XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Rəqs edən barmaqlar - Əbülfət Mədətoğlu yazır
YAZARLAR 09:53 / 25.12.2021

Köhnə adətimdi. Musiqi barəsində düşünəndə dərhal gözlərimin önünə barmaqlar, qulaqlarımaisə  lap uzaqdan ruhumu oxşayan həzin bir səs gəlir. Və mən də həmin o barmaqlarla o səsin işığında barəsində düşündüyüm musiqiyə tərəf getməyə başlayıram. Bilmirəm bu yolun uzunluğu nə qədər olub. O vaxta qədər gedirəm ki, artıq musiqinin olduğu məkanın qapısını açıb  içəri daxil oluram. Bax, həmin o içəri daxil olanda da musiqi mənim içimə hopur. Biz birlikdə, yəni bir-birimizin içində yaşayırıq. Bu yaşamaq da ya ani olur, ya da həmişəlik. 

 

O vaxt ani olur ki, istədiyimi, arzuladığımı, axtardığımı tapa bilmirəm. Necə deyərlər, gözüyumulu,  qaranlıq otaqda tapmaq istədiyimin əvəzinə əlim ya divara dəyir, ya da boşluğa...

 

O vaxt əbədi olur ki, axtardığımı tapıram. Özüdə uşaq axtardığını, istədiyini tapanda sevindiyi  kimi mən də sevinirəm. Və bilirəm ki, ruhuma hopan elə mənim ruhumun bir hissəsi kimi  ömürlük yol-yoldaşım olacaqdı...

 

Dünən, yəni dekabrın 23 də Bakıda hava qarışmışdı. Qış öz ilk ismarıcını vermişdi şəhərə. Hava  həqiqətən şaxtalı... Sulu qar və bir də Bakının qışa hazır olmayan küçələri...

 

Evdən çətirsiz çıxmışdım. Ona görə də üz gözümə əl gəzdirən sulu qarın, yağışın və bir də küçələrdə şütüyən maşınların ətrafa dağıtdığı su damcılarının fərqinə varmadan paytaxtın ən möhtəşəm ünvanlarından birinə, zaman-zaman musiqimizin nəhənglərini qoynuna almış, ifalarını yaddaşına köçürmüş filarmoniyaya gedirəm. Sonuncu dəfə burada 5 il öncə olmuşdum.  Sonra baş verən hadisələr, xüsusilə pandemiya,  yəni COVİD19 kefimizə soğan doğradı. Və bir çox ünvanlar kimi filarmoniyanın da yolunu  müvəqqəti unutdum. Bu gün isə ağsaqqal dostum, özümün, ailəmin əzizi olan Aslan müəllimin dəvəti ilə bu məbədə gedirəm. Öncədən bilirəm ki, burada musiqi dolu anlar yaşayacam. Bunu bilməyim də sirr deyil. Çünki bu axşam filarmoniyanın möhtəşəm səhnəsində, barəsində dəfələrlə yazdığım Azərbaycanın gənc istedadlarından biri, beynəlxalq və respublika müsabiqələrinin laureatı, dünyanın ən böyük və nüfuzlu musiqi yarışmalarının  iştirakçısı, eləcə də ən nüfuzlu salonlarda Azərbaycan və dünya musiqilərini səsləndirən Nərmin Nəcəfli çıxış edəcək. O, Qara Qarayev adına Azərbaycan Dövlət Komera Orkestrinin həm müşayiəti ilə, həm də solist kimi tamaşaçılar qarşısında öz istedadını nümayiş etdirəcəkdi. 

 

Bütün bunlardan xəbərdar olduğuma görə yol boyu o ifanın necə alınacağını təsəvvür etməyə, xəyalımda canlandırmağa çalışıram. Amma deyəsən xəyala qapılmağa ehtiyac qalmadı. Ona görə ki, iki saata yaxın davam edən bu konsertdə ifalar və alqışlar bir-birini tamamladı. Doğrudur, zalda böyük anşlaq olmasa da, amma tamaşaçılar, musiqini duyanlar,  musiqiniyaşayanlar idi. Onların arasında olmaq mənə də və təvazökarlıqdan uzaq olsa da, musiqi müəlliməsi olan qızım Nilufərin də olması şəxsən bizim üçün qürurverici idi...

Dünyanın bir çox tanınmış nəhəng bəstəkarlarının əsərləri orkestr tərəfindən ifa olunduqca mənə elə gəlirdi ki, musiqilərlə birlikdə salondakı ovqat da, münasibətlər də dəyişirdi. Çünki həmin fərqli bəstəkarların özünəməxsus əsərləri bir orkestrin ifasında səslənsə də, amma ifaçılar, xüsusilə orkestrin baş dirijoru və bədii rəhbəri, xalq artisti Fəxrəddin Kərimovun musiqini elə məharətlə təqdim edirdi ki, şəxsən mən həmin musiqinin özü ilə birlikdə onun dünyaya gəldiy mühitə və məkana gedə bilirdim. Demək həqiqətən dili olmayan musiqi əslində ən tanınmış qiraətçidən, dil pəhləvanından daha dəqiq özünü təqdim etməyə qadir imiş. 

 

Bir-birini əvəz edən ifalardan sonra aparıcı Nərmin Nəcəflini təqdim etdi. Gənc pianoçu röyalın arxasında öz yerini tutanda mən onun oturmaq səliqəsinə diqqət yetirdim. Yəni ifaçı röyal arxasında yerini elə nizamlayırdı ki, sanki doğma bir yerdə əyləşib ən çox sevdiyi bir işlə məşğul olmağa hazırlaşır. Bu işdən daha çox həmsöhbət olmağa bənzəyirdi. Yerini rahlayandan sonra ovcunun içərisindəki əl dəsmalını sakitcə bir kənara qoyub içində dua edirmiş kimi röyala, bu möhtəşəm məbədgahın tavanını və bir də dirijora tərəf baxdı. Və mən öz-özümə düşündüm ki, Nərmin Nəcəfli həmin an ürəyində «Ya Allah, başladıq!» - dedi. Hər halda bu mənim intiusiyamdır, yanıla da bilərəm və düşünürəm ki, burada böyük bir qəbahət də etmirəm...

 

İfa başladı. İlk akkordlardan ürəyim səksəndi. Çünki ağ şirmayi dillərin üzərində barmaqlar rəqsə başladılar. Bu an gözümün qabağına «Qu quşu» baletindəki möhtəşəm rəqs gəldi. Bax, Nərminin barmaqları da o cür rəqs edirdi. Özü də o rəqsə qoşulmuşdu. Çünki mən birinci sırada   əyləşdiyimdən demək olar ki, onunla aramız çox yaxın olduğundan sifətindəki mimikanı da izləyə bilirdim. Görürdüm ki, Nərmin barmaqlarının ucunda musiqini ən incə nöqtələrindən notda yer alan məqamına qədər bir-bir incələyir və incələnən musiqi onun öz ruhuna, öz daxili dünyasına bir işıq kimi hopur və orada da filarmoniyanın zalına yayılır. Bunu hiss etmək üçün, bunu  təsvir etdiyim formada qəbul etmək üçün həmin o anları görmək lazımdır. Çünki o anları yüzə yüz təqdim etməyə gərək musiqi bilicisi olasan. Mən isə sadəcə musiqi sevən bir dinləyici, tamaşaçıyam. Dediklərim də, yazdıqlarım da, dinləyici, tamaşaçı fikirləridi. Öncə orkestrlə birlikdə Motsartın «Fortepianino və orkestr üçün 23 nömrəli konsertin» sonra solist kimi  Adil  Bəbirovun «Prelüd-skertso» - ifa etməsi mənim üçün Nərminin  hədiyyəsi idi. 

Bu gecənin hədiyyəsi və bu gecə Nərminin barmaqları filarmoniyada, röyalın dilləri üzərində rəqs edirdi. Özü də çox möhtəşəm bir rəqs. Yaddaşa yazılan bir rəqs!..

 

Təbii ki, bu möhtəşəm konsertin sonunda ifaçıya bağışlanan güllərin sayı da, çeşidi də, rəngləridə o ifanı dəyərləndirən mükafat səviyyəsində deyildi. Güllər nə qədər gözəl olsa da, buketlər nəqədər çox olsa da barmaqların rəqsi qeyri-adi idi!..


Bəli, dünən, yəni dekabrın 23-də filarmoniyada klassik musiqi gecəsində simfonik əsərlərin ifası yaddaqalan oldu. Bunun üçün Mədəniyyət Nazirliyinin və filarmoniya rəhbərliyinin birgə layihəsi olan «Gənc istedadlara dəstək» həqiqətən təqdir olunmalıdır. Çünki istedadlara qayğı mütləq gərəkdir. Bu, Azərbaycan üçün, Azərbaycan mədəniyyəti və musiqisi üçün zəruridir. Şükürlər olsun ki, aidiyyatı qurumlar bu addımları atırlar və biz, yəni  həmin gecənin iştirakçıları foyedə söhbət edərkən yaşadığımız anlar üçün təşkilatçılara təbii ki, öncədən Nərmin Nəcəfliyə minnətdar olduq. Dostlarım Nəbi müəllim və Azər bəy bizi bir araya gətirən musiqili anların unudulmaz olduğunu təkrar-təkrar vurğuladılar. Deməli, gecə alındı, tədbir ürəyimizcə oldu və yaddaşımıza Nərminin rəqs edən barmaqlarının möhtəşəm ifası köçdü.



11813 oxunub

InvestAZ