XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Həzi Həsənli uşaqlıq xatirələrindən yazır: “Ürəyimdə gəzdirdiyim güllə”
YAZARLAR 10:20 / 06.01.2022


Övladsız ömrü yarımçıq ömür adlandırırdı Güləsər xalam. Bakirə duyğulu, gül çöhrəli, nurani – pirani xalam ömrün gözəllik taxtında olsa da, övlad həsrətindən qəlbi qovrulurdu. Özünün təkidiylə əri ikinci dəfə ailə qurmuş və İsaxan dünyaya gəlmişdi. Bu, taleyin hökmü, Tanrının töhfəsi idi. Güləsər xalam Tanrının İsaxan kimi bir töhfəsinin bəxtəvəriydi. İsaxanı ömrünün nurlu çırağı sanır, bu çırağın başına pərvanələr kimi dolanırdı xalam. Isaxanın barmağına tikan batsaydı, xalamın göz yaşından göllər yaranardı. Xalam belə "ögey ana” idi. Xalamla İsaxanın ürəkləri arasında gözlə görünməyən qırılmaz bağlar vardı. Onun ana bətnindən doğulmasa da, xalam İsaxan üçün doğmadan da yaxın idi. Şirin laylalarının ahəngində böyüyən İsaxan xalamın ömrünün əyilməz şax budağıydı.

Vicdanı qarşısında üzüağ olan xalamın ürəyinin behiştə bənzər münbit aləmi vardı. Həssas qəlbli xalamın zərif övlad sevgisi, eləcə də İsaxanın ona qarşı mehri – məhəbbəti hamını yaxşı mənada heyrətləndirirdi. Güləsər xalamın ürəyində mərhəmət hissi o qədər güclüydü ki, ərinin ikinci arvadını xoş sözlərlə "ay təzə gəlin” deyə çağıranda "gəlin”in üzünə inci kimi xoş təbəssüm qonurdu. Onlar yaxşı bilirdilər ki, "ər ocağı dəyirman bucağı” deməkdir. Hər söz – söhbət bu " dəyirman bucağı”nda da üyünməliydi, ər evindən qırağa çıxmamalıydı.

Əri ikinci evlilikdən sonra da vəfalı və cəfalı ömür – gün yoldaşı, Güləsər xalamı çox sevirdi. Bir – birinə can deyib, can eşitmələri öz aralarındakı müraciət formasından da bilinirdi. Güləsər xalam əri Qara dayını "Ağa Məmməd”, əri isə xalamı "Araf” deyə çağırırdı. Bu ailənin öz həyat hikməti, öz qayda – qanunları vardı. Bir damın altında, bir çırağın işığında, bir ocaq başında bir kişinin müxtəlif taleli, fərqli xarakterli, eyni arzu və istəkdə bulunan iki arvadının birgə, mehriban yaşayışı çoxlarına qəribə gəlirdi. Onların qayğısı ilə İsaxn elə xoşbəxt böyüyürdü ki... Onlar istəyirdilər ki, İsaxan yaxşı oxusun, savadlı olsun. Onun oxuyub ali təhsil alması üçün çox çalışırdılar, min bir əziyyətə qatlaşırdılar.

İsaxan məndən yaşca böyük idi. Qardaşım Poladla məktəbdə paralel siniflərdə oxuyurdular. Onların ünsiyyəti daha sıx olurdu. Aralarında çox səmimi, mehriban və təmənnasız dostluq yaranmışdı. Sirr sözlərini bir – birinə deyirdilər. Mən kiçik qardaş olduğuma görə onların aralarındakı söhbətlərindən kənarda qalırdım. Mənə isti ürəklə yanaşdıqlarına görə, onların əhatəsində özümü ürəkli hiss edirdim.

Ömrün o tayında qalan uşaqlığımızın tumurcuq kimi, çiçək kimi açılan çağlarında İsaxan mənə bir qucaq oyuncaq maşın, tüfəng, at və s. bağışlamışdı. Sirli – sehrli bir aləmi vardı uşaqlıq dünyamızın. Qanadlı arzulardan uzaq, işıqlı ümidlərə bələnmiş sağlam, gümrah, şən uşaqlar idik.

Məktəb illərində dərsdənkənar vaxtlarda İsaxan məhlə uşaqlarını başına toplayıb təbiətin qoynuna yığardı. Hamımız birlikdə Təhməz bulağına gedərdik. Orada "Daşın altı” deyilən yerdə "çiling ağac”, dirədöymə”, "mərə - mərə” və s. qədim uşaq oyunları oynayardıq. Günlərimiz o qədər xoş keçirdi ki, yay axşamlarında öz evimizə gəlib çatanda artıq ulduzlar göydə bərq vururdu. Gözümü ulduzlardan çəkməzdim, düşüncələrə dalardım. Çox həssas uşaqlığımız vardı.

... İllər ötdükcə qarşımıza çətin bir arzu yolu, Borçalı – Bakı yolu çıxacaqdı. Biz o yolların əzabını çəkəndən sonra arzularımıza qovuşacaqdıq. Ürəyimizdə həyat eşqi, yaşamaq eşqi güclü idi. Bu eşq, bu həvəs bizi kitabların nağıllı qoynuna aparmışdı. Könlümüzü kitablara vermişdik. İsaxan da oxumaq üçün mənə bir – birindən maraqlı kitablar verirdi. Öz imzası ilə yazıb mənə bağışladığı kitablardan bəzisi hələ də mənim şəxsi kitabxanamda qalır. Taleyimizi oxumağa, ümidimizi gələcəyə bağlamışdıq. Dərs kitabları ilə yanaşı, qalın – qalın romanlar da oxuyurduq. Bizim evdə çox kitab vardı. Ailəmizin on iki üzvü ilə birlikdə yşadığımız mənzil darısqal olduğundan qardaşımla evimizin arxasındakı bağçamızda taxtadan bir otaq

qurmuşduq. Yanımıza gəlib gedən qohum – qonşuların dilində bizim könül dünyamızın bir parçasına çevrilmiş o taxta evciyəzə "Budka” deyilirdi. O balaca evciyin içində bir dünya genişliyi vardı. Kitabları səliqəylə o taxta evckdəki rəflərə səliqə ilə düzmüşdük. Bu taxta evcik həm də bizim kitabxanamız sayılırdı. İsaxan da meylini bizim kitabxanamıza salmışdı. Kitablar sanki maqnit kimi onu özünə çəkirdi. İsaxan tarix fənnini çox yaxşı oxuyurdu. Məktəbimizin tarix müəllimi İmdat Mikayılov onu bu fənni yüksək səviyyədə bildiyinə görə həmişə şagirdlərə nümunə çəkirdi.

... İsxanla bağlı uşaqlıq xatirələrim mənim üçün həm uzaqda, həm də yaxındadır. O xatirələrin mayasında ürəyimə hakim kəsilən bir həsrət var ki, qərib səs, isti nəfəs kimi həmişə məni çağırır... elə hey çağırır. Bu səs, bu isti nəfəs ömrümüzün uşaqlıq çağlarını yaşın bu vədəsinə qovuşduran ürəyin əks – sədası, o günlərin həsrət nidasıdır.

Uşaqlıqdan üzü bəri İsaxanla çox görüşlərim kino lenti kimi gəlib gözlərim önündən keçir. Hər görüşün bir təəssüratı var. O xatirələr məni İsaxanın haqqında ayrıca bir kitab yazmağa səsləyir.

... Orta məktəbdə bizi kolxozun tütün plantasiyalarında işləməyə aparırdılar. İsaxan buna görə etiraz səsini ucaldanda ona təpki göstərilsə də, iradəsini sındıra bilməmişdilər. İsaxan tütün yığmağa getməkdən birdəfəlik imtina etmişdi.

Bir qış günü idi. Qasırğa ilə müşayət olunan güclü qar yağırdı. Belə bir gündə İsaxan sübh tezdən hansısa bir kitabı axtarmaq üçün bizim "kitabxanamız”a gəlmişdi. İsaxanın bu gəlişindən anam təşvişə düşərək:

- Ağrın lem, ay İsaxan, belə qarda – boranda, savax tezdən gəlməkdə xeyirdimi? – deyə soruşdu.

Araya mürgülü bir sükut çökmüşdü. Daxilindəki dünyayla baş – başa qalan İsaxan gözlərini bayaqdan bəri vərəqlədiyi kitabdan çəkmədən:

- Yox, ay xala, xeyir deyil! – deyə cavab vermişdi. Yəni mənim sizə xeyir verəcək bir işim yoxdur demək istəmişdi.

Onun "qəribə” cavabı anamı əndişələnsə də, o, tövrünü dəyişmədi və anamın başı üzərindən çox – çox uzaqlara baxdı. Ümumiyyətlə, İsaxan kiçik yaşlarından fikrini az sözlə ifadə etməyi xoşlayırdı. Mən ilk qələm təcrübələrimi hamıdan öncə İsaxana oxuyurdum. Fikirlərimiz üst – üstə düşürdü. Kəndimizin problemlərindən yazdığım kiçik məqaləm el – obada böyük əks – səda doğurmuşdu. Həmin məqaləm İsaxanın çox xoşuna gəlmişdi. Sonralar tanınmış vəkil olanda jurnalistlərdən biri İsaxandan müsahibə alarkən belə bir sual vermişdi:

- Siz hələ vəkil olmadığınız illərdə - gənc yaşlarınızda kimisə müdafiə etdiyiniz hal olmuşdumu?

İsaxan yurnalistin sualını belə cavablandırmışdı:

- Bəli, belə bir hal olmuşdu. Mənim bir qohumum var – şair - jurnalist Həzi Həsənli. Siz onu yaxşı tanıyırsız. Kiçik yaşlarından onun şeirləri, məqalələri qəzet və jurnallarda dərc olunurdu. Kəndin problemlərindən yazdığı məqaləyə görə kənd sovetinin və sovxozun rəhbər işçiləri onun üzərinə səlib yürüşünə keçmişdi. Hətta, rəhmətlik valideynləri də onu tənbeh edib demişdi ki, ay oğul, bizi adamlarla üz – göz etmək el – obada yaxşı sayılmaz... və s. O zaman mən Həzini birmənalı şəkildə müdafiə etmişdim.

... Faxralının ayağından başına uzun bir yoldur. Bizim evimiz kəndin bu başında, İsaxangilin evi kəndin o biri başındadır. Mən o yolu bəzən bir gündə iki – üç dəfə payi – piyada, yüyənsiz köhlənlər kimi gedib gəlirdim. Poladla İsaxan isə həmin uzaq yolu velosipedlə çox rahat qət edirdilər. Onların velosipedləri vardı, mənim velosipedim yox idi. İlk qazancın qədir – qiyməti nə gözəl, nə böyük olurmuş?! Özlərinin qazandıqaları pulla aldıqları o velosipedlərə elə şövqlə bəzək – düzək vurmuşdular ki, bxanların xoşu gəlirdi. Qardaşımla İsaxan yay tətilində qonşu Qoçulu kəndində yerləşən taxta sexində işləyirdilər. İşləri hazır ölçülü taxtaları bir – birinə mismarlayıb pomidor

yeşikləri düzəltməkdən ibarət idi. Qazandıqları pulla özlərinə, hətta mənə də kitab – dəftər, məktəb ləvazimatları, məktəbli paltarı almışdılar.

Onlar öz velosipedlərinin yük yeri üçün də yeşik düzəltmişdilər. O yük yerində anamla Güləsər xalamın bir – birinə göndərdikləri düyünçəli – bağlamalı pay – püş və sovqatları o evdən bu evə, bu evdən də o evə daşınardı. O sovqatların içində Güləsər xalamın torbalara yığdığı iydə də çərəz kimi qışa saxlanılırdı. Anamla xalamın doğmalıq duyğuları, bir – birinin od – ocaqlarına bağlılıqları bizə qol – qanad verirdi. İndi Güləsər xalamla anamın yoxluğu ürəyimdə nisgilə dönüb.

İsaxangilin Şahbuzlu məhəlləsindəki evlərin su tutarında bağlı – bağatlı həyətlər çox idi. Yolun hər iki tərəfində ağacların barlı budaqları meyvələrdən xonça tutardı. Barlı budaqlardan sallanan meyvələrə baxanda adamın ağzının suyu axırdı. O barlı budaqlara mənim əlim çatmırdı. Bir dəfə İsaxan çəpərdən aşıb yola tərəf əyilən budaqdakı armudlardan uşaq heyranlığı ilə gözlərimi çəkmədiyimi gördü. Üzümə baxanda ifadəli gözləri gülümsündü.

İsaxanın boyu boyumdan uca olduğundan əlləri ağacın budağına asanlıqla çatırdı. Əlini uzadıb ağacın budağından bir armud dərdi və mənə verdi. Şirəsindən bal daman incə saplaqlı məleykəyi armudu elə acgözlüklə və elə şirin – şirin yedim ki...

İsaxanın uca boyu, şümşad qədd – qaməti hələ uşaq yaşlarından ağaclara da meydan oxuyurdu. Bizim ümidli, arzulu uşaqlıq çağlarımızın neçə - neçə xatirələri eləcə o ağacların budaqlarında quruyub qalan meyvələr kimi qaldı.

Xarakterlərimizdə kəskin fərqlər vardı. İsaxan realist idi, mənsə romantik duyğularla yaşayırdım. Uşaq vaxtı hind kinolarındakı qızlara vurulduğumdan şəkillərini cibimdə gəzdirirdim. İsxan o şəkillərə baxanda xəfifcə gülümsündü. Mən gələcəkdə hind qızı ilə evlənmək arzumu xatirə dəftərimə də yazmışdım. Bu, bəzilərinin sirayətedici gülüşünə səbəb olsa da, İsaxan demişdi:

- Sevgi insanın ixtiyarında olmayan bir hissdir. Ona görə insanı mühakimə etmək olmaz. İsaxanın gözəl əxlaqa, gözəl ürəyə, zəngin mənəviyyata malik olan bir uşaqlığı vardı. Hələ yeniyetməlik çağlarından nəyə qadir olduğunu sübut etdirə bilmişdi. Faxralı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin ( indiki Bakı Dövlət Universiteti) hüqauq fakültəsinə qəbul olananda kasıb bir kişinin oğlunun ali məktəbin belə bir nüfuzlu fakültəsinə qəbul olunmasını bütün kənd camaatı rəğbətlə qarşılamışdı. Bizi arzularımız yaxınlaşdırdığından uşaqlığımız birgə keçmişdi. O, hüquqşünas olmaq istəyirdi, mənimsə arzum jurnalist olmaq idi. İllər ötdükdən sonra gərgin zəhmət bahasına hər ikimiz arzumuza çatdıq. Seçdiyimiz ixtisaslar üzrə Azərbaycan Dövlət Universitetinə qəbul olunduq. Universiteti bitirdikdən sonra həyatın yolları hərəmizi bir səmtə aparmışdı. Bir – birimizdən aralı düşmüşdük. Sonrakı illərdə - ölkəmizin təlatümlü vaxtlarında, siyasi qovğalar zamanında bir – iki epizodik görüşləri saymasaq, demək olar ki, heç görüşmürdük, bayramdan – bayrama telefon danışıqlarımız olurdu.

İsaxan həyatın ən ağır sınaqlarından ləyaqətlə, dəyanətlə çıxmağı bacarırdı. Ömründə ən müqəddəs dəyərləri, saflığı, paklığı qoruyub saxlayırdı. İllər ötəndən sonra da İsaxanın ilkinliyi özündəydi. Heç dəyişməmişdi. Anam rəhmətə gedəndən bir neçə gün sonra, İsaxan Etimad müəllimlə Bakıdan kənddəki evimizə gəldi. Özü üzgün olsa da, dərdin qədərindən ayırıb mənə təsəlli vermək üçün könlümə sarı boylandı:

- - Üzülmə, əzizim! Bu, həyatın qanunudur, - dedi. İfadəli simasına baxanda vüqarlı görkəmindən bir dünya təsəlli tapdım. O, insanı ağrılı məqamlarında da özünəməxsus dilləndirirdi.

Həyətimizdəki tut ağacının sıx budaqlarının kölgəsində oturub çay içəndə, on iki uşaq anası olan "Qəhrəman ana”mın fədakarlığından danışdı. Sözünü – söhbətini doğmalıq üzərində kökləyib, sanki həyət – bacamıza, evimizə, ocağımıza mənəvi hesabat verərək dedi:

- Bu həyət mənim uşaqlıq xatirələrimin əbədi və unudulmaz məskənidir. Xalam bu evdə bizə o qədər süfrə açıb, süfrə başında bizi o qədər əzizləyib, isti nəfəsi ilə qəlbimizi elə isindirib ki, onu unutmaq

nankorluq olar. Uzun illərdir bir – birimizin evlərinə gedib gələ bilmirik... O illərdən bəri çox hadisələr olub, çox şeylər dəyişib, amma biz dəyişə bilmərik.

Indi anamın və xalamın – o müdrik insanların yeri görünür. Güləsər xalamın xatirəsinə həsr etdiyim şeirlə bağlı İsaxanın öz dəyərləndirməsi vardı.

- Əzizim, sənin vəfa dolu ürəyin olmasaydı, o şeiri yaza bilməzdin. O şeir sənin öz səsində çox nisgilli səslənir. Həm də çox mətləblərdən xəbər verir. O şeiri bir də de, - dedi.

İsaxanın bu istəyi elə uca könüldən gəlirdi ki, mən onun sözündən çıxa bilmədim. Xalamın ruhuna dualar oxuyurmuş kimi şeiri kövrək avazla deməyə başladım:

Sən köçüb gedəli həyətimizdə

Gül açmır arzumuz, niyyətimiz də.

Həsrətin göyərib keçdiyi izdə...

Tanrı dağlarından yel əsər, xalam,

Eh, yerin görünür, Güləsər xalam!

Görənlər pərişan oldu da getdi

Gözlər bulud kimi doldu da getdi,

Anam çiçək kimi soldu da getdi,

Analar ölməyə tələsər, xalam,

Eh, yerin görünür, Güləsər xalam!

Qəmə bürünəndə kürkümüz yandı,

Xora qoşulanda türkümüz yandı,

Yollar yorğunuyuq, körpümüz yandı...

Dərdi dindirəndə dil əsər, xalam,

Eh, yerin görünür, Güləsər xalam!

Araz körpüsüyük, Kürümüz yaddı,

Od bir, ocaq birdi, külümüz yaddı,

Ölümüz doğmadı, dirimiz yaddı,

Ağla, yaylığını günə sər, xalam,

Eh, yerin görünür, Güləsər xalam!

Dəysə kürəyinə min – min qamçı da,

Gözündən yaş çıxmaz bircə damcı da,

Zalım da fələkdi, ittihamçı da,

Çəkər hesabını sərasər, xalam,

Eh, yerin görünür, Güləsər xalam!

...Xalamgilin abad, aynabənd evlərinin təbiətin füsünkar qoynuna açılan mənzərəsi uşaq yaşlarımdan gözlərimə əbədi həkk olunub. Evin qabaq – qənşəri nur seyrangahı kimiydi. Həyətyanı sahənin torpağı, o torpağın üstündə bitən ağacların yarpağı, o evin yanar çırağı, bir sözlə, hər növrağı könül açan idi.

Ötən çağlarda İsaxanla birgə o ağacların kölgəsində sazın sədaları altında saatlarla düşüncələrə dalmışıq, kitab oxumuşuq, xalamın bişirdiyi təamlardan dadmışıq, şirin – şirin arzularımızdan danışmışıq, iydə çiçəklərinin ətrini bəxtəvər – bəxtəvər ciyərlərimizə çəkmişik. "Aran gözəlləməsi”,

"Yurd yeri” kimi saz havacatlarımızı dinləyə - dinləyə yaşanmış o çağlarımıza indi nə əl çatar, nə də ün yetər.

Mənim ürəyimdə İsaxanın həm şirin xatirə kimi, həm də bir ağrı kimi öz yeri var. Onun ölüm xəbərini eşidəndə sanki ürəyimə güllə dəydi. O gülləni hələ də "ürəyimdə gəzdirirəm”.

... Vəfatının ildönümü zamanı, hər qarışında izim qalan o həyətə qərib – qərib boylananda için – için ağladım. Mənim könlümü göynədən ağrı dağları dilləndirən yanıqlı neydən betər idi. Həsrət gözlərim o həyətdə düz qırx ildən sonra nələri axtarmadı ki?!.

İndi o həyətdə, iydə ağaclarınin yerində cökə ağacları gözə dəyir. Öz əllərinin sığalına, öz könül dünyasının nizamına uyğun əkdirdiyi cökə ağacları, bir də ürəyinin istəyi ilə tikdirdiyi ev səhər – axşam elə hey İsaxanın yolunu gözləyir.

Səliqəylə sıralanmış cökə ağaclarının üfüqdə görünən yarpaqları solğun, budaqlarda ötən quşlar da sanki qəmgin görünürdü o gün. Elə bil, çinar boylu İsaxanın yoxluğuna ağlayırdı ağaclar da...

...İsaxanın evindən qəbrinə uzanan yolu, bir də Güləsər xalamın uşaq yaşlarımda boynuma dolanan qolu vüqarlı bir qəmin qoynuna çəkib gətirmişdi məni. Bütün varlığı ilə bu torpağa bağlı olan, ürəyində yurd sevgisi, üzündə təbəssüm, gözündə həsrət gəzdirən İsaxan Aşurovun başdaşındakı şəklindən qəmin, kədərin üzünə gülən gözlərində doğmaların həsrəti, əzizlərin sevgisi boylanırdı.

Qeyd:

İsaxan Aşurov 1955-ci il avqustun 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub.

1972-ci ildə Faxralı kənd orta məktəbini bitirib, elə həmin ildə də Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1977-ci ildə həmin fakültəni bitirib.

1977-1981-ci illərdə Qazax Polis Şöbəsində, 1981-84-cü illərdə Tovuz rayon Polis Şöbəsində müstəntiq, 1984-89-cu illərdə isə SSRİ DİN-in Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışıb.

1989-1991-ci illər ərzində Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsi rəis, 1991-1992-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləyib.

1996-cı ildən vəkil kimi çalışıb.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olub.

2012 – ci ildə, 56 yaşında vəfat etmişdir.


10646 oxunub

InvestAZ