XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021
21 Oktyabr 2021



DSX-dən İranın Sərhəd Qoşunlarının komandanına CAVAB
Gündəm 11:53 / 11.10.2021

Son günlərdə İran İslam Respublikasının (İİR) kütləvi informasiya vasitə­lərində dərc edilmiş müsahibəsində İİR Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanı general-mayor Əli Qüdərzi tərəfindən həqiqətə uyğun olmayan açıqlamalar verilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin məlumatına görə, Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, Azərbaycan Respub­likasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, hazırda da yoxdur və bundan sonra da olmayacaq.

Azər­baycan Respublikası ərazisində xaricdən gəlmiş təqfirçilərin fəa­liy­yət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan əra­zi­sindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir.

Azərbaycan Respublikasının dövlət sərhədlərində, sərhəd mühafizə qu­rumlarında hər hansı xarici dövlətin qüvvələri, mütəxəssisləri mövcud deyil, Azər­baycan Res­pub­likasının dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanlara malik olan Dövlət Sərhəd Xid­mətinin xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur.

Ermənistan ilə dövlət sərhədində Görus-Qafan yolunun Azərbaycan Respublikası əra­zisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azər­baycan Respublikasının suveren hüququdur.

Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyə­lərdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparıl­masına baxmayaraq, bu günədək Azərbaycan tərəfinə müsahibədə səslən­dirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməyib, hər hansı fakt təqdim olunmayıb.

Hazırda İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şə­raiti sta­bildir və Azərbaycan sər­həd mühafizə orqanlarının tam nəzarəti altın­da­dır. Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraq­larına qarşı yönələn istə­nilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Qeyd edilənləri nəzərə alaraq, İİR rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaq­dan çəkinməyə çağırırıq.


2797 oxunub

InvestAZ