, itər xəyalım.

Göyü də, yeri də dolaşıb gələr,

İşıq surətini ötər xəyalım.

...Göylərin nə qədər səyyarəsi var,

Gecələr hər biri oxşar qəlbimi.

Mənim xəyalımın təyyarəsi var,

Uçuram biletsiz sərnişin kimi.

Bir parçasını təqdim etdiyim bu şeirdə müəllif yaxın-uzaq məkanları, zamanları, hadisələri şeirləşdirir, onu məhz xəyalın qanadında, xəyalın surəti ilə bugünümüzə gətirir. Nizami ilə, Nəsimi ilə həmsöhbət olur. O söhbəti də bir obrazın təkcə özü kimi yox, həm də onun bütün cizgilərinin ifadəsi kimi şeirləşdirir. Və gəldiyi nəticə də bu olur ki, həmin ünvanlara yalnız xəyalın gücü ilə, xəyalın təyyarəsində gedib baş çəkmək mümkündür. Və bu dediklərimi, yəni mənim çıxartdığım nəticəni o başqa bir şeirində də təsdiq edir və yazır ki:

Hər kəsin öz aşığı var,

Hər kəsin öz işığı var.

Mayamda söz işığı var,

Ruhum nurdu, sözüm nurdu.

Yaradıcılığına həmişə sayğı və sevgi ilə yanaşdığım (hər zaman qəlbimizdə və ədəbiyyatımızda yaşayacaq şairə bacımız Fərqanə Mehdiyevanın mənə dost hədiyyəsi olan Fəxrəddin Teyyub – Ə.M.) şairin yeni kitabını vərəqlədikcə özümdən asılı olmadan vərəqlərin arasına adətimə uyğun olaraq kiçik kağız parçaları qoyuram. Əslində bu, yaddaşa bir ipucu olsa da, amma etiraf edim ki, kitabdakı şeirlərin böyük əksəriyyətini mətbuatdan, o cümlədən «Ədalət» qəzetindən oxuduğum üçün misralar üzümə gülür, öz tanış, doğma təbəssümü məndən gizlətmirdi. Bu mənada yaddaş üçün vərəqlərin arasına qoyduğum kiçik kağız parçaları bəlkə də artıq görünə bilər. Amma hər halda mən bu yazını bir neçə şeirin pıçıltısına cavabım kimi bilgisayara diktə edirəm. Çünki Fəxrəddin qardaşım yazır:

Hicranın yolunu qurutmuşam mən,

Yenə yağacaqmış yağış, qar, demə.

Səsinin rəngini unutmuşam mən –

Bəzən ögey olur doğmalar, demə.

Dəfələrlə ədəbiyyat adamları ilə sözün canını, qanını, rəngini görənlərlə söhbətim olub və hətta dostlarımın birinin doğum günü ilə bağlı yazdığım yazıda vurğulamışdım ki, sən sözün rəngini çox gözəl görürsən, tanıyırsan. Amma bu şeirlə qarşılaşanda Fəxrəddin mənə dedi ki, o sevdiyinin səsinin rəngini tanıyır. Bir az da konkret ifadə etsəm, o sevdiyinin səsinin rəngindən də tanıyır. Zənnimcə bu, poetik və həm də mükəmməl poetik ifadədir. Və yaxud Fəxrəddin yazır ki:

Hər payız dönürəm xəzələ, Tanrım,

Çağırın, harda var qəm, kədər, gəlim.

Köklənən ruhumu təzələ, Tanrım –

Gəlsəm, dərgahına təzə tər gəlim.

Bu şeirin adı «Dərd sərhəd tanımır»dır. Mən sonuncu bəndi ona görə burda təqdim etdim ki, sərhəd tanımayan dərdin içindən çıxıb təzə tər Tanrıya qovuşmaq gözəl istək olduğu kimi də, həm də gözəl poetik ifadədir. Həmçinin Vətənin, torpağın mahiyyətini təkcə dərk etmək yox, həm də onu ifadə etmək baxımından şair qələminin varı olan bu misraların özündə də:

Torpağa qeyrətdən gərək dən düşə,

Üzü boz dünyada nə var ki, asan?

Vətən pul deyil ki, gözündən düşə,

Başın buraxasan, axtarmayasan.

Zənnimcə, bu bəndə istənilən tərəfdən və istənilən bucaq altında baxmağa çalışsaq, mütləq gələcəyimiz nəticə şairin deyim tərzi ilə ifadə etdiyi məzmunun yeni təqdimatı ortaya çıxacaq. Əslində, müqayisə olunan predmetlərin ziddiyyətlərinə baxmayaraq, Fəxrəddin Teyyub onları bir müstəviyə gətirə bilibdir. Özü də onun deyimindəki məntiq digər şeirlərdə də özünü təsdiqləyir. Əgər o deyirsə «qəm, kədər adamdan qabaq doğulur», deməli, bu, həm də alın yazısına, qədərə bir şair yanaşması və şair təsdiqidir.

«Ruhların sevinən günü» kitabı ilə bağlı yazdığım bu yığcam oxucu fikirlərinin içərisində mən sonluğa Fəxrəddin Teyyubun bu şeirini saxlamışam. Yəni, onun «Mənim dualarım» şeirini. Çünki bu mənim ruhuma həm doğma, həm də hardasa özümü ifadənin xatırlatmasıdır. Yəni mən «Şair duaları» silsiləsinə tez-tez üz tuturam. Ona görə də Fəxrəddinin izni ilə bu bəndi sizə təqdim edirəm.

Göylərin üzündə ay təsəllidir,

Ulduzlar yorulub, yatır hər səhər.

Mənim dualarım ikiəllidir,

Tanrı dərgahına çatır hər səhər.

Bəli, şairlərin duaları hamıdan və hər kəsdən öncə Tanrı dərgahına çatır. Mən buna inanıram. Və elə həmin inamla da qardaşım Fəxrəddin Teyyuba yeni-yeni yaradıcılıq uğurları diləyirəm.


3962 oxunub

InvestAZ