Yazıçı-publisist Səyyad Aranın "İrəvana gedən
yollar” adlı romanı nəşr olunub. Müasir tariximizin şanlı səhifələrindən olan
2016-cı ilin Aprel döyüşlərinə həsr olunmuş romanın oxucuya çatdırmaq istədiyi əsas
məzmun 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin təməlinin
illər əvvəldən atıldığını göstərməkdir. Aprel zəfərinin iştirakçıları ilə söhbətlərdən
ilhamlanaraq sözügedən döyüşləri ədəbi ustalıqla təqdim edən müəllif qəhrəmanlarının
dili ilə 100 ildən çoxdur erməni qəsbkarlarının Moskvadakı himayədarlarının dəstəyi
ilə xalqımıza qarşı törətdiyi cinayətləri, əzəli Azərbaycan torpaqları hesabına
apardığı eskalasiyanı tarixi faktlar əsasında ortaya qoyur. Xalqımızın bu
işğallarla heç vaxt barışmadığının, bir gün tarixi ədaləti bərpa etmək üçün
uyğun şəraiti gözlədiyinin, Ali Baş komandan İlham Əliyevin yürütdüyü məqsədyönlü
daxili və xarici siyasət sayəsində o günün uzaqda olmadığının dəfələrlə
vurğulandığı kitabda çoxillik Qarabağ davamızın geniş mənzərəsi göz önündə
canlanır, bu yolda görülən işlərlə bağlı göstərilən faktların zənginliyi
qarşıya qoyulan məqsədə müvəffəqiyyətlə nail olacağımızı sübut edir.
Vətən, xalq və azadlıq uğrunda vuruşanlara, mücadilə
aparanlara və bu yolda şəhidlik zirvəsi fəth edənlərə həsr olunmuş əsər geniş
oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.