XƏBƏR LENTİ
20 May 2022
19 May 2022



XATİRƏLƏRDƏN DOĞULAN YAZI - İlqar TÜRKOĞLU
Ədəbiyyat 13:23 / 17.01.2022

Sovet vətəndaşlığından məhrum edilən və ABŞ-da yaşayan Aleksandr Soljenitsın 1994-cü ildə mühacirlikdən Rusiyaya dönür. Uçağa minməkdən qorxan yazıçı Yaponiyadan keçməklə Uzaq Şərqdən qatarla Moskvaya qayıdır. Hər hava işıqlananda "bura haradır” deyə yanındakılardan soruşur. 4 sutka "Qazaxıstandır” cavabından heyrətlənən Soljenitsın "Rusiyanın başı xarab olub ki, bu boyda ərazini Qazaxıstana verib?” deyir. Bu, hələ bunların ağıllısı idi. İndi hər addımda at oynadan jirinovskilərin sayı daha da çoxalıb.

Son günlər qardaş ölkə- Qazaxıstanda baş verən olaylar, bir türk olaraq hər birimizi ağrıdan məsələdir. Çoxları bu olayları demokratiya açısından yanaşsa da, maraqlı güclərin məqsədləri də bəllidir. Sıxılmış qazın qiymətartımı, sadəcə, bir bəhanə idi.

Ərazicə dünyanın 9-cu ölkəsi olan, təbii resursları ilə seçilən Qazaxıstan 30 ildə milli inkişaf və dövlətçiliyin möhkəmlənməsi yolunda böyük uğurlara nail oldu. Şübhəsiz, bu ölkənin inkişafını istəməyən Rusiya, qərv və Amerika kimi dövlətlər sürəcin qarşısını almaq üçün müxtəlif texnologiyalar üzərində düşünməmiş deyildilər. Bu planlardan biri də, bugün baş verən vətəndaş qarşıdurması idi. Bununla belə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin kömək üçün KTMT üzvü olan Rusiya, Ermənistan və Belarusa müraciət etməsini ən böyük yanlışlıq hesab edirəm. KTMT-nin-rus qoşunlarının Qazaxıstanı belə tez tərk etməsinin bir səbəbi də getdikcə Amerika və NATO-nun Rusiyaya qarşı artan təzyiqlərinin və Çini incik salmamağının nəticəsi idi.

Bir ay öncə, Qazaxıstanda rus dilinin rəsmi statusu ləğv edildikdən sonra, Qazaxıstan torpaqlarına hələ də öz ərazisi kimi baxan Rusiyanın əlinə fürsət düşdü. SSRİ-nin dağılması 1986-cı ildə Qazaxıstanda baş verən olaylardan başlamışdı. Tarix təkrarlanırmı? Qazaxıstanı qarışdıran Rusiya sələfi olduğu SSRİ-nin aqibətini yaşayacaqmı?!

Əgər Türk respublikaları birlik və bərabərliyini qoruyub saxlayacaqsa, bu birliyə qısqanclıqla yanaşan Amerika və Qərbin də, Rusiyanın da planlarını alt-üst etmək mümkün olacaq.

Məni daha çox ağrıdan bir məsələni də qeyd etmək istəyirəm. Bugün TDT-na, Turan adına hələ də qısqanclıqla yanaşan, hər fürsətdə onu aşağılamağa çalışan içimizdə olan manqurt rusyanlılar- "kalonçular” hələ də at oynadırlar.

Bugünkü olaylar bütün türk dünyasının ağrısıdır, acısıdır. Nə qədər ki, "məndən ötdü qardaşıma dəydi” arxayınçılığı ilə yaşayacağıq, "20 yanvar”lar davam edəcək.

Görkəmli qazax yazıçısı Oljas Süleymenov bütün ağır günlərində Azərbaycanın yanında oldu, heç kimdən, heç nədən qorxmayaraq dəfələrlə Bakıya gəldi. Nədənsə, Qazaxıstan xalqının bugünkü acısını, ağrısını dilə gətirə biləcək, Rusiyanın işğalçılıq siyasətinə qarşı haqq səsini ucalda, mövqe sərgiləyə biləcək bizim məşhurlarımız susur.

Qazaxıstanda bir günlük matəm elan olundu. Qardaş xalqın acısına yanan Türk Dövlətləri Təşkilatının mənzil-qərargahında bayraqlar endirildi. Həlak olan can-qan qardaşlarımızın ruhları sayğı ilə yad edildi.

Bütün bu olaylar bir daha sübut etdi ki, Rusiya, eləcə də, qərb bizim birarada olmağımızı heç cür qəbullana bilmir.

Haşiyə: Mərhum xalam kənddən Bakıya-övladlarının hər yanına gəlib geri döndükdə görürdü ki, qonşuya tapşırdığı qazlarından biri yoxa çıxıb. Dəqiq bilirdi ki, qazlarını tapşırdığı qonşu yox, başqa birisi oğurlayıb yeyir. Sonralar "siyasətçi” xalam qazlarını oğru qonşusuna tapşırardı və geri dönəndə hər şeyin yerində olduğunu görərdi. Nə qədər doğru müqayisədir, bilmirəm: Bugün Qazaxıstan lideri "xalamın siyasəti”nə oxşar "politika” sərgiləyib. Bu, Rusiyanın ziyanına, yaxud xeyrinə olacaq, zaman göstərəcək...

Türk Dünyamız Var Olsun!


9853 oxunub

InvestAZ