... İndi də sol tərəfdəki həyətdən "ura” səsləri qopdu. Buna bənd imiş kimi
o biri qonşuların uşaqları da sevinclə çığırışdılar. İçdən gələn "ura” sədaları
dalğa-dalğa evlərin divarlarına, daş hasarlara dəyərək çiliklənib töküldü.
Amma bu "ura”lardan əvvəl göyə bir lopa millənmişdi. Həyətlərin
künc-bucağına sığınmış, quyunun içinə girmiş, külbəsi tutulmuş təndirin
divarlarına çökmüş, toyuq hinlərində və it damlarında gizlənmiş axşam qaranlığı
bu qəfil işıqdan titrədi. Hər tərəf işıqlandı. Hər yer aydınca, olduğu kimi
göründü. Ora-bura vurnuxan, bir gözü qapıda, bur gözü qolundakı saatda qalan Səbinə
bir an işıqlanmış həyətdə anasının harasa zillənmiş gözlərini görüb hikkə ilə
dilləndi:
– Bu arvad bayram axşamımızı yasa döndərəcək də!
Sürütmələrini şappıldada-şappıldada ikinci mərtəbəyə qalxdı, intizarla yola
boylandı. "Birdən bu tərs vaxtda oğlan evinin adamları gələr”. (Təzəcə
nişanlanmışdı) "İndi gəl yalandan üzünə təbəssüm maskası gey, qonaqların
qabağına çıxıb zülmlə: – Xoş gəlmisiniz! – de Sonra da get narın altında ürəyini
boşalt, qayıt gəl ki, bəs samovarın tüstüsü gözümü çıxartdı. Nə vaxt canım
qurtaracaq bu evdən, ay Allah?”.
Aabat xeyir, gəlib eləyən yoxudu. Nişanlısına dönə-dönə tapşırmışdı ki, denən
axşam saat 9-dan sonra gəlsinlər. Hesablamışdı ki, anasının həyəcanları o
vaxtacan ötüb keçər. "Bəlkə elə oldu ağlamaq üçün heç narlığa getmədim. Bircə
bu bayram da gəlib keçsəydi”.
Bu evdə körpə uşaq olmadığından bu günkü günün əzizliyi və doğmalığı o qədər
hiss olunmurdu. Ağır sükutdan hər şey yay kimi sıxılmışdı. Nabələd adam bu
"yay”a toxunanda ev adamlarının əsəbləri tarıma çəkilirdi. Üzlərdən, gözlərdən
boğanaq kimi əsəb küləyi keçirdi, sözlərdəki ahəng itirdi.
Dörd bir tərəfdən qonşuların şad-xürrəm səsləri, gülüşləri baş alıb
gedirdi. Cavanlar maqnitafonun başına yığışmışdılar. Ağsaqqallar küçədəki
oturacaqlarda əl ağaclarına söykənib keçən ilki Novruz bayramıyla bu ilkini
müqayisə edirdilər. Evə getməyə tələsmirdilər. Onsuz da onlar getməmiş, xeyir-dua
verməmiş qazanlar açılmayacaqdı.
Qeysər müəllim panamasını gözünün üstündən peysərinə tərəf itələdi. Zəndlə
Aya baxdı. Baxdı və dərsə yekun vururmuş kimi inamla bildirdi:
– İlimiz uğurlu gəlir. Ay bu il siftə gündən lap işıqlıdı.
Sonra ağacın dibindən bir sıxma torpaq götürüb ovcunda yumruladı. Boyu bərabəri
havaya atdı. Yumrulanmış torpaq səkiyə düşəndə buğda dənələri kimi səpələndi.
Ağsaqqallar dərindən nəfəs alıb bir-birlərinə gözaydınlığı verdilər:
– Yaxşıdı!.. Maşallah!
Qeysər müəllim təntənəli şəkildə bildirdi: – Bolluq olacaq, Qurd qoyunla
otlayacaq. Dava-şava olmayacaq.
Ağsaqqallar əllərini göyə qaldırdılar, canı-dildən salavat çevirdilər.
– Amin! Amin!
– Ümumiyyətlə planetlərin bu ilki düzülüşündən və ulduzların qalaktikadakı
seyrindən belə görünür ki...
Qeysər müəllimin ürəyi soyumadı, elmi yolla da xırdaladı.
Tonqalların üstündən hoppananlar dilək açırdılar. Oğlanlar qızlara
baxa-baxa qımışırdılar, pıçıldaşırdılar. Qızlar əllərini ürəklərinin üstünə
qoyub Ayla üz-üzə dayanmışdılar. Obaşdannan durub çimmişdilər. Yuyunub, daranıb
bu anı – tonqalların qalanmasını gözləmişdilər. Dədə-babadan qalma adətə,
inama, sınağa görə kim ki, ilin axır çərşənbəsi pak, təmiz canıyla üç dəfə
tonqalın başına dolanıb, sonra əlini ürəyinin üstünə qoyaraq üzünü Aya tutub nə
arzulasaydı, həmin il yerinə yetəcəkdi. Bu qızların ürəklərində nələr yox idi:
könülləri istədikləri oğlanlara qismət olmaq, böyük şəhərləri gəzmək, müəllimlər,
həkimlər kimi "sumka” götürüb işə getmək. ..
Qönçə dodaqlar yumulub açıldıqca deyirdin bəs, qızlar Ay işığını
qurtum-qurtum içirlər.
Bayram xörəklərinin bir-birinə qarışmış ətri, qonşu həyətlərdə qalanan
tonqalların çatırtısı, səs-səda deyilən şey təkcə bu həyətdən uzaq idi. Axır
vaxtlar bura az adamın yolu düşürdü. "Qurşaqatdı”ya çıxmış məhlə uşaqları da
qapının yanından ayaqlarının ucunda keçirdilər.
...Evin kişisi çoxdan rəhmətə getmişdi. Oğlu qonşuda tay-tuşlarıyla mahnıya
qulaq asırdı. O elə bil tikan üstündə oturmuşdu. Tez-tez küçəyə boylanırdı.
...Həyətdə ikisi idi. Səbinə, bir də anası – Ayna arvad.
Ayna arvad təkərli kresloda yığılıb yumrulanıb oturmuşdu. Gözlərini də zilləmişdi
qapıya.
Hardasa qapılar açılır, örtülürdü. Ayna arvad diksinib dikəlirdi, qalxırdı.
Axşamın alaqaranlığında Səbinə anasının birdən-birə dirilən gözlərini,
işıqlanmış sifətini gördü. Görüb də qəhərli-qəhərli udqundu.
Kreslonun böyründə bayram ayın-oyunu düzülmüş kiçik stol qoyulmuşdu. Armudu
stəkandakı çay çoxdan soyumuşdu. Ayna arvadın gözü stolun üstündəkilərə
sataşanda çiyninə, ayaqlarının üstünə saldığı yun şala daha möhkəm bürünürdü.
Elə bil noğullar, konfetlər buz parçaları idi, kimsə onları götürüb bir-bir
atacaqdı onun qoynuna, kürəyinə. Kreslonun içərisində batıb-batıb lap
büzüşürdü, titrəməsi şiddətlənirdi.
...Göyə baxdı. Ay yer üzünü nura qərq eləmişdi! Qeysər müəllim demişkən, bu
il Ay, doğrudan da işıqlı idi. Ayna arvad sidq ürəkdən salavat çevirdi, dua
oxudu, Allahdan razılıq elədi.
Deyəsən küçədə maşın dayandı. "Aha!”
Duasını yarımçıq kəsdi. Bir daha "şükür” deyib təlaşla qapıya sarı
boylandı. "Bu qız harda batdı, görəsən”.
– Ay Səbinə, qapıda gözün olsun...
...Amma qapı açılmadı. Maşın səsi uzaqlaşıb eşidilməz oldu. Heç Səbinə də
görünmədi. Ayna arvad bir az da yığılıb yumrulandı.
– Şükür sənə, ilahi! Özün bilən məsləhətdi...
Mart girəndən belədir. Soyuğa, sazağa baxmayaraq hər gün qaş qaralanda qara
şalına bürünüb çıxır otaqdan. Gəlib oturur indiki yerində... gündə beş-altı dəfə
ayın tarixini soruşur, gileylənir, deyinir. "Bunnan irəlilərdə göz yumub açınca
il başa çatırdı. İndi ayın-günün ayağından daş asılıb nədi, ay başua dönüm?”.
...Ayna arvadın böyük qızı Sərvinaz üçüncü uşağın üstündə tələf olmuşdu.
Biçarənin özü bir tərəfə düşmüşdü, körpəsi bir tərəfə.
Gəlinin qırxından sonra Zalxabəyim (Sərvinazın qayınanası) Ayna arvadı həyətin
o başına çəkdi. Zəmanənin puçluğundan, heç kimin dünyanı beş əlli
tutmayacaqından danışıb mətləbi bəyan etdi. Dədə-baba adəti ilə Səbinəni Sərvinazın
yerinə istədi:
– Öz bacısı uşaqlarıdı. Tayca da nəvələrimiz yad əllərdə qalmaz. Mən də bu
gün-sabahlığam. Başımı qara torpağa qoyanda bilim ki, özümünküdü. Ətini yesə də,
sümüyünü atmayacaq. Qurulu evdi. Top vursan dağılmaz: Bir kibrit dənəsi gərəyim
döyül. Elə gəlsin, yığışsın otursun bacısının evində. Qız uşağıdı, beyni qandı.
Bəlkə də eşidəndə daş atıb başını tutdu. Amma sən anasan, qoy qabağına, isbatlı
şəkildə başa sal. Çörəyimi niyə it-qurd yesin?
Ayna arvad qohumluqları müddətində Zalxabəyimin cikinə-bikinə bələd
olmuşdu. "Çiy adammışlar. Vaxtında qulağımız kar oldu, gözümüz kor. Arada gül
kimi balam əlimdən getdi”. Nəvələrinin xatirinə ürəyinin dərinliyində bu işə
etiraz eləmək istəməzdi. Əgər... Amma hər halda qızının ağzını aramağı lazım
bildi. İndiki qızların ipinin üstünə odun yığmalı döyül. Özləri alıb, özləri
verirlər.
Ağzını açmağı ilə Səbinin özünə əl qatmağı bir oldu. Zalxabəyimi həyətin
qaranlığından elektrik işığının altına çəkdi.
– Ay ifritə, ay cadugər, niyə ölüb yerə girmirsən? Yazıq bacıma nə qiymət
verdin ki, mənə də fərli gün ağlayasan. Allah vurub səni də, ev-eşiyini də.
Bircə o biqeyrətliyiniz çatmırdı!
Eşidənlər Zalxabəyimi qınamışdılar:
– Ay arvad! Nə qaçatbasdıdı. Bədbəxt Sərvinazın başının suyu hələ
qurumayıb. Ürəklərində o boyda müsibətin yarası, Məşədi İbad kimi başlamısan, o
olmasın, bu olsun. Heç yeridi?
Səbinə yandığından Zalxabəyim qapıdan çıxhaçıxda yağdırmışdı.
– Ürəyi yanan çıxıb! Sənə ağırlıq edirlərsə, ver özümüz saxlayarıq. Yoxsa
qapında nökərçilik eləməyə adam gəzirsən? Bircə onu görməzsən.
Zalxabəyim də cavabında: – Qudurmuşluğuna bax bunun – dedi – İydə tumuna
oxşayırsan. Kimdi səni alan? Dünya gözəl-göyçək qıznan doludu.
Sonra da əlbəhəl Samirlə Səmayəni gəturtdirib mindirmişdi oğlunun köhnə
markalı "Volqa”sına. Tumanının balaqlarını əlinə yığıb üzünü bir də tutmuşdu Səbinəyə.
– Bunlar sənin anan kimi mənim də nəvələrimdi. Hələ bir az da artıq. Çünki
mənim oğlumun belindən gəliblər. Mən dedim ki, nə şiş yansın, nə kabab. İndi
ki, belə oldu, siz də bu uşaqların üzünü bir də dəvənin quyruğu yerə dəyəndə
görərsiniz. Sür, ədə!
...O vaxtdan iki il keçmişdi. Zalxabəyim sözündən dönməmişdi. Uşaqlar o gedən
evdən getmişdilər.
...Ayna arvad gün-gündən saralırdı. Gecələr yuxudan səksənib nəvələrini
çağırırdı. Hövlnak qalxan Səbinəyə, Camala and içirdi ki, "vallah, anası ölmüşlər
qapı dalındadırlar. Yetimləri axşamnan gətirib atıblar həyətə. Ay sizi daşa dönəsiz,
bir eşiyə çıxın, onları içəri çağırın, bacınız uşaqlarıdı axı. Ölü yuxusuna
gedibsiniz, nədi?”.
Camal dözə bilməyib yorğanın ucunu dişləri arasında sıxar, yuxarı qalxıb
soyuq otaqda sabahacan büzüşə-büzüşə yatardı. Səbinə anasını sakitləşdirərdi: –
Gecənin bu aləmi uşaq nə gəzir. Bəlkə qulağına səs gəlib?
– Kal oyanmağına acıqlanma qızım... Qapını aç, görəcəksən.
Səbinə qapını, pəncərəni taybatay açıb hirsindən tir-tir əsərdi:
– Hə?.. Bu da qapı! Hanı?
Ayna arvad təslim olmazdı: – Yəqin küsüb getdilər. Bu qədər ki, sən ağır tərpənirsən,
indiyə adam qalar?
Səbinə ömrünə-gününə, anasının bu hala düşməsinə bais olanlara lənət
yağdırardı, yorğanı başına çəkib hönkürərdi. Ayna arvad isə səhərəcən oyaq
qalar, tez-tez həyətə düşər, qulağını qapıya söykəyib küçəni dinləyərdi.
Obaşdannan su başına çıxmış qonşular onu bir neçə dəfə bu halda görəndən sonra
söz çıxdı ki, Ayna arvadın ağlı azıb. Ən yaxın qonum-qonşularnan get-gəl,
salam-əleyk də belə kəsildi.
O yandan da Zalxabəyimin əlinə girəvə keçi: – Mənim elə nəvələrim yoxdu ki,
– dedi – Aynanın o bayquş yuvasında havalanıb üstümə qayıdalar. Öz niyyəti öz
başına düşsün.
Ağsaqqal, qarasaqqal Zalxabəyimi danladı ki, ayıbdı, elə şey danışma. Dərdi
böyükdü... Sən də anasan, əlinin üstündə də qızın var, qabağına çıxar. Deyirlər,
Nəsrəddin şahın qəzəbi qırx gün çəkərmiş, amma sən iki ildi minmisən cin atını,
yerə düşmürsən... Qabaqdan əziz gün gəlir. Göndər nəvələrini görsün... Deyirlər,
vəziyyəti də ağırdı.
Ağsaqqalların öyüd-nəsihəti, axirət qorxusu Zalxabəyimi həm qorxutmuşdu, həm
də yumşaltmışdı. – Getmək istəsələr göndərərəm – deyib, amma yenə bir ayağını
qaçaraq qoymuşdu.
Bu söhbət qışda olmuşdu...
Bu gün yaz girmişdi...
...Həmin gün gəlib çatmışdı...
...Zalxabəyimin cin atınnan düşməsi xəbərini Ayna arvadın qulağı
çalmışdı...
Səbinə anasından çox intizardaydı indi və arvadın elə deməsi onu əvvəlkilər
kimi haldan çıxartmırdı.
– Camala denən darvazaları açıq qoysun. Birdən elə bilərlər evdə yoxuq. Yuxarı mərtəbələrin, bütün
otaqların da işıqlarını yandırın.
–
Yaxşı, ana, bu saat!
– Açdım darvazanı! – Camal da
o yannan canını dişinə tutub anasının istəyini dərhal yerinə yetirirdi.
...Ayna arvad eləcə oturduğu yerdəydi. Səbinə əldamının hansı küncündənsə
tapıb çıxartdığı manqalın toz-torpağını təmizləyirdi. Amma hər ikisinin ürəyinə
eyni vaxtda nəsə damdı. Səbinə başını qaldırmağa ürək eləmirdi, tez sevinməyə
qorxurdu. Bayaqdan qulağı çox səsə düşüb onu aldatmışdı. "Birdən yenə də...” Manqalın
tozunu üfləyə-üfləyə anasına baxdı.
Ayna arvad ayaq üstəydi. Qara yun şalı sürüşüb yerə düşmüşdü. İntizardan, həsrətdən
üzülmüş canı, işığı azalmış gözləri gülürdü. Fətət ağlamaqdan yaşı qurumuş bəbəklərində
çoxdan yurd salmış qəmin-qüssənin boz-bulanıq çöküntüsü də açıq-aşkar
bilinirdi.
Səbinə keyimiş ayaqlarını çəkə-çəkə qapıya yol aldı. "Nağayrır e, Camal
orda?” Səsindən yeznələri Yadullanı tanıdı. O nə deyir elə?!
– Tay bağışlayın da... Vallah, nə qədər al dilinən maşına mindirib gətirmək
istədimsə də, mümkün olmadı.
Sarsılmış Camalın yalvarış dolu səsi eşidildi: – Gəlməliydilər axı... Bəs
demişdilər...
– Nə bilim, vallah... Kimsə Ayna arvadın təqlidini çıxarıb. Uşaqların
başını doldurub ki, nənəniz dəli olub, gedən kimi sizi tutub boğacaq. Körpədilər
də!.. Xof düşüb ürəklərinə. Hava qaralan kimi qaçıb girirlər evə. Qapı-pəncərəni
bərk-bərk bağlatdırırlar ki, birdən Ayna nənə gəlib bizi boğar.
Yeznələri bu sözləri açıq-aşkar məmnunluqla deyirdi. Guya bir xoş xəbərdən
danışır.
Camalın gözlərindəki ifadə dəyişdi. Sir-sifəti əyiş-üyüş oldu. Səsindəki
yalvarış, hərəkətlərindəki qonaqpərəstlik qaranlığa hopdu. Qəddini düzəldib
Yadullanın üzünə tüpürdü: – Tfu! Əskik oğlu! Kəm alırsan?
Maşının qapısı açıldı. Təzə, uzun saplı baltanın ağzı elektrik işığında bərq
vurdu. Camal gözü Yadullada əyilib iri bir daş parçasını qaldıranda, Səbinə irəli yüyürdü.
– Əlini hər itin qanına bulama, qardaş!
– İt nəslinizdi, ləçər!
Camal qolaylanmaq istədi. Amma Səbinə qardaşından qopub Yadullaya necə bir
sillə vurdusa, öz zərbindən özü yıxıldı.
Səbinənin səsinə qonun-qonşulardan
duyuq düşən var idisə də, qapılarının, çəpərlərinin arasından boylanıb
baxırdılar. Haraya gələn yox idi.
Baldızının işə qarışmasını gözləməyən Yadulla tutuldu. Ona əl qaldırmağı
özünə ar bildi. Baltanı silkələyib Camalı hədələdi.
–Bu kişiliyini sabah da göstərərsənmi? Təzə parkda olacam. Duxun çatsa, gələrsən.
Səbinə ağlamağını görməsinlər deyə tez özünü həyətə saldı və anası ilə
üz-üzə gəldi. Başına
elə bil göy qopub düşdü.
– Ana, nağayrırsan? Sənə yerimək olmaz!
Ayna arvadın sifəti ağappaq ağarmışdı. Hər addım atdıqca körpə uşaq kimi
ayağını yerə bərk basırdı. Səbinə anasını qucaqlamasaydı, arvad terə səriləcəkdi.
– Ay Samirim, ay Səmayəm! Daşa dönsün Səbinəni! Sizi içəri çağırmır, hə? Hələ
mən ölməmişəm qapı dalında qalasınız. Gəlin, balalarım, ayağınızın altında
ölüm!
Səbinə anasını saxlaya bilmirdi. Ayna arvad küçəyə çıxmaq istəyirdi.
– Ana, qurban olum, dayan bir. Dayan e! Söz deyirəm.
– O yana dur! Sən də, qardaşın da soyuqqanlısınız. Siz ədavət aparın, mən də
ölüm. Heç elə bil mənim qarnımdan çıxmamısınız.
Səbinə daha üzə durdu.
– Atasız qalmağımız bəsdi, ana! Bu göyün altında, yerin üstündə bir sənsən,
bir də biz bacı-qardaş. Günahımız nədi ki, üstəlik anasız da qalaq. Nigarançılığınla,
yol gözləməyinlə özünü yaman günə qoymusan, bizi də mağmın eləmisən. İki ildir
ki, üzümüz gülmür, könlümüz açılmır. Daha dözə bilmirik. Vallah, bir də görəcəksən
yan-yana döşəndik qabağına. Onumu istəyirsən? Allah eləməmiş, əyər başına bir
iş gəlsə, bizi kimə tapşırıb gedəssən?.. Onlar gəlmiyəcəklər! Gəlmiyəcəklər e!
Nahaq gözləyirsən. Yığ gözünü bu yollardan...
Səbinə yenə nəsə demək istədi. Amma ağlayacağından qorxdu. Yenə narlığa
qaçdı.
Daha bir fişəng havada qövs cızdı. "Bizim həyətdə bunu kim atdı?”
Səbinə birdən haray təpdi.
– Ay Camal, ev yandı, tez gəl!
Lopa kreslonun üstünə düşmüşdü. Kreslo yanırdı.
Hələ də özünə gələ bilməyən Camal özünü həyətə saldı.
–
Nədi, nolub?
–
Ev yandı, qoyma!
Camal pilləkənlərin altına
cumdu. Gödəkçəsini çıxarıb kresloya çırpdı. Çaşdığından ağlına gəlmədi ki,
kreslonu götürüb səlbələsin bir kənara. Axır ki, bir təhər söndürə bildi.
Kreslonun yayları spiral kimi közərmişdi. Camal bayaqdan bəri ürəyində
yığılıb qalmış qəzəbini boşaltmaq üçün kresloya bir təpik ilişdirdi. Ayağının
ağrısını heç hiss etmədi.
Əlləri yanıb suluqlamışdı. Göynərtidən qıvrılırdı. Dəstəyi götürüb çeçələ
barmağı ilə təcili yardımı yığdı.
Dəstəyi qulağına tutanda gördü bacısı, anası ilə əlbəyaxadadı. Arvad qapıya
tərəf dartınır, Səbinə isə yalvar-yalvara, ağlaya-ağlaya nəsə deyir. Yəqin
anasını belə mağmın vəziyyətdə, yaman gündə
qonşuların görməsini istəmirdi.
"Təcili yardım”dakı növbətçi qızın şən və gümrah səsi eşidildi.
– Bəli! Bu bayram axşamı kimdi belə? Pojardı?
Camal ağzını açmaq istəyirdi ki, gördü anası bacısının qucağında balıq kimi
çırpınır.
– Küçənizin adı, ev nömrəniz, familiyanız. Tez olun, ay yoldaş! Ay adam... Ay vecələ!..