XƏBƏR LENTİ
29 May 2022
28 May 2022
27 May 2022



“Mən oğlumun da əvəzinə döyüşürdüm”
MÜSAHİBƏ 13:15 / 13.12.2021


Bu sözləri bizimlə söhbətində Qarabağ Qazilər Cəmiyyəti Füzuli rayon şöbəsinin sədri, birinci və ikinci Qarabağ döyüşlərinin fəal iştirakçısı Nəriman Əliyev dedi.

Nəriman müəllim öncə birinci Qarabağ döyüşlərində iştirakından danışdı. Öyrəndik ki, o, 1992-ci ildə birinci Qarabağ döyüşlərində könüllü olaraq savaşa qatılıb. Füzuli rayonunun əksər qaynar nöqtələrində bacardığı qədər vuruşub. Rayonun əksər kəndlərinin müdafiəsində, eləcə də bir sıra yüksəkliklərin qorunub saxlanılmasında iştirak edib. Ermənilərin məskunlaşdıqları Bultan, Xırmancıq, Edilli, o cümlədən "Bayquş yuvası” adlanan Məlikcan istiqamətində gedən ağır döyüşlərin iştirakçısı olub.

-Nəriman müəllim, eşitdiyimizə görə İikinci Qarabaş döyüşlərinə sizinlə bərabər həm də cəmiyyətinizin 72 üzvü qatılıb.

- Biz Qarabağ Qazilər Cəmiyyətinin 72 üzvü ərizə ilə aidiyyatı orqanlara müraciət etdik. Çox çətinliklə razılıq aldıq. Döyüşə qatılanların əksəriyyəti birinci Qarabağ savaşının qaziləri idi. Onların içərisində yaşlılar da az deyildi. Biz belə hesab edirdik ki, əsgərlərimizin yanında olmaq, onlarla çiyin-çiyinə vuruşmaq gənc əsgərlərimiz üçün stimul ola bilər.

Biz o yerləri yaxşı tanıyırdıq, orada doğulub boya-başa çatmışıq. Döyüş gedən ərazilərin hər qarışına yaxşı bələd idik. Biz həm də o istiqamətdə yerləşən hər bir yaşayış məntəqəsinin qorunub-saxlanması üçün döyüşlərdə fəal iştirak etmişdik. Hər bir yüksəklik uğrunda qan tökmüşdük. Yaxşı tanıdığımız ərazidə döyüşmək bizim üçün daha asan idi.

1992-93-cü illərdə döyüşsək də arzularımız yarımçıq qalmışdı. Məlum səbəblərə görə 20 faiz torpağımız işğal olunmuş, bir milyona yaxın soydaşımız doğma ocağındadan didərgin düşmüşdü. İkinci Qarabağ döyüşündə isə yarışmçıq qalan döyüşlərimizi tamamlamaq mənim üçün şərəf oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında işğalçı Ermənistanın təcavüzkar ordusunu "iti qovan kimi” qovduq.

-İşğal altında olan kəndinizin azad edilməsində sizin də əməyiniz az olmayıb. 27 illik ayrılıqdan sonra kəndinizə ayaq basarkən hansı hissləri keçirdiniz və öncə haranı ziyarət etdiniz?

- Kəndimiz Aybasanlıya qədəm qoyarkən sevincimdən az qaldı ki, ürəyim dayansın. Əyilib torpağı üç dəfə öpdüm. Sol döşümün üstündə gəzdirdiyim bayrağımızdan birini hamımızın and yeri olan Seyid Əşrəf Ağanın dağılmış evinin divarına taxdım. Sonra atam Xəlil kişinin halal zəhməti ilə tikdirdiyi evimizin həyətinə gəldim. Baxdım ki, ev nə gəzir? Düşmənlər tarmar ediblər, tamamilə dağıdıblar. Evimizin quru divarına üz qoyub ağladım. Bayrağımızın birini də evimizin yarıuçuq divarına sancdım.

Sonra kəndimizin qəbiristanlığına getdim ki, birinci Qarabağ döyüşlərində şəhid olan həmkəndlilərimizin qəbirlərini ziyarət edim. Tamamilə dağıdılmış, daşları ətrafa səpələnmiş qəbirləri görəndə dəhşətə gəldim. Traktorla qazılıb çölə tökülmüş insan sümüklərini görəndə isə, şox pis oldum, özümü saxlaya bilmədim, bayıldım. Özümə gələndə yenə də gözlərimə inanmadım. Erməni vandalları qəbirlərimizə divan tutmuşdu.

- 52 yaşında Vətənin müsəlləh əsgəri olmasından şərəf duyduğunu bildirən Nəriman müəllim bu yaşda ikinci Qarabağ müharibəsinə qatıldığını dünyadan vaxtsız köçən oğlu Asimin arzularını həyata keçirmək niyyətində olduğunu qeyd edir.

- Vətən müharibəsinə həm öz adımdan, həm də dünyasını vaxtsız dəyişən oğlum Asimin adından qatılmışdım. Ən çox da oğlumun adından döyüşürdüm ki, onun ruhu şad olsun. Birinci Qarabağ döyüşündə onun yaşı az idi. İkinci Qarabağ döyüşünə isə ömrü çatmadı. Xatırladıram ki, Asim 20 yaşında ikən qəflətən dünyasını dəyişdi. Bu yaşa qədər isə o, karate üzrə İtaliyada, Suriyada, Azərbaycanda öz sözünü demişdi, çempion olmuşdu. Sağ olsaydı, o da döyüşlərdə iştirak edər, ya qazi, ya da şəhid olardı.. Oğlumun əvəzindən də bacardığım qədər cəsarətlə vuruşdum. Xoşbəxtəm ki, oğlumun arzularını da gerçəkləşdirə bildim. Mən xoşbəxtəm ki, 52 yaşımda Vətən müharibəsinin iştirakçısı olmuşam. Ali Baş Komandanımızın əsgəri kimi torpaqlarımızın xilası naminə döyüşmüşəm.

-Artıq bir ildir ki, torpaqlarımız azaddı, şəhidlərimizin ruhu dinclik tapıb.

-Bir il bundan əvvələ kimi başımızın üztündən gileyli-gileyli şəhid ruhları dolanırdı. Xəcalətimizdən düşmən tapdağı altında olan torpaqlarımıza sarı baxa da bilmirdik. Uşaqlarımızın və cavanlarımızın yanında xəcalətli idik. İndi isə torpağımız azad, özümüz də rahatıq. Fəxr edirəm ki, torpaqlarımızın, şəhər və kəndlərimizin işğaldan azad edilməsində mənim də əməyim olub.

Təbii ki, bu möhtəşəm qələbə xalqımızın rəhbərə inamı, rəhbərimizin isə xalqa sədaqəti sayəsində mümkün oldu. Xalqımız yumruq kimi birləşərək el birliyi, dil birliyi, sel birliyi nümayiş etdirdi. Bu möhtəşəm qələbənin qazanılmasında biz şəhidlərimizə borcluyuq, qazilərimizə minnətdarıq, əsgər və zabitlərimizə duaçıyıq.

Nəriman Əliyev İkinci Qarabağ müharibəsində göstərdiyi rəşadətə görə Ali Baş Komandanın Sərəncamı ilə Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib, Müdafiə Nazirinin, korpus komandirinin fəxri fərmanına layiq görülüb.

Nəriman müəllim söhbətimizin sonunda "Mənim ən ali mükafatım Vətənimə xidmət etməyimdir. Vətən bizim namusumuzdu, qeyrətimizdi. Lazım gələrsə, yenə də silaha sarılmağa, Vətənimə atılan güllələri sinəm ilə qarşılamağa hazıram”-dedi.

Söhbətləşdi Faiq Şükürbəyli.

"Qızıl qələm” media mükafatçısı


7393 oxunub

InvestAZ