XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Mehman CAVADOĞLU : - Qazaxıstan dilemması və yaxud
YAZARLAR 11:28 / 08.01.2022

dövlət nədən talançı və qarətçilərlə bacara bilmir?


Yeni ilin ilk günlərindən maye qazın qiymətində baş vermiş kəskin artıma görə Qazaxıstanda başlayan etirazlar aksiyaları artıq məcrasından çıxıb. Hökumət elə ilk gündən aksiyaçıların tələblərini yerinə yetirmək üçün ciddi addımlar atsa da prosesi cilovlamaq mümkün olmayıb, qərb rayonlarından başlayan etirazlar az müddət ərzində bütün ölkəni bürüyüb. Ən pisi də budu ki, hadisələr dinc məcrasından çıxaraq küçə döyüşləri xarakteri alıb. Artıq hadisələrin episentrindən gələn informasiyalarda yaralanan, ağır-yüngül xəsarət alanlarla yanaşı həlak olanlar barədə də məlumatlar yer almağa başlayıb. Özü də hər iki tərəfdən. Bir sözlə, mitinq və nümayişlər küçə döyüşləri mərhələsinə qədəm qoyub.

 

Əslində, hakimiyyətin məsələyə ilk gündən ciddi yanaşması, mitinqçilərin tələblərinin yerinə yetirilməsi istiqamətində real və konkret addımlar atması hadisələrin tezliklə normal məcraya dönəcəyinə şübhə yeri qoymurdu. Maye qazın qiyməti iki dəfədən çox endirildi, qiymət artımında özfəaliyyətə yol vermiş qaz emalı zavodunun direktoru işdən qovularaq həbs edildi, nəhayət, ölkənin baş naziri istefaya göndərildi. Ancaq hakimiyyət güzəştə getdikcə etirazçılar da iştahlarını çoxaldaraq daha artığını tələb edir, üstəlik, tələblərini siyasiləşdirməyə başlayırlar. Siyasi tələblər Manqistaudan yox, onlara dəstək verən digər regionlardan, xüsusilə Alımatıdan gəlir.

 

İlk siyasi tələb kimi elbaşı Nursultan Nazarbayevə qarşı yönəlir: "Şal, get (qoca, get). Hazırda Nazarbayevin haha çox mənəvi atribut olan "elbaşı” titulundan başqa daşıdığı olan-qalan görəvi təhlükəsizlik şurasının katibi postudu ki, elə "Şal, get” tələbi səslənən günü həmin pstun da başını buraxdı və prezident Kasım-Jomart Tokayev bu məsul  vəzifənin ağırlığını da öz üzərinə götürdüyünü elan elədi. Amma bundan sonra da, yəni, mitinqlərdə irəli sürülən hələlik bu birinci və sonuncu siyasi tələb də yerinə yetirildikdən sonra hadisələr nəinki səngimək bilmir, əksinə artan xətlə inkişaf eləyir. Hərçənd, hazırda hadisələr elə mərhələyə qədəm qoyub ki, artıq onu nə mitinq, nə də heç etiraz aksiyası adlandırmaq doğru deyil. İndi Qazaxıstanın, ilk növbədəsə Almatının küçələrin sözün həqiqi mənasında terrorçularla hökumət qüvvələri arasında qanlı savaş meydanına çevrilib.

 

Əkbəttə, bunu kütlə şüurunun stixyasından doğan facəvi bir gerçəklik də adlandırmaq olardı. Kütlə şüuru mücərrəd, heç bir qəlibə sığmayan, istənilən paradiqma və hətta banal məntiqin fövqündə duran psixoloji fenomendi. İndi bu qonşu və qardaş ölkədə baş verənləri də  asanlıqla həmin fenomenin ayağına yazmaq, bunun nə birinci, nə də sonuncu belə hadisə olmadığını düşünüb təskinlik tapmaq olardı. Amma...

 

Son bir neçə ildə Rusiyanın millətçi və özlərini "derjavnik” adlandıran ekspertləri, demək olar ki, hər fürsətdə Qazaxıstanın bostanına daş atırlar. Gah bu ölkədə pantürkçü əhvali-ruhiyyənin güclənməsi, gah rusların sıxışdırılması, gah da ölkənin şimal bölgəsindəki bəzi ərazilərin Rusiyaya birləşdirilməsi barədə çağırışlar edilir, rəsmi Astananın ünvanına hədə-qorxuyla dolu ittihamlar səsənir. Bu ölkənin baş "derjavnik”inin Kremlin bir nömrəli kabinetində oturduğunu nəzərə alsaq, bu ittihamların hardan qaynaqlandığını təxmin eləmək çətin deyil.

 

Qazaxıstan müstəqil dövlətə çevrildikdən sonra nəinki Rusiyaya dirsək göstərməyib, əksinə öz siyasətində Moskva amilinə bəzən özünü qınaq obyektinə çevriəcək səviyyədə böyük önəm verib. Bu siyasət təkcə ölkədəki çoxsaylı, son məlumatlara görə 4 milyona yaxın rus icmasının mövcudluğuna yox, həm də tarixi və geopolitik gerçəkliklərə söykənirdi və kifayət qədər praqmatik yanaşmaydı. Hətta yuxarıda da dediyimiz kimi son illər rəsmi Astananın tez-tez ünvanlanan ərazi iddialarına da təmkinli reaksiya göstərilir, vaxtilə yarıxoş, yarızor ondan qopardılan keçmiş paytaxtı Omskını, Çelyabinskini və b. demirik, heç halalca paytaxtları Orenburqun taeyini belə dilinə gətirmirdi.

 

Bütün banlara baxmayaraq orda baş verən bu günkü hadisələrdə Moskvanın barmağı açıq-aşkar görünür. Söhbət, sadəcə, həmin barmağın hansı səviyyədə işləməsindədir. Hadisələr Rusiya kəşkiyyatının əliylə hazırlanıb, yoxsa bu kəşfiyyat sanki qəfil göydən zənbillə düşmüş münbit şəraitdən ustalıqla yararlanıb? Hələlik cavabı müşkül sual budur. Çünki arada nə qədər yaxın münasibət olsa da, süzeren-vassal münasibətlərinin əlamətləri  adi  gözlə belə görünsə də,Astananın son vaxtlar "türk zolağı” boyu sərgilədiyi fəallıq Kremli qıcıqlandırmaya bilməz. Hərçənd, bu fəallığı hazırkı Qazaxıstan hakimiyyətini devirmək üçün yetərli arqument saymaq mümkün deyil.

 

Artıq 2022-ci il Qazaxıstan hadisələri kimi tarixə düşmüş bu iğtişaşlarda rus barmağının izləri gec-tec üzə çıxacaq. Məsələ bunda deyil, məsələ Qazaxıstan hakimiyyətinin bu hadisələrin qarşısını almaqda göstərdiyi acizlikdi. 30 ildir ki, müstəqil ölkədir, özü də keçmiş sovet respublikalarının arasında tək ərazisinə görə yox, həm də sərvətinə görə ən zəngin ölkədir. Hakimiyyətdən narazı qüvvələr, müxalif partiyalar olsa da, həlledici gücə sahib deyil. Söhbət həqiqətən talanşılardan və quldurlardan gedirsə hakimiyyət nədən bu iğtişaşları öz gücüylə yatırda bilmir?! Yox, əgər meydanlara axışanlar həqiqətən xalqdırsa, onun ayrı-ayrı sosial zümrələrinin təmsilçiləridisə, bir sözlə, dinc sakinlərdisə bəs onda dialoq hanı? Axı, ölkənin siyasi mübarizə meydanına çevrilməsi onun savaş meydanına çevrilməsindən qat-qat yaxşı və həm də xeyirlidi.

 

Bu baxımdan Qazaxıstan və qonşu ölkələrin mühacir müxalifətçilərininqəbul elədiyi bəyanat çox önəmlidi. Qırğızıstanın "İslahat”, Türkmənistanın Respublika, Özbəkistanın Birlik və Qazaxıstan müxalifəti Xarici bürosunun qəbul elədikləri birgə bəyanatda hadisələr başqa rakursdan qiymətləndirilir, hakimiyyətin yeritdiyi siyasətin nəticəsi kimi qiymətləndirilir, hakimiyyət- xalq dialoqunun vacibliyi vurğulanır.

 

Amma görünən budur ki, hakimiyyət tamam başqa kurs seçib. Prezident Kasım-Jomart Tokayev KTMT (oxu: Rusiyanın) qoşunlarını ölkəyə dəvət edib. Bu, təkcə Qazaxıstan hakimiyyətinin acizliyinin etirafı deyil, tarix və gələcək nəsillər qarşısındakı məsuliyyətidir. Çünki rus qoşunlarının iğtişaşları yatırtdıqdan sonra oranı tərk etməyəcəyi, lazım gəlsə hakimiyyətə də əl gəzdirəcəyi heç kim üçün sirr deyil. Moskva Tokayevsiz keçinəcək, Moskva Qazaxıstansız keçinə bilmir. Və 90-cı illərdə tarixin şansı olaraq ələ düşmüş müstəqilliyini yavaş-yavaş birdəfəlik itirəcək. Kremlin bugünkü sahibi nəinki SSRİ-nin heç keçmiş Varşava müqaviləsi təşkilatının xiffətini çəkdiyini gizlətmir, gücü çatanları hər fürsətdə geriyə qaytarmağa çalışır – Ukrayna, Ermənistan, Belarus, Qazaxıstan... və s.

 

P.S.Artıq rus teleqram kanalları Kremlin "asayiş yaratmaq” şərtlərini dünəndən tirajlamağa başlayıblar: rus dilinə dövlət dili statusu verilməsi, Krımın tanınması, kirill əlifbasının qaytarılması və s. bir-birindən daha ağır, daha biabırçı şərtlər irəli sürürlər.Hətta bəzi bədxahları onu "baş tutmamış dövlət epiteti ilə” təhqir eləməkdən də çəkinmirlər ki, bütün bunları oxumaq yumşaq desək, çox üzücüdür.



5559 oxunub

InvestAZ