XƏBƏR LENTİ
24 Yanvar 2022
23:49
23 Yanvar 2022
22 Yanvar 2022



Əbülfət MƏDƏTOĞLU : - İçimdə ağlayan kədər
YAZARLAR 09:08 / 07.12.2021


Onun göz yaşlarını...

Bəli, hər gün ömürdəndi deyirlər. Və onu da əlavə edirlər ki, elə ömürdən də gedən hər gündü. Bu qəribə bir aforizmin və yaxud düşüncənin içində xeyli məqamlar gizlənir. O məqamları tapmaq, o məqamları çözmək, yozmaq heç də asan deyil. Bunun üçün baş sındırmalısan. Lap kobud desəm, əllərinlə sığdığın başını yumruqlamalısan. O vaxta qədər ki, sənin iç dünyanın qapısı döyülsün və qapını açasan... Baxasan... Görəsən ki...

Hə, bu bir senari deyil, bu bir yaşamdı, reallıqdı, gerçəklikdi. Sadəcə olaraq mən söylədiyim və sizin üçün də təsvirini təqdim etdiyim bu reallığı o zaman siz də mənim kimi özünüzə doğma sayıb anlayacaqsınız ki, siz də  həmin dediklərimi  yaşayacaqsınız. Onun içərisində olacaqsınız, o da sizin içinizə hopacaq, çökəcək. Məhz o andan da başlayaraq siz də mənim indi yazacaqlarımı oxuyub səmimi qəbul edəcəksiniz. Çünki səmimiyyətsiz o anları nə yaşamaq mümkün deyil, nə də dəyərləndirmək.

Bu günə qədər gəzib gördüyüm yerlər də çox olub, şahidi olduğum hadisələr də, eşitdiyim söz-söhbətlər də. Və təbii ki, mənim də yazı-pozularım ortalıqda görünüb. Bu gün də həmin o dediyim, sadaladığım silsilə davam edir. Doğrudur, indi əvvəlki kimi daha çox gəzib-dolaşmaq, görmək, şahid olma məqamlarım seyrəlib. Bu, həm pandemiya ilə bağlıdı, həm də iqtisadiyyatla. Amma şükürlər olsun ki, hələ ki, ürək pıçıldayır, qələm də eşitdiklərini vərəqlərə köçürür. Və mən də başımı bu cür qatıram. Özümü bu cür ovuduram. Əslində bu nə baş qatmaqdı, nə də unutmaq. Bu, əslində öz-özünlə danışmaq, səsini, duyğularını dörd divara, Allaha və Ona çatdırmaqdı. Bax, mənim təsəlli sayılan, ümid hesab edilən bütün istəklərimin, bütün yaşamımın mahiyyəti də  elə, dediyim bu mənzərənin, bu mövcudluğun içərisində tapır. Yəni, özüm danışdığımı, özümə dediyimi bir dörd divar eşidir, bir Allah, bir də O. Amma maraqlıdır ki, heç biri də mənə cavab vermir. Deyə bilərsiniz ki, bəlkə bu dəyirman məsələsi kimi bir şeydi. Yəni, «Dəyirman bildiyini edir, çax-çax baş ağrıdır» deyib atalar. Olsun, bununla da barışmışam. Çünki qədəri seçməmişəm, bəxti yazmamışam, qədərimi seçiblər, bəxtimi yazıblar. Mən də bu dünyanın ən üzü yola bəndəsi kimi yazılanı, seçiləni yaşayıram!..

Ümumiyyətlə, «yaşamaq» sözü də çox yozumludu. Onu hər kəs bir tərəfə çəkə bilər. Tərəflər isə çoxdur. Deməli, hər tərəfə çəkilən «yaşamaq» da bir növü olur İran saqqızı. Çəkirsən uzanır... Qopur... Sonra bir də təkrarlanır bütün bunlar. Biz, daha doğrusu mən həmin o «yaşamaq» deyəndə, yazanda özümün yaşamağımı sizə təqdim etdim. İndi siz qiymət verin. Bu nə boyda və necə yaşamaqdı?!

Tələbə yoldaşım, yazıçı-publisist Vaqif İsaqoğlu səhərin gözü açılmamış almışdı başımın üstünü. Danışığı ilə, söhbətləri ilə mənim üçün xoş ovqat yaratmaq istəyirdi. Gördü ki, alınmır... Mən də gördüm ki, Vaqif istəyinə çata bilmir. Ona görə dedim ki, ay Vaqif, özünü yorma. İndi mənim bu günə qədər dost dediklərimin 70 faizi Cənnətdədi. Hal-əhval tutmaq üçün əlaqə saxladıqlarımın 90

faizi də mən gündədi, mənim kimi yaşayır. Bax, sən bütün bu dediklərimi adi riyazi məsələ kimi istəyirsən ələkdən keçir, istəyirsən hesablama maşınından və nəticəni özün üçün müəyyənləşdir, gör, ovqat yaratmaq mümkündü ya yox?!

Təbii ki, Vaqif İsaqoğlu da durub qəzetlərini vurub qoltuğuna çıxıb getdi. Vaqif İsaqoğlunun niyə, nə məqsədlə hara getdiyini deyə bilmərəm. Bircə içimdə bir əminlik var ki, o mütləq ona verdiyim məsələnin həlli üçün baş sındıracaq. Çünki ona bələdəm!

Hə, bura qədər gəldiyim yazı məsafəsi bir tənəffüs tələb edir. Mən tələb olunan həmin fasiləni götürürəm. Ona görə ki, ürəyimin pıçıltıları qələmsiz, kağızsız keçinmir. Mütləq yazmaq lazımdı.

Hə... bir dəli... bir şəhər

Bir də dördkünclü divar...

Çöküb içimə qəhər –

De, ondan güclü kim var?!


Qaranlıq da endikcə,

Bükülürəm sükuta...

Hey yoxdu kipriyində –

Bircə damcı su tuta!..


Xəyal da yüyənsizdir,

Özün çırpır divara...

Kimə xoş gələr indi –

Mənim kimi avara?!


...Hə, bir dəli... bir şəhər

Bir də, bir mələk Qadın...

Ruhu bürüyən qəhər –

Söyləyir onun adın!..


Mən bu pıçıltıları kağıza köçürə-köçürə divara baxıram. Heç bir reaksiya yoxdur. Elə donuq vəziyyətdə də dayanıb...

Amma ürəyimin nəfəsi bir az genəlib. Çünki səsim çatıb. Bu mənim inancımdır. Səsim Allaha çatıb ki, ürəyimin nəfəsi genəlib. Və bir də ürəyimin nəfəsi genəlibsə, sənin də qulaqların cingildəyib. Çünki söhbət səndən gedir. Sənin adın çəkilib. Bundan gözəl nə ola bilər ki! Məni Allah və Sən dinləmisən. Ona görə də kədərimin göz yaşının Allahımın və Sənin lütfünlə silinəcəyinə heç bir şübhəm yoxdur!


3427 oxunub

InvestAZ