XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022



Kəmalə Abıyeva yazır : - MURAD BABAYEV
MƏMLƏKƏT 10:47 / 01.11.2021

Murad Nadir oğlu Babayev Əfqanıstan müharibəsininin şəhidi Nizami Məmmədov adına Sabirabad 1 saylı kənd tam orta məktəbində təhsil alıb. 1982-ci ildə Cəlilabadın Sabirabad kəndində martın 31-də dünyaya gəlib.

31 mart... Doğum günündə sevinə bilməyib Murad. Bəlkə böyüdükcə 31 mart onun taleyini yazıb? 31 mart dəhşətini yaşayıb hər dəfə. Biz xalq olaraq unutmağa meylliyik. Unuduruq.

Murad Nadir oğlu unuda bilməyib heç...

Unutmayıb. 12000-ə yaxın insanın vəhşicəsinə öldürüldüyü, on minlərin soraqsız qaldığı o dəhşətləri necə unuda bilərdi Azərbaycan Ordusunun baş giziri?

Bəlkə 100 ilin arxasından eşidib onların səsini?.. Ona görə hərbiçi olmağa qərar verib?...

Murad Babayev 2002-ci ildə müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra doğma kəndində 3 ay qala bilir.

Xəqani Babayev : Əsgərlikdən sonra 3 ay qaldı evdə. Heç kəsə demədən orduya yazılmışdı. Sonra da hərbi xidmətə getdi, kurs oxudu. 17 ilin hərbiçisidi. Müharibə olacağını eşidəndə Füzuliyə getdim 26 sentyabr gecəsi. Qardaşımın əvəzinə döyüşmək istəyirdim, onu qorumaq istəyirdim...Amma heç görüşə bilmədim. Qoruya bilmədim. Cəlilabadın ilk şəhidi oldu qardaşım...Vətən onun üçün birinci idi-bunu dəqiq bilirəm.

Nadir Babayev və Aruzə xanım 5 oğul böyüdüb. Ailənin böyük oğlu Xəyyam Babayev Birinci Vətən savaşında könüllü olaraq cəbhəyə gedib. 1993-cü ilin qazisi, ikinci qrup əlildir.

Böyük qardaşının müharibə haqda söhbətlərini dinləyən Murad ermənilərin xainliklərini bağışlaya bilməyib.

Unutmayıb baş gizir 31 martda ermənilərin törətdiyi soyqırımı. Qarabağ acısının harayı da qarışıb bu acıya. Hər gün savaşı gözləyib: İkinci Qarabağ Savaşını.

Hərbiçi dostları da bunu təsdiq etdi. Muradın peşəkarlığından, mərdliyindən çoxları danışdı. "Tankı elə bilirdi, elə sevirdi elə bil özü yığmışdı”.

17 illik hərbi xidmətində bilik-bacarığına, peşəkarlığına, intizamına, tapşırıqlara məsuliyyətlə yanaşmasına görə onlarla fəxri-fərmanlarla, yubiley, qüsursuz xidmətə görə medalları ilə təltif olunub.

Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azadlığına görə” medallarına layiq görülüb.

Aprel döyüşlərində, Lələtəpə yüksəkliyinin alınmasında da xüsusi xidmətləri olub Muradın.

2020-ci il sentyabrın 27-də ilk döyüşə qatılanların sırasında savaşıb. Ermənistan işğalında olan torpaqlarımızın azadlığı uğruna canından keçib.

Hərbiçi dostu Valeh bəyin "elə bir oğul idi ki, ondan yazın” sözləri məni kövrəltdi. XTQ-in baş giziri, döyüşlərdə mərdliyi, cəsurluğu ilə fərqlənən

Valeh Bəşir oğlu Aslanov: "Biz dost olmuşuq. 2001-ci ildən tanımışam onu. "Gizir hazırlığı kursu”nda bir yerdə oxumuşuq Muradla. Fərqli ixtisas seçimi etmişdik. O, tankçı olmaq istədi. Mən xüsusi təyinatlı. Murad kimi oğullarla bir yerdə bir ömür yaşamışam-hərbiçi ömrü. Onların igidliyinin şahidi olmaqdan qürur duymuşam həmişə. Murad tək öz tankıyla bir batalyon kimi döyüşürdü. Tankçılar ölümlə üzbəüz görüşə gedir əslində. Əsil qəhrəmanlıq simvolu idi. Tankını vurublar. Tank yanıb, amma o döyüşüb. İlk gündən şəhid olmağa hazır idi. Valeh Aslanov "Laçının azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü medalları ilə təltif olunub.

Aruzə xanımın söylədikləri: Təmkinli, astayerişli, astasəsliydi mənim balam. Diqqətli, ailəcanlı idi. Hərbiyə gedəndən hazırlayırdı bizi bu xəbərə. "Mənim hərbiçi olduğumu unutmayın. İstənilən döyüşdə birinci döyüşməliyəm, şəhid də ola bilərəm”- deyirdi arada. Hərbiçi idi, həsrətini çəkirdim həmişə. İndi də həsrət qaldım balama. Vətənsevdalıydı oğlum...

Ailəsi ilə Füzulidə yaşayıb. Xanımı Xalidə Hümbətova: 26-da gecə yola saldı bizi. Sübh çağı zəng elədi, 5-in yarısında. Sizi çox istəyirəm, bilirsən. Özünüzdən muğayat olun. Çox dəyərliydi. Diqqətliydi. Həmişə mənə Xal deyərdi...Əzizləyərdi...

Tank komandiri idi qəhrəmanımız. Vətən savaşında tankçılarımız xüsusi şücaət göstərib. Tək düşmənin deyil, ölümün də üstünə gediblər. Qalib olublar.

Füzuli rayon Mahmudlu 2 kənd tam orta məktəbinin müəlliməsi dövlətinin əsil vətəndaşlarından olan Narınc xanım

Məmmədova da Muradı unutmur: Hamının sevimlisi idi Murad Babayev. Hər kəsin hörmətini qazanmışdı. Övladları bizim məktəbdə oxuyurdu. Nümunəvi şagirdlər idi. Ata kimi də çox məsuliyyətliydi. Vaxtı məhdud olsa da, tez-tez məktəbə gəlir, övladlarının dərsləriylə maraqlanır, dəslərdə iştirak edirdi. İlk şəhidlər gələndə dözməyib məscidə getmişdim. O ilk şəhidlər gözümün qarşısındadı.Tankçılar idi...Unutmaq olmur.

Əlbəttə, Narınc xanım, xalqının acısını, yüz illərin yanğısını içində daşıyan Muradları unuda bilmərik. Qəlbi, beyni, ağlı o qədər yanıb ki, yanan tankın istisini hiss etməyib. Sonacan döyüşüb...

Onları unuda bilməyəcəyik. İlk şəhidimizi də, son şəhidimizi də. Unuda bilmərik. Haqqımız yoxdu.

Onları unutmaq torpağı unutmaq deməkdir.

Torpağı, yurdu uğruna son nəfəsəcən yananları necə unutmaq olar?..

Oktyabr,2021

Kəmalə Abıyeva


25074 oxunub

InvestAZ