XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Yaşadığımız şərəf və xoşbəxtlik - Əbülfət MƏDƏTOĞLU yazır
YAZARLAR 16:29 / 18.10.2021

Müstəqilliyimizin 30 yaşına

 

Tarixə nəzər salanda göz önünə xaotik bir zaman gəlir. Həmin zaman Azərbaycan xalqının həyatında yeni başlanğıc üçün dalğalanan dəryanı xatırladır. Belə ki, artıq Dağlıq Qarabağda faciələr yaşayan, Ermənistandakı soydaşlarımızın köçkün yükünü çiyninə götürən, 20 Yanvar faciəsini ürəyində dağ edən Azərbaycan bütün bunlardan çıxmaq üçün özündə təpər tapmağa məcbur idi. Məhz bu məcburiyyət həm də xalqın hakimiyyətə təzyiqi o zamankı iqtidarı seçim qarşısında qoymuşdu. Doğrudu, artıq Sovetlər Birliyi də öz-özünə parçalanıb dağılırdı. Artıq Pribaltikada, elə Rusiyanın özündə də suverenlik ilə bağlı aktlar qəbul olunmuşdu.

1991-ci ilin oktyabr ayının 18-də o zamankı Azərbaycan parlamenti xalqımızın tarixində önəmli bir addım atdı. Bu addım bizim müstəqilliyimiz ilə bağlı idi. Cümhuriyyət hökumətinin xalqımıza 23 ay yaşatdığı azadlığı, müstəqilliyi yenidən bəyan etmək, tarixi həqiqəti öz yerinə qaytarmaq missiyası məhz həmin parlamentin üzərinə düşmüşdü.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin müraciətində deyildiyi kimi «Azərbaycanın müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu».

Həqiqətən də 30 il bundan öncə Azərbaycan xalqı və Azərbaycan dövləti ən çətin sualla üz-üzə idi. Məhz ulu öndərimizin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı xalqımızı və dövlətimizi də çətin durumdan xilas etdi. Ümummilli liderimizin xilaskarlıq missiyası həm də bəyan edilmiş müstəqilliyimizi qoruyub saxlamaqda əsas şərt oldu.

İndi 44 günlük Böyük Vətən Müharibəsinin   sevincini yaşayan xalqımız həm də özünün 30 illik müstəqilliyinin xoşbəxt anlarını tarixləşdirir. Belə bir məqamda Azərbaycan vətəndaşı olmaq, Dəmir yumruqlu liderin əsgəri kimi sırada dayanmaq həm şərəfdir, həm də xoşbəxtlikdir. Bu gün dövlətimiz və xalqımız həmin şərəfi və xoşbəxtliyi öz halal haqqı kimi yaşayır.

 


2483 oxunub

InvestAZ