XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Bura “Azərbaycanın Parisi” olacaq
Gündəm 07:48 / 24.10.2021

Türkiyə və Azərbaycan Erməni işğalından azad edilmiş Zəngilan rayonunda illərlə boş qalan torpaqları kənd təsərrüfatı üçün hazırlayır.

Yenisəs.az Teleqraf.com -a istinadla xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu” agentliyində dərc olunmuş məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, Azərbaycan işğaldan azad edilmiş bölgələrdə geniş yenidənqurma və inkişaf layihələri həyata keçirir:

"Bölgədə yeni yollar, elektrik stansiyaları salan, dağılmış yaşayış məntəqələrini bərpa edən Azərbaycan hökuməti aqrar sahənin inkişafı üçün çalışır. Bölgədəki bütün layihələrdə Azərbaycana dəstək verən Türkiyə prioritet sahələrdən biri kimi müəyyən edilən kənd təsərrüfatı sektorunun inkişafına dəstəyini davam etdirir. Bu çərçivədə işğaldan azad edilmiş Zəngilanda türk şirkətlərinin qatqısı ilə müasir texnologiyalarla kənd kəsərrüfatı işlərinin həyata keçiriləcəyi park qurulur.

Fasiləsiz davam edən təsərrüfat parkında əkin sahələri, istixanalar, mal -qara ferması, kəsim yerləri, yem fabriki və meyvə bağları olacaq. İşçilər üçün yaşayış və istirahət yerlərinin tikildiyi parkda Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidə, meşə sahəsi və məscid tikilməsi də planlaşdırılır.

Tullantıları enerjiyə çevrəcək biokütlə qazlaşdırma qurğusunun və damlara günəş panellərinin qurulması parkın elektrik enerjisinə olan tələbatının bir hissəsini qarşılamaq məqsədi daşıyır.

Parkda bütün işlər türk və azərbaycanlı mühəndislər və digər işçilər tərəfindən həyata keçirilir”.

Parkın tikintisinə rəhbərlik edən layihə rəhbəri Yasin Yavuz "Anadolu”ya açıqlamasında bura iki ay əvvəl gəldiyini və bu müddət ərzində böyük dəyişikliklərin şahidi olduğunu bildirib.

Yavuz ermənilərin işğal dövründə - illərlə bu torpaqları boş buraxdıqlarını deyib:

"Gələcəkdə burada çox fərqli Qarabağ olacaq. Çox məhsuldar torpaqları var. Suyu var. Zəngin torpaqlardır. Biz yaşayış yeri salırıq. İşçilər üçün 5 ulduzlu otel standartında yaşayış yeri tikirik. Azərbaycanlı və türk mühəndislər birlikdə işləyir. Azərbaycan dövləti bura çox böyük yatırımlar qoyur. Bölgədə bir çox Türkiyə və Azərbaycan şirkəti işləyir. İnfrastruktur layihələri sürətlə həyata keçirilir. Buranı bir-iki ilə tanıya bilməyəcəyik. Bura "Azərbaycanın Parisi” olacaq”.

Tikinti işlərinə rəhbərlik edən azərbaycanlı mühəndis Elvin Əliyev də türk dostları ilə ahəngdarlıq içində işlədiklərini bildirib.

Təsərrüfat parkında bir çox insanın işlə təmin olunacağını bildirən Elvin Əliyev təcrübələrini türk işçilərlə bölüşdüklərini söyləyib.



883 oxunub

InvestAZ