XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Əbülfət MƏDƏTOĞLU yazır : - Ay bədirliyi
YAZARLAR 08:22 / 15.02.2022

Adətən inanclı adamlar, xüsusilə yaşlı nəslin təmsilçiləri Ayla bağlı müxtəlif adətlərə, inamlara, deyimlərə söykənərək bəzən dualar edirlər, bəzən salavat çevirirlər, bəzən də gözlərini göy üzünə dikib həmsöhbət olurlar Ayla. Mən də axırıncılardanam. Gecənin aydınlığında bəzən saatlarla dayandığım nöqtədə, durduğum yerdə və yaxud da əllərimi başımın altına qoyub torpağa söykəndiyim zamanlarda danışıram Ayla. O qədər səmimi, o qədər içdən gələn söhbətlər edirik ki, bəzən bu təmasın, bu auranın içərisində özümü də unuduram. Hiss etmədən səsim yüksəlir və yaxud pıçıltıya çevrilir. O vaxta qədər ki, Ay buludun arxasında itir və mən də o anın içərisində əriyirəm, elə mən də bitirəm. Necə deyərlər bir-birimizi tamamlayırıq...

Bu yazının içində istirahət günü yazmağa başlamışdım. Yəni fevralın 13-də. Amma lap dəqiqini desəm, bu yazı ötən ilin 31 dekabrında artıq yazılırdı. Olduğum ünvanda, Qara dənizin sahilində mən bir daşa dirsəklənib həm dənizlə, həm də ayla söhbət edirdim. Dəniz sakit, Ay isə dənizin qoynunda yuyunurdu. Bu şərait o qədər bir bütövlük, bir tam mənzərə yaratmışdı ki, adam gözünü çəkə bilmirdi. İnanın ki, dəfələrlə ən zəif, hiss edilməyən bir şəkildə qırçınlanırdı. Sanki Ayı incitmək istəmirdi. Onun yuyunmağına əngəl olmaq, kefini pozmaq fikrindən uzaq davranırdı...

İndi, özünüz təsəvvür edin. Ətrafda bir sükut... Lal dəniz və bu lal dənizdə çimən Ay. Bu, bir tablodur, amma gerçəkdir. Çünki gözlərimlə görürəm, duyğularımla, hisslərimlə özümə köçürürəm. Həmin hisslərin, duyğuların içində Sən də varsan. Oturduğu daşın üstündə hiss edilmədən sürüşüb Qara dənizə düşən Sən. Onda üz-gözündəki ifadənin bəlkə də dənizə baxsan özün də görərdin. Amma Sən bir az həyəcanlı, bir az günahkar kimi özünü Qara dənizin ovcundan alıb kənara – sahilə atdın və öz şəklini dənizdə görə bilmədin. Mən isə gördüm. Bunu indi xatırlamağın heç də təsadüfi deyil. Axı, Ay da sürüşüb düşüb dənizə. Və mən də Aya baxa-baxa  səni düşünürəm. Səni düşünə-düşünə həm də Ayla söhbət edirəm. İnanmaq istəyirəm ki, Ay mənim nə dediyimi, niyə dediyimi çox gözəl anlayır. Axı indi o dənizdən çıxıb qalxacaq öz yüksəkliyinə. Lap sadə şəkildə desəm, yenidən doğulacaq və mənim üçün bu axşam onun Doğum Anı olacaq. Adətən daha çox doğum günü deyirlər. İndi fərq etməz. Əsas odur ki, doğulur!!!

Mən bu düşüncələrin içərisində bir şeir pıçıldayıram. Deyirəm ki:


Sənə «qurban olum!» - demək

Sənin yanında olmaqdır...

Sənin məni aradığın -

Həmin anında olmaqdır!..



Özün qurban şəkli çək,

Yəni dünya boyda Ürək!

Son tutalqa, son ümid tək –

Sənin canında olmaqdır!..


Ruhun məkan darlığında,

Sev! – yazılıb yarlığında...

Sənin bütün varlığında –

Hopub, qanında olmaqdır.


Yazmıram ki, oxu, bəyən,

Ləpələnsin səsim dəyən –

Tellərinə, gözün düyən –

Mənim , Danında olmaqdır!..

Hə, biz söhbətin şirinliyindən yeri, zamanı, hətta az qala kimliyimizi də unutmuşuq. Belə bir «unudulmaq» anında telefonuma zəng gəlir:

- Yatmısan? Səs də doğmadı, sual da. Və mən də bu doğmalığı, bu nigarançılığın bütün nöqtə, vergülünü, bütün cizgilərini bir müjdə kimi, bir mükafat kim çəkirəm iç dünyama. Axı, gecənin bu saatında Ayla söhbət etdiyim zamanın içində demək məni düşünən yatmayıb. Bəlkə də elə o da hardasa lap yaxında dənizi seyr edir. Sadəcə mənim onu görmək gücünü bir az da çılpaq desəm, gözlərimin nuru yetərincə deyildi. Bu aydınlığın içərisində onu görə bilmirəm. Bağışlayar yəqin məni. Çünki Allahın bir adı da bağışlamaq, rəhm etməklə bağlıdır. Onun pak, saf, nurlu, inanclı bəndələri də bağışlamağı, rəhm etməyi bacarırlar. Mən bu anımın söz variantını misraların düzümü kimi sırallayır və içimdə bu düzümdən, bu sıralanmadan rahatlıq tapıram. Axı, yazmışam ki:

Hər günüm bir kitabdı,

Hər anım da bir sətir.

Bunları göz önünə –

Sadəcə bir-bir gətir.


Tumurcuq bar olmağı,

Qar yağıb – tar olmağı...

Kim   istər  xar olmağı? –

Çətir bil, məni, çətir.



Saydım, amma say itdi,

Seçiləndi -  saitdi...

Ancaq sənə aiddi –

Aya məxsus bu bədir!..

Hə, çox maraqlıdır. Sözlər bir-birinin ardınca sıralandıqca elə bil ki, könlümə, ruhuma bir su səpilir, şeh çilənir. Bu ,bəlkə də mənim dənizlə, ayla, sənlə etdiyim söhbətin orijinallığından yaranan ilğımdır. Və mən də elə bilirəm ki, (əslində inanıram ki – Ə.M.) bu, elə belədir ki var! Yəni səsimi, sözümü dəniz də, ay da sənə çatdırır. Sözün də ünvana çatırsa, sahibinin qapısının kəndarında dayanırsa, onu ərklə döyürsə, deməli, söhbət alınıb. Deməli, ömrün bu  kəsiyi yaşanıb Və  bir  də  bu bədirlənmiş aya salavat çevirib dualar etmək və Allahımdan hər anımın duasını çin etməsini istəmək həm ona güvənimin, inancımın, həm də sevgimin verdiyi gücün ifadəsidir, qərarıdır...

Bəli, mən ötən ilin 31 dekabrından bu yazını yazdığım ana qədər (indi oxuduğumuz -Ə.M,) bu əl boyda söhbəti bəlkə min dəfə qaralamışam, yeniləmişəm. Nəhayət ki, bu variant gəlib çıxıb ortaya. Zənnimcə ortada olan bu əl boyda yazının mahiyyəti, məramı bəllidir. Doğulan Ayın, doğulan bəndənin vəsfi və ona olan sevginin ifadəsi!

Bax, beləcə mən düşüncələrimin söz variantını ortaya qoydum, yəni yazı etdim. Sonunda da içimdən gəlib keçdi ki, bunu yazdığım şeirin bir bəndi ilə  fərqli  notlar üstündə bitirim:

Mən xəyal edirəm gerçək durumu,

Gözümün önündə gəlib durursan...

Səni ləpələrlə tək qoyduğumu –

Ona, daş atmaqla üzə vurursan!



4667 oxunub

InvestAZ