XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Akif Aşırlı: "Yüz dollara da kitab alıram..." - Müsahibə
MÜSAHİBƏ 20:52 / 18.10.2021

Yenisəs.az bildirir Kİ,Teleqraf.com-un "Kitabxana” rubrikasının bu dəfəki qonağı "Şərq" qəzetinin baş redaktoru, tarixçi-alim Akif Aşırlıdır.

Onunla müsahibəni təqdim edirik.

- Akif müəllim, sonuncu dəfə hansı kitabı oxumusunuz?

- Hazırda oxuduğum kitab Azərbaycan Xalq Cumhuriyyəti ilə bağlıdır. Kitab "Osmanlı arxivlərində xalq cümhuriyyətinin sənədləri” adlanır. İki il əvvəl çap olunub, "Teas press” nəşriyyatının kitabıdır. Kitab müəlliflərin Osmanlı arxivlərindən Azərbaycan Cumhuriyyəti ilə bağlı əldə etdiyi sənədlərdən bəhs edir. Bununla yanaşı, türk mətbuatında 1918-1920-ci il cümhuriyyəti ilə bağlı məqalələr toplusunu oxuyuram.

- Belə başa düşdüm ki, tarixi mövzularda kitabı oxumağı sevirsiniz…

- Bədii ədəbiyyata o qədər meyl eləmirəm. Daha çox tarixi ədəbiyyat oxuyuram. Bəlkə bu, tarixçi olmağımla bağlıdır. Bir də mətbuatla, jurnalistika tarixi ilə bağlı araşdırmalarım var. Universitetlərin jurnalistika ixtisası üçün "Azərbaycan mətbuatı tarixi” dərsliyini yazmışam.

- Ən çox sevdiyiniz tarixi əsər hansıdır?

- Konkret olaraq hansısa tarixi əsər üzərində dayanmaq istəməzdim. Ümumiyyətlə, əlimə tarixlə, Azərbaycan tarixi, məxsusi olaraq da Türkiyə tarixi və Türkiyənin istiqlal tarixi dönəmi ilə bağlı kitablar keçərsə, mütləq oxuyuram.

1919-1923-cü illəri əhatə edən kitabların hamısını oxuyuram. Ancaq hazırda vaxtımızın çoxu sosial şəbəkələrdə keçir, bunu etiraf etməliyik. Feysbukda paylaşılan bədii ədəbiyyat nümunələri, müəyyən statusları, saytların informasiya paylaşımlarını izləyirəm. Lakin boş vaxtım olduqca əlimə keçən tarixi kitabları oxuyuram.

- Ümumi neçə kitabxananız və neçə kitabınız var?

- Doğrusu, kitablarımın sayını bilmirəm. Məsələn, təzəlikcə bir qisim kitabları Milli Kitabxananın "Qarabağa kitabla gedək” layihəsinə təhvil vermək üçün ayırmışam. İş yerimlə yanaşı, evimdə və bağda da kitabxanam var. Ən çox qədim kitabları oxumağı sevirəm. Əski əlifbada olan kitabları aksiondan alıb, ayrıca kitab kolleksiyası hazırlayıram. Bəziləri bunu social şəbəkədə paylaşırlar.

Deyərdim ki, ən zəngin qədim kitabxanalarddan birinə sahibəm və bununla da öyünürəm. Məsələn, məndə "Molla Nəsrəddin”in komplekt nüsxələri var. Təkcə kitabları yox, Azərbaycan mətbuatının 1911-ci ildən bəri bütün nömrələrini sıralamasıyla toplamışam. Əgər aksiona Azərbaycanla bağlı əski əlifbada kitab çıxarılıbsa, yaxud türkcədirsə, alıram. Təkcə cumhuriyyət dövrü ilə bağlı kitabxanamda 200-dən artıq kitab var.

- Kolleksiyada ən qədim kitabın neçə yaşı var?

- Ən qədim kitab 1890-cı ilə aiddir. Kitab "Koroğlu dastanı”nın bir qoludur. İstanbulda çap olunub, satışa çıxarılmışdı, onu almışam.

Əlavə olaraq, 1901-1905-1910-cu illərə aid dini maarifləndirmə kitablarım var. Bəzilərini kitabçıdan o vaxt da tapırdıq, indi bu kitabçıda tapmaq çətindir. Ancaq hərraca çıxarılanda ala bilirəm. Hesab edirəm ki, ən dəqiq və ən ciddi mənbələr də elə onlardır. Çünki zamanında senzuraya məruz qalmayıblar.

Mən pulumun böyük əksəriyyətini elə kitablara sərf edirəm. Məsələn, xeyli miniatür kitablarımın olduğunu deyə bilərəm. Onların arasında hədiyyə olunanlar da, özümün aldıqlarım da var. Kitaba pul xərcləməkdən çəkinmirəm.

- Ən bahalı kitabınız hansıdır?

- Ən bahalı kitabım Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin orjinal toplusudur. Qiymət baxımından da dəyərlidir.

- Qiymətini bilmək olar?

- Məhəmməd Əmin Rəsulzadənin elə kitabı var ki, 100 dollara almışam. 70-50 dollar arasında olanı da var. Hərraca çıxarıldıqca alıram.

- Gəncliyinizdə hansı kitabxanalara gedirdiniz?

- Universitet illərində getdiyim yeganə ünvan Milli Kitabxana idi. Həmişə şənbə və bazar günləri saatlarla orada olurduq. Bəzən günorta gedib, axşama qədər kitab oxuyurdum.

Təkcə Azərbaycanda kitabxanada olmamışam. Məsələn, Türkiyədə ən çox sevdiyim kitabxana İstanbuldakı Bəyazid kitabxanasıdır. Çox zəngindir. Bir də Atatürk Kitabxanası var idi. Ora gedəndə Azərbaycana aid əski kitablar, mətbuat nümunələri vardı. Onların çoxunun nüsxəsini çıxardım.

Azərbaycanda Milli Kitabxanın, Türkiyədə isə adını çəkdiyim kitabxanaların daimi oxucusu olmuşam. Hətta onların əməkdaşları məni tanıyırdılar, deyirdilər, Azərbaycandan qardaşımız gəlib.

- İndi necə, kitabxanaya gedirsiniz?

- Pandemiya səbəbilə indi mümkün deyil, təbii ki. Amma şəhərin müxtəlif yerlərində kitab mağazalarına baş çəkirəm. Kitab sərgilərinə gedə bilməsəm də, bacardıqca təzə kitablar alıram. Gənc yazıçılarımızın, şairlərimizin əsərlərinin hamısını oxumağa vaxt çatdıra bilmirəm, amma mənəvi borc kimi onların kitablarını alıb saxlayıram.

- Sonuncu dəfə hansı kitabı almısınız? Qiymətlər necədir?

- Ötən həftə kitab mağazalarından birində olmuşam. Jurnalist dostum, iş yoldaşım Yusif Nəzərli ilə birlikdə getmişdik. Orda kitablara baxdıq, qiymətlər çox bahadır. Səbəb odur ki, ölkəmizdə çap məhsullarının üzərinə 20 faiz əlavə dəyər vergisi qoyulur. Ölkəyə kağız və kağız məhsulları gətrilləndə də 20 faiz vergi tutulur, çap məhsulu kimi satılan da vergi ödənilir. Bu da kitabların bahalaşmasına gətirib çıxarır.

Çox istərdik, oxu mədəniyyətini formalaşdırmaq, gəncləri daha çox cəlb eləmək üçün qiymətlərə yenidən nəzər yetirilsin. Elə insanlar var, kitab oxumaqla mənəvi cəhətdən qidalanır, o kitablardan faydalanmaq onların da haqqıdır. Azərbaycanda əmək bazarında işçilərin orta aylıq əməkhaqqı ancaq onun yemək, geyim, ailədaxili xərclərinə çatır. Qiymət normal olmalıdır ki, hamı kitab ala bilsin.

- Qeyd elədiniz ki, Türkiyədən də kitablar alırsınız. Türkiyədəki kitab qiymətləri ilə buradakı arasında fərq varmı?

- Əlbəttə. Kitablar ölkəmizə nisbətən Türkiyədə daha ucuz və daha keyfiyyətlidir. Bununla yanaşı, bizdəki kitab sənayesinə nisbətən daha cəlbedicidir. Bunu Azərbaycanda görməyəndə adam bir az təsirlənir, məyusluğa qapılır.

Bəzən deyirlər ki, kənd kitabxanaları bağlanılsın. Hesab eləyirlər ki, artıq yeni intibah başlayıb, internet zamanıdır, hər məlumatı internet üzərindən almaq olar. Bəli, internet məlumatı, bilgini daha sürətli, daha əlçatan eliyə bilər. Ancaq kitabın verdiyi zövqü şəxsən internet üzərindəki mətnlərdən ala bilmirəm. Kitab oxumaq üçün gərək kitab sənayesi inkişaf etsin. Dah sonra müəlliflərlə oxucuların görüşü olsun, xeyli problemlərimiz var.

Məsələn, 5-6 il bundan əvvəl aksiya keçirdik ki, 8 Martda xanımınıza nə almısız? Bəziləri gül-filan almışdı. Elə bir aksiya keçirmişdik ki, kitab hədiyyə olsun, yaxşı aksiya idi.

- Hətta "Toya kitab at” aksiyası da var idi…

- Bəli. Məsələn, Aqil Abbas deyirdi ki, bir şairin toyuna iki yüz manatlıq kitab hədiyyə edib. Aqil Abbasın özünün Ağdamda, Bayatda açdığı şəxsi kitabxanası var. Ağdama gedəndə oranı ziyarət etmişdik. Müasir yazıçılar, müəlliflər öz əsərlərini göndərirdi. İstərdim ki, kəndlərdəki kitabxanaların qapısı qıfıllanmasın. Bağlansa, kəndlərdə böyüyən gələcək nəsillərə böyük təhlükə olacaq.

- Dediniz ki, kitabdan, qəzetdən duyduğunuz həzzi internet materiallarından almırsınız. Belə başa düşdüm ki, elektron kitab oxumur, səsli kitab dinləmirsiz...

- Səsli kitab dinləməmişəm, lakin elektron kitab oxumuşam. İnternetdən kitablar yükləyirəm, harasa gedəndə telefonumda oxuyuram. Ən çox daxil olduğum tarix portalıdır. Ən qədimdən ta müasir dövrə qədər PDF formatda kitabları əldə edirəm.

Amma ekrandan oxuyanda sanki informasiyaya toxuna bilmirəm. Ancaq qəzetdən oxuyanda, kitabdan vərəqləyəndə sanki informasiyanın mənbəyinə inam artır. Lakin təfəkkür etibarilə köhnə adam deyiləm, yeniliyi qəbul edib, ondan yararlanmağa çalışan insanam.

- Siz "Azərbyacan mətbuatı tarixi” dərsliyinin müəllifisiniz. Hazırkı jurnalistika dərslikləri sizi qane edir?

- Əgər biz Azərbaycan mətbuat tarixinə nəzər yetirsək, görərik ki, jurnalistlərimiz təkcə yaradıcılıqla məşğul olmayıblar, həm də mətbəə yaradıblar. "Əkinçi”dən sonra "Ziya” qəzeti nəşr olunurdu, bu qəzetin özünün Tiflisdə mətbəəsi var idi. Daşbasma üsulu ilə qəzetlərlə yanaşı, mətbəədə kitab da çap olunurdu. Dini motivli kitablar, qərb müəlliflərinin tərcümələri nəşr edilirdi.

Ziyalılar, jurnalistlərimiz həm də mətbəəçiliklə məşğul olublar. Məsələn, Haşım bəy Vəzirovun "Səda” mətbəəsi vardı. "Kaspi” mətbəəsini Hacı Zeynalabdin Tağıyev pulla almışdı. Orada Quran kitabının təfsiri çap olunmuşdu. Lev Tolstoyun tərcümə olmuş əsərlərini çap edirdilər. Cəmiyyətin inkişafı üçün nə lazım idisə, onu verməyə çalışırdılar.

İndi jurnalistika rəqəmsallaşır. Rəqəmsal jurnalistikaya keçid prosesidir və artıq onlayn media çap mətbuatından öndədir. Ancaq onlayn mediadan da öncə sosial şəbəkələr var. Artıq sosial şəbəkələr üzərindən xammalın ixracı baş verir.

- Sosial şəbəkə kitabı üstələyə bilir?

- Təəssüf ki, bəli. Baxın, nə qədər feysbuk istifadəçisi var. Xanımların böyük əksəriyyəti instaqramdadır.

- Yeni jurnalistika dərsliyinin üzərində işləyirsinizmi?

- "Mətbuat tarixi” dərsliyini yenidən təkmil variantda işləmişəm. Çap prosesi qalıb. Daha əvvəlki nəşrdə toxunmadığım, daha düzgün təsvir və təhlil edə bilmədiyim mərhələlər olub. Yenidən o mərhələlərə qayıtmışam və işləmişəm.

Həsən bəy Zərdabinin "Əkinçi”sinə tarix kimi yanaşmaqla yanaşı, mətbuatın başlanğıcı kimi də baxmaq lazımdır. Başlanğıcdan bu günə qədər gələn mərhələlərə də düzgün qiymət verməliyik. Gərək hər fakta düzgün qiymət verməyi bacaraq. Elə qəzetlərimiz var ki, onlar anadilli abidələrimizdir. "İrşad” qəzetini oxuyun, bu gün cəmiyyətdə olan problemlər orada təsvir olunub.

- Bəs siz necə düşünürsünüz, hazırki media "Əkinçi”ni etdiyini edə bilirmi?

- Hesab edirəm ki, media üzərinə düşən missiyanı yerinə yetirə bilir. Sadəcə, burda vəziyyət bir az qarışıqdır. Sosial şəbəkələr artıq media haqqına, jurnalist hüququna iddia edir. Məsələn, hər bir fərdin öz hesabı var və orada xəbər yazır. Amma bu, peşəkar xəbər deyil, eyni zamanda bir fərdin yazdığı informasiya cəmiyyət üçün nə qədər önəm kəsb edir?

- Sizə hədiyyə edilən kitablar arasında ən çox sevdiyiniz hansıdır?

- Mənə çox nadir hallarda kitab hədiyyə edirlər. Məsələn, ad günümdə mənə kitab hədiyyə edən görməmişəm. Ancaq istəmişəm ki, kitab alınsın. Yalnız uşaqlarım, dostlarım Türkiyədən mənə kitab alıb gətirirlər. Onlar da bilirlər ki, mən daha çox tarixi kitablar oxuyuram və bu mövzuda kitab alırlar.

Məsələn, Rəşad Məcid Türkiyədə səfərdə olanda mənə Osmanlı tarixinə aid kitab alıb hədiyyə gətirdi. Dedi, Türkiyəyə gedirəm, sənə nə alım? Dedim, yaxşı kitab alarsan. Biz onunla Türkiyəyə gedəndə İstiqlal küçəsini axıra qədər gəzib, kitab seçirdik.

Əflatun Amaşovla səfərdə idik, Şirməmməd Hüseynova iki kitab almışdıq. Hesab edirəm ki, kitab almaq və kitab hədiyyə etmək ənənəyə çevrilməlidir.

- Kimdənsə kitab tövsiyəsi alırsınızmı? Kitabı nəyə əsasən seçirsiniz?

- Birinci müəllifinə baxıram, vərəqləyirəm, baxıram ki, buna zaman sərf etməyə dəyərmi? Diqqətimi cəlbedən əsas kitablar, dediyim kimi, tarixi kitablardır. 1990-cı illərdən bəri çıxan qəzetləri arxivləmişəm. "Gənclik" jurnalı 1989-cu ildən çap olunub, nömrələrinin hamısını əldə elədim. Yeni dövrümüzün fikir intibahının ədəbi başlanğıcı kimi "Gənclik" jurnalını hesab edirəm. Azadlıq motivlərini yansıdan mətbuat orqanıdır.

- Təhrif olunmuş hansı tarixi kitabı oxumusunuz?

- Bəzən deyirlər ki, sovet dönəmində təhriflər var vardı. Amma sovet dövründə faktların seçimi də var idi. Faktlar üzərindən təhlillər aparılırdı. Tarixə münasibətdə elmilik sovet dönəmində daha yaxşı idi.

Mən bir dəfə detal baxımından qədim kitabları yığırdım. Fəvvarələr meydanında yeraltı keçiddə köhnə antik mağaza var. Yaxınlaşdım ki, antik əşyalar satırsınız, qədim kitablardan varmı? Bir xeyli Quran kitabı gətirdilər. Bir neçə başqa kitab da gətirdilər və dedilər ki, bu da Qurandır. Qiymətini soruşdum, məlum oldu 100 manata satırlar.

Kitabı aldım, dedim, bu, Quran deyil, məktəb jurnalıdır. Əski əlifba ilə yazılmışdı. Bizim qədim və zəngin kitabxanalarımız olub. 1937-ci ildən bəri ərəb əlifbası ilə olan kitabları yığıb məhv ediblər ki, mövhümatdır, ərəbcə yazılıb. Görün beləcə nə qədər kitablarımız yandırılıb...

Məsələn, Milli Kitabxanada nadir kitablar saxlanılır. Bununla belə, nadir kitablarımız azdır. Bəzən mənə zəng edirlər ki, Gəncədə belə bir kitabxana var. Deyirəm, siyahıya alın, görək nə kitablar var. Azərbaycanın çox zəngin kitab mədəniyyəti olub. Bu kitab mədəniyyətini qoruyub saxlaya bilməmişik.

20-ci əsrin əvvəllərində Orucov qardaşlarının mətbəəsi var idi, Almaniyadan gətirmişdilər. Özü kəsən, özü yığan, özü cildləyən sistem idi. Hər il mətbəədən çap olunan kitabların kataloqunu buraxırdılar. Axundov kitabxanasında var. Baxırsan nə qədər zəngin kitablar çap ediblər. Ərəb xilafəti, ərəblərin Cənubi Qafqaza gəlişi ilə bağlı maraq kəsb edən kitablardır.

Təəssüf ki, həmin kataloqda olan kitabların cəmi 2-3-ü bizim kitabxanalarda qalıb. Düşünürəm ki, bu kitabları tapmaq üçün Tiflisə və Sankt Peterburqa getməliyik.

- Sizcə, kitablara senzura qoyulmalıdır?

- Yox. Artıq senzuradan bezdik. Mətbuatda daxili sensuza başa düşüləndir. Amma yazıçılara senzura tətbiq etmək olmaz. Kimin kitabını oxumuruqsa, oxumayaq.

- Tövsiyə etdiyiniz elə bir kitab varmı ki, hər bir insanın ölmədən əvvəl onu oxumasını istərdiniz?..

- Hesab edirəm ki, ölənə qədər oxumaq lazımdır. Daim oxumaq, daim öz üzərində çalışmaq və cəmiyyətə faydalı olmağa cəhd eləmək gərəkdir. Bunun yolu maarifçilikdən keçir. Maarifçilik missiyasını jurnalistlər aparmalıdır.


2259 oxunub

InvestAZ