XƏBƏR LENTİ
20 May 2022
19 May 2022



MEHMAN CAVADOĞLU yazır: - Ukrayna böhranı: Gərginlik artsa da…
SİYASƏT 14:42 / 28.01.2022

Ötən ilin sonlarına yaxın Şimali Atlantika blokunun genişləndirilməsi və Rusiyanın təhlükəsizlik təminatıyla bağlı rəsmi Moskvanın tələblərini əks etdirən iki mühüm sənədin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilməsi Qərb siyasətçiləri və ekspertlərinin sərt təpkiləriylə üzləşmiş və qarşılıqlı münasibətlərdə müəyyən diplomatik gərginliyə səbəb olmuşdu. Xatırladaq ki, söhbət  NATO və ABŞ-la imzalanmaq üçün Moskvanın öz şəxsi təşəbbüsüylə  birtərəfli qaydada hazırladığı, elə bu səbəbdən də yalnız təşəbbüskarın  arzu və istəklərinin məcmusundan ibarət olan müqavilə layihələrindən gedir. Belə layihələr, adətən, birgə işçi qruplar tərəfindən hazırlandıqdan sonra imzalanmaq üçün ali mənsəb sahiblərinə təqdim edilir, yaxşı halda imzalandıqdan sonra dərc olunur, pis haldasa, ümumiyyətlə, dərc olunmur, ictimayyətdən gizli saxlanılır. Yəni, kimsə kiminləsə birləşib kiməsə tələ qurur ki, siyasətdə və diplomatiyada bunun adına sui-qəsd nəzəriyyəsi deyilir. 

Amma Kremlin keçən ilki "saziş-saziş” oyunu bu oturuşmuş paradiqmaların heç birinə uyğun gəlmirdi. Əslində, onun əsl niyyəti də heç bu deyildi. Əsl niyyət əzəli-əbədi rəqiblərə "müqavilə layihəsi” formatında tərtib edilmiş bir ultimatum göndərmək idi. Odur ki, "layihə” ünvanına çatmamış elementar diplomatik normalara və ədəb-ərkan qaydalarına zidd olaraq tələm-tələsik Rusiya XİN-in saytına yerləşdirildi.  Sənədlə, necə deyərlər, gözucu tanışlıqdan belə bəlli olur ki, Putin  SSRİ dağılandan bu günə kimi rəsmi Moskvanın itirdiklərinin  hamısını bir göz qırpımındaca geri qaytarmaq istəyir, hərçənd unudur ki, artıq Rusiyanın həmin yükün ağırlığına dözməyə taqəti qalmayıb.

Təklif olunan müqavilə layihəsinin nəinki imzalanması, heç müzakirəsi belə apriori qeyri-mümkündür. Rəsmi Moskva həmin layihədə Rusiya-NATO münasibətlərini 1997-ci ilin səviyyəsinə geri qaytarmaq kimi fantastik bir tələb irəli sürür ki, bu da dünyanın geopolitik mənzərəsini birdən-birə 25 geriyə fırlatmaqdı. Bu cür sərt geridönüşlər  heç bir danışqların predmeti ola bilməz, heç bir müqavilənin mətninə sığışa bilməz. Buna yalnız tarixi-siyasi kataklizmlərlə nail olmaq mümküdür ki, onun da nə vaxt gələcəyini öncədən görmək təbii fəlakətləri proqnozlaşdırmaq qədər çətin və hətta mümkünsüz bir işdi. Kremldə əyləşənlər də bunun mümkünsüz bir iş olduğunu bilməyəcək səviyyədə sadəlövh deyillər. Bu geridönüş iştahlarını ortaya qoymaq, sadəcə olaraq, gələcək itkilərdən sığortalanmaq üçün onlara lazımdır.

Elə burdaca fikirlərimizə dəstək kimi kiçik bir haşiyəyə ehtiyac var. İndi bir-biriylə ağız-ağıza yatan bu güclər birlikdə 30 il ərzində heç əl boyda dılqır Ermənistanı əvvəlki mövqelərinə qaytarmağı bacarmadılar deyə axırda həmin iş dəmir yumruğun umuduna qaldı.

Bu günlərdə Qərb Moskvanın təkliflərinə rəsmi  olaraq cavab verib. Dövlət katibi Entoni Blinken bununla bağlı mətbuat konfransı keçirib və bəzi mətləblərə aydınlıq gətirib. Moskvaya göndərilən rəsmi cavab məktubunun mətninin rəsmi Vaşinqton tərəfindən  dərc etməyəcəyini və bunu Kremldən də gözlədiklərini xüsusi olaraq vurğulayan dövlət katibi jurnalistlərin suallarını cavablandırarkən cavab məktubunun bəzi detallarına da toxunub. ABŞ və Rusiyanın raket hücum sistemləri, hərbi təlimlərin şəffaflığı, silahlanmaya nəzarət məsələləri sahəsində əməkdaşlıq edə biləcəklərini söyləyib. Bununla yanaşı ABŞ-ın NATO-da "açıq qapı prinsipindən əl çəkməyəcəyini bildirib.

NATO-nun "açıq qapı” siyasətindən, yəni, alyansa yeni üzvlər qəbul eləmək niyyətindən əl çəkməməsi iki ölkə arasındakı "məktub-məktub” oyununun uğursuzluğa düçar olduğunu bəri başdan söyləmək üçün kifayətdir. Çünki Moskvanın "1997-ci il vəziyyətinə qayıtmaq” barədə yuxarıda haqqında danışdığımız fantastik tələbinin faktiki olaraq gələcək təhlükələri önləmək, birinci növbədəsə Ukraynanı Qərbin caynağından qurtarmaq  məqsədilə ortaya atılması heç kimə sirr deyil. Təsadüfi deyil ki, Moskva bu ay yarım ərzində öz məktubuna cavab almaq üçün Vaşinqtona müxtəlif vasitələrlə təsir göstərməkdən də çəkinmirdi. Sonuncu belə tələblə hərbi təhlükəsizlik və silahlara nəzarət məsələləri üzrə Vyanada keçirilən danışıqlarda RF nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov çıxış eləmişdi. O, NATO-nu təhlükəsizlik qarantiyası barədə tələbə tezliklə cavab verməyə çağırmış, əks təqdirdə Rusiyanın müdafiəsi üçün başqa tədbirlər görüləcəyini vurğulamışdı: "Artıq həqiqət anı çatır. Qərb ya bizim təklifləri qəbul etməlidi, ya da biz Rusiyanın təhlükəsizliyini təmin eləmək üçün başqa vasitələr tapmaq məcburiyyətində qalacağıq”. Heç bir diplomatik örtüyə bürünməyən açıq-saçıq bir hədə qorxu!

Qərbin istər siyasi, istərsə də hərbi dairələri ürəklərindəki niyyətin yaxşı-pisliyindən asılı olmayaraq sülhpərvər ritorikayla danışmağı və davranmağı, ən sərt qərarları da məsum bir təbəssümlə elan eləməyi ustalıqla bacarırlar. Bu baxımdan NATO-nun hazırkı Baş katibi Yens Stoltenberq xeyli fərqli təsir bağışlayır. O özünün gündən-günə sərtləşən nitqiylə az qala şərq hökmdarlarına bənzəməyə başlayır ki, bu da heç şübhəsiz, Rusiyanın əndazəsini aşan aqressivliyinin nəticəsidir.

Baş katibin son brifinqdəki açıqlamaları bunun bariz nümunəsidir. Baş katib Kremlin məktubuna alyansın verdiyi cavabla bağlı keçirdiyi brifinqdə bu son qovğalı geopolitik gəlişmələrdə Rusiyanın yerinin harda olduğunu dəqiq göstərmişdi: "Rusiya öz qoşunlarını alyansın Ukraynaya, Gürcüstana və Moldovaya məxsus saydığı ərazilərdən çıxartmalıdır, çünki rus hərbiçiləri orda həmin ölkələrin razılıqları olmadan yerləşiblər. Rusiya hərbi qüvvələri təhlükəli yaradan ərazilərdə yerləşməkdən əl çəkməlidir”. 

Daha sonra o deyib ki, hərbi blok rəhbərliyinin qənaətinə görə Rusiya ilə üç istiqamətdə əməkdaşlıq mümkündür: Rusiya-NATO əlaqələrinin bərpası, qarşılıqlı narahatlıq doğuran məsələlər ətrafında real müzakirələr və nəhayət, hərbi təlimlər.

Göründüyü kimi, Rusiya-NATO münasibətlərində xeyli vaxtdır ki, təhlükəli mərhələyə qədəm qoymuş gərginlik hələlik yüksələn xətt üzrə inkişaf edir. Hərçənd, janrın tələbləri baxımından artıq olası şeylər çoxdan olmalı, proses endişpilə doğru yuvarlanmalıydı. Odur ki, həmin platformadan, xüsusilə onun Ukrayna cinahından gələn informasiyaların intensivliyi və şiddəti gündən-günə artsa da cazibəsi sönməkdədir. Tərəflər artıq elə təhlükəli həddə qədər bir-birlərinə yaxınlaşıblar ki, bundan o yana adlamağa heç kim risk etmir və görünən budur ki, etməyəcək də.   

M. Cavadoğlu


9110 oxunub

InvestAZ