XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Həzi Həsənli yazır: 20 Yanvar – qan yaddaşımız
Ədəbiyyat 23:05 / 19.01.2022


Oğlum Qorxmaza məktub

Əziz oğlum, 20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir. Bu məktub sənin körpə yaşında yazdığım hisslərin və duyğuların ifadəsidir. MaşAllah, indi böyümüsən, yüksək ali təhsil almısan, hardan gəlib hara getdiyini yaxşı bilirsən. 20 Yanvar – qan yaddaşımızın ildönümündə o zaman yazdıqlarımı yenidən səninlə bölüşmək istədim:

1990 – cı il... Yanvarın 19 – dan 20 - ə keçən gecə biz Moskvadan Bakıya dönürdük... Daha doğrusu, dönmək istəyirdik, dönə bilmirdik. Təyyarələr uçmurdu. Sən demə, Bakını qan içində çalxalayırmış Şura hökümətinin ordusu. Səhərisi gün Bakı hava limanına düşəndə Vətənimizi yas içində, yolları, küçələri qan gölündə üzən gördük. Şəhərin daxili yollarının bir çox yerlərində qadağan işarələri qoyulmuşdu. Bizimlə bir təyyarədə uçanlar hava limanında qalmağı məsləhət gördülər. Müdhiş yanvar gecəsindən məlumatlananlar şəhərə girməyimizlə ölümün üstünə getdiyimizi söyləyirdilər. Şəhərə getmək üçün heç maşın tapmaq da mümkün deyildi. Ölü bir sükut hər tərəfi ağuşuna almışdı.

Ananın vəziyyəti çox ağır olduğundan onu təcili evimizə çatdırmaq lazım idi. Təyyarənin uçuşunun saatlarla təxirə düşməsi, sonra da Bakıda törədilmiş qırğınların, vəhşiliklərin isti – isti izlərini görmək gələcək ana üçün nə demək olduğunu dərk etmək çətin deyildi. Hələ insan cəsədlərinin də hamısını götürüb aparmaq mümkün olmamışdı. Üstümüzə tuşlanmış avtomat lüləsinin də, maşınımızı divara dırmandıran zirehli maşınlardan gələn qan qoxusunu, ölüm qoxusunu qohumumuzun evinə gələndə duyacaqmışıq...

Gecə baş vermiş faciədən xəbərdar olan sürücü həmin yerlərdən keçəndə maşını qorxa – qorxa sürürdü. Bu da ölüm xofu! Salyan kazarmasının yanına çatanda maşınımızı imperiya ordusunun əsgəri saxlatdırdı. Güllənin yönü bizə tərəf idi. Güllənin Allahı yoxdu ki... Güllə bizi görürdü, biz də gülləni. Avtomatın lüləsi maşınımızın salonuna tuşlanmışdı. Ölüm burnumuzun ucunda idi. İmperiya ordusunun əsgəri bizə maşından düşmək əmri verdi... tezcə də fikrindən döndü. Nifrətli baxışlar bir – birinin "üzünə tüpürdü”, rəng verib, rəng aldı.

- Nu..u... Vapraşivat i dopraşivat xoteli da? – deyə donquldandı.

Bu sözlərdən sonra həqiqətən imperiya əsgərinin sifətinə tüpürmək cürətinə gəldim. Bizi güllə səsi, güllə yarası yox, uzun sürən ölümün səsi, ölümlərarası ölümün nəfəsi "öldürürdü”. Analarımız namaz üstə imiş. Həmin avtomatın darağındakı güllələr bizim üçün deyilmiş. Bəlkə tətiyi çəkmək istəyən imperiya ordusunun əsgərini qan tutmuşdu, bilmirəm. Bircə onu bilirəm ki, bizi böyük çətinliklərlə qohum evinə çatdıran taksinin sürücüsünə minnətdarlığımı bildirəndə o, dedi:

- Bizi güllələrdən gəlin bacımızın vəziyyəti xilas etdi. Biz heç, bacı qorxmayaydı kaş!

- Qorxmaz, - dedim. Allaha şükür, gəlib sağ – salamat qohum evinə çatdıq. Elə həmin anda ağlıma belə bir fikir gəldi: "Oğlum olsa, adını indidən verirəm, – Qorxmaz!

Elə də oldu! Yanvar şəhidlərinin qırxı çıxandan düz qırx gün sonra sən dünyaya gəldin.

... Bakının küçələrində Qara Yanvarın qan izlərinin üstündən anlar, dəqiqələr ötürdü. Səni ana bətnindəcə diksindirdi qan qoxusu. Ağ südün QIRMIZI qan çalxntısından bayrağın qara rəngini görmüsən. İki ayaq üstündə iki ürək – iki ölümsüzlük gəlirdi. Hər üçümüzdən yan keçən ölümü qorxudan sənin QORXMAZlığın idi. Hələ məndən mənə yol gəlirdin. Mən sənə

ata olunca sən də yurda oğul olurdun. Sən yurda gəlincə Tanrının sevgili duaları oxunurdu adına.

Köbəyin bu yurdda kəsilən gün yaraların qan gölü qaysaqlanırdı. Gözünü bu dünyaya açınca hər şeyi qırmızı görürdün; Qərənfillər ALQIRMIZI, qan gölü QANQIRMIZI, Bayrağında DAN QİRMIZI, göyündə DUMAN QIRMIZI, ordusu QIZIL QIRMIZI imperiyanın özü QIPQIRMIZI...

Yurdun vardı, ordun yoxdu. Öz torpağında dil içində dil, din içində din bəslənirdi.

Dünyanın ən bərəkətli, bol sərvətli, həm də ən qüdrətli və ən dərdli torpağıdı yurdun. Bu torpaqla Kremlin arasında düz 200 il idi qanlı bir gərdək asılmışdı. O taydan bu tayı, bu taydan da o tayı görməmək üçün. Bu dərdli, yaralı torpağın bircə təsəllisi ötən əsrin 90 – cı ilində dünyaya gələn oğlan uşaqları idi. Deyilənə görə, heç bir ildə Azərbaycanda bu qədər oğlan uşaqları doğulmamışdı. Yaxşı yadımdadır, sevimli şairimiz Bəxtiyar Vahabzadə də o vaxt televiziyada çıxış edərkən 90 - cı ildə daha çox oğlan uşaqlarının dünyaya gəldiyini xüsusi vurğulamışdı.

Unudulmaz şairimiz Ağamalı Sadiq Əfəndinin Vətənimizin başına gətirilən o faciələrə həsr etdiyi şeiri də dillər əzbəri olmuşdu:

Vətən, başa çox iş gələr,

Baş əymə, başın sağ olsun.

Biz ölməyə doğuluruq,

Torpağın, daşın sağ olsun.

Neçə cəfakeşin qalır,

Bir öydən bir qoşun qalır.

Beşin gedir, beşin qalır,

O qalan beşin sağ olsun...

Gərdəyin o üzündə, Kremlin təxti – rəvanında oturmaqdan qısırlaşmış xanımların kişiləri artıq xədim olmuşdular – CANIN hayındaydı, QANIN hayında, QANUN hayında olanlar!!!

Sənin bu yurdda hər gün bir arpaboyu böyüdüyünü, səsinin və nəfəsinin qançəkərliyini, başının altındakı balınc yuxusunda, başının üstündəki qılınc qorxusunda Vətən gördüyün, bu Vətənin oğlanlarını bir çətən gördüyün, beşiyin başında laylay deyən 80 yaşlı Əsli nənən ata və anadan sənə daha doğma görünürdü.

Yuxularındakı Koroğlu da, Rövşən də, yuxularında ata minib, atdan düşən də, o yallı - yopallı kişiqırığı da özün idin. Yoxsa məndən gerçəkli avtomat istəməzdin ki...

Bu dünyaya gəlişin evimizə ən duyğusal Tanrı duaları, qaymaq tamında yurd öygüsü, oğul söygüsü gətirirdi.

Dabanın qızıllanmalıdır deyirdi Aslan baban. Səni yetirən Allah qardaşlarını da yetirirdi. Sizə ata olunca qədim bir Nuhun, ulu bir ruhun qardaşı olurdum... Dövrana ən zalım oğul, sizə ən mülayim atayam indi. Sizdən xəlvət bu yazını yazarkən başdan – başa naqolayam, xatayam indi. Dünyanın ən gözəl dostluğu imiş ata – oğul dostluğu, hünər – ağıl dostluğu. Bir də ruh dostluğu, könül dostluğu, ürəklə tən dostluğu – Vətən dostluğu...

Öz evimizin içində, bir çırağın işığında birlikdə böyüdüyünüz dost – doğma qardaşlarından dəliqanlılığınla seçilirdin. Avtomat istəyirdin, alırdım. Neynirəm, deyirdin bu avtomatı... Bu avtomatla düşmən üstünə getmək olmaz ki...

At istədin, onun da yüyəni əlində oldu baba yurdunda. Saz istədin, adına cürə saz bağladı sazbənd Murad. Həmin o cürə sazı sinən üstünə alanda, qönçə - qönçə havacatlar çalanda şehli – şehli çiçəklərin qomasına dönürdün, özünlə, sazınla, sözünlə birgə:

Atımızı nallaram,

Qarabağa yollaram, - deyirdin.

Eyvallah...

Nə vaxtsa televizorda əsgərləri görəndə:

Ay əsgər gedən oğlan,

A qamçı bədən oğlan, - demişdin.

Bir dəfə də tüstümü təpəmdən çıxardan sözlər demişdin:

Sənədi yönüm torpaq,

Başına dönüm torpaq,

Uğrunda can qoyaram,

Anamsan mənim torpaq...

Özünmü çeşniləyirdin bu sözləri, nənənmi, bilmirəm. Hər sözündən Vətən ətri gəlirdi, ürəyində Vətən eşqi doğulurdu.

Bayrağın ucalınca, yurdun ucalar. Qurda qul olma, yurda oğul ol. Oğul düşmən çəpəridir...

P. S. O zaman sənə yazdıqlarım, sənə dediklərim ana laylası kimi səslənirdi. İndi həmin illərdən bizi 30 illik bir tarix ayırır. Gec də olsa, düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad edildi. Bax, o torpaqlarımızı 44 günlük müharibədə 90 – cı illərdə doğulan igid oğullarımız - sənin yaşıdların, qardaşların azad etdilər. Başını dik tut oğul, sən qalib ölkənin vətəndaşısan...


8008 oxunub

InvestAZ