XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Faiq Şükürbəyli: - Pənahabad, Qala, Şişə, nəhayət, Şuşa
Maraqli 10:58 / 12.02.2022


Pənahabad Qarabağın xanı Pənahəli xanın öz vəsaiti hesabıma bünövrəsini qoyduğu şəhərin adıdır. Şəhərin bünövrəsi 1756-cı ildə qoyulmuşdur. Şəhərdə zərbxana da vardı, zorxana da. Zərbxanada Pənahəli xanın adına pul kəsilirdi. Zorxanada isə pəhləvanlar məşq edirdilər.

Pənahabad gündən-günə, ildən-ilə inkişaf edərək abadlaşır, döyüşə-döyüşə böyüyürdü. "Pənah xanın qalası”, "Pənahabad qalası” da gələ-gələ xalq dilində ixtisarlaşıb yalnız "Qala” şəklini alırdı:

Qala Şuşa şəhərinin xalq arasında işlədilən adıdır. Bəzən buna Qələ də deyirdilər. Şuşa şəhərinin ətrafına çəkilmiş qala divarlarına görə şəhər belə adlanırdı. Bu qalanın hündürlüyü bəzi yerlədə 10-15 metrə çatırdı. Müdafiə məqsədilə tikilmiş bu qalanın divarlarında mağzallar da düzəldilmişdir. Qalanın müdafiəçiləri şəhərə hücum edənlərə qarşı müqavimət göstərirdilər.

Qarabağ tarixçisi Mirzə Camal Cavanşirin yazdığına görə İbrahimxəlil xan qalanı möhkəmləndirmək üçün onun ətrafına 3,7 km uzunluğunda müdafiə hasarı çəkdirmişdi. Üç tərəf təbii sərhəd olduğuna görə həmin yerlərdə müdafiə divarları tikmək lazım gəlməmişdi. Qala divarlarında hər 50 metrdən bir iri və əzəmətli döyüş bürcləri ucaldılmışdı. Qalanın baş girəcəyində-şimal tərəfdə Gəncə qapısı, qərb tərəfdə isə İrəvan qapısı açılırdı. Sonralar İbrahimxəlil xan şəhəri böyütmək üçün qalanın şərq hissəsində yeni yaşayış və sənətkarlıq məhəllələri də saldırıb.

Qalanın mühafizəsinin böyüyü qalabəyi adlanırdı. Xanlıqlar dövründə qalanın rəisinə-qalabəyiyə komendant da deyirdilər. Şuşada qalabəyinin ixtiyarında papaqçı və başmaqçı dükanları da var idi. Qalanın indiki adı onun coğrafi mövqeyi və mənzərəsi ilə bağlı olaraq yaranıb.

Pənahabad qalası xalq arasında sadəcə olaraq "Qala ” şəklində işlənirdi:

-Hara gedirsən?

-Qalaya!

-Hardan gəlirsən?

-Qaladan.

-Keçən həftə Qalada idim.

-Sən öləsən Qalada yaman bazar var və s.

Bunula belə, bəzən qala sözünü "Şuşa qalası” şəklində də deyirdilər. Az sonra "Şuşa qalası” "Şəhri Şişə”, yaxud "Şişə” şəklində işlənməyə başlandı. Şəhər şişuclu, nəhəng bir sal qaya-otuz dörd kvadratkilometrlik bir sahədə yerləşdiyinə görə əvvəllər "Şişə” adlanmış, sonralar isə bu söz Şuşa kimi formalaşmışdır.

Dövrün görkəmli şair və yazıçıları əsərlərində Şişə haqqında bilgi veriblər:

Fisqu-ficr həddən aşıb Şişədə,

Erkəyi, dişisi yaman peşədə

Q.Zakir

Arazi-ali Qarabağın güli-sirabıdır,

Şişə şəhərindən gəlibdir bu pərivar erməni...

S.Ə.Şirvani.

...Şəhri-Şişə ki, əcəb abi-havayi barəd,

Xürrəm onki, bəsəri-kuyi o, cayi-darəd...

Mehdiquluxan Vəfa

...Şişədə-Şirvanda vurur tək səbir...

M. Ə. Sabir

Mirzə Camal Cavanşir "Qarabağnamə əsərində yazır: ”Pənah xanın işgüzar və bacarıqlı adamları xanın əmrinə görə yığışıb dedilər: "...Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daima aşıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz (bir an belə) kəsilməməlidir”. ("Qarabağnamələr”, birinci kitab, B., Yazıçı, 1989, səh.115)

Bu məsləhətləşmədən sonra xanın bir neçə nəfər başbilən, tədbirli və məlumatlı adamları Qarabağ xanlığının ərazisini yenidən gözdən keçirdi, belə bir qalanın yeri və ətrafı yoxlanıldı.

Mirzə Camal Cavanşir yazır ki, bu xəbəri mərhum Pənah xana çatdırdılar, xan sevinərək bir neçə nəfər öz yaxın adamı ilə buraya gəldi, yerlə tanış olub, əzmlə qalanın binasını qoydu. İslam tarixi ilə 1170, xristian tarixi ilə 1754-cü ildə (hicri 1170-ci il miladi 1756-1757-ci ilə bərabərdir) Şahbulağı qalasının sakinləri olan bütün rəiyyətləri -əyanın, məliklərin, mülazimlərin, ellərin və bir para kəndlərin kəndxudalarının ailələrini köçürüb bu qalanın içində yerləşdirdi.

O vaxta qədər burada yaşayış evləri yox idi. Bura, şərq tərəfdə , qalanın altı verstliyində yaşayan Şuşa kəndi əhalisinin əkin yeri və otlağı idi. Xalqı yerləşdirib, hamıya, xüsusilə özü üçün yurd və imarət müəyyən etdikdən sonra mahir ustalar, ağıllı işgüzar adamlarla qalanın hasarını çəkdilər. 116

Yeri gəlmişkən deyək ki, Şuşa kəndinin əhalisi yalnız müsəlmanlardan ibarət idi. Çar Rusiyası dönəmində burada erməni ailələri yerləşdirilmiş və müsəlman ailələri Şuşa şəhərinə köçürülmüşdür.

Bax beləcə Şuşa qalasının bünövrəsi qarabağlı xan Babamın-Pənah xanın şəxsi vəsaiti və təşəbbüsü ilə qoyuldu.

Çapa hazırlayanı Faiq Şükürbəyli,

tədqiqatçı-etnoq


3149 oxunub

InvestAZ