XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Əbülfət Mədətoğlu yazır :- “ Sən özün istətdin özünü mənə”
YAZARLAR 09:43 / 20.10.2021


Salam,İbrahim Yusifoğlu

Bu gün dünyada hallallığın az-çox qaldığı bir yer var.O da Söz dünyası,söz ölkəsi,Söz məmləkətidi!!! Təbii ki, bu dünyanın belə halal qalmasının müxtəlif səbəbləri var.Bu səbəblərin içərisində ən birincisi isə halal adamların,işıqlı insanların,sözlə yaşayıb sözlə oturub duran qələm sahiblərinin varlığıdı.Yəni söz bu insanların çörəyi,suyu,havası,dayaq nöqtəsi olduğundan bunlar da məhz o çörəkdən,sudan,havadan bəhrələnib öz dayaqları üzərində sözü də yaşadırlar,sözü də göyərdirlər, sözü də məlhəmə,can dərmanına,ümid yerinə çevirirlər.Və beləcə də söz adamları böyük sözün sayrışan işıqları altında sinələrini ağ vərəq kimi açıb qoyurlar ortaya.Yaddaşlarından,duyğularından,arzularından qanadlanan misraları söz-söz bir-birinə calayırlar,bir-birinə bənd edirlər,bir durna qatarı,bir söz karvanı yaradırlar. Elə bir karvan ki,onun sarvanı da elə sözə könül vermiş qələm adamının özü olur.

Təbii ki,böyük söz harda yaranmağından,harda doğulmağından , hansı evdə,hansı masanın arxasında,şam işığında və yaxud da eləcə elektrik lampasının altında dünyaya gəlməsindən asılı olmayaraq, öz böyüklüyünü hər kəsə təqdimatsız göstərə bilir və bu görünən böyük sözün tərcümana ehtiyacı olmur. Oxuyursan və elə blirsən ki, o söz sənin həmsöhbətin,həmdərdin,

sirdaşın,lap elə bəzən də sənin öz sözündü.Bax, bu məqama,bu mərtəbəyə yüksələn söz və söz sahibi həmişə gözü-könlü tox, halal, heç kimsədən heç nə ummadan Allahın verdiyi ömrü istedadın və zəhmətin qanı bahasına sözə çevirir. Böyük SÖZə!!

Bu günlərdə yaradıcılığını ardıcıl izlədiyim, ”Ədalət”in səhifələrində imzasını oxuculara təqdim etdiyim bir söz adamıyla yenidən görüşdüm.Burda bir məqamı qeyd edim ki,mənim üçün söz adamlarının hamısı son dərəcə qiymətli və doğmadı. Onların hansı bölgələrdən, hansı kənddən, hansı siyasi düşərgədən olması mənim üçün heç bir əhəmiyyət daşımır.Mən sadəcə o adamların şəxsiyyətlərindən daha çox sözlərinin vurğunuyam,aludəçisiyəm,sorağındayam.Və həmişə də o adamlara qapım da, ürəyim də açıqdı. Bax, bu adamlardan biri də qələm dostum,qədim Naxçıvanın Şərur bölgəsində yaşayan İbrahim Yusifoğludu.Onunla ilk tanışlığım əvvəldə dediyim kimi, qəzet səhifələrindən başlayıb.Sonra redaksiyada görüşlərimiz olub və hər təzə yazısını, hər görüşünü maraqla izlədiyim ibrahim müəllimin səmimiyyəti doğrudan-doğruya məni özünə çəkib, inana bilməmişəm ki, 60 yaşının astanasında olan ibrahim müəllim özündən yaşca kiçik, yaxud böyük olan insanlara bu qədər mülayim, bu qədər səmimi, bu qədər təvazökar bir münasibətdə yanaşır. Və o hər kəsə elə bir doğmalıq nümayiş etdirir ki, bunun halallığına, ürəkdən gəlməsinə iynə ucu boyda da şübhə yeri qalmır. Özü də Naxçıvandan Bakıya hər gəlişində elə bil ki,özüylə ürəyinin tutumu qədər bir Naxçıvan gətirir,bir Şərur gətirir.İxtisasca pedaqoq olan ibrahim müəllim şəxsən mənimlə söhbətlərində şairliyi ilə yanaşı, müəllimliyinin də böyüklüyünü ruhuma elə hopdurur ki, özümü onun qarşısında az qala tələbə kimi hiss edirəm.

İbrahim Yusifoğlunun kitablarının böyük əksəriyyəti mənə bəllidi və bu kitablarda qələm dostumun xoş arzularını ifadə edən avtoqraflar da var. Mən avtoqraflarla aldığım kitablara xüsusi bir önəm verirəm.Həmin kitablardan biri də indi sizə barəsində söz açdığım İbrahim Yusifoğlunun "Seçilmiş əsərlər-1” kitabıdır. Xatırladım ki, 5 cilddən ibarət olacağı nəzərdə tutulmuş bu əsərlər " Şirvannəşr” mətbəəsində çox nəfis bir şəkildə çap olunmağa başlayıb və artıq kitabın 1-ci cildi də işıq üzü görübdü. Bu yazını da yazmağa məni məhz həmin 1-ci cild vadar etdi.

Mərhum xalq yazıçımız Hüseyn İbrahimovun xeyir-duası ilə başlanan kitaba əməkdar elm xadimi, AMEA-nin həqiqi üzvü İsa Həbibbəylinin və Naxçıvan MR-nın Yazıçılar Birliyinin sədri,əməkdar mədəniyyət işçisi "Tərəqqi” medallı Asim Yadigarın ön sözləri ilə başlanan kitabı demək olar ki, söz-söz, misra-misra oxudum. Bu cilddə şairin müxtəlif illərdə,müxtəlif ovqatlarla qələmə aldığı şeirlər toplanıbdı. Xüsusi qeyd etmək istəyirəm ki, 70-ci illərdən başlayaraq qələmə alınan bu şeirlərdəki səmimiyyət, coşqulu ilham və oxucuya layiqli töhfə vermək istəyi 2011-ci ildə yazılan şeirlərə qədər davamlı bir yol gəlir, yəni şairin səmimiyyəti də, coşqulu ilhamı da öz axarında. öz mərtəbəsindədi. O, sözləri duyduğu,yaşadığı kimi bərbəzəksiz, necə var o cür də kağıza köçürür. Sadəcə ona öz ruhunu, öz duyğularını, öz düşüncələrini hopdurur.ibrahim Yusifoğlunun uğuru da məncə məhz elə burdadı. Məsələn, onun ”Özüm haqqında şeir”inə diqqət yetirək:

Heç kimlə işi olmayan,

Bir parça çörək üçün

Kimsəyə əl açmayan

Yusif kişinin ailəsində.

Mənim dünyaya gəlməyimi

Çox adam bilməyib,

Adıma aş asılmayıb,

Qurbanlar kəsilməyib.

...Bu gün gözüm yoxdu varında-dövlətində

Adında-sanında heç kimin.

Qayəsinə,ahənginə baxın şeirimin,

Siz Allah,yerini soruşmayın iş yerimin!...

Bəli,əslində bu həm də avtobioqrafiyadı.Sadəcə, bir parçasını təqdim etdiyim bu şeirdə ibrahim müəllim özünün və soyunun kimliyini,dünənini,bu gününü çox kövrək bir mizrab üstündə oxucuya pıçıldayır və oxucu da bu şeiri çox rahatca həzm edir. Çünki burada şair

qışqırığı yox,səmimiyyəti hakimdi. Və yaxud” Şeir oxuyursan titrək bir səslə”şeirində olduğu kimi:

Yox yox bu titrəyiş meh ola bilməz

Hələ qəlb isidən gün gəlməliydi.

Bəlkə də mələkdi,eh ola bilməz,

Heç kim məni belə kövrəltməyibdi.

Bu sənsən önümdə necə həvəslə

Şeir oxuyursan titrək bir səslə.

Doğrudan da könlümü ovlayan,qəlbinə sahib çıxan bir varlıq sənin üçün həmişə qeyri-adi,həmişə əlçatmaz,həmişə təəccüb doğurandı.Və şairin titrək səslə şeir oxuyan Allah bəndəsinin barəsində kağıza köçürdükləri də məhz onun o qəribə varlığa,o sevgi ilahəsinə ehtiramının bir fərqli təqdimatıdı.

Ibrahim Yusifoğlunun "Seçilmiş əsərlər”inin birinci cildində toplanmış şeirlər 7 başlıq altında təqdim olunubdu.Mövzu baxımından şeirlərin bölgülənməsi təbii haldı, ancaq mən İbrahim müəllimin kitabındakı bu daxili bölgünü şərti qəbul etdim.Çünki onun şeirlərində istər özü barəsində yazsın,istər doğulduğu bölgə barəsində,istər bütöv Azərbaycan barəsində,istər sevgidən,istər məmləkətin problemlərindən,istər Qarabağdan,istər Xocalıdan,istər dünyanın dərdlərindən bir sözlə,bu şeirlərin hamısında bir ürək çırpıntısı,bir səmimiyyət və bir də sözə çox həssaslıqla yanaşmaq məharəti özünü göstərir.Məsələn,onun Xocalı ilə bağlı yazdığı şeirdə deyilir:

Üzlərə baxmağa gözüm utanır,

Təsəlli verməyə sözüm utanır.

Halına yanmağa üzüm utanır,

Namərdlər əlində qalan torpağım,

Xocalım hey,Xocalım

Bu şeirə bir qaçqınlıq həyatı yaşayan söz adamı kimi diqqət yetirəndə məni daha çox mütəəssir edən ibrahim müəllimin son dərəcə böyük səmimiyyətidir. Şair qardaşım digər soydaçlarımızdan fərqli olaraq Xocalının halına təkcə yanmır,həm də bu faciəyə görə özünü günahkar sayır, öz günahına görə başını qaldırıb üzlərə baxmağa utanır.Təəssüf ki, Xocalının odlara qalanmasında günahkar olanlar bu hissi ümumiyyətlə öz varlıqlarında gəzdirmirlər, yaşatmırlar, onlar utanmağın nə olduğunu bilmirlər. Amma Tanrıya üz tutan İbrahim Yusifoğlu hər misrasında böyük yaradandan bu xalqın dərdlərinə əlac tapmaqda,problemlərinin çözümünə yardım göstərməkdə öz böyüklüyünü əsirgəməməyi xahiş edir.

İbrahim Yusifoğlu bu dünyanın ən xırda problemlərindən tutmuş, ən böyük, ən qlobal dərdlərinə qədər hər birinə həssaslıqla yanaşır. Bir vaxtlar xalq şairi, mərhum Osman Sarıvəllinin yazdığı "Hər kim yüz il yaşamasa, günah onun özündədir” deyiminə bir şagird səmimiyyəti ilə öz etirazını da bildirir.Yəni İbrahim Yusifoğlu bu günün boyumuzdan hündür olan dərdlərinin içərisində yüz il yaşamağın təkcə qeyri-mümkünlüyünü yox, həm də bu dünyanın çirkablarına bulaşmağın arzu edilən olmadığını da dilə gətirir və belə bir ömürdən imtina edir.

Ümumiyyətlə,insan üçün öz-özünə hesabat verə biləcəyi guşələrdən biri də qəbiris- tanlıqdır. Hər dəfə itirdiyimiz bir insanın dəfn mərasimində biz daxilən özümüz üçün bir hesabat veririk. Amma təəssüf ki, qəbiristanlıqdan çıxanda bir qismimiz o hesabatı unudur, yenə öz köhnə ampulamıza qayıdırıq.Amma İbrahim müəllim məzar daşlarına,itirdiyi doğmalara,eləcə də 41-45 arasında itkin düşənlərə, naməlum məzar sahiblərinə ünvanlanan şeirlərində, həmçinin boşalan, iş dalınca digər məmləkətlərə, böyük şəhərlərə üz tutan evlərin sahiblərinə ünvanladığı şeirlərdə o qədər kövrək notlara toxunur ki,onlara biganə qalmaq olmur.Məsələn:

İzimi tapmadım torpaq,daşımda,

Gözlərim dolaşdı kəndin qaşında,

Mənim üçün qazılan məzar başında,

Mən özüm-özümü ağlayan gördüm.


Və yaxud:


Hava şaxtasızdı,səma dupduru,

Bənövşə,dodağın yenə bal dadır.

Səni aldatmasın günəşin nuru,

Hələ qış qabaqda,qar qabaqdadı.


Və yaxud:


Bu dünyanın 41-45 arası,

Bu dünyanın dərd-sərinə bəsidi.

Bu dünyanın ən kədərli nidası,

"Oğul” deyən bir ananın səsidi.

Qələm adamı sözün dünyaya gəlişini o vaxt bayram edib ki, o söz birnəfəsə oxunur və dərhal da ruha hakim kəsilir.Bu mənada İbrahim Yusifoğlunun hətta kimlərəsə ithaf etdiyi şeirlərdə də, təbiətə ünvanlanan misralarında da şair oxucunu özününküləşdirir, bir az da açıq

desəm, oxucu şairin özünə çevrilir. Və bu da şeirin həm səmimi notlardan bəhrələnməsinin, həm də peşəkarlığın nəticəsidir. Yəni sözün üstündə təkcə əsmək yox, ona həm də ürək, qan vermək lazımdı. Elə ibrahim Yusifoğlu da ruhən həm də sözlə yaşamaq peşəkarlığı prizmasından məhz şeirə bu cür yanaşır, şeirlə bu cür davranır.Onun cənub həsrətli, Təbriz nisgilli misraları, bayatıları, həmçinin hər bir qələm adamının əbədi mövzusu olan məhəbbət şeirləri oxucunu doğrudan-doğruya özünə çəkir.Şair yazır:

Bu yaz gözəllikdə sənə bənzəyir,

Lalələr açıbdı yanaqlarında.

Çəmənlər,çiçəklər səni səsləyir,

Arılar bal duyub dodaqlarında.


Və yaxud:


Gedir həyəcanla,gedir gör necə,

Yol boyu xoş söz də arayacaqdı.

Nəmli saçlarını onun bu gecə,

Bir gözəl əlləri darayacaqdı.

Və nəhayət İbrahim Yusifoğlu oxuculara təqdim etdiyi əsərlərinin 1-ci cildində biz oxuculara bir şeir çələngi bağışlayıb.Yəni bu kitab əslində şeir çələngidi.Bu çələngdə təbiətin bütün rəngləri öz əksini tapıb və şair də bu rəngləri məharətlə özü istəyənlərə təqdim edibdi. Uğurlar olsun!



2241 oxunub

InvestAZ