XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Əbülfət MƏDƏTOĞLU: MƏNİM DÜNYAM
YAZARLAR 01:06 / 11.01.2022

Birbaşa  mövzuya keçirəm. Ona görə birbaşa mövzuya keçirəm ki, indi adamların səbri   daralıb. O qədər kəmhövsələ olublar ki, sözü, cümləni sona qədər dinləməyə özlərində   güc tapmırlar. Bax, elə mənim özüm də indiki anda, indiki məqamda çox danışıb,fikirlərimi şaxələndirib oxucunu yormaq istəmirəm. Onsuz da oxucuların indi  hansı durumda olduğuna yaxşı bələdəm və bilirəm ki, nə yazsam da, nə desəm də  ancaq fikirlərin mübtəda-xəbərinə diqqət yetirəcəklər. Və beləcə, yalnız sözün,fikrin görünən tərəfinə qapı açıb, diqqət yetirib onunla da işlərini bitmiş   hesab edəcəklər. Mən isə belə istəmirəm!..


Bir də ki, kimdi mənim istəyimlə hesablaşan. Yaradan öz böyüklüyü ilə hər kəsi özünə  tabe edib, öz itaətinə, öz ayağına gətiribdi. İstər daxilində, qəlbində Tanrı   sevgisi olsun-olmasın, bəndə ən çıxılmaz durumda yenə qeyri-ixtiyari olaraq   üzünü Tanrıya tutur. İçindən Tanrıya yalvarış, Tanrıya biət, Tanrıya kömək və   son güvənc hissi baş qaldırır. Bax, ona görə də mən tanıdığm-tanımadığım  yaxın-uzaq adamların hamısının dünyasına bir addım yaxınlaşanda öncə fikirləşirəm  ki, onun içində Tanrı sevgisi var, yoxsa yox?! O adamla, o bəndə ilə ən azından  bir cərgədə yanaşı dayanmaq olar, yoxsa yox?!


İnsanın  hərəkəti də, duruşu da, danışığı  da, baxışı da, nəfəsi də, hətta qeyri-ixtiyari  hərkətləri də onun içini səhifələməyə, iç dünyasına yol tapmağa imkan verən şərtlərdəndir.Bax, bu mənada dilində Tanrı adı, içində, əməlində naqislik olanların çox qısa   zamanda faş olması, açıqlanması, görünməsi  heç də təsadüf deyil. Yəni hardasa bu dediyim fikir bir atalar sözünü yadıma salır. Müdriklər,ağıllı adamlar deyiblər ki, "dostunu göstər, sənin kim olduğunu deyim”.


İndi məndə sevincin, kədərin kim və yaxud nə olduğunu bilmək üçün hara və necə üz  tutacağımı düşünə-düşünə ağlımdan, ürəyimdən gəlib keçənləri öz-özümə   pıçıldayıram. Kənardan baxan elə bilər ki, havalanmışam və yaxud da nəyisə təkrarlayıram. Amma yox! Əksinə, mən təkrardan  daha çox yeniliyi, qəfil və yaxud da gözlənilmədən baş verən, özünü təqdim edən  qeyri-adilikləri çox sevirəm. Düşünürəm ki, hər gün yeni nəyisə görmək, hər gün  təzə nəyinsə şahidi olmaq daha maraqlıdır. Çox təəssüf ki, mənim bu istəyim   özünün parametrləri, forma və məzmunu ilə nə qədər yazdıqlarıma, diqtə etdiklərimə   uyğun gəlsə də, amma mahiyyət baxımından o qədər də ürəkaçan deyil. Çünki...


Tanıdığım,yaxından bələd olduğum, hətta bəzən özüm qədər dəyərləndirdiyim insanların Cənnət  və Cəhənnəm anlayışı ilə bağlı fikirlərini dinləyəndə, eşidəndə öz-özümə bu  fikir sahiblərinin məntiqlərinə bir az şübhəilə yanaşmışam. Ona görə ki, içərisində olduğum, yaşadığım reallığı xəyalla,lap elmi dildə desəm, fantaziya ilə eyniləşdirmək, müqayisə etmək, fərqləndirmək  məni o qədər də razı salmayıbdı. Bu o demək deyil ki, mən ateistəm, Cənnətin və   yaxud da Cəhənnəmin mövcudluğuna şübhə ilə yanaşıram. Xeyr! Mən sadəcə   durduğum, dayandığım yerin özünü görürəm. O yerə baxıb dəyər verməyə, qiymətləndirməyə,ifadə etməyə çalışıram. Və ən doğma adamlarımın belə Cənnət arzusuyla etdiyi hərəkətlər,atdığı addımlar mənə yapışmır. Mənə bir az kobud ifadə etsəm, heç nə vermir.Çünki bu, məqsədli, hesablanmış addım olur. Amma hər şeyin gözəli təbii olandı.Yəni Cənnətə getmək, cənnətməkan olmaq üçün gecə-gündüz ancaq məqsədli şəkildə,hesablanmış, düşünülmüş formada nələrisə etmək və ürəyinin, hisslərinin tələbinə  qadağa qoymaq məncə doğru deyil. Və deməli, o addımı atanların istədiyi cənnətə  düşəcəyi də mənə doğru gəlmir. Axı onlar özlərini o qədər istəklərdən, o qədər   xoş anlardan, hətta sevgilərdən məhrum ediblər ki, Cənnətə düşsünlər!.. AncaqTanrı bütövlüyü, tamlığı dəyərləndirib və bizi buna yönəldibdi. Biz də Allah bəndəsi    olaraq sevincimizdən, sevgimizdən kəsib Cənnətə düşmək yolunda guya mübarizə  aparmağımız, yumuşaq desəm, divara atılan daş və yaxud da sabun köpüyüdü mənimüçün.

Kimsə və  yaxud da kimlərsə necə düşünür düşünsün, mənim cənnətim də, cəhənnəmim də içində  olduğum andı – yaşadığımdı, yaşatdıqlarımdı!..


Bəli, bu  yazını bilgisayara diqtə etdiyim zaman çərçivəsində bir xəbərin ovqatını  yaşadım.  Bax, mən onda Tanrının mənə  yazdığının nədən ibarət olduğunu bir daha anladım. Və birmənalı şəkildə bildim ki, bir saat, bir  gün, bir ay, bir il və daha nə bilim hansısa zaman kəsiyində Cənnətin və ya Cəhənnəmin   məni gözlədiyini düşünmək mənim üçün absurddu. Çünki mənim cənnətim də, cəhənnəmim  də içində olduğum andan ibarətdir.


Sizi deyə   bilmərəm və sizin düşüncələrinizə də başqa bir nəzərlə baxmıram. Ona görə də öz

gerçəkliklərimin kölgəsində oturub öz Tanrıma üzümü tutub deyirəm:


- Nə  yazmısan, nə vermisən, onu yaşamışam, onu yaşayıram. Və verdiyin ömür boyu da yaşamağa məhkumam. Bilirəm ki, yazdığın, verdiyin mənim haqqım, mənim qismətim,mənim taleyim, mənim bəxtimdi. Və bir də bilirəm ki, o yazdıqların, o verdiklərin  elə mənim Cənnət və Cəhənnəmimdi. Kim şübhə edir, kim şəkk edir, kim inanc və  inam gətirir, bu onun öz işidir. Mənim bir bəndə olaraq şəksiz-şübhəsiz,inamlı-inanclı  bildiyim Sənin yazdığın və mənim yaşadığım Cənnət və Cəhənnəmimdi!Kim istəyirsə, qapım onun üzünə açıqdır. Gəlsin, Cənnəti və Cəhənnəmi birlikdə  yaşayaq!..


4060 oxunub

InvestAZ