XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Qalib Şəfahət : GÜZGÜ (hekayə)
Ədəbiyyat 11:42 / 18.01.2022

Qalib Şəfahət

 

 

                                                              GÜZGÜ (hekayə)

 

        Hələ də güzgüyə baxanada bir anlıq diksinib ətim ürpəşir. Elə bilirəm, o, güzgüdən mənə baxıb nifrət edir.

       Onun haqqında az-çox məlumatım var idi. Bunu mənə Züleyxa danışmışdı. Zalım qızı elə bil onun haqqında az-çox bildiyi məlumatı tələm-tələsik gözümə soxmağa  çalışırdı.

       Nazirliyə işi düşmüşdü.  Qəbuldan bizim şöbəyə, mənim yanıma göndərmişdilər.

       Qapını döyüb içəri girəndə gözlərimə inanmadım. Hərəkəti, davranışı heç dəyişməmişdi. Bədəni çox dolmuşdu, amma baxışları, sifətnin cizgisi olduğu kimi qalırdı.   Əvvəl ki, xasiyyəti heç yontalanmamışdı. Hələ bir az da, köntöyləşmişdi.

      Onda bir az uşaqlardan çəkinəcəyi var idi. Özünü yığşdırırdı, çox da, nala-mıxa vura bilmirdi. Yersiz danışanda ağzının üstə vururdular.   

       Mən görəndə çox sevincək oldu.

       Gülümsünərək:

       –Ay qız, bir denən ki, burda işləyirəm. Mən də dağa, daşa düşmüşəm.  Fikirləşirdim, görəsən yenə kiminlə üzbə-surat dayanacam. Işim düzələcək, ya düzəlməyəcək. –dedi.

       Arxasınca da, giley-güzar edib:

      –Özün bilirsən də, indi  doğru-düzgün  işə də, hərə bir mız qoyur.  Elə bil ki, sənin işin düzələndə canları çıxacaq. Bu insanlar, görəsən niyə belədi? Mərdimazarlıq, işə pəl vurmaq bunların qanında, canındadı deyəsən.-dedi.    

        İş arxasınca gəldiyini elə bil yadından çıxmışdı. Əvvəlcə, ordan-burdan, sinif yoldaşlarmız haqqında danışdı.

        Bilirdim qara qızın qarnında başqa dərdi var. Elə bil ki, yazıq neçə vaxtdı ürəyini boşaltmaq üçün  adam üzünə həsrət qalıb.

        O, danışırdı, mən gözümü döyə-döyə ona qulaq asırdım.  

        Əsas mətləbə keçib:

        –Bəs xəbərin varmı Rasimdən? Bilirsənmi heç onun başına nə işlər gəldi?–dedi.

        Başımı bulayıb:

        –Yox! –dedim. –Nə olub?

         –Heç o yazığın da, işi gətirmir ki, gətirmir. Elə bil it nəfsinə düşüb. –dedi.

        Arxasınca qımışıb başını buladı:

        –Səndən sonra bütün işləri tərsə-məsəb getdi.  

        –Məndən sonra niyə? Mənə nə dəxili var? –dedim.

         Ağzını buzüb:

        –Bıy başıma xeyr, az, o boyda zurna-düdüyü danacaqsanmı? –dedi.

        Dillənmədim. Fikirləşdim, "qoy danışsın, görək axrını gətirib haraya çıxaracaq”.

        Zalım qızı elə bil onun haqqında bildiyi nə məlumat vardısa tələm-tələsik gözümə soxmağa çalışırdı.

       –Bəs deməzsənmi, yazıq oğlan iki dəfə evləndi. Heç biri ilə yola getmədi, ayrıldılar. Indi də subaydı. Başı havalı gəzir. –dedi.

         Arxasınca da:  

         –Sən onun mısdır-mısdır gəzməyinə baxma, üzdə elə görünür, hər qadın tab gətirib onda otura bilməz. Hərədə bir eyib tapır. Haraya qədər desən qaşıyıb qan çıxaran adamdı. Onunla kim yol gedər.

        –Niyə? –dedim.

        –Niyə də olmasın. Əlbət də, belə də olmalıydı. Sənin kimi gözəl-göyçək qızdan sonra, o, hansı qadını sevə bilərdi? İlk eşqi daşa dəymişdi. Adamın ki, ilk sevdiyindən bəxt gətirmir, ondan sonra, həyatından küslü qalır.  

         Mənim də dilim diş durmadı:

         –Yaxşı, sən Rasimin ağır xasiyyətli olduğunu hardan bilirsən? Elə danışırsan, elə bil, bir yerdə oturub dursunuz. –dedim.

         Üzümə tərs-tərs baxıb:

       –Nə bilim! Mən də ağızdan-ağıza eşitmişəm. Rasimlə mənim nə alış-verşim ola bilər?

–dedi.

      Ağzını büzüb:

    –Yoxsa qısqanırsan? –dedi.

   –Nəynizi qısqanacam, mənim nə dəxili var. –deyib güldüm.

 

 

                                                                           ***

 

       Şəhərə çıxmışdım. Qəfələtən uzaqdan gözümə sataşdı. Mənimlə üzbə-surat gəlirdi. Açığı, fikirləşdim, sinif yoldaşım olub, görüşüb hal-əhval tutum. Üzümə bir balaca xoş təbəssüm qonmuşdu. Qəflətən məni görəndə elə bil bunu ilan caldı. Sir-sifəti dəyişdi. Mənə nifrət dolu baxışla baxıb, iri adımlarla yanımdan uzaqlaşdı.

       –Bu niyə belə edir? –deyə fikirləşdim.

       Çevrilib gözdən itənədək arxasınca baxdım.  Qanırılıb geri baxmadı da, harayasa tələsirmiş kimi bir anda gözdən itdi.

       Onda gördüm, hələ də, mənə nifrət edir. Bilmirəm, o nifrətə layiqəm, yoxsa yox.                                                                          

       Ucundan, qulağından eşitmişdim, "Rasim  məni istəyir”.

       O dərəcə də reaksiya vermirdim.

       Utancaq xasiyyəti var idi.  Uzbə-surat gələndə qızarıb-bozarırdı, çalışırdı baxşlarını məndən gizlətsin.

 

                                                                 ***

 

       Sinif rəhbərimiz arada gəlib bizimlə söhbət edər, gündəliyimizə baxır, təlimdən, tərbiyyədən danışıb məsləhət verirdi.

       Diqqətlə ona baxıb, qulaq asırdım.  Gözü mənə sataşdı.

       Gülümsünərək:

        –Leyla sənin  nə cəlb edici, qaynayan gözlərin var. O gözlərin sehrinə düşməmək olmur. –dedi. 

         Uşaqlar öz aralarında xısın-xısın gülüşdülər. Bikə müəllim  uşaqların ustə çəmkirib.

        –Hırıldaşmayın? –dedi.

        Qəflətən müəllimin belə bir söz deyəcəyini unamırdım. Utandığımdan  başımı yerə dikib dinmədim.

         Sinif rəhbərimiz dərs gündəliyini yığmışdı. Bir-bir gündəliyi yoxlayıb təhvil verirdi. Növbə mənim gündəliyimə çatdi. Diqqətlə eşələyib nəsə axtarırmış kimi, gündəliyin üzlüyünü açdı.

       Yəqin, gündəliyin arxasında güzgü əlinə toxunmuşdu. Diqqətimi onun hərəkətinə cəmlənmişdim.

       Gündəliyin üzlüyünü çıxarıb diqqətlə güzgü bükülmüş vərqə göz gəzdirdi.  Güzgünü uşaqlara göstərib üzünü turşutdu.

        Hamı boylanıb mənə baxdı.  Başımı yerə dikib müəllimin hərəkətinə diqqət yetirirdim.

Müəllim vərəqi açıb oxumağa başladı. "Bu güzgünü sənə hədiyyə edirəm. İstəyirəm, bu güzgüdə özün öz gözlərini görə biləsən. Biləsən ki, o işıqlı gözlərin əzabını mən necə çəkirəm. İstəyirəm çəkdiyim əzab-əziyyətə şahidlik edə biləsən”.

       Nə qızın, nə də, məktub yazanın adı o məktubda qeyd olunmamışdı.

       Məktubu oxuyub müəllim mənə tərəf baxdı.

     –Leyla, səni ağıllı şagird bilirdik. Bu məktubdan sonra, sənə ağıl dərsi keçək, yoxsa, dərs öyrədək?

      Ayıb olsun sənə, belə bir hərəkətə necə yol verirsən?–deyib nifrət dolu baxışla mənə baxdı.  

      Başımı  yerə dikmişdim, heç nə deyə bilmirdim. Güzgü mənim gündəliyimdən  tapılmışdı.  Desəydim də, heç kəs mənə inanmazdı. Necə inandıra bilərdim, "güzgü mənim deyil, Səbinənindir”.

        Nə düşünərdilər, deməzdilərmi, güzgü Səbinəninsə, sən niyə gündəliyinin arxasında də gizlətmisən?

       Özüm  öz  sualıma cavab tapa bilmirdim. Başqasını necə inandıra bilərdim?

       Həm də, Səbinənin burda nə günahı var idi. Məni etibarlı bilib güzgünü saxlamaq üçün vermişdi.

        Həm də, onun mənə olan etibarını, inamını yerlə yeksan edə bilərdim.

       Öz-özümə fikirləşdim, kaş onda o güzgünü götürməyəydim.

        Səbinə o güzgünü mənə verib, "ehtiyatlı bir yerdə saxla, sonra səndən götürərəm”. –dedi. –Evdə kiminsə əlinə keçsə məni danlayacaq.

       Üzüm kəsmədi, deyəm ki, axı, bizimkilər də görsə məni danlaya bilər. Deyərlər, səni oxumağa gördərmişik, yoxsa, kimdənsə güzgü almağa.

        Mən də evdə ələ keçməsin deyə, gizlin yer bilib, gündəliyin axasında gizlətdim.

        Onda, gündəlik çiriklənməsin deyə qalın ağ kağızla üzləyirdik. Həm geç çiriklənirdi, həm də, tez xarab olub əzik-üzük görsənmirdi.

        Neç vaxt idi, o güzgünü gündəliyin  arxasında gizlətmişdim. Xəyalımdan  çoxdan çıxmışdım. 

        Heç baxmamışdım da, o, mənə saxlamaq üçün verdiyi nə idi. O xasiyyətim yox idi, kiminsə əşyasına icazəsiz, baxıb əl vurum.   

        Özü deməsəydi heç bilməzdim, güzgüdü, yaxud, başqa bir əşyadı. Səliqə ilə həmin o məktuba bükülmüşdü.

 

 

 

       

 

 

 

 

.

   
5753 oxunub

InvestAZ