XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



55 yaşlı Mahir Qabiloğluyla 55 illik söhbət
Ədəbiyyat 08:59 / 02.12.2021

Bu günki müsahibim  xalqımızın sevilən şairi Qabilin  yadigarı, tanınmış yazıçı, publisist, jurnalist, tərcüməçi Mahir  Qabiloğludur.

Əvvəlcədən oxucularımıza bildirim ki,  Mahir müəllim, maraqlı insan, istedadlı yazar olduğu üçün söhbətimiz də maraqlı alınıb.

Adalet.az həmin müsahibəni sizə təqdim edir:


–    Mahir müəllim, 55 yaşınızı qeyd etdiyiniz bu günlərdə yeni kitabınız  – "İTBAŞI” adlı roman-trilogiyanız çapdan çıxıb. Əvvəlcə bu münasibətlə sizi təbrik edirəm. Yaradıcılığınızda yeni uğurlar diləyirəm... Bilirsiniz, hər yaratdığı əsər müəllif üçün doğma balasından ayıra bilmədiyi övladdır. "Bala"nı "valideyn"dən yaxşı kimsə xarakterizə edə bilməz. Elə isə "balanız" – yeni işıq üzü görmus kitabınız haqqında oxucularımıza geniş məlumatı özünüz verin.

-Məndən "İtbaşı” haqqında soruşanda roman-trilogiyanın redaktoru Eldəniz Elgünün annotasiya yerinə yazdığı fikirləriylə qənaətlənirəm: "Yazıcı Mahir Qabiloğlunun "İtbaşı” roman trilogiyası əslində acı reallığı olduğu kimi oxucuya çatdıran bir konsepsiyadır. Bu konsepsiyada dünyanın idarə olunması, dövlətlərin formalaşması, xalqla hakimiyyətlərin münasibətləri öz əksini tapıb. Əsərdə hadisələr məchul bir Şərq olkəsində baş versə də, əsəri oxuyandan sonra görürsən ki, müəllif Qərb dövlətlərinin, krallıqlarının vəhşi qaydalarla formalaşdığı zamanı əks etdirib. Əsərdə həmçinin insan psixologiyasının bütün qaltları, kompleksləri acılır. Mahir Qabiloğlu əsərdə açıq şəkildə iddia edir ki, bu günün özündə belə böyük güclər xırda dovlətləri təsir altında saxlamaq ücün yad ideologiyaları, vərdişləri zorən cəmiyyətlərə qəbul etdirir, qeyri ənənəvi baxışları az qala ilahi baxışlar kimi təqdim edirlər. Bir sözlə Mahir Qabiloğlunun "İtbaşı” roman-trilogiyası təpədən dırnağa qədər alt şüurun məhsulu olmaqla Azərbaycan ədəbiyyatına həm də yeni üslub və fəlsəfi cərəyan gətirdi”.  O ki, qaldı öz fikirlərimə. Oxucuların fikri, o cümlədən sizin fikriniz mənimçün çox önəmlidir. Bu, artıq mənim əsərim deyil, sizindir. Sualınıza gəldikdə…– "Bala"nı "valideyn"dən yaxşı kimsə xarakterizə edə bilməz – fikrinizə qısa belə cavab verərdim: "Heç kim öz ayranına turş deməz”. (Gülür)

–    Mahir müəllim, Rəsul Rzanın oğlu Anar, İlyas Əfəndiyevin oğlu Elçin, Səməd Vurğunun oğlu Yusif, Vaqif... və nəhayət Qabilin oğlu Mahir. Maraqlıdır, sizcə, istedadlı ədiblərin övladlarını yazmağa məcbur edən genetik ötürülən istedaddır, yoxsa mənəvi ehtiyacdı, mənəvi borcdur? Yazar atanın balası mütləq yazmalıdırmı?

 

 

-Mənə bu fikri tez-tez deyirlər. Amma əsasən razı deyiləm bununla. Düzdü, təsiri var yazıçı atanın, yazıçı ananın. Amma yazmaq içəridən gələn bir ehtiyacdır. Ananın dünyaya uşaq gətirməsi kimi bir şeydir. Vaxtı çatdı doğulmalıdır. İndi sağlam olacaq, xəstə olacaq, ya ölü – bu sonranın işidir. Yazmaq məqamında mənə qəribə bir baş ağrısı gəlir. Yazandan sonra bu ağrı keçib-gedir. Sualınızdakı bir fikir isə indi daha çox incidir məni: "və nəhayət Qabilin oğlu Mahir”. "Nəhayət”, yəni ki, son, axırıncı mənası bu sualınıza aid olsa da... Yazıçı, şair uşaqlarından yazan yoxdur daha. Bu da bir utanmaq bəlasıdır, xəstəliyidir. Qarşılarında qoyduqları "Mən atamdan güclü yaza bilməyəcəyəm. Niyə özümü, ən əsası isə atamın adını biabır edim?” sual-maneəsidir. Amma onu da deyim ki, əksəriyyəti istedadlı və ədəbiyyatımızı dərindən bilən, mütaliəli insanlardır. Əlbəttə ki, mən özüm şəxsən tanıdığım yaşıdlarımı deyirəm.

–    Mən bilən qədər, siz özünüz də o "utancaqlar”dan olubsunuz. Yazdığınız bədii-publisistik yazılarınızı "Sandıq ədəbiyyatı” adlandırmağınız da elə burdan irəli gəlir.

Bəli, düz dediniz. Yazırdım. Amma üzə çıxartmırdım. Çoxu da xatirələr. Geniş auditoriyanın bilmədiyi, amma tamarzı olduğu hadisələr. Yığılıb qalmışdı...

–    Bəs necə aradan qaldırdınız bu "Mən atamdan güclü yaza bilməyəcəyəm. Niyə özümü, ən əsası isə atamın adını biabır edim?” utancaqlıq maneəsini?

-Düzünü desəm atam haqqında beş-on xatirəm getmişdi mətbuatda. Müsahibələrim də var idi. Əsasən atamın ad günlərində jurnalistlər müraciət edirdi. O cavan jurnalistlərdən biri avqustun 12-i ərəfəsində zəng etdi. Dedi ki, Cavid Zeynallıdır Azadlıq Radiosu saytından. Bəs ustadlarla bağlı filan rubrikam var. Sizinlə görüşüb söhbətləşmək istəyirəm. Tanışlığımız belə başlandı. Üstündən iki ay keçdi. Ona zəng etdim. Redaksiyalarında görüşdük. Fləşdəki bir yazımı – iki il əvvəl qələmə aldığım "Qabilin o dünyadan Teymur Əhmədova məktubu” yazısını ona göstərdim. Oxudu. Sonra onu göndərdi prosedura uyğun olaraq Varşava bürosuna. Və qoyuldu "Oxu zalı”nın manşetinə. Ertəsi gün isə əsas səhifənin manşetinə. Sonra video-qrup bu yazıyla bağlı kiçik süjet hazırladı. Demək olar ki, əksər saytlar və qəzetlər bu məktubu yayımladılar. Beləcə buz qırıldı. Və digər yazılarımı da üzə çıxartmağa başladım. Amma bilmirdim hara müraciət edim. Dostumuz Tağı Türk məni Modern.az saytının baş redaktoru Əfqan Qafarlıyla tanış elədi. Daha doğrusu "Qabildir – öz yerazımızdır” yazısını onun poçtuna göndərdi. Beləcə Əfqanla, saytın baş direktoru Elşad Eyvazlıyla tanışlığımız və dostluğumuz başlandı. Bir il ərzində Modern.az-da 340 köşə yazım getdi. İlk hekayəmi isə köhnə qonşum Aqil Abbas çap elədi. Adı "Ərmən – Şuşanikin sevgisi” idi. Siz də bu hekayəmi çox bəyənmişdiniz. Bir-iki qəzet imtina elədi çap eləməyə – anası, arvadı ermənilər olan vəzifəlilər barəsindədir bu hekayə – deyərək. Amma Aqil müəllim qəzetin qoşa səhifəsini ayırdı mənimçün. "Ədalət”lə də əməkdaşlığım belə başladı. Aqil Abbası, İradə xanımı çoxdan tanıyırdım. Əbülfət Mədətoğlu, siz və kollektiviniz də belə doğmalaşdı mənimçün. O cümlədən digər saytlarımız, mətbu orqanlarımız. Belə bir deyim var: Puşkini Puşkin edən Belinski olub. İndiki yazıçıları isə xalqa tanıdan saytlarımız, mətbu orqanlarımızdır. Mövzudan uzaqlaşdım deyəsən. Sözümün canı budur ki, sualınızdakı "nəhayət”, elə sualınızda qalsın. Yazıçı uşaqları fərasətlərini göstərməyə başlasınlar, utanmasınlar. Mən 45 yaşda başladım. Yaşın isə fərqi yoxdur. (Gülür)

–    Özünüz də bilirsiniz ki , sizin bir çox bədii, publisistik yazılarınızı oxumuşam, bəyənmişəm, sosial şəbəkələrdə paylaşmisam...Onda hələ sizi heç şəxsən tanımırdım. Bilirsinizmi, sizin yazılarınızı mənə sevdirən nə oldu? Deyirlər e, gerçəklər zəhər kimi acı olur. Siz o zəhəri adamın xirtdəyinə bir nəfəsə tokmursunuz... Zərrə-zərrə sızdırırsınız. Adam oxuduğu məqalənin təsirindən bir müddət ayrıla bilmir, hara gedirsən, harda olursan ol "zəhər" təsirini əskik eləmir. Maraqlı burasıdır ki, o zəhəri canından çıxartmağa cəhd də etmirsən. Məsələn "Erməni qadınları və Azərbaycanlıların erməniləsdirilməsi prosesi" yazısı. Bu xətt bütün yaradıcılığınizda var,  yoxsa yalnız mən oxuduğum əsərlərdədir?

 

 

-Əlbəttə ki, hər bir oxucunun özəl fikri var. Erməni mövzusu isə xüsusilə sizin yaralı yerinizdir. Bildiyim qədər nənəsi erməni olan biriylə hələ də məhkəmə çəkişməsindəsiniz. Əslində bu zəhər deyil. Sizin yaşadığınız qaçqınlıq həyatınıza, aldığınız yaralara bir məlhəmdir. Müvəqqəti unutdurmaq məlhəmidir. Ürəyinizə batan tikanı tam, bəlkə də tam çıxarmayan, heç olmasa azcana yerindən tərpədən bir yazıdır. Buna nail olmuşamsa çox şadam. O ki, qaldı başqa yazılarımda "zəhər”in olub-olmamasına... Qapıbir qonşum, Xalq yazıçısı Bayram Bayramovun qardaşı oğlu, yazılarımın xiridarı, professor Qurban Bayramov mənə "Mahir, yaman ironiyabazsan ha...” deyir. 

–   Bilirik ki, yazıçılar tutaq ki, 200-300 il əvvələ aid roman yazır. Təbii ki, o romandaki obrazlara bir-bir görməmişəm, daha doğrusu ruhunu o obraza təslim etməsən o obraz da, hadisələr də gerçək kimi qəbul edilməz, roman səmimi alınmaz. Elə olub ki, hansısa obraza ruhunuzu qapdırmısınzmı? Yox, deyəsən fikrimi çatdıra bilmədim, belə deyək, yaratdığınız obrazların – insanların hansı daxili aləminizə hakim ola bilib. Təsirindən qurtara bilməmisiniz...

 

 

-Ən incə məqama toxundunuz. "CƏNCƏHİM” romanımın iki yerində, "İTBAŞI” roman-trilogiyasının bir çox məqamlarında – yazı prosesində və dəfələrlə redaktə-korrektə prosesində iyrənirdim. Həmin yerlərə çatanda hətta öyüyürdüm. Ruhən yaşamasan həmin prosesi canlı təsvir edə bilməzsən. Qəhrəmanlarıma gəldikdə "CƏNCƏHİM”dəki Qanlıgün – jurnalist obrazı 80 faiz özüməm. Ümumiyyətlə, bütün qəhrəmanlarımda özüm varam. Kimisində çox, kimisində az. 

 

–    Gələk ədəbiyyatımızın bu gününə. Sözün həqiqi mənasında – göz açandan bu mühitdə böyümüsünüz. İndi isə artıq qələminizlə bu mühitin bərabərhüquqlu üzvüsünüz. Necə qiymətləndirirsiniz həm yazıçı, həm də bir şair oğlu kimi indiki vəziyyəti.

-Bütün sahələrdə, hətta vəhşi təbiətdə də məşqçilik, müəllimlik, məktəb yaratmaq missiyası deyilən bir anlayış var. Qartal yuvasına diri dovşan balası gətirir ki, balalarına ov etməyi öyrətsin. Yaxud da şir, pələng ceyran balasına toxunmur. Onu balalarının öhdəsinə buraxır. İdmanda yaşa görə missiyasını başa vuranlar gedib məşqçi işləyirlər. Muğam ustalarının öz məktəbləri var. Çox uzatmayım – usta-şagird məktəbi var hər yerdə, hər sahədə. Leninin dahiyanə kəlamını rus dilindən düzgün tərcümə etsək, "oxumaq, oxumaq, yenə də oxumaq” yox, "Öyrənmək, öyrənmək, yenə də öyrənmək”. Əlbəttə ki, öyrənmək istəyən varsa, öyrədən də olmalıdır. Ədəbiyyatda  bu cür məşqçilərə ustad deyirlər. "Ustad” sözü bu gün çox ucuzlaşıb. Yaşlıdırsa, titulları varsa həmən ustad xitabı dilə gəlir. Amma o ustad səninçün nə edib? Atam Qabilin 7 cildlik külliyyatının 6 və 7-ci cildləri publisistik və xatirə yazılarıdır: "13 yaşında ilk şeirini Bəbir Məmmədzadə adlı o vaxtlar yaxşı tanınan, amma erkən ölən bir şairə oxuyub. Ondan ilk məsləhətlərini alıb. Yaxud da Yazıçılar İttifaqının nəzdindəki dərnəklər. Şair Böyükağa Qasımzadənin ustad dərnəyi. Yaxud da Səməd Vurğunun, Mirzə İbrahimovun "Dostlar” poemasını qiymətləndirməsi və Qabili namizəd olmadan Yazıçılar Birliyinə üzv seçməsi. Mirzə İbrahimovun "Mehparə” poemasının çapının arxasında dayanması və Qabili ruhi sarsıntıdan, hətta intihardan xilas etməsi. Məmməd Rahimin maddi köməklikləri. Məşhur Məsləhətçilər otağı”. İndi də var həmin ştat. Görkəmli yazıçımız Seyran Səxavət davam etdirir o müqəddəs missiyanı. Bura pənah gətirən, utana-utana yazdığının həqiqətənmi şeir, hekayə olduğunu bilmək istəyənlər yəqin ki, var. Amma bir çiçəklə, bir Səxavətlə bahar olmaz. O vaxt dərnəklər, mütəmadi keçirilən "Gənclər günləri” bir xəlbir rolunu oynayırdı. İndi o xəlbir yoxdur. Özümə qalanda isə... Mənim bu baxımdan bir çətinliyim yoxdur. Özümdən yaşca böyük qələm ustalarına ərklə müraciət edirəm lazım gələndə. Xüsusilə də "İtbaşı” roman-trilogiyanın 1-ci hissəsini yazıb qurtarandan sonra ehtiyacım vardı ustadlara. Qəbul edəni də oldu, etməyəni də... (Sabir Rüstəmxanlı oxumadı) Yəni ki, əvvəlcədən oxumaq baxımından. Mən əslində çapa gedəcək yazılarımın – həcmcə böyük və kiçikliyi nəzərə almadan – ilk oxucularını ustad adlandırıram. Çünki onların fikirləri və məsləhətləri mənim üçün çox qiymətlidir. Bəziləri yaşca məndən kiçik olsalar da. Ad çəkmək istəmirəm. Ad çəksəm, gərək ustadlıq etmək istəməyənləri də qeyd edim. Yaşlı adamlardır. "Oxumağa vaxtım yoxdur” deyərək, gün ərzində qan təzyiqi və şəkər ölçməkdən başqa bir işləri olmayan atamın dostlarının, əmilərimin qan təzyiqini və şəkərini qaldırmaq istəməzdim. Yazılarımın daimi ilk oxucuları isə – son 25-30 ilin ictimai-siyasi ab-havasını xırdalıqlarına qədər bilən –  mənim tənqidçilərim, ortabab yazılarımı belə mənə yaraşdırmayıb "brak” edən Eldəniz Elgün, Füzuli İsmayılov və Əfqan Qafarlıdır. Onların hər üçünün son fikri üst-üstə düşməsə yazılarımı ictimailəşdirmirəm. Spesifik yazılarda isə digər ustadlara da müraciət edirəm. Və əlbəttə ki, oxucularım. Ən böyük qiymət verənlərim onlardır. 

 

 

–    İndi də gələk günümüzün mövzusuna. Xalqımız qalibiyyətini qeyd edir. Bu mövzuda nəsə bir əsər yazacaqsınızmı?

-Müharibənin görünən və görünməyən tərəfləri var. Amma görünməyən tərəf görünən tərəfdən daha dəhşətlidir. Əgər bunu təsvir etməyə gücüm çatsa yazacağam.

 

–    Mümkünsə, ətraflı açıqlayardınız bu fikrinizi.

 

-Qalibiyyətimiz öz yerində, pis-yaxşı – İlham Əliyev qalib gəldi. Amma müharibədən bizə miras qalan acı bir statistika var: şəhidlərimizin, yaralılarımızın, itkin düşənlərimizin sayı. Bəs arxa cəbhənin statistikası? Cəbhədə vuruşanların ata-analarının çəkdikləri, hər qapı döyüləndə "Yəqin balamın tabutunu gətiriblər” fikirləşərək ürəklərinin az qala partlamaq həddinə çatması, şəhidi, yaralısı olan ailələrin bu gün çəkdikləri əzab-əziyyətlər? Və bu, bu gün də əsgərlikdə uşağı olan hər bir ailənin yaşadığı həyatdır. Çünki atəşkəs pozulur. Əgər bunu təsvir etməyə gücüm çatarsa, yazacağam. Balaca bir hekayə yazmışam. Adı "Püşk”dür. İcra başçısı gecə yarısı üç işçisini yanına çağırıb deyir ki, gedin filan kəndə, döyün filan qapını və deyin ki, oğlunuz şəhid olub. Hazırlıq işləri görün. Səhər dəfn edəcəyik.  Cənazəsi yoldadır. Mən qarşılamağa çıxıram. Biz gələnəcən hər şey hazır olsun. Onlar da gəlirlər kəndə. Biri-o birisini irəli verir ki, sən döy qapını. Heç birinin əli gəlmir darvazanı döyməyə. Axırda çıxış yolu tapırlar. Püşk atırlar... Ədəbiyyatımızda bu mövzuda İsa Hüseynov əsər yazıb: "Tütək səsi”. O, 41-45 müharibəsinin arxa cəbhəsini təsvir etmişdi. Mənim, sizin taleyinizə isə 1988-ci ildən başlanan bir müharibəni yaşamaq yazılıb. Hələ də yazılmaqda davam edir.

 

 

–    Və son sualım: 55 yaş sizinçün nədir?

-Müəyyən bir etapın başa çatmasıdır. Allahın verdiklərinin elə Allah tərfindən də yavaş-yavaş geri alınmasıdır. Hələ ki, gözüm zəifləyib. Başqa ciddi bir xəstəliyim yoxdur. Çox çalışıram ki, nikbin qalım. Qarşımdakılara müsbət emosiya bəxş edim. Təbiət dilində desəm – karbonu alıb oksigen verən ağacam. Amma cəmiyyətdə oksigeni alıb karbon verən qoz, əncir ağacları daha çoxdur. Amma tək qalanda, xüsusilə də gecələr özüm-özümlə davaya çıxıram. Həyatda əlindən buraxdığın şanslar, səhvlər yenidən gündəmə gəlir. "Bunu belə eləsəydim, elə olardı” suallarıyla səhərəcən vuruşuram. Sonda mən yox, Günəş qalib gəlir. Baxmayaraq ki, həmişə müdrik olmağa çalışmışam. Keçmişinə, itmişinə, ölmüşünə heyfslənməyən adamlara müdrik deyildiyini yaxşı bilirəm. Dostlarım çoxdur. Düşmənim isə yoxdur. Rəsmi heç yanda işləmirəm. Azad sənətkaram. Beləcə 55-i də başa vururam.

- Mahir müəllim, sizi xeyli vaxtdır tanıyıram. Tanışlığımız isə sizinlə deyil, ilk sizin əsərlərinizlə başlayıb. Sizin yazdığınız hər yazı. eyni zamanda o yazıda  ortaya qoyulan məqsəd, məram, əqidə, insanlara, talelərə, xüsusən, soydaşlarına, vətəninə , gələcəyə baxışla sizin aranızda bir bütünlük var və sizin o yanğınız  sizin kimi elinə-obasına vurğun, xalqının düçar olduğu dərdləri şəxsi dərdi bilən hər  bir oxucunun içindən keçir, Bu səbəbdən də sizin bütün yazılarınız oxunur, müzakirə edilir, qəbul olunur və nəhayət sevilir! Yeni - yeni yaradıcılıq uğurları arzulayırıq! Yazın bu xalqın ən dərin və görünməz dərdlərini!

Ad gününüz mübarək!

Söhbətləşdi Əntiqə Rəşid


3914 oxunub

InvestAZ