XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Əbülfət MƏDƏTOĞLU : - Kiməm mən sənin üçün ? - Bir ovuc torpaq...
YAZARLAR 11:54 / 01.01.2022
Hər dəfə keçdiyim həyat yolunu gözlərimin önünə gətirəndə qəribə hisslər keçrirəm. Təbii ki, bu hər kəsdə ola bilən haldı və mənim buna qəribə deməyimin özü də ola bilsin ki, sizlərə sözün yaxşı mənasında qəribə gəlsin. Amma , bütün bunlara baxmayaraq, keçirdiyim hisslərin o qədər fərqli nüansları olur ki, mən bəzən həmin o anları yaşadığıma şübhə edirəm, inana bilmirəm. Hətta ağlıma gəlir ki, bəlkə bütün bunlar mənim uydurmalarımdı, xəyallarımdı və yaxud arzularımdı. Lap bir az da dərinə getsəm, yuxuda gördüklərimdi?
Bax, belə bir durumda olduğum halda həmin o yaşadıqlarımı əyani şəkildə sübut edən şəkillər, ayrı-ayrı əşyalar və yaxud şahidlər köməyimə çatır. Məhz bundan sonra sizə qəribə dediyim o məqamlar mənim üçün həm inandırıcı olur, həm də bir az da doğmalaşır. O anda da bu günümdən qopub üzü o səmtlərə, o tərəflərə getmək istəyirəm. Elə bilirəm ki, ora gedib çata bilsəm, mütləq həyatım, hətta ola bilsin ki, bir elin, bir obanın da həyatı tamam dəyişə bilər... özü üçün fərqli bir yol seçər... fərqli qərarlar verər. Təəssüf ki, bax bu dediklərim də, yazdıqlarım da indi sizdə hansı hisslər yaratmasından asılı olmayaraq, mənim üçün çin olmayan yuxu, gerçəkləşməsi mümkünsüz olan istəkdi. Deməli, məhz həmin bu durumda, bu məqamda, bu yerdə nə istəməyimin özümdən başqa heç kimsəyə isti-soyuğu yoxdu. Özüm isə bir şam kimi həmin o xatırladığım anların içərisində əriyirəm. Bu məqamda yadıma böyük Bəxtiyar Vahabzadənin misraları düşür:

Yaşamaq yanmaqdı, yanasan gərək,
Həyatın mənası yalnız ondadı.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da mənası yanmağındadı.

Bəli, həyatımdan, xatirələrimdən söz açmağım səbəbsiz deyil və böyük Bəxtiyarı xatırlatmağım da özümü diqqət mərkəzinə çıxarmaq üçün edilmir. Yəni hər bir kəs həyatı boyu nə üçünsə, kim üçünsə gizli-aşkar yanır, ömrünü şam edir. Və deməli, mənim də xatırlatdığım şeir parçası məhz hamının, hər kəsin biri kimi ömrümü şam etməkdən, həmin şamın şöləsində misralara, duyğulara, ağrılara, acılara, bir çimdik sevincə könül verməkdi.
İndi həmin o yanan şamı, ömrün əriyən günlərini bir təsbeh muncuqları kimi sapa düzürəm və baxıb görürəm ki, burda bir qəribə bağlılıq, ardıcıllıq var .
İnsan yaşa dolduqca torpaq onu daha çox çəkir. Doğulduğu ocaq - iməklədiyi, yeridiyi, yüyürdüyü o müqəddəs ünvan elə bil yenidən qollarını açır, elə bil yenidən gur səslə onu özünə doğru səsləyir. Təsəvvür edin ki, mən indi o kəndin, o dağların, o çayların, o bulaqların və hətta o kəndə yağan yağışların, qarın, eləcə də tapdalandıqca topuqdan yuxarı qalxan palçığın, gəzdikcə şalvarımın balaqlarını çimizdirən şehli çəmənlərin, səhərlər dinlədiyim quş səslərinin... daha nələrin mənə nə qədər doğma, mənə nə qədər əziz olduğunu anlayıram. Əlimi ürəyimin üstünə qoyub tam səmimiyyətimlə deyirəm ki, doğrudan da mən, eləcə də əksəriyyətimiz uşaqlığımızdan, gəncliyimizdən yaşadığımız bu yerlərin qədrini bilməmişik. Şəhərlər bizi özünə çəkib, kəndlərin saflığından uzaq düşüb özümüzü çalxalanan dəryalara atmışıq. Bilməmişik ki, bu dəryalar bizləri udacaq - necə ki, uddu, necə ki, udmaqda davam edir...
Günahkarı isə özümüz guya axtarıb tapmışıq. Amma bu heç də gerçəklik deyil. Bizim günahkar hesab etdiyimiz dunya və zaman bəlkə də bizi nə görüb, nə də bizdən xəbəri var.

Bir az içimi ağlamaq
Çölümü didmək istədim.
Bir az zamanı saxlamaq
Bir az da getmək istədim -
Bu dünyadan...

Bir az təbəssüm umuram
İki gilə də göz yaşı...
Ovcumda sıxıb, yumuram
Götürdüyüm qara daşı -
Bu dünyadan...

Bircə çimdiklik ümidim
Bir damcı heyrətim qalsın...
İşdi, darıxanım olsa
İzimi soruşub alsın -
Bu dünyadan!

***
Bugünlərdə bir yazı oxudum. Etiraf edim ki, çox böyük səmimiyyətlə, yəni mənim bu günə qədər qarşılaşmadığım bir səmimiyyətlə bəyan edilmişdi ki, həyat yoldaşım mənim vətənimdi!!! Bu söz məni əməlli-başlı silkələdi. Təbii ki, bu silkələnmə də səbəbsiz deyildi. Adətən biz vətən deyəndə doğulduğumuz məmləkətin dağını, daşını, suyunu, ağacını, otunu, zəmisini, çəmənliklərini, bağlarını, yollarını, bütün canlılarını, suyunu, havasını bir sözlə, coğrafiyasını tanıyıb təbiətinə bələd olduğumuz və Yer kürəsinin bir parçası olan ərazini gözlərimizin qarşısına gətiririk. Az qala pafosla da deyirik ki, bura bizim vətənimizdi, biz bu vətənin övladıyıq... biz bu vətən üçün ölməyə hazırıq... bu vətən canımızdı, ciyərimizdi, həyatımızdı və s. və ilaxır.
Amma gəlin bir az səmimi olaq. Doğurdanmı bu dediklərimiz hamısı hər birimiz üçün əzizdi, müqəddəsdi? Doğurdanmı biz vətən deyib sığındığımız bu coğrafiyanı başımızın üzərində saxlamaq üçün çarpışırıq? Bizim məqsədimiz onu ucalardan uca görmək, onu qorumaq, onu yaşatmaq, onun üçün yaşamaqdı... Sizi deyə bilmərəm, mən şəxsən öz yaşımda, öz təcrübəmdə vətən adına yaxasını cıran çoxlu adamlar görmüşəm. Amma dar ayaqda, lazımlı məqamda o adamlar üçün pafosla bağıra-bağıra dediyi "canım sənə fəda Vətən!" yumuşaq ifadə etsəm, sabun köpüyündən də dəyərsiz olub. Çünki o sevgi məqsədli, maddiyyata söykənən və nəhayət, şəxsi təminat üçün bir vasitə olub. Elə ki, bu vasitə bir işə yaramadı, istək gerçəkləşmədi, onda... Hə, bax onda vəzyyət elə qarışır ki, onu nə gülməklə, nə də ağlamaqla düzəltmək olmur...
Oxuduğum yazının təsirindən elə havalanmışdım ki, mən də içimdə baş qaldıran bir arzuya, bir istəyə qanad vermək istədim. Onu cana gətirmək, onu real həyatda addımlayan, danışan görmək istədim. Və bir də gördüm ki, həmin o istəyin əlindən tutub dayanmışam qarşısında. Canımdan çox istədiyim, duyğularımın, ürəyimin, varlığımın, xəyallarımın, bir sözlə, mövcudluğumun sahibi və səbəbkarı olan ONA üz tutdum:
- Bir sualım var. Deyə bilərsənmi, mən sənin üçün kiməm?
Sualım mənim düşüncəmə görə gözlənilməz idi. Amma belə düşünməkdə yanıldığımı tezliklə anladım. Çünki o, heç bir təəccüb ifadə etməyən, əksinə, bu sualı gözləyirmiş kimi, heç səsinin tonunu da dəyişmədən dedi:
- Mən də həmin  yazını  oxumuşam. Ancaq sən mənim üçün işğal altındakı bir parça torpaqsan!!!
Hə,  cavab o qədər dəqiq və sərrast idi ki, əvvəlcə susdum, düşüncələrə qərq oldum. Sonra anladım ki, doğrudan da mən onun üçün işğal altındakı bir parça torpağam. Elə bir torpaq ki, ona təzyiq və təsir etmək onun gücündə deyil. O, arzularını bu torpaqda gerçəkləşdirə bilmir. Onun istəkləri elə öz ürəyində doğulub ölür. O yalnız baxmaqla təsəlli tapır, özü də uzaqdan-uzağa. Çünki mən işğal altındakı bir parça torpağam...
Bütün bunları düşünə-düşünə özüm də bilmədən yenə misralarıma doğru, daha doğrusu, sənə sənsiz söylədiyim şeirə doğru üz tuturam. Çünki söylədiyin və qəbul etdiyim "bir parça torpaq" fikrindəki gözlə görünməyən gerçəklik özü bunu istəyir, ən azı mənə təsəlli üçün.

İstəyim
Güc gəldi
İstəyimi gizlədə bilmədim...
İstəyim
Ürəyimi dindirdi
Ürəyimi
Gözlədə bilmədim -
Bağışla...

Gözlərim
Alışdı gözlərindən
Gizlədə bilmədim
Gözlərim
Gözlərinlə danışdı
Anlaşdı
Və bir-birinə qarışdı
Gözlərimi gizlədə bilmədim -
Bağışla...

Əllərim
Yarpaq tək əsdi
Barmaqlarımı
Gizlədə bilmədim
Dözmək
Məni sıxdı,
Nəfəsimi kəsdi
Dözümsüzlüyümə
Söz deyə bilmədim -
Məni bağışla!

***
Bəli , bütün özəllikləri ilə bu Vətən bizim üçün nə qədər doğmadırsa, bizim güvəndiklərimiz də, həyatımızı paylaşdıqlarımız da, talelərimizi birləşdirdiklərimiz də həqiqətən bizim üçün Vətəndi. Mən bunu oxuduğum o isti və son dərəcə səmimi fikirlərdən sonra bir daha özüm üçün anladım, dərk etdim. Amma onu da anladım ki, şəxsən mən həmin o gözəlim Vətəndə     SƏNİN   üçün bir  ovuc  torpağam! Bəlkə də   yrarsız   torpaq...


23178 oxunub

InvestAZ