Bilmirəm hardasa oxumuşam,
yoxsa kimdənsə eşitmişəm (və oxuyub ya eşitməyimin indiki anda elə bir önəmi olmasa
da – Ə.M), amma yaddaşımda ilişib qalıb. Ona görə də çox da dərinə getmədən həmin
o yaddaşımda ilişib qalanı buraya əlavə edirəm. Deyirlər ki, cənnət elə yer üzüdü.
Yəni, bu dünyadı... Düşünürəm ki, bu deyimin dinlə, inamla elə bir bağlılığı yoxdur.
Bu daha çox hər kəsin dünya ilə təmasından doğan fikirdir. Necə deyərlər, hər kəs
öz gözü ilə, öz ürəyi ilə dünyaya baxıb qiymət verir. Və belə bir fikir də var ki,
günün xoş, könlün rahat olan məkan cənnətdir. Bu yerdə yadıma xalq şairi, unudulmaz
Süleyman Rüstəm düşür. Özünün bənzərsiz cənub şeirləri və qəzəlləri ilə yaddaşımda
əbədi yaşayan Süleyman Rüstəm yazırdı ki:
Cənnət görmək istəyən
Azərbaycana gəlsin!
Bəli, mən təsadüfdən yazımı
burdan başlamıram. Çünki mənim iç dünyamda Cənnət tamam fərqli görünüşdə, fərqli
bucaq altındadı. Onu ancaq özüm görürəm və hətta əlimi ürəyimin üstünə qoyub deyə
bilərəm ki, mənim Cənnət hesab etdiyim həmin o məkanda yaşayanlar bəlkə də oranı
Yer kürəsinin ali bir parçası sayırlar. Bu da onların öz haqları, öz hüquqlarıdı.
Necə deyərlər, kimsənin haqqına girmək səlahiyyətim yoxdur. Və bir də hər kəsin
öz gözü, öz dəyər vermək gücü, qabiliyyəti var.
Bax, bu mənada mən Azərbaycanın
hər bir guşəsini Cənnətlə müqayisə etməyi təbii sayıram. Şuşanı da, Kəlbəcəri də,
Xocavəndi də, Laçını da, Füzulini də, Ağdamı da, Qubadlını da, Lənkəranı da, Yardımlını
da, Qubadlını da, Qazağı, Gəncəni, Kürdəmiri də... Bu siyahını bütün Azərbaycan
coğrafiyası boyunca yaymaq olar. Yəni, məntiqlə fikrimi ifadə etsəm, hər kəsin doğulduğu
torpaq, hər kəsin aid olduğu ocaq elə Cənnətdir. Deməli, sadə bir yanaşma ilə mənim
söylədiyimə, daha doğrusu yazdığıma münasibət bildirilsə, son nəticə bu olar ki,
həqiqətən Yer üzü Cənnətdir. Öz adamları,
öz sakinləri üçün və...
Bütün yazılarımda həmişə
istinad etdiyim bir nöqtə var. O da özəl həyatımın, özəl yanaşmamın şah damarı olan
Allaha və Ona inamla, güvənlə sözə çevirdiyim fikirlərimdi. Bu fikirlər həm özəldi,
həm də kiminləsə onu mübahisə üçün kağıza köçürmürəm. Sadəcə məqsədim içimdəkini
bir az havaya, bir az gün işığına çıxarmaqdı. Və bir də məqsədim o gün işığına çıxardığım
özünü azadlıqda necə hiss edəcəyini izləməkdi. Məhz bu səbəbdən də, bəzən mənə irad
tutanların fikirləri ilə razılaşmıram. Çünki mən dörd divarla, Allahla və bir də
Onunla etdiyim söhbətin elə nüanslarını, elə çalarlarını fikir şəklində qeydə alıram
ki, onlar yalnız mənim görəcəklərim, mənim yaşayacaqlarımdı. Lap çılpaq ifadə etsəm,
mənə aid olanlardı. Bax, bu mənada mənə aid olanları kimsə mənə başqa formada şərh
edəndə, qarşıma qoyanda daxilən inciyirəm, sıxılıram... Nə isə...
Bu kiçik detalın üstündən
keçərək yaşadığım Cənnət aurasını gözümün önünə gətirirəm. Mən hər dəfə səfərə hazırlaşanda
özümü təpədən-dırnağa o məkan üçün hazırlayıram. Bunun iki səbəbi var. Birincisi,
mən böyük Zəfərimizdən öncəki 30 ildə yurd nisgili, Qarabağ həsrəti yaşayanda, ağrılarıma
sayqı ilə yanaşan, ruhuma təsəlli verən yalnız həmin o ünvan oldu. Onların bir-birinə
bənzərliyi məni bir az ovutdu və bir az da ümidimin ölməsinə imkan vermədi.
İkincisi, burdakı doğma
mühit, gördüyüm səmimiyyət, diqqət, hiss etdiyim qayğı mənim bu torpağın həmin o
dediyim cənnətin bir parçası olduğuna inandırdı. Gördüm, duydum, yaşadım və anladım ki, ayaqlarını
Qara dəniz, başını buludlar öpən bu şəhərdə həyat tamam fərqlidi. Elə adamları kimi...
Onları ancaq ziyarət etmək, onlarla təmas qurmaq Cənnətə sakin olmaq qədər gözəldir.
İndi isə, üçüncü bir məqam mənim ruhuma, varlığıma hakim olub. Yəni, Allahın və
Onun sayəsində dəfələrlə ziyarət etdiyim bu ünvan, yəni Trabzon mənim Ömrümün Şəhərinə
çevrilib. Burda keçən anlarım (indi isə keçəcəyinə ümid etdiyim anlarım – Ə.M.
) Allahın mənə hədiyyəsidir. Ona görə də əlimi göy üzünə açıb dua edirəm:
Nə vaxtdı durmusan gözümdən
iraq,
Başım dumanlıdı, fikrim
dağınıq...
Arada at çapır – dincəlmir
sazaq –
Qəlblə bir nöqtəyə susub
baxırıq,
Yaman darıxıram sənsiz,
əzizim!
Yuxum tikan üstə, ruhum
divanə,
Solumda, sağımda fərqli
bir həyat.
Bütün sözlərimin baxıb cəminə,
Sən cavab əvəzi bir kəlmə
«hə» at -
Yaman darıxıram sənsiz,
əzizim!
Hər şey də, hər kəs də könlümə
dəyir,
Bezirəm, küsürəm özüm-özümdən...
Üstümə qaranlıq kölgəsin
əyir –
Gözünü sən göndər asım gözümdən,
Yaman darıxıram sənsiz,
əzizim!
Səsin bir şam kimi yandı
içimdə,
Büzüşmüş varlığım dirildi
sanki...
Qayıtdı özümə itən gücüm
də –
Bir də təzələndi ruhum inan ki –
Yaman darıxıram sənsiz, əzizim!
Hə, insan özünü tapa bilməyəndə, özünü axtarıb sonda yenə dörd divara qısılanda
təkcə darıxmır, həm də dünyadan küsür, yaşamaqdan bezir. Ona görə də bəzən son gücünü
toplayıb qaçmaq, uzaqlaşmaq, hətta özündən baş götürüb getmək istəyir. Bu, əslində
mənim düşüncəmə görə sondu. Sonda o yerdə qarşına çıxır ki, ordan o tərəfə iki yol
var: biri Cənnətədi, biri cəhənnəmə. İndi mən də bax, o iki yolun ayrıcına gəlib
çatmışam. Amma hara gedəcəyimi bilirəm. Çünki yazımın əvvəlində hara gedəcəyimi
qeyd etmişəm. Ona görə də rahatlıqla üzümü yer üzündəki ən gözəl məkanlardan birinə
– Trabzona tuturam. Bu şəhər mənim dəfələrlə qonağı olduğum Cənnətdi. İnd idə ürəyimi
götürüb gedirəm ora! Və yola çıxmazdan öncə də yenə Allahıma və Sənə üz tutub deyirəm:
Bu dünyada görüşümüz baş tutmur,
O dünyama götürmərəm heç səni.
Gecə-gündüz ürək səni unutmur -
Ömrümdəsən, mən görsəm də gec, səni!
Fürsət yarat, ömrünə gec gəlmişə,
Qoy ürəyin sevinc duysun həmişə!
Zaman ayır həm özünə, həm işə –
Çiçəklərdən dəstə tutum – seç, səni!
Günə daş at, həftəni qov, boşdusa,
Bu Əbülfət sözünə söz qoşdusa...
Heç bənd olma, sənə necə xoşdusa –
O cür yaşa, qorusun haqq-güc səni!
P.S. İnşallah, Cənnət saydığım və mənim üçün gerçək Cənnət olan
Trabzondan qayıdanda ürəyimin yükünü sizinlə bölüşəcəm...