XƏBƏR LENTİ
22 May 2022
21 May 2022
21:38
20 May 2022



Təzyiq yazısı: - ƏBÜLFƏT MƏDƏTOĞLU
YAZARLAR 07:40 / 17.01.2022
Orta məktəbdən yadımda qalan bir düstur var, daha doğrusu, nəzəriyyə. Yəni deyirlər ki, təsir əks təsirə bərabərdir. Bunun nə qədər doğru olub-olmadığını alimlər daha yaxşı bilər. Alimlərdən sonra alimlərin yanında əyləşənlər bilər, bir az sonra alimlərdən dərs alanlar bilər. Bir az sonra da kim istəsə. Yəni elmə marağı olan hər kəs az-çox elmlə bağlı nəyisə bilir və bunu bilib yadında saxlamaq onun özəl işidir...
Son vaxtlar dost-tanışla görüşəndə, hal-əhval soruşanda hamı təbiətdən, sağlamlığından giley edir. İstər redaksiyamızda, istərsə də onun özəl mühitindən kənarda olan mənə yaxın insanların böyük əksəriyyəti indi iqlim dəyişikliyindən, bunun fəsadı kimi də qan təzyiqindən "əl aparıb dad gətirir". Yəni əksəriyyətinin cibində, yaxud çantasında bir xışma təzyiq dərmanı var. Hətta zarafatla bir-birilərinə kimin daha güclü təzyiq dərmanı qəbul etməsi barəsində müzakirələr də açırlar. Mən özüm də bu bəlanın daşıyıcısı kimi onları yaxşı başa düşürəm. Bilirəm ki, bu zarafatla qan təzyiqinin bir az "köpünü" almaq istəyirlər. Lap konkret ifadə etsəm, onu gözdən salmağa, əhəmiyyətsiz bir şey kimi unutmağa çalışırlar. Amma bu şoqərib də tanıdığı yaxadan istəyini almayınca əl çəkmir ki, çəkmir. İstəyi də bəllidir... Arzusu gözündə qalsın.
İnsan içindəkiləri dilinə gətirəndə bir az rahatlıq tapır. Sevinirəm ki, ürəyimdən keçənləri, düşüncələrimi bölüşməyə dostlar, həmkarlar var. Bu bir az, necə deyərlər, səbbimi alır. Yəni özümə qapılmaqdan, tərki-dünya olmaqdan məni qoparır və özüm də bilmədən ətrafımdakıların xoş ovqatına az da olsa qoşula bilirəm. Təsəllim də budur ki, "elnən gələn bəla toy bayramdır"!!! İndi şəkər xəstəliyi və qan təzyiqi elnən gələn bəlaya çevrilib. İnanmırsınızsa, qarşınıza çıxan on adam arasında sorğu keçirin. Ən azı onlardan beş-altısı dediyim o bəlaya düçar olmuşlardandır və bu halda həmin o dediyim atalar sözü öz gerçəkliyini ortaya qoymuş olur. Baxıb ətrafındakılara özün-özünə təsəlli verib şükür edirsən. Necə deyərlər, bu günə də şükür, Allah betərindən qorusun!
İstər telekanalların, istər mətbuatın son vaxtlar önəm verdiyi məsələlərdən biri də iqlim dəyişikliyidir. Hətta telekanallardan biri Amerika alimlərinin ilginc bir xəbərini yayımlamışdı. Bəyan edilirdi ki, 2015-ci ilə qədər dünyada çox kəskin iqlim problemləri yaşanacaq. Qasırğalar, sellər, quraqlıq, maqnit dalğaları və s. Doğrudur, bizim teleaparıcılar  təsəlli üçün deyirdilərki, həmin fəsadların böyük bir qismi Afrika qitəsinə düşür, amma nə dəxli var, hər yerdə insan insandı, təbiət də təbiət...
İndi də neçə gündü oturub özüm üçün həmin o Amerika alimlərinin ilginc xəbərini sağa, sola saf-çürük edirəm. Düşünürəm ki, görüm onun şəfəsi bizi nə qədər tuta bilərdi, hansı hallarla qarşılaşa bilərdik, ondan necə qorunmaq olardı... Doğrudur, dost-tanış deyir ki, bu nevroz da səni birtəhər edəcək. Dünyanın dərdi sənə qalıb? Mən onları qınamıram. Təbii ki, dünyanın dərdi mənə qalmayıb və mən də heç dünyanın yadına düşmürəm. Sadəcə nevrozdu də öz işini görür. Bax, həmin o hisslərin təsiri ilə öz-özümə pıçıldayıram:

indi
dünyanın hər yerində
iqlim dəyişikliyindən
söhbətlər gedir...

və bu da
bəllidir ki,
hər kəsə
və hər yerdə
fərqli təsirlər edir...

səni izləyən gözlərim
köynəyimdən keçirən
ürəyim
bir sözlə -
varlığım, ruhum
düşünür ki,
SƏNİ
heç kim bilmədən
pünhan -
iqlim dəyişikliyindən
necə qoruyum? -
axı çox zərifsən -
gülüm, SƏN!


7063 oxunub

InvestAZ