XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Əlisəfa AZAYEV yazır: - Qorxunc məxluq Hekayə
Ədəbiyyat 11:26 / 23.10.2021


        

Mülkücahan arvad evinə qrad mərmisi düşüb beş qızını,  üç oğlunu itirəndən sonra əri ilə yalqız qalmışdı. Böyük oğlu cəbhədə çoxdan həlak  olmuşdu. Şəhid anası sayılırdı. Çox çəkmədi ki, ərinə də bədbəxtlik üz verdi. Erməni quldurları onun qoyunlarını əlindən alıb aparanda savaşmış, ona xəsarət yetirmişdilər. Bu səbəbdən çox da yaşamadı.             

Yeganə pənahı, təsəllisi ermənilərin ağır yaraladığı Qaraca it idi. İt də tək qaldığı üçün evin bütün tör- töküntüsü, sür-sümüyü ona çatırdı. Bi səbəbdən tez sağaldı. Həm də demə hamilə imiş. Çox keçmədən özü kimi qara rəngli  düz doqquz bala dünyaya gətirdi. 

         Qadın dərdli, boş - bekar olduğu üçün, günü elə onlarla keçərdi. Onları yedizdirər, körpə uşaq kimi sığallayar, oynadar, yuyundurardı. Sanki onları gördükcə öz övladlarının uşaqlıq illərini xatırlayır, mehrini onlara salırdı.

         Onun yaşadığı ərazi bitərəf zonada idi. Arada bizimkilər hamını köçürsələr də, o, getməmiş, "uşaqlarımın, ərimin  qəbirlərini sahibsiz qoya bilmərəm” demişdi. Buna görə də ona toxunmamışdılar. Ancaq arada bir hərbiçi lap təkid elədi, "Sənə görə paqonumu itirə bilmərəm” desə də, qadın qaçıb gizləndi, Bir müddət gözə görünmədi.

         İtlər isə günü-gündən böyüyürdülər. Ancaq bir müddət  onların heç nədən boğuşmaları, möhkəm səslə, hündürdən hürmələri qadını narahat etməyə başladı. Onlara acıqlandı:

-         Sakit!

-         ...

-         Susun!

-         ...

-         Öldürərəm sizi!

Bu sözlərinin çox da kəsərli olmadığını görüb, onların arada qulaqlarını,

quyruqlarını kəsdi. Ancaq yenə də dəcəl küçüklər sakitləşmirdilər. Qadın onları övladlarını əzizlədiyi adla çağırardı: Dodu, Şoşu, Dolma, Toppuş, Nurik... Arada əlacsız qalıb kötəyə əl atır, onları sakitləşdirirdi. Sanki o ciddi bir müəllimə idi, küçüklər şagirdləri:

-         Dodu, sakit!...

-         ...

-         Şoşu, qalx!...

-         ...

-         Dolma, vuraram ha!...

-         ...

-         Toppuş, bəri gəl!...

-         ...

-         Nurik, səninlə deyiləm?!.

Madar, Xosu, Xoren, Zilli nisbətən sakit idilər. Ancaq hərdən onlar da dəcəllik

edəndə, hündürdən hürəndə onları kötəkləyir, cəzalandırırdı. Bu səbəbdən çox keçmədi ki, itlər sanki dilsiz şeytanlara çevrildilər. Xüsusilə daha ucadan hürüb səs salanları ac-susuz qoydu, günlərlə qayğılarına qalmadı. İtlər də sanki hər şeyi başa düşüb, onun iadəsinə tabe oldular.

         Əslində Mülkücahan arvadı da bir o qədər qınamağın adı yox idi. Ermənilərin cəbhə xətti lap yaxınlıqdan keçirdi. Hərdən onların qaçaq- quldurları da kəndə gəlib, o cürə zəhmətlə ucaltdıqları  evləri söküb aparırdılar. Onların evi bir qədər kənarda, uçuq-sökük olduğu üçün ona göz dikən yox idi. Qırad mərmisi hər şeyi xaraba qoymuşdu axı...

         Əsasən gündüzlər itləri tövləyə salıb, ağızlarını bağlayar, axşamlar açıb buraxardı ki,  özlərinə dovşandan, quşdan tutub yesinlər, ac qalmasınlar. Onun ehtiyatı harada idi... Evdə olan çörək, un, taxıl özünə güclə çatırdı. Bu səbəbdən də toyuqlarının da sayı azalmış, qoyunları, mal-qarası yox idi.

         Arada yanına bir keçi təzib gəlmişdi. Ona elə meyl salmışdı ki... Bir gün gördü ki, ac itlər onu parçalayıb yeyirlər... Bəlkə də elə bu səbəbdən bərk hirsləndi...Yorğan- döşəyə düşdü. Onların qarasına o ki var deyinməkdə idi:

-         Qansızlar, siz də ermənisiz...

Sonra isə özü-özünə təsəlli verirmiş kimi dedi, danışdı:

-         İtləri də nə qınayasan? Nə vaxtdan bəri idi ki, ac-susuz idilər. Bu yağıların Allah

bəlasın versin. Kəndə su gəlməsinə də imkan vermirlər...

İtləri isə qəbahətli hərəkətlərinə görə hələ də tövləyə salmış, oradan çıxarmır, açıb

buraxmır, cəzalandırırdı...Bir yana baxanda əslində özü ağır xəstə idi, yaxşı yeyib –içmədiyi üçün zəif düşmüş, yerindən qalxa bilmirdi. Onların gah mırıltı, gah da zıngilti, gah da hürüş səslərini eşitdikcə onları lənətləyir, deyirdi:

-         Alın payınızı, çəkin cəzanızı, qansızlar. Heç olmasa o keçini sağıb başımı

dolandıracaqdım da. Oözü də mənə həyan idi... Onunla gəzib dolanırdım...

Gecənin bir aləmində qadın həyətdə hənirti duydu. Elə bil ki, kimsə həyətdə gəzir,

ora-bura baş çəkir, baxırdı. Diqqətlə baxanda onların iki erməni saqqallıları olduğunu gördü. Onların biri hey donquldanmaqda idi:

-         Ara, bu tövlada  na ola bilar ki!

-         Aç baxaq da...

-         Açım da...

Elə bu an nə vaxtdan içəridə ac-susuz yatan itlər qırğı tək onların üstə atıldılar,

cumuşdular. Artıq xeyli böyümüş, yekə it idilər. Ermənilər yıxılıb qaça-qaça  bağırışmaqda idilər:

-         Ara, qoyma!...

-         Ara, mani oldurdu!...

Onlar o qədər karıxmışdılar ki, silahlarını  da işə sala  bilmədilər.İtlər  bir andaca

onların  paltarlarını, üzlərini gəmirib tökdülər,  silahlarını əllərindən aldılar...

         Mülkücahan arvad qorxusundan həmin  gecə həyətə düşə bilmədi. Səhərə yaxın ürəklənib qapını açdı. İtlərin qarasına gileylənə-gileylənə qaldı. Bir azdan onlar ağzı qanlı geri qayıdanda lap dilxor oldu. Pıçıldadı:

-         Vallahi, bir gün bunlar məni də  yeyə bilərlər...

Ancaq onların  oynatdığı,  ağızları ilə tutub o tərəf -bu tərəfə  sürüdükləri, bəzən də

bu  silahların  üstə  mırıldaşdıqları, diş qıcatdıqları  itləri görüb sakitləşdi. Qəlbi bir andaca  qürur hissi ilə  döyünürdü. Heç olmasa onlar onun ərinin,  oğlanlarının, qızlarının  qisasını almışdılar. Evdə nə qədər çörək, su  vardısa hamısını gətirib onların qabağına qoydu, tökdü düzdü:

-         Bax bu başqa...

-         ...

-         Ancaq düzüunu deyin, onları öldürmədiniz ki?

-         ...

-         Yox?!

-         ...

-         Hə belə edin...

-         ...

-         Biz ki, erməni deyilik...

-         ...

-         Hara  getsə  insandılar... Onların da ailəsi, gözləyənləri var...

-         ...

-         Vadar ediblər də... Bəlkə də  çoxu bu qanlı çarpışmaya razı deyil, məcbur olub

cəbhəyə gəlib...Elə silahlarını alıb gətirsəniz bəsdir...

-         ...

-         Mən bu gündən sonra  sizin qarnınızı tox edəcəyəm ki, onlarla  işiniz olmasın...

-         ...

-         Yox-yox... Silahlarını alıb gətirin...

-         ...

-         Silahsız əsgər elə mənim tayım olar...

O gündən sonra  Mülkücahan arvad anki  təcrübəli bir  komandirə çevrildi,  itlər də onun mərd-mübariz əsgərlərinə. Onun hey səsi, komandaları eşidildi:

-         Dodu, yerində  düz dur!...

-         ...

-         Şoşu, orada  dəcəllik  eləmə!...

-         ...

-         Dolma, nə mırıldanırsan?...

-         ...

-         Toppuş, bir bəri dur!...

-         ...

-         Nurik, gəl səni öpüm, maç eliyim...

-         ...

-         Madar, sırada yerini tut!

-         ...

-         Xosu, az mızılda!

-         ...

-         Xoren, ermənisən ki, erməni!...

-         ...

-         Zilli, az tıx!...

Bax beləcə onlar gündüzlər yatıb dincələr, axşamlar dəstələmə ova çıxardılar. Çox vaxt da

Mülkücahan arvadın onlarla  bir yerə  getməsinə ehtiyac qalmazdı. Ərinin adı ilə adlandırdığı  Qara kişi onları hər yana  müsəlləh aparıb-gətirərdi. Onları hər dəfə bir silah gətrən də görüb  səslənərdi:

-         Belə də!

-         ...

-         Afərin!

-         ...

-         Əhsən!...

-         ...

-         Halal olsun sizə!...

Bir neçə gündən sonra müxalif erməni mətbuatında belə bir yazı dərc olundu:

 " Hərbi komandanlıq gizlətsə də, etiraf etməsə də, cəbhə xəttində  çox qorxunc məxluqlar , canlılar peyda olub.  Onlar neçə əsgərimizi, zabitimizi qanına qəltən ediblər. Əsil  qan içən vəhşilərdi... Qurbanlarına  aman vermir,  onların silahlarını da çırpışdırıb aparıblar. Bəzi məlumatlara görə zil qara gəngli bu böcəklər  düşmən tərəfinin  yeni, müasir  baktereloji silahıdı. Müdafiə Nazirliyi hələ də  bu məsələyə  susqunluq göstərir, əhaliyə doğru, dürüst bir məlumat vermir”...

Mülkücahan xanım bu barədə ərindən qalma  balaca əl  radiosundan eşitdi. Hərdən onu dinləyər, özünə  qulaq yoldaşı bilərdi. Bu məlumatı eşidəndə  gülümsədi, dedi:

-         Ax əclaflar, indi payınızı alın.

Doğurdan da insan ictimai fəallığı, xalqa yararlılığı olanda özünü başqa ruhda

hesab edir. Mülkücahan xanım da indi bu səbəbdən lap dirçələn kimi idi. Onun tövləyə yığdığı  silahların isə sayı-hesabı bilinmirdi. Çoxu da avtomat silah idi.  Onların arasında  beşatılan, qoşalülə, təklülə ov silahı, tapanca, patron dəstləri də vardı...

         Bizimkilər izə düşüb gələndə, tövləyə girib, silahlara baxanda,  heyrət  içində dilləndilər:

-         Aman Allah, bunların içində  tank əleyhinə silahlar, pulemyotlar da var ki!...

-         Hə!...

-         Əsl cəbbəxanadı!...

-         Yüz kişinin işini görüblər!...

-         Bəs itlər hanı?!

Qadın  gözləri dolmu halda  pıçıldadı:

-         Daha nə edim... Əlacım kəsildi... Onları zəhərləyib öldürdüm...

Polkovnik sanki ağlayacaqdı, heyrət içində soruşdu:

-         Axı nə üçün?!...

-         Dedilər ki, onlar bizimkilərə də toxunub... Bir əsgəri yaralayıblar...

Mayor rütbəli bu tosqun zabit  vaysındı:

-         Aman Allah, siz nə etmisiniz?!..Onlar bizim briqadadan çox iş görüblərmiş!...

Qadın heç cürə sakitləşə bilmirdi. Ağlaya-ağlaya dedi:

-         Bəyəm mənim üçün asan idi... Onları görəndə  elə bil ki,  öz övladlarımı

görürdüm...Sizin o caydaq, keçəl zabitiniz var ey... Gündə gəldi məni ölümlə, buradan köçürməklə  hədələdi... Dedi ki, qarşı,düşmən tərəfi  narazı salmışam. Bu səbəbdən atəşkəsi pozub, Avropa səlahiyyətlərinə,  sülhməramlılarına  şikayət ediblər.

-         Belə bir söhbət olsa da, ancaq çox nahaq... Onları sən öldürməməli idin...

Komandanlıq həmin itlərə abidə ucaltmaq, heykəl qoymaq istəyir...

Əgər yolumuz "N” hərbi  hissəsinə  düşsə, həqiqətən də  boyun qaya parçasından yonulmuş anası Qaracanın  yanında dayanmış  doqquz balaca qaraca küçük balası  diqqətinizi cəlb edəcək.Mülkücahan arvad hərdən  ora  gəlib, həmən abidənin  önünə gül-çiçək  dəstələri qoyur, əsgərlər onu sorğu suala tuturlar:

-         Xala, Dodu onun hansıdı?

-         Bax, bu...

-         Bəs, Şoşu?...

-         Şoşu da bu ...

-         Dolma nə koppuşdu...

-         Hə...

-         Toppuşa bax ey...

-         Nurik balacadı...

-         Madarı elə bil ki haradasa görmüşəm...

-         Xosu özün çəkib...

-         Xoren... Gərək ona erməni adı qoyaydınız?

-         Zilli canlı çıxıb...

İtlərin, onun  sahibinin  dövlət səviyyəsində mükafatlandırılması mərasimi oldu. İcra hakimiyyətində  keçirilən bu tədbirdə başcı Mülkücahan arvadı əsil mənada öyməkdə idi:

-         Yaxşı deyirlər ki, erkək ürəklidi bizim bu xanım...

Ona təzə mənzil hədiyyə edildi. Cəsur itlərinə onun yaşadığı küçədə xatirə lövhəsi vuruldu. Lakin qadını orada çox da saxlaya bilmədilər. Səsi, sorağı yenə cəbhədən,  köhnə yurd yerindən gəldi. Arada söz-söhbət gəzdi ki, Mülkücahan  arvad yenə qorxunc  məxluqlar yetişdirir... Təki belə olsun, torpaqlarımız azad  olunsun!..

 

 

 



1636 oxunub

InvestAZ