XƏBƏR LENTİ
29 May 2022
28 May 2022
27 May 2022



"Paşinyanın yeni taktikası: Türkiyə-Ermənistan əlaqələri normallaşsa..." - Müsahibə
MÜSAHİBƏ 22:01 / 07.01.2022

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bölgədəki  real durumla bağlı  Teleqraf.com-un suallarını cavablandırıb.

Yenisəs.az -da  həmin müsahibəni təqdim edir:

- Tofiq müəllim, Paşinyanın son açıqlamaları ilə bağlı erməni cəmiyyətində müzakirələr hələ də davam edir. Sizcə, Ermənistan bu il üçün nəhayət sülhə hazırdırmı?

- Bu mesajlar verilərkən başa düşülməlidir ki, ermənilər səmimi olmayacaqlar. Ermənilər Nikol Paşinyan və kim olur-olsun millətçilikdən əl çəkməyəcəklər. Sadəcə olaraq onlar elə bir mənzərə yaratmağa çalışırlar ki, guya Ermənistan Qarabağ və onun ətrafında olan məsələlərə qarışmır. Onlar elə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Qarabağda indiki halda sadəcə olaraq "insan hüquqları” mövzusu var. İddiaları da odur ki, Azərbaycan hazırkı mərhələdə Qarabağda olan ermənilərlə bu və ya digər şəkildə "danışıqlar” aparsın. İndiki mərhələdə onların "strateji” xətti məhz bundan ibarətdir. Çünki başa düşürlər ki, anneksiya siyasəti yolu ilə nəyəsə nail olmaq olar. Ona görə də Paşinyan belə bir taktikadan istifadə edir.

- Bəs Zəngəzur dəhlizi ilə bağlı məsələ?

- Zəngəzur dəhlizi məsələsində hələlik praktik baxımdan hansısa bir yekun qərarı gözləmək düzgün olmaz. Çünki hələ Zəngəzur dəhlizinin tikintisi getməlidir. Bu da sözsüz ki, vaxt aparacaq. Bu dövr ərzində isə Ermənistan bundan bir vasitə kimi istifadə etməyə çalışacaq.

- Sərhədlərin dəqiqləşməsi məsələsində hansı irəliləyişlər gözlənilir?

- Delimitasiya məsələsi də uzun müddətlidir. Çünki bu texniki bir prosesdir. Bəzən bunu səhv anlayırlar. Elə bilirlər ki, orada delimitasiya prosesi başlasa, sərhədlər təsbit olunsa, Ermənistanın bizim daxili işlərimizə müdaxiləsi avtomatik şəkildə dayanacaq. Bu qətiyyən belə deyil. Çünki Paşinyanın bununla bağlı bəyanatı var. O bildirib ki, Qarabağ siyasəti yeni şəraitdə həyata keçirilməlidir. Yəni, bu baxımdan ərazi bütövlüyünün tanınması və suverenliyə hörmət olunması məhfumunda bu fərq görsənməlidir. Yəni, proseslərə müdaxilə cəhdləri davam edə bilər. Əsas məsələ isə digər bir proseslərdə həll olunmalıdır. Azərbaycanın bu mövzuda mövqeyinin güclənməsinin əsas faktoru həmin azad edilmiş ərazilərə praktiki olaraq insanların qayıtmasıdır.

- Prosesdə vaxtın uzanması qarşı tərəf üçün nə vəd edir?

- Ermənilər prosesin uzanmasında maraqlıdır. Öz-özlüyündə fikirləşirlər, ümidlənirlər ki, geopolitik dəyişikliklər ola bilər. Arzuları odur ki, Türkiyə zəifləsin, Rusiyanın onlara olan münasibəti tamam dəyişsin və Qərb ermənilərə daha çox kömək etsin. Amma Azərbaycan qəti şəkildə bunu qarşısını almaq üçün hərəkətə keçməli, azad edilmiş ərazilərə soydaşlarımızın qaydışını tez təmin etməlidir. İnsanlarla yanaşı bütün dövlət strukturları o ərazilərə qayıtmalıdır. Bundan sonra mövqelərdə əsaslı bir dəyişiklik olacaq və digər məsələlərə də təsir imkanları güclənəcək.

- Eyni zamanda Türkiyə-Ermənistan münasibətləri də tədricə normallaşır. Gedişatı necə qiymətləndirirsiniz?

- Bir vaxtlar iki dövlət arasında münasibətlər üçün müxtəlif cəhdlər edildi. Sözsüz ki, o vaxt ayrı bir şərait vardı. Azərbaycan əraziləri işğal altında idi. Ermənistan məğlub vəziyyətində deyildi. İşğalçıya Rusiyadan Qərbdən dəstək vardı. İndi isə vəziyyət tamam dəyişib. Təbii ki, bu dəyişikliklər müqabilində ermənilərlə əlaqələrin bərpası mümkün görünür. Bundan sonra Türkiyə Ermənistana daha güclü vasitələrlə təzyiq edəcək. Burada iqtisadi, hümanitar əlaqələr çox önəmlidir. Çünki daha güclü ölkə bu təzyiq imkanlarına malikdir. Burada Azərbaycan Türkiyə tandemi Ermənistana nisbətən qat-qat güclü siyasi vəziyyətdədir. Bu baxımdan indiki mərhələdə normallaşma prosesi bizim xeyrimizə olacaq.



6351 oxunub

InvestAZ