XƏBƏR LENTİ
22 May 2022
21 May 2022
21:38
20 May 2022



Şəhri nənənin söz boxcasından - Faiq ŞÜKÜRBƏYLİNİN TƏQDİMATINDA İkinci yazı
Maraqli 08:56 / 26.01.2022

                                    Kəməri niyə taxırlar?

Kəmər belə bağlanır. Kəmərin taxıldığı yer taliyan adlanır. Kəmər insanın bədənini iki hissəyə ayırır. Yuxarı hissə, bir də aşağı hissə. Yuxarı tərəfdə insanın nəfsani hissləri, aşağı tərəfdə isə şəhvani hissləri yerləşir. Bu iki hissələri kəmər bir-birindən ayırır. Kəməri kişilər və qadınlar taxıllar. Subay qızlar kəmər taxmazlar. Hər bir gəlinin kəməri olmalıdır. Kəmərlərin içərisində ən yaxşısı gümüş kəmərdir. Gümüş kəmər, gümüş üzük insanları xüsusən də qadınnarı şər qüvvələrdən qoruyur.

Evdə qalıb un çuvalına tay olmayacaq ki...

"Ay qız, uşaqlıq eləmə qız ki, kəkil çıxardı, birinə ver getsin. Un çuvalına tay etməyəcəksən ki...”.

"Ay qız, Gülbadam, qız yükü, duz yükü-deyiblər. Qızı nə vaxta kimi evdə saxlayacaqsan? Ver çıxsın getsin, yükün də bir az yüngülləşsin. Evdə un çuvalına tay olmayacaq ha!”.

"Ay qız Qızyetər, sən allah sonalıyıb eləmə. Hərə bir kişinin oğludur. Sonalayan ya kora düşər, ya da keçələ. Qızının bəxti açılıb ver getsin. Un çuvalına döndərməyəcəksən ha!”.

Əsasən ərə getmək arzusunda olan gənc qızların dilindən, yaxud onlar haqqında işlədilən belə ifadələrə tez-tez rast gəlinir.

Un çuvalı qoyun yunundan, keçi qəzilindən toxunmuş məişət əşyasıdır. O, istər köçəri həyat tərzi keçirən, istərsə də oturaq yaşam sürən insanların məişətinin vacib yarağına çevrilmişdir.

Taxıl məhsullarını tədarük edib çuvallara doldurur və evin əl-ayaq dəyməyən küncünə yığılardı. Çuvallar ən azı 80-90 kq taxıl, yaxud un tuturdu. Buna görə də un çuvalını hər dəqiqə yerindən tərpətmək olmurdu. Buna görə də un çuvalı tərpənməzlik anlayışı kimi qəbul edilirdi.

Ağır bir daş olub düşmüşəm başına

-"Vallah elə mənim daşım ağırdı, kimin təpəsinə düşürsə, qalır altında çabalaya-çabalaya”.

-"Mən heç bilmirəm ona neyləmişəm. Elə bil ki, ağır bir daş olub düşmüşəm başına”.

--"Yönlü mataf da deyilsən, barı. Öz daşın öz başına düşsün”. Söhbət zamanı bu kimi danışıqlara tez-tez rast gəlirik. Bəs daşın başa düşməsi ifadəsi necə yaranmışdır?

Qədim zamanlarda əziz adamı ölmüş insanlar ağlayıb-sızlamaqla yanaşı, daş ilə başlarına vurudular. İri-iri ağır daşları göyə atıb başlarını onların altına verirdilər. Bu həmin şəxsə bir növ təsəlli xarakteri daşıyırdı. Bəzən də başlarını daşa vururdular. Ağır cinayət törətmiş adamların daş-qalaq edilərək öldürülməsi də cəza növü kimi mövcud olmuşdur.

İndi də "Ağır daş olub düşmüşəm başına” ifadəsi sayğısızləıq, gözlənilməz qınaq, giley zamanı işlədilir.

Dəvədən yıxılıb, yenə də höt-hötünü yerə qoymur

"Höt” dəvəylə bağlı sözdür. Onu haylayanda, ayağa qaldıranda, yaxud minib sürəndə bu ifadədən istifadə edilir. Azacıq yaxşılığa görə deyirlər: -"Dəvəyə bir "höt” demək də qənimətdir.”

Deyirlər ki, eşşəkdən yıxılan daş üstünə, atdan yıxılan kəsək üstünə, dəvədən yıxılan isə pambıq üstünə yıxılar. Yəni eşşəkdən, atdan yıxılan adamın çox zaman qol-qıçı əzilir, sınır. Dəvə həmin heyvanlardan hündür olsa da, ondan yıxılan adam nədənsə çox xəsarət almır.

Bir dəfə dəvə yarışması zamanı iştirakçılardan biri sürətlə qaçan dəvənin üstündə özünü saxlaya bilmir və yerə yıxılır. O, yüngülvari xəsarət alır, ancaq heç nə olmamış kimi ayağa qalxır və dəvəsini minərək yarışmasını davam etdirir.

İndi birisi vəzifədən çıxarılıb zodlu-zodlu danışanda deyirlər: "Dəvədən yıxılıb, yenə də höt-hötünü yerə qoymur”.

                                                               Baldırğan bala dönüb

-Baldırğan qanqala oxşar, tikansız yabanı bitkidir. Yaz aylarında göyərib qalxır. İnsanlar onun gövdəsini soyub yeyirlər. O qədər də dadı-tamı olmur.

Bir də görürsən ki, illərlə küsülü olan iki nəfər barışır, yenidən ünsiyyət bağlayıb ülfət tapırlar. Bunların əvvəlki ədavətini və münasibətini müşahidə edənlər küsülülərin belə mehribançılığına təəccüblənir və deyirlər:

-"Balam baldırğan bala dönüb deyəsən”.

Bu məsəldən gözlənilməz hadisələr zamanı istifadə edirlər.

                          Deyəsən kovxa zəmisinə başağa gedirsən?

Bir kənddə bir qarı, bir qız nəvəsi və bir pişikləri baş-başa verib yaşayırmış. Nə nənə, nə də nəvə əlini ağdan-qaraya vurmayıb gün keçirirmiş. Bunlar gün keçirməkdə olsun, qış da özünü yetirməkdə. Bir gün burunlarını daxmalarından bayıra uzadırlar ki, qapını ağgöz qar kəsib. Odun-ocaq yox, çuval da boş. Neyləsinlər, neyləməsinlər nənə təklif edir ki, gəlin kovxa zəmisinə başağa gedək. Razılaşıb bir-birilərinə qoşulub üz tuturlar kovxa zəmisinə. Onlar yaşayan ölkənin şahı ova çıxmışdı. Baxır ki, bir qarıyla bir qız əsə-əsə harasa gedir, yanlarında da bir pişik. Çağırıb soruşur ki, hara belə? Qarı cavab verir ki, bəs evdə zümarlıq yoxdur. Kovxa zəmisinə başağa gedirik. Bəs indiyə qədər harada idiniz?-sorğusuna qarı deyir:-"Fikirləşirdim ki, qış gələnədək ölərəm”. Qız

cavab verir ki, düşündürdüm əlbət, istiyənim olar, ərə gedərəm. Şah pişiyin yaxalayır:-A pişik, sən niyə çalışmırdın?

-Mən də düşündürdüm ki, qarı gora gedəcək, qız ərə gedəcək, mən də şəhərə gedəcəyəm. Şah qarını da qızı da cəzalandırıb deyir:

-Heç kim sabah başına nələr gəldiyini bilməz. Adəm övladı ehtiyacını evdən üzməməlidir. Qışlığını yaydan, yaylığını qışdan qablaşdırmalıdır...

Bu məsəli geçikmiş bir işi görən adama işarəylə işlədirlər.

                                                                Köhnə palanın içini sökür

Ötən çağlarda bir palantikən varmış. Peşəsinin ustası olduğu üçün onun müştəriləri də əskik olmurmuş. Bunun hesabına pulu-parası da çox imiş. O həm də olduqca xəsis imiş. Qazandıqlarını arvad-uşağından gizlədərmiş.

Bir gün o, pullarının hamısını arvadından xəlvət köhnə palanlardan birinin içinə yığıb ağzını yenidən tikir və atılmış köhnə palanların yanına qoyur. Belə edir ki, heç kim bu barədə bədgüman olmasın.

Günlər keçir. Bir gün palançı harasa gedibmiş. Bir müştəri palan almağa gəlir. Arvadı köhnə palanların orasına-burasına baxıb babatının birini-təsadüfən ərinin pul gizlətdiyi palanı təzə palan qiymətinə müştəriyə verib yola salır.

Bir azdan palançı evinə gəlir, görür ki, köhnə palanların əvvəlki səfi pozulub və onlardan biri götürülüb. Arvadından soruşur:

-Palan hanı?

Heç nədən xəbəri olmayan arvad qayıdır ki, bəs mən köhnələrdən birini təzə yerinə müştəriyə sırıdım.

Bu sözləri eşidən kimi palançı bütün köhnə palanları qabağına töküb bir-bir onları söküb içərisini çıxarır və pul gizlətdiyi palanı axtarır.

Bu zaman kimsə bayırdan palançını səsləyir. Səsə arvadı çıxır.

-Ay bacı, mənə palançı lazımdı, bir palan alacağam.

Palançının əlində vacib işi var.

Müştəri təəccüblə soruşur:

-Axı onun tələsik nə işi ola bilər?

-Nə olacaq, köhnə palanın içini sökür.

Məqamı gələndə bu məsəldən istifadə olunur.

(Ardı  var)



6530 oxunub

InvestAZ