XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Kərimi Göyərçin: - Diqqətin metafizikası
Elm 11:05 / 23.12.2021

DİQQƏTƏ DİQQƏT

İnsanlığı ədəd oxuna bənzətsək və simvolik olaraq koordinat başlanğıcından mənfi səmti bədxah, müsbəti xeyirxah əməllər kimi işarələsək, o zaman gözümüzün önündə min illərin çək-çevirindən çıxmış, məsələn, lilli və şəffav axan iki çay misalı, iki siyahı canlanar. Bu, insani cəhətlərin qəbul edilənlik və edilməzlik cədvəlləridir ki, onlar haqqında danışmaq niyyətimiz yoxdur.

Insan olmağın da mərhələləri var. Əlbəttə, bu fikri yeni hesab etmək doğru sayılmaz, lakin yaxşı insan o demək deyildir ki, istənilən xahişə biganə qalmır; çətinliyə düşən hər kəsə kömək əlini uzadır; öz vəzifəsini layiqincə yerinə yetirir; yaxud ədalətlidir, insaflıdır, comərddir, səxavətlidir və i. və s. Bu siyahını insanların, xüsusiyyətlərin sayı qədər uzatmaq da olar, amma məqsədimiz siyahıda, növlərdə, xüsusiyyətlərdə deyil.

Ədəd oxu ilə ikiyə ayırdığımız xüsusiyyətlər özünü immanent büruzə verir. Yəni yaxşı və pis əməllər, baxmayaraq ki, qəti şəkildə pis, yaxud yaxşı əməl yoxdur, gerçək dünyanın hadisələrində təzahür olunur. Bu əməllərin qiymətləndirilməsi cüzi kənaraçıxmalar nəzərə alınmazsa, hamıya eyni dərəcədə aiddir, məsələn, M. Ə. Sabir demişkən, pisi pis, əyrini əyri, düzü həmvar yazmaq... Hər halda izahına çalışmaq istədiyimiz mövzu vicdan məsələsi də deyil.

Insanın gerçək dünya ilə bağlılığına aid olmayan, yəni adi idrakla qavranılmayan cəhətindən danışmazdan əvvəl qısaca bir təhkiyəyə müraciət etmək yerinə düşər.

On üç illik əlilliyim yenidən bərpa olunmaq üçün fasiləyə ayrılmışdı. Üstündən doqquz ay keçsə də, yumşaq dillə desək, istəyimə nail ola bilməmişdim. Nəhayət, pandemiya dövranı olduğu üçün vasitəsiz yox, telefonla nazirliyə müraciət etdim. Sağ olsun, adlarını bilmədiyim bəzi xanımlar ki, virtual rabitənin köməyilə DTSERA-da hansısa cavabdeh kəsin qəbulunda olmağıma şərait yaratdılar. Məni qapıda qarşılayıb həmin məsul şəxsin otağına kimi müşayiət də etdilər. Otağa daxil olub salam verdim, o, əyləşməyə yer göstərib gəlişimin səbəbini soruşdu. Sualımı cavablandırmaqdan ötrü sistemə daxil olmaq üçün şəxsiyyət vəsiqəmi istədi. Mən onunla üz-üzə əyləşdiyimdən kompyuterin ekranını görmürdüm. Astadan yarı ciddi, yarı zarafat "əlilliyimin saxta olub-olmaması” ilə maraqlandım. – Saxta əlilliyi olanın burada nə işi var? – O, əlavə etdi. Aramızda sükut yarandı. Sədr kompyuterə baxmağa başladı, mən də, yəqin ki, ağrıyan barmağımı ovuşdurmaqla məşğul oldum.

Bu ilin əvvəlindən sağ əlimin baş barmağı öz xoşu ilə açılıb-yumulmur. Əsasən "ultrasəs” vasitəsilə həyata keçirilən müalicə üsulu vücudunda törəməsi, şişi olanlar üçün əks göstəriş sayıldığından dərdimin əlacı hələlik təsadüflərin ümidinə qalıb. Ağrını azaltmaq üçün sağ barmağımı sol əlimlə ovuşdurmaq isə bir növ idarə olunmayan adətimə çevrilib.

Sükutu onun səsi pozdu: – Əlin ağrıyır?

Yuxudan ayılmış kimi oldum. Nə cavab verdiyim yadımda deyil. Hətta Agentlikdən uzaqlaşandan sonra da həmin anlarda barmağımla hansı münasibətdə olduğumu xatırlaya bilmədim. Biməyənlərə açıqlama olsun deyə söyləyim ki, qanunvericiliyə görə bir barmağın işləməməsi əlillik üçün yetərli sayılmır.

Keçək əsl mətləbə. O mətləbə ki, düşüncəmi bu yazını yazacaq qədər işıqlandırıb. Məni heyrətə gətirən məkan, zaman daxilində ünvanı bəlli iki sözün ümumi səciyyə daşıması oldu. Həmin iki söz həkim-xəstə dialoqlarında, sadəcə, hərf birləşməsidir ki, müalicənin təyinatı üçün adi sual rolunu oynayır, lakin mənim düşdüyüm vəziyyətdə insanın dərk olunma mexanizmini – diqqətin mahiyyətini ifadə edirdi. Mövcud şəraitdə diqqətin cəlb olunmasına xüsusi qayğı, yaxud şəxsi münasibət yox, varlığın xətələnmək problemi səbəb olmuşdu. Mahiyyətini dərk etdiyim hər hansı hadisə məni gerçək dünyanın ağrılı abi-havasından azad etdiyi üçün xoşbəxt oluram. Bu xoşbəxtlik heç vaxt itirilməyən, heç kimin məndən geri ala bilməyəcəyi virtual hədiyyədir. Təsadüfi deyil ki, metafizika gerçək dünya ilə birbaşa əlaqəsi olmayan proseslərin – mücərrəd anlayışların dərk olunmasıdır. Məsələn, gerçək: gilas, mücərrəd: meyvə misalına uyğun olaraq.

Əlbəttə, özünün mahiyyətinə yönəlmiş diqqət nadir hadisədir. Ələlxüsus da, gerçək dünya ilə sıx əlaqədə olan zəka sahiblərinin misalında, yəni insan öz ömrünü bilavasitə qavrayışlararası münasibətlərə xərcləyərsə, gerçəküstü düşüncələrə vaxt ayıra bilməsi çətindir. Metafizika

görünənlərin mücərrəd – zəkaüstü görünüşünə deyilir. Məlum şəraitdə bunu belə izah etmək olar. «Əlin ağrıyır?» sualının müəllifini düşündürən qarşısında əyləşənin kimiyi, əlinin ağrıması yox, ağrı anlayışının özü və onun varlığın mahiyyətində labüd proses kimi dağıdıcı xüsusiyyətə malik olmasıdır.

Həmişə düşünürəm ki, Pablo Pikassonun orta hesabla qırx-əlli milyon dollara satılan rəsmlərinin alıcıları kimlərdir? Daha doğrusu, dahi olmayanlar dahiyanə yaradılmış əsərləri necə qiymətləndirə bilirlər? Şahidi oldum ki, sözün həqiqi mənasında, insani maraqları hər məsələdən üstün tutan xidmət fədailəri özlərini fəth etməyi unudurmuş.

Qəribədir, yerində deyilmiş, yaxud deyilməmiş iki söz səbəbkara sonsuz minnətdarlıq hissilə yeni mövzu üçün keçid mərhələsi oldu. Indiyə kimi bu mövzuda danışan olub-olmayıb, hələlik məlumatım yoxdur, amma növbəti yazım, çox güman, diqqətin metafizikasına həsr olunacaq.

                                                                                                        Kərimi Göyərçin



Məqaləni yazmaqda məqsəd diqqətin növ və funksiyalarından bəhs etmək deyil. Bu işin öhdəsindən psixoloqlar çox ustalıqla gəliblər. Niyyətimiz onların, yəni psixoloqların haqqında danışdıqları bir mövzuya münasibət bildirməkdir. Bu, diqqətin psixologiyada ixtiyaridən sonrakı, yəni postixtiyari, yaxud qeyri-ixtiyari diqqətin təkrarı kimi öz təsdiqini tapan üçüncü növü – postdiqqət [termin müəllifə məxsusdur] haqqındadır.

Bu mövzunu araşdırmaq fikrinə düşməyimin səbəbini "Diqqətə diqqət” sərlövhəli yazımda izah etməyə çalışmışam. "Diqqətə diqqət” məndə "Diqqətin metafizikası”na cığır açdı ki, mövzu haqqında ilk dəfə yazırammış kimi, təbii, araşdırmalardan əvvəl, az qala Arximed sayağı "evrika, evrika” deyə çağırmaq da istədim.

Googledə axtarışı, əsasən, üç dildə apara bilirəm: azərbaycan, türk, rus. Məlum oldu ki, psixologiyanın predmeti kimi geniş işıqlandırılan bu mövzu heç də düşündüyüm kimi "evrika” deyilmiş, amma "yarımevrika” hüququmun yəqinliyində israrlıyam.

Xatırladım ki, ixtisasca müəllim olduğum üçün ali məktəbdə Ə. Əlizadə kimi görkəmli psixoloqdan dərs almışam.

Diqqətin funksiya və növləri haqqında düşünəndə o qədər nəhayətsiz fikir başlanğıcları aşkar etdim ki, özümü onların arasında dəryada üzən yağış damcısı kimi hiss etməyə başladım. Insan omrünün məhdudluğu, yaşın yorğunluğu, üstəgəl müxtəlif xəstəliklərin, naqis mühitin təsiri olmasaydı, dəryanı mövcud şəraitdə bütünlüklə yağış damcısının ixtiyarına təslim etmək olardı. Lakin oxucuya maraqlı olsun deyə diqqətin psixoloji xüsusiyyətləri, növləri haqqında bir qədər bəhsdən sonra əsas mətləbə keçmək fikrindəyəm.

Beləliklə, diqqət bütün duyğu və dərketmə qabiliyyətinin bir mövzunu işıqlandırma səfərbərliyinə deyilir.

Mətləbə keçməzdən əvvəl oxucuların nəzərinə çatdırım ki, mən bu mövzuya iki istiqamətdən yanaşıram: anlayışa diqqət, qavrayışa diqqət. Bunlardan hər birinin

ayrı-ayrı sahəsi var.

Anlayış deyəndə bir neçə, yaxud saysız-hesabsız qavrayışların mücərrəd cəmi, yəni dünya hadisələrində bilavasitə iştirak etməyən obyektlərə diqqət nəzərdə tutulur.

Qavrayışa – obyektə diqqət, qeyd etdiyimiz kimi, özünün xarakterik xüsusiyyətləri baxımından daha çox psixologiyanın mövzusudur və təbii, böyük alimlər tərəfindən yetərincə işıqlandırılıb. Mənim araşdırdığım müəlliflərə gəlincə, onlar anlayışa deyil, qavrayışa diqqəti öyrənməyə cəhd göstəriblər. Fikrimcə, diqqətin metafizikası mövzu baxımından məhz anlayış çərçivəsində öz təşəkkülünü tapmalıdır. Postdiqqət termini altında izah olunanlar zahirən diqqətin metafizikasına oxşar olsa da, gerçək dünyanın hadisələrinə tətbiq olunduğu üçün onunla üst-üstə düşmür.

Qavrayışa – obyektə diqqət

Müvafiq duyğu orqanlarının müəyyən hadisə, yaxud predmet üzərində cəmlənməsinə diqqət deyilir. Insanın idrakı yuxuda da fəaliyyətdədir, lakin diqqət həmişə bu fəaliyyətə qoşulmur. O da məlumdur ki, biz diqqətli olaq, olmayaq, daima eşidir, baxır, fikrə gedir, hansısa işlə məşğul ola bilirik. Amma hadisələr və obyektlər məhz diqqətin köməyilə müəyyənləşdirilib "istifadəyə yararlı” vəziyyətə gətirilir. Bu məsələdə insanın şəxsi tələbatı ilə obyektin səciyyəvi xüsusiyyətləri arasındakı uyğunluq, vəziyyətin dəyərlilik dərəcəsi, davamlılıq müddəti mühüm rol oynayır. Məsələn, insanların 99,9 faizi Neptunda baş verən hadisələrlə maraqlanmır. Qalan

0, 8 faizilə Neptunun səciyyəvi xüsusiyyətləri arasında, nəinki uyğunluq, heç əlaqə vasitəsi də mövcud deyil. Bu onu deməyə əsas verir ki, ümumi ola, ya xüsusi, fərqi yoxdur, öz töhfəsini, əsasən, arzu və istəklərin həyata keçirilməsinə yönəldən diqqət, maraqdan çox obyektə tələbatdan, ehtiyacın ödənilmə mümkünlüyündən asılıdır. Qısası, diqqətli olmaq üçün mövzu dairəsi, ehtiyac, istiqamət, məqsədyönlü arzuetmə, şəxsin səciyyəvi xüsusiyyətləri vacib amildir. Diqqət olmasa, nə göz obyekti olduğu kimi görər, nə qulaq lazım olanı eşidər, nə burun qoxu

duyar, nə ağız dadın necəliyini fərq edər, nə lamisə əşyanın sərtliyini, mülayimliyini yoxlayar. Hətta heyvan da təlabatını diqqətin sayəsində ödəyir. Orqan çatışmazlığına uyğun olaraq karlar və korlarda diqqət hərtərəfli, daha yüksək formada inkişaf edir.

Diqqətlilik insanlara, hadisələrə, cisimlərə münasibət baxımından baş versə də, insanın aldığı tərbiyə, öz üzərində işləmə, təkamül sürəti, tənəzzül dərəcəsi, sərvət meyilliliyi, əqidə prinsipiallığı, dünyagörüşü də bu məsələdə həlledici xüsusiyyətə malikdir. Diqqətli olmaq üçün ən vacib göstərici, əlbəttə, insanilik faktorudur.

İdraki proses sayılan diqqət o biri idraki proseslərin də fəaliyyətini tənzimləyərək psixoloji hadisələrin müvəffəqiyyətlə əks etdirilməsinə şərait yaradır. Fəaliyyət növünün çətinliyindən, mürəkkəbliyindən asılı olaraq diqqətin saxlanma müddəti çoxala da bilər, azalar da. Digər tərəfdən, diqqətin müşahidə müstəvisinə daxil olan obyekt canlı da ola bilər, cansız da; təbiət hadisəsi də ola bilər, qeyri-təbiət hadisəsi də.

Diqqətin əksi olan diqqətsizlik şəxsiyyətin xarakterik xüsusiyyətləri və müəyyən xəstəliklərin inkişafı səbəbindən baş verir.

Diqqətin funksiyaları

Diqqət fəaliyyətin tərkibindən asılı olaraq məlumatın qəbul edilməsi – obyektin tanınması baxımından ikiyə ayrılır. Birincisi, obyektə xaricdən diqqətdir ki, adından da göründüyü kimi, ancaq zahiri görünüşün təsviri üçün mühümdür: ağacın portreti. İkincisi, qavrayışdaxili, yəni intellektual diqqət növüdür ki, obyektin daxili xüsusiyyətlərini öyrənməyə yönəlir: ağacın təsnifatı. Intellektual diqqət düşündürücüdür, lakin, bəzi istisnalar xaric, onu da anlayışa diqqətlə eyniləşdirmək olmaz.

Davamlı, yaxud situativ olmasından asılı olmayaraq diqqət məlum predmetin insan fəaliyyətindəki roluna və prosesin tələb etdiyi müddətə görə təyin edilir. Başqa sözlə, diqqət bir nöqtə, fikir, hadisə üzərində o vaxta qədər təsirini saxlayır ki, proses yekunlaşır. Əlbəttə, bütün obyekt və hadisələr dəyişikliyə məruz qaldığı üçün tam yekunlaşma deyə bir sərhəddən söhbət gedə bilməz.

Diqqətin əsasını, yuxarıda qeyd etdiyimiz kimi, məqsədyönlü arzuetmə və məlum predmet üzərində mərkəzləşmə təşkil edir ki, bu zaman şüurumuz lazım olan obyekt və fəaliyyətə doğru yön alır. Lakin şüurlu, şüursuz, diqqət elə prosesdir ki, məlumatların arasından ehtiyacına uyğun olanı seçir. Hətta qeştalt psixologiyada da diqqətin iki əsas növündən biri məlumatın seçilməsi, yəni diqqətin seçilmiş obyekt üzərində mərkəzləşməsi prinsipidir. Diqqətin obyekt üzərində konsentrasiyası, əsasən, obyektə olan dərin maraq və fəaliyyət növündən başlayıb dünya haqqındakı təsəvvürlərlə dəqiqləşir.

Diqqətin obyekti nə qədər əhatə etməsi, davamlılıq müddəti, həcmi, bir obyektdən digərinə keçidi, məlumat dəyişikliyi hadisələrin xüsusiyyətlərilə həmahəngdir. Yuxarıda söylənilənlərə istinadən belə bir fikrə gəlmək olar ki, diqqətin funksiyalarından biri, daha doğrusu, birincisi, obyektin, yəni məlumatın müəyyən olunmasıdır. Diqqətin növlərinə uyğun olaraq məlumatın əldə edilmə prosesi də müxtəlif istiqamətlidir: təsadüfi, məqsədyönlü, mücərrəd. Yəni diqqət dünyəvi hadisələrin, cisimlərin, varlıqların öyrənilməsinə vasitə olduğu qədər də mücərrəd obyektlərin dərk olunmasında idraki təminatçıdır: anlayışa diqqət.

Yuxarıda qeyd etdyimiz kimi, işin növündən, icra səviyyəsindən asılı olaraq diqqətin obyekt üzərində saxlanılması az vaxt da tələb edər, uzunmüddətli də ola bilər. Məsələn, bitkinin boyatma prosesini əyani izləməkdən ötrü diqqət uzun zaman tələb edir, lakin gülü budağından qoparmaq üçün bir neçə saniyə kifayətdir. Birinci misalda, həm diqqətin obyekt üzərində mərkəzləşməsi, həm də saxlanılması – nəzarət funksiyası işə düşür. Mürəkkəb psixoloji fəaliyyət olaraq bu funksiyalar diqqətin bütün hadisələrə nüfuz etməsinə, iradi baş tutan əməliyyatların mahiyyətcə izah olunmasına, eləcə də, müvafiq proseslərin məqsədəuyğun şəkildə təşkilinə rəvac verir.

Diqqətin cəmləşdirilməsi fərdin hiss etmə, intellektual fəallığının səviyyəsini yüksəldir ki, bu da öz növbəsində predmet və hadisələrə seçici yanaşmaq fürsəti yaradır. Diqqətin ən böyük funksiyası olan seçicilik hər hansı məsələdə, həm obyektləri necəliyinə görə bir-birindən ayırır,

həm də fəaliyyətin səmərəliliyini təmin etmək üçün optimal variant seçir. Seçici diqqət hər hansı audial, vizual, kinestetik duyğuya verilən reaksiyadır ki, digər qəbul edilən məlumatların arasından yalnız birinə doğru yönəlmiş olur. Bu ona bənzəyir ki, hava limanında müxtəlif səs və müraciətlərin səslənməsinə baxmayaraq, ancaq öz uçuşunla bağlı məlumatları yadında saxlayırsan. Diqqətin müvafiq növü vacib olanı seçməklə gündəlik həyatımızda təsadüf etdiyimiz yüzlərlə lazımsız qıcıqlandırıcını dəf etməyimizə yardımçı olur və nəinki hadisələrin ayırd edilməsində, həm də hifz olunub qorunmasında insanların köməyinə çatır. İki hadisə və predmetin oxşarlıq, yaxud fərqlilik məsələsi də seçici diqqətin vasitəsilə müəyyən olunur.

Diqqət eyni zamanda bir neçə obyekt arasında paylana bilər. Paylanmış diqqət bütün obyektlər üzərində eyni həcmdə formalaşmır. Məsələn, beynin ayrı-ayrı hissələrini fərqli müşahidə obyektləri məşğul etməsinə baxmayaraq, diqqət onlar üzərində bərabər paylanmır. Daha doğrusu, diqqət paylanır, lakin onun həcmi üst-üstə düşmür. Müəllifin yazı prosesində telefonun mikrafonu vasitəsilə öz növbəsini izləməsi buna əyani misaldır. Avtomobil idarə edən hər kəs üçün diqqətin paylanması əsas şərtdir. Diqqətin paylanması eyni vaxtda iki və daha artıq müxtəlif işi yerinə yetirmək bacarığıdır ki, bir məqsədə tabe olan obyektlər üzərində uzun və fasiləsiz təsirin sayəsində mümkün olur. Paylanma diqqəti seçilmiş obyektdən başqalarına keçid etsə də, keçid edilmiş obyektlər ümumi məqsədə xidmət edir. Məsələn, tapşırığı yerinə yetirərkən şagirdin diqqəti dərsliyə, qaydalara, rəqəmlərə, riyazi işarələrə yönəlsə də, misalın həll prosesi fasiləsiz davam edir. Çünki burada bütün köməkçi obyektlər ümumi məqsədə – misalın həllinə vasitəçi olurlar.

Diqqətin həcmi aydın dərk olunan obyektlərin ölçüsü ilə təyin edilir. Eyni vaxtda neçə müşahidə obyektini nəzarətdə saxlamaq mümkündürsə, diqqətin ümumi həcmi də həmin obyektlərin sayına bərabərdir, lakin, yuxarıda qeyd etdiyimiz kimi, həcm ayrı-ayrı obyektlər üzərində bərabər toplanmır. Həcmin böyüklüyü prosesin qloballığı ilə ekvivalentdir.

Yaşadığımız süni intellektlər dövründə hazır proqramların köməyilə eyni vaxtda, eyni həcmdə bir çox sahəyə diqqət ayırmaq mümkündür, çünki bu zaman beynin düşündürücü yox, icraya nəzarət funksiyası fəaliyyətə başlayır.

Paylanma funksiyası diqqətin bütün növü üçün eyni dərəcədə əhəmiyyət kəsb edir.

Diqqətin bütün növü üçün keçərli sayılan digər finksiyası məlumatın faydalılıq naminə əvəzlənməsidir. Dayanmadan inkişafda olan texniki tərəqqi məhz məlumatın əvəzlənməsi funksiyasına görə diqqətə borcludur. Baş verənlər, yaxud predmet və hadisələr o zaman dəyişikliyə məruz qalır ki, daha köhnə variantlar öz səmərəliliyini itirmiş olur, yaxud müəyyən proseslərin aktuallığı növbəti mərhələlərdə effektivliyin itirilməsi şübhəsini yaradır. Filosof Seyid Hüseyn Nəsri qeyd edir ki, planetdə həyat üçün təhlukəli olan və bəşəriyyətin gələcəyinin aydın olmamasını şərtləndirən bütün meyillər yalnız "diqqət mərkəzini dəyişməklə", Tanrı ilə daha sıx əlaqə yaradılması yolu ilə başqa səmtə yonəldilə bilər və bunsuz bəşər ailəsinin vəhdətini təsəvvur etmək mümkün deyildir.

Bildiyimiz kimi, diqqət şüurlu və mütəmadi olaraq obyektdən obyektə, fəaliyyətdən digər fəaliyyətə doğru yönəlir, yəni keçid edir. Bu, fəaliyyət istiqamətinin dəyişməsi, yaxud köməkçi obyektlərin prosesə qoşulma vacibliyinə görə baş verir. Lakin diqqətin bir hadisədən digərinə keçid etməsi şüurlu olduğu kimi yayınma səbəbindən də ola bilər. Şüurlu keçidetmədən fərqli olaraq diqqətin yayınması bütövlük, keyfiyyətlilik əmsalı ilə ölçülmür. Əksinə, diqqətin yayınması məqsəddənuzaq obyektlərə meyillənmədir ki, fəaliyyət üçün əyləc rolunu oynayır. Məsələn, qiraətlə məşğul olan zaman diqqətin yayınması biliyin əldə edilməsi üçün sərf olunan vaxtın boşa getməsilə nəticələnir. Elə bu səbəbdən də diqqət dağınıqlığına şərait yaradan əngəllərin aradan qaldırılması üçün səy göstərmək mühüm amilə çevrilir. Arseni Yakuninin "Diqqətin fokusu” adlı kitabında diqqət yayınması ilə mübarizə etməyin effektiv yollarından geniş bəhs edilmişdir.

Fikrin şüurda aydınlaşması, daha doğrusu, cümlə şəklində ifadə olunması ağrılı olanda nəzərin bir neçə dəqiqəlik zehni olmayan fəaliyyətə yönləndirilməsinə diqqətin iradi yayındırılması deyilir. Öz şəxsi təcrübəmdən bilirəm ki, iradi yayınma daş daşıyan fəhlənin nəfəsini dərməsinə oxşar olaraq beyinə dinclik vermək, zor etməmək məqsədi daşıyır. Əlbəttə,

söhbət zehni yorğunluq zamanı kompyuteri söndürüb yarım saatlıq, bir neçə saatlıq dincəlməkdən yox, düşüncələrarası, ani fikriyayındırmadan gedir. Birincidə insan beynini dincəldir, ikincidə, onu zorlanmadan, isrardan qoruyur. Bu, sınaq şüşəsinə keçid dairəsinin tutumundan artıq suyun tökülməsinə bənzəyir ki, mayenin bir hissəsi yerə tökülür. Yəni şüurda fikir qarışıq olanda onun nizama salınması üçün prosesi diqqətin iradi yayındırılması yolu ilə yavaşıtmaq lazım gəlir. Adi həyatda da belədir: insan cansıxıcı söhbəti dinləməsin deyə diqqətini iradi olaraq başqa səmtə yayındırır.

Diqqətdə tərəddüd, adından göründüyü kimi, iki yol ayrıcında qalmadır; həm nəzəri, həm də əyani biliklərin tədqiqi, tətbiqi zamanı meydana çıxır. Adətən, qısamüddətlidir, lakin prosesin davamlılığından asılı olaraq uzunmüddətli də ola bilər. Diqqətdə tərəddüd hərəkətin sürətinə mənfi təsir göstərsə də, keyfiyyətin yüksəlməsi məqsədilədir, məsələn, «yüz dəfə ölç, bir dəfə biç» misalı. Hadisələrə şüurlu münasibət tərəddüdün yaranmasına, tərəddüd isə şüurun daha səmərəli çalışmasına rəvac verir.

Tərəddüd zamanı gələcək hadisələri düzgün dəyərləndirmək mümkün olmazsa, həmin anlarda pozitiv mövqenin tələbinə uyğun seçim etmək lazımdır. Məsələn, təbii qazın satışına məhdudiyyət tətbiq olunan ölkələrdə qənaət nəticəsində istifadə edilməmiş limit payı sayğaca yüklənməlidir ki, sonrakı ilə "ehtiyat fondu” yaransın. Əgər ilin sonunda tərəddüd nəticəsində "ehtiyat fondu”nun yaradılması təxirə salınarsa, mümkündür ki, növbəti il üçün, qazın limitinin aşağı salınması, eyni zamanda qiymətinin artacağı nəzərə alınmasın və abonent ikitərəfli zərərə uğrasın. Deməli mövcud zaman kəsiyində gələcəyi düzgün proqnozlaşdıra bilməyənlər tərəddüd zamanı optimal variantı əsas götürməlidir.

N. N. Langeyə görə, təqribən iki, üç saniyə çəkən və prosesin davamlılığına qarşı yönələn tərəddüd yorğunluq və hiss üzvlərinin adaptasiyasından irəli gəlir. Lakin o, yorğunluqdan əmələ gələn tərəddüd deyərkən dincəlmək zərurətini nəzərdə tutur, iki yoldan birini seçmək məcburiyyətini yox.

Seyri diqqət qeyri-ixtiyari başlanıb ixtiyari diqqətə keçid etmədir. Müşahidə obyekti ixtiyari diqqətin obyekti ilə, həm ziddiyyətdə, həm də oxşar da ola bilər, hətta üst-üstə də düşər. Seyri diqqət insana məxsus keyfiyyətdir. Məsələn, ilk dəfə Yerin fırlandığını Aya, ulduza tamaşa etməklə başa düşüblər, yəni səmaya baxmaq ünvanlı olmasa da, dərk olunan hadisə ünvanlı olub.

Diqqətin konsentrasiyasının pozulması dağınıq diqqətə, yaxud da diqqətsizliyə səbəb olur.

Diqqətsizlik və ya baxar korluq dörd müxtəlif prosesin nəticəsində baş verir. Birinci halda müəyyən səbəblər üzündən beyin funksiyalarının pozulması yaddaşsızlıq əmələ gətirərək diqqətin zəifləməsinə səbəb olur ki, istisnayi halları nəzərə almasaq, müalicə olunandır. Istisnayi hal deyərkən ağıldankəmlik, anadangəlmə, yaxud geckdirilmiş müalicənin nəticəsində diqqətin bu və ya digər ölçüdə itirilməsi nəzərdə tutulur.

Ikinci hal insanın hadisəyə müvəqqəti refleksiya göstərə bilməməsi səbəbindəndir. Əgər alınan məlumat xoşniyyətlidirsə, insan xəbərə tez adaptasiya olunur, yəni özünə qayıdır, yox, üzücüdürsə, korluq bir neçə saat, bir neçə gün çəkə bilər, hətta gətirib dəliliyə də çatdırar. Məsələ bundadır ki, korluq ani baş verir, diqqətsizlik isə tədricən inkişaf edir.

İkinciyə – sarsıntı nəticəsində diqqətin itirilməsinə misal olaraq səbəbkarın öz dilindən eşitdiyim bir hadisəni nəql etmək istəyirəm. Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan ordusu bir gənci öldürür. Gündə neçə dəfə bu kimi hadisələrin şahidi olmasına rəğmən gəncin qardaşı xəbərdən necə sarsılırsa, özünü xəstəxanaya çatdırmaqdan ötrü həyətindəki maşını işə salır, lakin "tələsdiyi” üçün motoru işlək vəziyyətdə buraxıb hospitala tərəf qaçmağa başlayır.

Üçüncü, diqqətsizlik korluğu, yaxud korluq diqqətsizliyi istənilən fərdin başına gələ bilər, o mənada kı, eyni zamanda ətrafda baş verən bütün hadisələrə diqqət etmək həm zehni, həm fiziki, baxımdan mümkün, həm də əhəmiyyət nöqteyi-nəzərindən mühüm deyil. Bu, qeyri-ixtiyari olaraq qızgın iş, yaxud çətin misalın həlli zamanı mərkəzində olduğun digər hadisələri görməyəcək, eşitməyəcək qədər təsirdən uzaq tutmaqdır.

Dördüncü hal, əsasən, iradə zəifliyinin nəticəsi olaraq tənbəllik, məsuliyyətsizlik və s. kimi özünü büruzə verir. Bu kimi hallardan yayınmaq üçün mübarizə üsullarını təlim və tərbiyənin əsaslarına, əlbəttə, ilk uşaqlıq illərindən əlavə etmək lazımdır. Çətinlik onda deyil ki, uşaq

diqqətini hansı elmə, bədii sənətə, yaxud peşəyə yönəldir, əsas odur ki, avaraçılıq meyilləri üçün münbit şərait olmasın. .

Diqqətsizliyə diqqət diqqətə diqqətlə eynihəcmli məsələ olmasa da, eyni məqsəddən irəli gəlir. Diqqətə diqqət cəmiyyətin inkişaf etdirilmə, idarə olunma səbəbilə istəklərin öyrənilməsi, nəzərə alınması fonunda cərəyan edir; həm qanunverici orqanların iş prinsipini, həm də sosial konsepsiyaların formalaşmasını və s. tənzimləyir. Bunu əyani şəkildə belə ifadə etmək olar:

"Müəyyən bir məslənin həlli zamanı hansı sahədə boşluqların olmasını, yaxud hansı məsələnin zəruriliyini sosial varlıqların uyğun sahəyə meyl etməsinə, müvafiq versiyaya üstünlük verməsinə, bir sözlə, cəmiyyətin nəzər-nöqtəsinə diqqət yetirməklə təyin edirlər”. Diqqətə diqqət nəzəriyyə ilə təcrübənin birləşdirilməsidir, həm kiçik, həm də ölkəmiqyaslı proseslərin həyata keçirilməsində önəmli rol oynayır.

İnsan özünə və ətraf ələmə qarşı üçüncü tərəfin münasibətini də məhz bu funksiyanı işə salmaqla dəqiqləşdirir.

Diqqətsizliyə diqqət biganəliyi, yarıtmazlığı, səhlənkarlığı və onların baş vermə səbəblərini ortaya çıxarır. Əgər məktəb direktoru öz işini yerinəyetirmə qabiliyətinin hansı müəllimdə necə inkişaf etdiyini öyrənmək istəyirsə, diqqətin adıçəkilən funksiyasına müraciət etməlidir. Bir sözlə, diqqətə diqqət idarəetmə mexanizminin güclənməsi və cəmiyyətin hərtərəfli inkişafı üçün nəzərdə tutulursa, diqqətsizliyə diqqət həmin prosesi ləngidənlərin islahı məqsədilə fəaliyyətə qoşulur.

Diqqətin növləri:

a) Qeyri-ixtiyari diqqət;

b) İxtiyari diqqət;

c) Postdiqqət və diqqətin metafizikası

Qeyri-ixtiyari – qabaqcadan qarşıya qoyulmuş məqsədlə, heç bir xüsusi niyyətlə bağlı olmayan, iradi səy tələb etməyən passiv diqqət bütün canlılara məxsus xüsusiyyətdir. Bu diqqət növü birbaşa cəlbedicinin təsirilə, yəni təsadüfən əmələ gəlir və təsir müddəti boyunca davam edir. Məsələn, ildırımın səsi və gur işığı, kəskin qoxu, ağır hava diqqəti qeyri-ixtiyari cəlb edir. Lakin bu, hər hansı hadisə və ya cəlbedici amilin qeyri-ixtayiri diqqətə səbəb olması anlamına gəlmir. Diqqət üçün cəlbedicinin müvafiq xüsusiyyətləri əsas rol oynayır: təsirin gücü və gözlənilməzliyi, hadisə və predmetin qeyri-adi yeniliyi, obyektin hərəkəti, oxşar və fərqli predmetlərin görünüş nisbəti, ziddiyyəti, varlığın daxili vəziyyəti.

Fransız psixoloqu Teodül Ribo hesab edir ki, ixtiyari, eləcə də, qeyri-ixtiyari diqqət obyektlə əlaqəli olan emosional vəziyyətdən, fizioloji dəyişiklərdən birbaşa asılıdır və onun əsas elementini hərəkət təşkil edir.

Ribonun fikri bizə belə söyləməyə imkan verir ki, hərəkətdə olmayan məqsədyönlü obyekti aşkar etmək bilavasitə individin üzərinə düşürsə, hərəkətdə olan varlıqlar, tam əksinə, özləri "nişangah”a təşrif gətirirlər.

Qeyri-ixtiyari diqqət, adından da göründüyü kimi, təsadüflərə dayanıqlı hadisədir. Məsələn, ayı meşədə bal pətəyinə rast gəlir, yaxud çöllükdə yüyən axtaran mehtər qızıl-ziynət əşyası tapır, halbuki əvvəlcədən nə birincinin arı yuvası tapmaq məqsədi, nə də ikincinin qızıl-ziynət əşyasına rast gəlmək ümidi vardı. Bu kimi sonu, sayı bəlli olmayan bütün hadisələr diqqətin qeyri-ixtiyari formalarına aiddir. Özlüyündə iradəyə tabe olmayan qeyri-ixtiyari diqqət iradəyə tabe olan hadisələr zamanı da fəaliyyətə qoşula bilər.

İxtiyari diqqət

Nəticəyə nail olmaqdan ötrü səbəbə doğru istiqamətlənmiş ixtiyari diqqət sayəsində əldə olunan nə varsa, başlanğıcını, əsasən, varlığın kor-koranə istəyindən götürür. Bu o səbəbdən

kor-koranə istək hesab olunur ki, kor-koranə olmayan, yəni dərk ounmuş diqqət ixtiyari diqqətə deyil, diqqətin metafizikasına aid prosesdir.

Növlərin əsas çaları olaraq şüurlu məqsəd, iradi səy tələb edən ixtiyari diqqət öyrənmək, təcrübə qazanmaq, cinayət törətmək, təzyiqli-təzyiqsiz nəsə əldə etmək, obyekti mənfəətinə uyğun işə salmaq, yararsızı yararlı vəsiyyətə gətirmək və s. və i. xüsusiyyətləri özündə birləşdirir ki, onsuz, nəinki insan, qeyd etdiyimiz kimi, heç heyvan da gündəlik təlabatını ödəyə bilməz. Bu diqqət bütün cəlbedicilərə deyil, ancaq məqsədəuyğun obyektlərə qarşı yönəlir.

 Ixtiyari diqqəti əmələ gətirən şərtlər də müxtəlifdir. Hər hansı hadisəyə diqqət yetirməzdən əvvəl işin səmərəli görülməsi üçün borc və məsuliyyətin aydın dərki, fəaliyyət şəraitinin yetərliliyi nəzərə alınmalıdır. Əməli prosesdə əlavə hadisə və maraqların fəaliyyətə qoşulması da mümkündür. Bütün elmi əsərlər, məqalələr, ixtiralar, yaradıcı fəaliyyətlər və s. – hamısı müəyyən mərhələləri ixtiyari diqqət vasitəsilə adlayır. Ixtiyari diqqət qeyri-ixtiyari diqqətin sonrakı hissəsi kimi də inkişaf edə bilər. Məsələn, su içmək istəyi qeyri-ixtiyari baş qaldırır, lakin suyu axtarıb tapmaq ixtiyaridir.

Bizim işıqlandırmaq istədiyimiz mövzu, girişdə də qeyd etdiyimiz kimi, məhz diqqətin üçüncü növüdür: Postdiqqət və diqqətin metafizikası: anlayışa diqqət.

Post diqqət deyərkən ixtiyaridən sonrakı, yaxud ikinci qeyri-ixtiyari diqqət nəzərdə tutulur.

Aparılan araşdırmalar belə söyləməyə imkan verir ki, postixtiyari diqqət, bundan sonra postdiqqət, şüurlu məqsədin daşıyıcısı olsa da, onu ixtiyari diqqətlə səhv salmaq, eləcə də, qeyri-ixtiyari diqqətlə eyniləşdirmək olmaz. Postdiqqətdə proses başlayandan sonra iradi cəhdlərə ehtiyac yaranmır: ixtiyari baş verir, qeyri-ixtiyari davam edir və bəzən yenidən əvvələ qayıtmaq ehtiyacı da yaranır. Diqqətin bu növü barədə psixoloqların fikirlərinə nəzər salaq.

Akademik İ. P. Pavlov adına Sank-Peterburq Tibb Universtetinin tələbələr üçün nəzərdə tutduğu psixologiya kursu üzrə "Ümumi və tibbi psixologiyanın əsasları” dərs vəsaitinn II hissəsində belə deyilir: "Postdiqqət eynilə ixtiyari diqqət kimi məqsədyönlü xarakter daşıyır və ilk növbədə güclü səy tələb edir ki, insan bundan sonra əmələ keçir; təkcə nəticə yox, fəaliyyət prosesinin özü, tərkib hissəsi də cəlbedici və dəyərli olur. Postdiqqət qeyri-ixtiyari diqqətdən fərqli olaraq şüurlu müşaiyət və dərkolunmuş maraqla davam etdirilir. Eyni zamanda onu ixtiyari diqqətlə də səhv salmaq olmaz, çünki prosesdə hər hansı prinsipial səy tələb olunmur.

Göründüyü kimi, psixoloqlar postdiqqət məsələsinin izahında tamamilə haqlıdırlar, hətta prinsipial cəhdin olmamasını qeyd edərkən metafizikaya daha çox yaxınlaşırlar, lakin metafizika güclü iradənin yox, idrakın iradə ilə uyğunluq dərəcəsinin ən yüksək pilləsində formalaşır.

Niko Baumanın «Diqqət fokusunun gücü, nəaliyyətin Metafiziki qanunu» kitabının girişində deyilir: "Hörmətli oxucu! Inanıram ki, siz öz istəklərinizə can atır və arzu edirsiniz ki, həyatınızı yaxşılaşdırasınız. Siz heç maddi fikirlər haqqında eşitmisiniz? Baxın, bu o qədər də səsləndiyi kimi deyil. Bizim diqqətimiz həmin anlarda, sadəcə, müşahidə etdiyimiz obyektə cəlb olunur. Bu kitab SİZİN mənimsəmə gücünüz, fikriniz və diqqətiniz haqqındadır. Siz kitabda effektivliyinizi dəfələrlə yüksəldəcək "ruhi düyməni” tapmağa çalışacaqsınız ki, həmin düymə diqqət adlanır... Məhz diqqətin özündə gizlətdiyi qeyr-iradi Güc hesabına insan möcüzə yarada bilər”.

Baumanın diqqəti möcüzələr yaradan qeyri-iradi Güc hesab etməsi böyük həqiqətdir, lakin diqqət nə qədər güclü, davamlı olsa da, mahiyyətə təsir göstərə bilməz. Ancaq xeyirxahlığa meyilli adamları diqqətli olmağa səsləməklə yaxşı əməllərə sövq etmək olar, ruhən naqisləri, əsla! Bəzi istisnalar xaric, təbiətən bədxah doğulmuş varlıqların islahına cəhd göstərmək öldürmək məqsədilə ağcaqanadı tutub gözünə dərman tökmək qədər absurd və faydasızdır. Islah etmək bir başa islah olunmaq istəyilə ekvivalentdir.

Digər tərəfdən, müəllif gerçək dünyanın hadisələrinə istinad edir, nə təəssüf ki, metafizika dünya hadisələrinə cəlb olunmağı deyil, onlara biganə qalmağı öyrədir. Təsadüfi deyil ki, metafizikanın terminoloji müəllifi Aristotel vaxtilə prosesə fiziki hadisələrdən kənarda olan predmetlərin öyrənilməsi tərifini vermişdi.

Metafiziki baxış daha çox fəlsəfənin mövzusu olsa da, bilik, ixtisas müxtəlifliyi tanımır: bir dəfə əldə olunur və heç vaxt itirilmir.

Metodoloq – "Diqqətin fokusu” kursunun müəllifi Arseni Yakunin diqqətin üç əsas növündən bəhs edərkən postixtiyari diqqət haqqında yazır: "Müəyyən obyektə sarı yönələn və

iradənin daimi müşaiyətinə ehtiyac duymayan prosesə ixtiyaridən sonrakı diqqət deyilir. Bu zaman orqanizm optimal rejimdə işləməyə başlayır və proses təbii yorğunluq, resursların tükənməsilə başa çatır”.

Dünya şöhrətli psixoloq Mixay Çiksentmixayi müəllifi olduğu "Axın: optimal hissiyatın psixologiyası” kitabında öz oxucularını belə bir nəzəriyyə ilə tanış edir ki, əgər insanlar xüsusi "axın” vəziyyətini yaşaya bilsələr, daha çox xoşbəxt olarlar. Onun nəzəriyyəsində Potok – Axın daxili motiviasiyanın optimal vəziyyəti – insanın öz işinə bütünlüklə bağlanması kimi tərif olunur.

Mixay Çiksentmixayi tərəfindən irəli sürülən «Поток – Axın» psixoloji vəziyyətdir, bunu konsentrasiya və diqqətin fokusu olaraq hisslərin pik nöqtəsi də adlandırırlar. Müəllif "axın” vəziyyətini obyektə şüurlu diqqət, onun seçilməsi, ixtiyari diqqətə xas olan gərginliyin yaşanmaması, insanın əvvəlki təcrübələrindən son dərəcə fərqlənən yenilik və fəaliyyətin çoxalan aktuallığı adlandırır.

Arseninin fikrinə görə, Çiksentmixayi öz kitabında "Axın”dan geniş danışsa da, ora daxil olmağın necəliyindən az bəhs etmiş, postdiqqət haqqında cəmi bir neçə cümlə yazmışdır.

Yakunin öz iradında haqlı olduğu kimi, Mixay Çiksentmixayi də baxışlarında haqlıdır. Ona görə ki, insana diqqətli olmağı, möhkəm iradə nümayiş etdirməyi öyrətmək olar, lakin "Axın”a daxil olmaq – səmərəlilik baxımından ən əlverişli, ən optimal vəziyyəti seçmək fərqli və fərdi məsələdir. O hər kəsin fəaliyyətində özünəməxsus şəkildə baş verir, lakin verməyə də bilər.

Digər tərəfdən, "axın” deyərkən Çiksentmixayi "diqqətin metafizikasına” işarə edirsə, bunun ifadə olunması, ya mümkün deyil, ya da ölülərə nəsib olan son nəfəs anının izah edilməsi qədər mümkündür. Çünki metafizika təcrübəyə əsaslanmayan, heç bir şəxsi mənfəətlə əlaqəsi olmayan məqamın simvolik tərifidir.

Yakunin onu da qeyd edir ki, postdiqqət haqqında düşüncələrə dalmasına səbəb ekstremal idmançı, saatlarla orkestr lövhəsindən ayrıla bilməyən dirijor və doqquz saat əməliyyatda olmuş neyrocərrahdan eşitdikləri olmuşdur. Bunu neyrocərrahın timsalında belə izah etmək olar.

Əgər həkim yorulmadan 5-6, bəzən 9-10 saatlıq əməliyyat aparırsa, bu, onun öz işinə vasitəsiz bağlılıq əmsalı ilə xarakterizə olunur. Insana xidmətin mövcud şəraitdə önəmlilik dərəcəsi həmin ölçüdə enerji ehtiyatı deməkdir, yəni cərrahi əməliyyata sərf edilən vaxt və onun səmərəli nəticəsi cəzbetmənin uyğun enerjisinə bərabərdir. Bu isə o deməkdir ki, daxili bağlılığın motivləri əsasında formalaşan istənilən fəaliyyətin mükəmməl yekunu icraedicidə böyük məmnunluq hissi doğurur.

Cərrahın doqquz saat əməliyyat apara bilməsinin digər səbəbi onun yeni-yeni maraqlı təcrübələr əldə etməsidir ki, əyani qazanılan müsbət yeniliklər ruhi vəziyyətin yüksəlməsinə təkan verərək endorfin ifrazının səviyyəsini artırmaqla insanın yorğunluq üzərindəki qələbəsini təmin edir. Həm də prosesin necə davam etməsindən asılı olmayaraq yaxşı nəticə həmişə xoş əhval-ruhiyyə yaradır. Nəticənin bəxş etdiyi sevinc hissi isə məhz mövcud situasiya üçün keçərlidir, lakin metafiziki xoşbəxtlik idrakın itirilməyən vəcdidir, o ayrı-ayrı hadisələrdən asılı ola bilməz.

Tibbdən söz düşmüşkən, onu da qeyd etmək lazımdır ki, həkimlər xəstəliyi müalicə etmək üçün, əsasən, nəticəyə – təzahürə – gözlə görünənə istinad edir və əksər hallarda xəstəliyi yaradan səbəblər haqqında düşünməyi unudurlar. Əgər həkim xəstəliyin yaranması, təbiəti haqqında araşdırmalar aparıb bu və ya digər şəkildə müəyyən nəzəriyyə əldə etmiş olsa, bax, o zaman hadisənin metafiziki proses kimi dəyərləndirilməsi məqsədəuyğundur. Bütün aşkar edilən xəstəliklər təzahürdür, onların orqanizmdən kənardakı mövcudiyyəti deyil. Eyni səbəbdən cərrah-pasiyent kontekstində də məsələ fəsadların aradan qaldırılmasıdır, xəstəliyin yaranma səbəbinin öyrənilməsi yox.

Oxşar misallar çox çəkmək olar. Məsələn, anam dəfələrlə özünü gölməçəyə atıb qışqıran qurbağanı ilanın ağzından xilas etmişdi, yaxud illərlə eyni ağacda yuva quran sarıköynəyin qanadsız balalarını pişiyin hücumundan qorumuşdu. O, bu kimi əməllərdən qeyri-adi mənunluq hissi keçirərdi. Lakin həkim də, anam da, buna bənzər müxtəlif hadisələrin qurucuları da həmin anlarda mənən xoşbəxtlik hissi yaşayırlar və eyni məzmunlu əksər proseslər mütləq mənada

deyil, çox vaxt qeyri-ixtiyari baş verir. Lakin qeyri-ixtiyari, eləcə də, ixtiyari baş verən nəailiyyət sevincləri mənəviyyat məsələsidir. Bəs metafizika nədir? Metafizika gerçək dünyanın hüdudlarından kənarda olanı – noumenal predmetləri öyrənmək üçün istifadə edilən termindir. Onun obyekti varlıq, təbiət və dünyadır.

Yadıma düşür ki, ali məktəbdə təhsil aldığım vaxtlar şeirlərim bütün dövrü mətbuatda, o cümlədən, nüfuzlu "Azərbaycan” jurnalı, "Ədəbiyyat və incəsənət” qəzetində dərc olunurdu. Bunu görən ali məktəb müəllimlərim riyaziyyat fakultəsindən ədəbiyyata keçməyimi təklif etdilər. Razı olmadım. Onlara dedim ki, hər hansı ədəbi nəaliyyətim çətin bir məsələnin həllindən duyduğum zövqü əvəz edə bilməz. Bu, o vaxtların gənc tələbəsi üçün əsl həqiqət idi. Məhz metafizikanın bəxş etdiyi xoşbəxtlik də belədir, heç bir dünyəvi, mənəvi sevinc hissilə müqayisə gəlməz. Metafizika təcrübənin hokmünə tabe olmayan, yaradılışı, mahiyyəti təmsil edən transendent göstəricidir.

Bu məsələyə "görünənlər, görünməyənlər” adı altında Platon da eyni münasibət bildirmişdi. O, gerçək dünyanın hadisələrindən zövq almağı fəlsəfi hadisə hesab etmirdi.

Mən "Diqqətə diqqət” sərlövhəli yazımda "Diqqətin metafizikası” haqqında düşüncələrimin yaranma səbəbini işıqlandırmağa çalışarkən qeyd etmişəm ki, həkim üçün diqqət obyekti mənim əlimin ağrıması yox, ağrının təbiəti idi: "Əlbəttə, özünün mahiyyətinə yönəlmiş diqqət nadir hadisədir. Ələlxüsus da, gerçək dünya ilə sıx əlaqədə olan zəka sahiblərinin misalında, yəni insan öz ömrünü bilavasitə qavrayışlararası münasibətlərə xərcləyərsə, gerçəküstü düşüncələrə vaxt ayıra bilməsi çətindir. Metafizika görünənlərin mücərrəd – zəkaüstü görünüşünə deyilir. Məlum şəraitdə bunu belə izah etmək olar. «Əlin ağrıyır?» sualının müəllifini düşündürən qarşısında əyləşənin kimiyi, əlinin ağrıması yox, ağrı anlayışının özü və onun varlığın mahiyyətində labüd proses kimi dağıdıcı xüsusiyyətə malik olması idi”.

Beləliklə, biz diqqəti şüurun müəyyən bir obyekt üzərinə yönəlib mərkəzləşməsini təmin edən psixoloji fəaliyyət kimi tanıdıq. Lakin bu, o demək deyildir ki, diqqət həmişə pozitiv hadisələr, yaxud xeyirxah əməllər üçün prosesə qoşulur, xeyir, bütün şər əməllərin həyata keçirilməsi də onunla başlayır. Bu mənada vasitəçi amil kimi diqqəti həmişə yaxşı əməllərin fonunda təsəvvür etmək yanlışdır.

Məsələnin əsas çətinliyi ondadır ki, ixtiyari, qeyri-ixtiyari diqqətlə yanaşı posixtiyari diqqətin də şər əməllərdə vasitəçiliyi mümkündür. Əgər tibbi məqsəd canlı insan üzərində təcrübəyə ehtiyac duyar və cərrah bu əməliyyatdan "postixtiyari zövq” alarsa, hadisəni necə xeyirxah əməl hesab etmək olar? Əlbəttə, tibbi inkişafın qurban tələb etdiyini unutsaq. Lakin diqqətin metafizikası əməl müxtəlifliyi tanımır; növə, funksiyaya ayrılmır; bütövü, bölünməyəni, ancaq özlüyündə var olanı – "özündə şey”i ifadə edir ki, mutasiyaya məruzqalma, yaxud tükənmə ehtimalı sıfra bərabər olur. Yəni istənilən münasibətin başlanma, davametmə, yekunlaşma prosesi diqqətin müşaiyətilə təmin olunursa, diqqətin metafizikası ixtiyari, qeyri-ixtiyari, postixtiyari diqqətin nüfuz edə bilmədiyi hadisələri işıqlandırır.

Kərimi Göyərçin



21226 oxunub

InvestAZ