XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



Ləzgi uşaqlarıyla birgə - Emin Piri yazr
YAZARLAR 12:35 / 22.11.2021

Müharibə gündəliyi

Müharibədən öncə müxtəlif sosial şəbəklər, dairələr və.s vasitəsiylə elə bir fikir formalaşdırmağa çalışırdılar ki, Azərbaycan müharibəyə girsə, daxildə milli formada hər hansı problem yaşana bilər. Bu təbliğat mexanizmi az-çox bəzilərini inandıra bilmişdi.

Söhbətə birbaşa keçirəm. Oktyabrın 10-ları olar. Bizə yeni mövqelər tapşırılıb. Daşkəsən kəndindən kilometrlərlə uzaqda, şimal istiqamətində, Cəbrayıl rayon mərkəzindən şərq istiqaməti. Dəniz səviyyəsindən bir neçə yüz metr yüksəklikdi.

Bir tərəfdən baxıb həm Cəbrayılın kəndlərini, digər tərəfdən  baxdıqda Füzulinin kəndlərini, bir tərəfdənsə Hadrut( Xocavənd) kəndlərini bir növ yuxarıdan görürsən.

Füzuli, Cəbrayıl kəndləri ovalıqları xatırlatsa da bu yüksəkliklər biz tərəfdən çıxmaq üçün daşlı, sıldırımlı idi. Yüksəkliklər enir, qalxır, hər yüksəkliyə müəyyən bölmələr yerləşib. Sağ cinahdakı yüksəkliyə yeddinci bölük. O bölüyə öz zabit, əsgərlərindən əlavə batalyon komandirinin müavini Xəlilov, soldakı yüksəklikdə mən və tağımım, məndən soldakı yüksəklikdə birinci tağım, bölük komandiri əvəzi Əhmədovla bölük komandirinin müavini Hüseynov, daha sonrakı yüksəklikdəsə ikinci tağım komandiri Şıxliyevlə onun heyəti. Beləcə mövqelər bölmələr üzrə dəyişir.

Açığı tək zabit olmaq xoşuma gəlir. Öz əlin, öz başın. Həm məsuliyyətdi, həm də qərar azadlığında daha rahat oluram.

Mənim yerləşdiyim yüksəklik mövqeyi ilə birinci tağımın yerləşdiyi mövqeyə aşağıdan erməni səngəri uzanır. Səngər göz işlədikcə uzanır. Düzü təzəyə oxşayır, bilmirəm, müharibə başlayanda qazılıb, yoxsa bir qədər əvvəl. Hər halda sonrakı eşalonlar üçün müdafiə zolaqlarından biridir. Tapşırılıb ki, həmin ərazilərdən( səngər tərəfdən)gecə vaxtı  diversiya ola biləcəyi ehtimalı var. Müharibənin gedişində həddən artıq azalsa da, müharibənin əvvəllərində düşmənin bəzən belə gedişləri olub.

...Günorta 15-16 radələri olar. Qarşı tərəfdən, dediyim səngər yönündən iki nəfər bizim milli formada hərəkət edir. Bir anlıq adamın beyninə bəlkə ermənidir deyə fikri gəlir.

Hər ehtimala qarşı yuxarıdan qışqırırıq; Kimsiniz?

-Azərbaycanlıyıq, azmışıq.

-Hansı hərbi hissə?

-Filan.

Həmin briqadanı biz tərəfdən görmüşdük. Füzuli kəndləri istiqamətindən hücuma keçməliydilər.

Əsgərimin biri deyir, inanmayın, bəlkə ermənidir, bizim formada...

Günün günorta vaxtı belə formada qabağımızda erməni nə gəzər. İkinci iki nəfərdi, bizsə tağım, silahlı...

-Yuxarı qalxın...

Əlləri əsir. Həyəcandan bir sözü deyə bilmirlər. Biri ümumiyyətlə özündə deyil, sayıqlayır;öldülər,öldülər, yaralılar qaldı.

Uzandırıb, əl -üzlərinə su vururuq. Bir sutkadır, az-susuzdular.

"Veş-meşok”umuzda olan konservləşləşdirilmiş ərzağı onlara veririk. Qıraqdan müşahidə edirəm, əlləri elə əsir ki, plastik qaşığı belə tuta bilmirlər. Kömək edək-deyirik.

-Yox, yox.

 

Hiss edirəm, bunu özlərinə sığışdırmırlar.

İki saat sonra söhbətə başlayırıq. Gecəylə batalyonların biri hücuma keçib, Füzuli istiqamətində qəbiristanlıq deyilən ərazi var- ordan. Açığı həmin istiqamətə biz də qəbiristanlıq deyirdik. Müharibədən öncə dəfn edilən aəzrbaycanlıların qəbiristanlığıdır.

Anidən düşmən minaatanlardan biz keçdiyimiz əraziləri vurmağa başladı. Ardıyca da pulemyotlar...

Çoxlu şəhid və yaralı verdik. Nə çıxa bilirik, nə də qoruna. Bir növ düşmən qarşısında ani pusquya düşmüşük.

Həmin briqadanın gizirini tərifləyirlər. Çox adamı o xilas etdi. Çox təcrübəli idi , düz beşə dəfə təkrar o neytrala girərək, hər dəfə bir yaralını çıxardı. Biz də pərən-pərən düşdük. Gəlib bura çıxmışıq. Açığı istiqamətimizi bilmədən bura çıxdıq, bəxtimiz gətirib.

Birinin 22, digərinin 25 yaşı var. Qusarın kəndlərindəndirlər. Ləhcələrinə görə ləzgisiniz- deyə soruşuram.

"Hə”-deyirlər.

Səfərbərlik elan olunanda xidmətə yenidən gəliblər, şimalda yerləşən briqadımıza( hərbi hissənin nömrəsini özüm qeyd etmirəm) göndəriliblər.

Ordan da cəbhəyə...

O briqadanın heyətində yüzlərlə belə ləzgi soydaşımız döyüşə gəlmişdi.

Maqazinlərinə baxırıq, demək olar 4 maqazində bir neçə güllə qalar, ya yox. Əlavə sursatlar da xərclənib.

Geyim sürünməkdən sanki it ağzından çıxıb.

Daha dəhşətlisə allahları gətirib. Birinin süngü-bıçağı qırılıb. Güllə bəxtindən ora dəyib. Digərinin maqazinindəsə güllə yeri. Bu qədər bəxtiniz gətiribsə sevinin, deyirəm. O boyda bədəndən güllələr ancaq süngü-bıçağa və üzürindəki maqazinə dəyə, sizi qoruya.

Davam edir, yaralıların çoxunu snayperləri ayaqdan vurdu. Yaralı çıxarmağa gələn olanda o birini də, köməyə gələnləri də vura bilsinlər deyə.

Bəlkə də gülə bronjiletə dəyir, elə bilirlər ayağa atıblar. Çünki ayaq qorunmur. Baxıram, bronjiletləri yoxdu.

Hücum vaxtı, bronjiletlə hərəkət etmək olmur...

3-4 saatdan sonra biz gedək deyirlər. Hara gedəssiniz, heç batalyon hardadır, bilmirsiniz, heç mən də bilmirəm sizinkilər hardadır. Mənim özümdəsə rabitə yoxdu.

-Axı, elə bilərlər fərariyik, qaçmışıq.Ya da elə bilərlər ölmüşük, ailəmizə elə deyərlər.

Davam edirəm, mən zabitəm( müharibə vaxtı rütbə taxmadığımızdan adətən bilinmirdi) nə zamansa soruşan olsa, deyərsiniz filan hərbi hissə, filan zabit saxladı, yəni özbaşına qalmamısınız burda.

Gecə vaxtı hara göndərə bilərdim ki? Hələ səhər açılsın...

Səhər yüksəkliyin biz tərəfdə olan hissəsində aşağıdan iki əsgər qışqırır:

-692, 692, 692( hərbi hissənin adını özüm fərqli, olduğu kimi demirəm)

Cavab veririk. Batalyonun bir gün öncəki gecə döyüşündən sonra, səpələnən əsgərlərini axtarırlar.

Bir görsəniz, necə uşaq kimi sevinirdilər. Tez-tez əsgər yoldaşlarını sadalayıb soruşurlar onlardan. Onlarsa bildiklərini deyirlər, filankəs şəhid olub, filankəs yaralı idi, göndərilib və.s.i.

Bizlə görüşüb ayrılırlar.

Deyirəm, gördünüz, yaxşı ki, gecə sizi saxladıq, yoxsa gecə çıxsaydınız, bu dəfə bəxtiniz gətirməz, bəlkə də əsir düşəcəkdiniz.

Adımı, soyadımı deyirəm, sağ qayıtsanız, sağ qayıtsam, bir gün "Ədalət” qəzetinə gəlin, bu günləri yada salıb, bir çay içib, müsahibə edərik.

Bu hadisənin üzərindən 13 aydan çox vaxt keçib, hələ də gələn olmayıb...


2473 oxunub

InvestAZ