XƏBƏR LENTİ
20 May 2022
19 May 2022



İrəvandan Bakıya “təzə oyun”: Ermənistan yeni terror dalğası əsdirəcək?
MÜSAHİBƏ 16:39 / 21.01.2022

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan İrəvanın delimitasiya və demarkasiya prosesləri ilə bağlı son mövqeyini açıqlayıb. O bildirib ki, Ermənistan Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır. Üstəlik, yayılan açıqlamada vurğulanır ki, tərəflər Ermənistan-Azərbaycan sərhədi boyu sabitləşmə və təhlükəsizliyi gücləndirmək istiqamətində addımlar atmaqla bağlı da razılığa gəliblər.

İrəvandan belə bir açıqlamanın gəlməsi ilk növbədə insanların ağlına Ermənistanın "quyruğunun qapı arasında qalması”nı gətirə bilər. Amma belə bir həssas məqamda ASALA terror təşkilatı dirildiyini elan edir və "Şuşa və Hadrutu geri qaytaracağı” hədyanı səsləndirir. Doğrudanmı, Azərbaycan üçün yeni erməni terror dalğası əsdiriləcək?

Yenisəs.az  bildirir  ki,  bu  mövzu  ilə  bağlı  Publika.az suallarla  keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla müraciət  edib.Həmin  müsahibəni  biz  də  təqdim  edirik:

Politoloq Publika.az-ın "Cümə söhbəti”nə müsahibəsində bildirdi ki, Ermənistan tərəfinin son bəyanatları İrəvanın yeni oyunudur.

- Tofiq müəllim, Ermənistan Xarici İşlər Nazirliyi bildirdi ki, İrəvan Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır. Necə düşünürsünüz, İrəvan daşı ətəyindən töküb?

- Xeyr. "İrəvan Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır” – bəyanatı əslində ermənilərin növbəti oyunudur. Bu oyun ondan ibarətdir ki, delimitasiya və demarkasiya danışıqları texniki xarakter daşıyır. Yəni bunların nəticəsində hansısa siyasi sənəd qəbul olunmur. 

- Bu o deməkdir ki, böyük sülh müqaviləsi olmayacaq, amma demarkasiyaya hazırıq?

- Bəli. Yəni, Ermənistan Xarici İşlər Nazirliyinin sonuncu açıqlamasında söhbət adi nüanslardan gedir. İstər post-konflikt şəraitində, istərsə də digər variantlarda ölkələr öz aralarında hansısa münasibət qurmaq istəyirlərsə, o zaman onlar ilk növbədə diplomatik əlaqələri formalaşdırırlar. Beləliklə, bir-birlərinin ərazi bütövlüyünü və suverenliklərini tanıyırlar. Bu baxımdan, Ermənistan həmin addımı atmaq istəmir. Yəni, digər məsələni, mövzunu ortaya atır. Sadaladığım addımlardan sonra gələn delimitasiya və demarkasiya prosesləri daha çox texniki nüanslardır. Əslində, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək istəmir. Onlar 30 il bundan əvvəl Azərbaycana qarşı məlum "Miatsum” layihəsini irəli sürüblər, onu bu gün də davam etdirmək niyyətindədirlər. 44 günlük Vətən müharibəsindəki məğlubiyyətlərindən sonra indi də rəsmi olaraq onlar bundan qaçırlar, ona görə də deyirlər ki, "ilkin şərtlər olmasın”. Bütün bunlar onu göstərir ki, Ermənistan faktiki olaraq Azərbaycanın bərpa olunmuş ərazi bütövlüyünü və suverenliyini tanımaq istəmir. Üstəlik, müəyyən ümidlər bəsləyir ki, hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarət bölgəsində yaşayan 20-25 min ermənidən istifadə edəcəklər. İrəvandakı dairələr güman edirlər ki, onlar bu tarixi şəraitdə yenidən "Miatsum” layihəsini tam şəkildə bərpa edəcəklər, yenidən "artsax” deyilən layihəyə təzə şəraitdə dəstək verəcəklər. 

- Həmin dəstək nədən ibarət olacaq?

- Dəstək ondan ibarətdir ki, Ermənistan dövləti, onun hökuməti, Nikol Paşinyan hakimiyyəti xüsusi proqram qəbul edib. Həmin proqramda Ermənistan dövləti rəsmi olaraq Qarabağdakı ermənilərə maliyyə yardımı ayırmağı, hansısa layihələrin icrasını nəzərdə tutur. Bu o deməkdir ki, Ermənistan dövləti beynəlxalq hüquq çərçivəsində Azərbaycan torpağı kimi tanınan ərazilərə "yardımlar” ayırmağı düşünür. Mahiyyət bundan ibarətdir. 

- Azərbaycan kommunikasiyaların açılması istiqamətində öz üzərinə düşənləri edir. Amma Ermənistan tərəfdən tərpəniş yoxdur...

- Gəlin, ölkə Prezidentinin müsahibəsinə diqqətlə baxaq. Ölkə başçısı orada bildirir ki, biz Ermənistana ağıllanması üçün vaxt veririk. Sadə dillə desək, məğz budur. Yəni, Azərbaycan Ermənistana vaxt verib. Əgər İrəvan öz işğalçılıq siyasətindən əl çəkməsə, bu, sonda Ermənistan üçün fəlakətlə nəticələnəcək. Hətta Prezident həmin məlum müsahibəsində bir cümlə də işlətdi, dedi ki, bəlkə də bu elə bizim xeyrimizə olacaq. Yəni, Azərbaycan tərəfi çox yaxşı başa düşür ki, İrəvanın səsləndirdiyi bəyanatlarla atdığı addımlar, əməllər üst-üstə düşmür. Baxın görün, Fransanın prezidentliyə namizədi Valeri Pekres necə gəldi... İlk olaraq İrəvanda Ermənistanın prezidenti qəbul etdi. Yəni, ermənilərin xəbərləri var idi ki, Pekresin rusiyalı sülhməramlıların nəzarət bölgəsindəki ərazilərimizə səfəri olacaq. Əslində, bu səfərlə Azərbaycanın qanunlarını pozmuşdular. Həmin təxribatı da ermənilərin özləri təşkil etmişdilər. Fransalı Valeri Pekres də bu təxribatlarda iştirak edib, bu, öz yerində. Amma Rusiya sülhməramlıları, ermənilər və Fransa demək olar ki, həmin təxribatları açıq şəkildə həyata keçiriblər. Yəni, təbii ki, onların bu cür siyasəti hələ də var. Məğlub olmalarına baxmayaraq, diplomatik baxımdan da zərbə alıblar. Eyforiyaya qapılıblar. Üstəlik, iqtisadi baxımdan da zərbə alıblar. Bütün bunlara baxmayaraq, hələ də ərazi iddialarından əl çəkdiklərini bəyan etmək istəmirlər. 

- ASALA terror təşkilatı dirildiyini elan etdi. İndiki həssas məqamda onların yenidən dövriyyəyə buraxılması nədən xəbər verir?

- Birmənalı olaraq ASALA terror təşkilatıdır. Müəyyən zamanlarda bu qurum terror təşkilatlarının siyahısında da olub. Hətta onlara qarşı ABŞ Konqresi də hansısa tədbirlər görmüşdü.  Amma daha sonra səhv etmirəmsə, ASALA-nı terror təşkilatları siyahısından çıxardılar. İndi isə Paşinyanın dediyi kimi, "təzə şəraitdə” ASALA müharibəni davam etdirəcək. Terror müharibəsinin və dalğasının üstümüzə gəlməsi çox realdır. Türkiyə nümunəsini yada salaq: 60-dan yuxarı diplomat erməni terroru nəticəsində öldürülmüşdü və ya zərər çəkmişdi.  Bunların hamısı tarixdir. Ermənilər bundan əl çəkməyəcəklər və ASALA kimi təşkilatlar yenidən terror fəaliyyətlərinə davam edəcəklər. Beləliklə, ermənilər yeni zərbələr alacaqlar. Məhz ona görə də Azərbaycan öz müdafiə büdcəsini azaltmır. Ona görə də Ermənistana mütəmadi olaraq xəbərdarlıqlar edilir. İndi top Ermənistan tərəfdədir. "İlkin şərtlər olmasın” kimi bəyanatlarla İrəvan heç kəsi aldada bilməz. 


3848 oxunub

InvestAZ