XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Əbülfət MƏDƏTOĞLU: Naxçıvan səfərimdən bir not
Ədəbiyyat 09:19 / 27.01.2022


İnsan həmişə gəzib görmək, arayıb-axtarmaq sorağında olub. Ona görə də min illər bundan öncə də, elə indi də gəzintiyə çıxmaq, elləri, obaları dolaşmaq təkcə vərdiş, adət deyil, həm də daxili bir tələbat olubdur. Bu mənada Allah bəndələrindən biri kimi, mən də fəsillərdən asılı olmadan həmişə yeni ünvanlar görmək, yeni mənzərələrlə baş-başa qalmaq istəyimi cilovlaya bilməmişəm. Bir balaca, yəni maddi şərait imkan verəndə, dərhal yol hazırlığına başlamışam. Özü də heç kimə, heç nə demədən, ürəyimin səsinə qulaq asaraq.

Ötən ilin son günlərini Naxçıvanda qarşıladım. Buradakı dostlarımın səmimiyyəti, doğmalığı, ən əsası isə ürəklərinin böyüklüyü şaxtalı, soyuqlu havada da məni isitdi. Cəmiyyətdə tutduqları mövqedən, yaşlarından asılı olmadan onlar hər biri mənə qollarını açdı. Hətta bu doğmalıq, bu canyanalıq məni bir az da kövrəltdi, bir az da çaşdırdı. Çünki diqqət, istək o qədər içdən gəlir

Tam səmimi deyəcəm. Naxçıvandakı doğmalığı, səmimyyəti heç doğulduğum kənddə də yaşamamışam. Bilmirəm, bu mənə Allahın hədiyyəsidi, yoxsa dostlarımın sonsuz diqqəti?! Amma hər nədirsə, bu diqqət üçün, bu səmimiyyət üçün həm yaşamağa, həm də yaşadıqlarını yazmağa dəyər!..

Naxçıvandakı hava limanında məni qarşılayan, Birinci Qarabağ savaşından tanıdığım, cəbhə yoldaşım, dostum, hər bir zəngimə «bəli, müəllim» deyərək ürəyi atlana-atlana cavab verən, bu gün istefada olan polis polkovniki, Şulan Abışov görüşünə getdiyim şair, qardaşım, Ali Məclisin deputatı Asim Yadigar ürəyinin odu ilə məni elə sinəsinə sıxdı ki, sanki min illərin həsrətliləri görüşürdü. Ona deməsəm də, həmin an içimdəki duyğuları ifadə etməyə, az-çox yazı yazmağı bacaran adam kimi, indi də özümü gücsüz sayıram. Hələ Naxçıvandakı qocaman dostlarımdan biri, dünyanın çox üzünü görmüş Hacı Firudinin «Gör kim gəlib!» deyərək qollarını açmasını yalnız o səmimiyyəti yaşayanlar sözlə ifadə edə bilərlər.

Yenicə çapdan çıxmış «Nuh gəmisinin son limanı» kitabını dostlarla birlikdə ayaqüstü müzakirə edib, sonra yığışırıq süfrə ətrafına. İndi bu süfrənin ətrafında olanların Hüseyn Əsgərovun da, Muxtar müəllimin də Alməmməd müəllimin də, telefonla  bizə  qoşulan dəyərli  şairimiz  Əbülfəz Ülvünün də  fikirləri mənim üçün çox önəmlidir. Çünki,  qələmi və sözü öz təsdiqini tapmış bu insanların fikirləri, bu insanların dedikləri Naxçıvanla bağlı olan «Nuh gəmisinin son limanı»na həm oxucu qiyməti idi, həm də peşəkar qiyməti. Demək olar ki, az qala gecənin yarısına qədər uzanan bu söhbətlərin canı da, qanı da səmimiyyətdən, saflıqdan ibarət olduğu üçün mən özümü bu kitaba görə ən yüksək mükafat almış müəllif kimi hiss edirdim. Deməli, sözün dəyərini, qiymətini verəndə sözün sahibi də dəyərli və qiymətli olurmuş. Bunu bir daha Naxçıvanda dostlarımın arasında yaşadım, hiss etdim.

Bunun üçün dostlarıma, sözə dəyər verənlərə və bir də Naxçıvana səfər etməyimdə yardımçı olan hər kəsə təşəkkür edirəm. Artıq Bakıdakı dostlarımdan da  bu kitabla bağlı eşitdiyim xoş sözlər mənim yanılmadığıma, necə deyərlər, yaxşı bir işin qulpundan tutduğuma inamımı artırır. Sağ olun, dəyərlilərim, dəyər verənlərim!


764 oxunub



4041 oxunub

InvestAZ