Çox kövrək adamdır Akif Cabbarlı. Onun yetirməsi,
Əməkdar jurnalist, mayor Füzuli İsmayılovun təbirincə desək, Cabbarovun inciyən
yeri burnunun ucundadır. Amma bu dəfəki incimək, o inciməkdən deyil. Onun
yerində başqası olsaydı, çoxdan silmişdi 25 ildir tanıdığı Mahiri yaddaş kitabçasından.
O cümlədən digər bəzilərini də... Kimdir Mahir və digər bəziləri? Öz adımı
yazmışam. Amma digərlərinin adını yazmaq istəməzdim. Yəqin ki, yazımı oxuyub
söz verdikləri yubiley qonaqlıqları yadlarına düşəcək. Çünki mən də Bakıdayam
(onu düz səbəb gətiriblər ki, mənsiz o
qonaqlığın nə ləzzəti), həm də Məhərrəmlik ayı başa çatıb. Axı Akif Cabbarlı,
İ.P., F.İ. qatı şiədirlər. Amma bütün dediklərimi birləşdirən bircə incə məqam
var. Şair Qabilin diliylə desək:
İnci incə adamdan,
Ürəyincə adamdan.
Məhəbbətdir küsü də
Küsmə becə adamdan.
Baxmayaraq ki, Akif Cabbarlı heç kimdən küsməyib.
70 yaşlı adamın isə inciməyi yüz küsüyə bərabərdir. Özünə yaxın, doğma saydığı
dost Mahir – Mahir Qabiloğlu təxəllüslü qələm sahibi əlinə qələm alıb onun
haqqında kiçik bir təbrik yazısı yazmırsa, Akif Cabbarlı inciməsin neyləsin?
Axı qazandığı yalnız bizim kimi dostlardır. O, yaxşı bilir ki, 70 yaş böyük bir
mərhələnin sonudur. Geriyə boylanmaq məqamıdır. Dostlardan başqa nə qazanıb ki,
Akif Cabbarlı? Bu suallar burulğanında çarpışır. Özü-özüylə danışır, vuruşur.
"O boyda AzTV-də "Xəbərlər”də baş redaktor olmuşam. Bir qəpiy də almamışam”;
"70 ilin 48 ilini jurnalistika sahəsindəyəm, mənim stajım yaşından kiçik
uşaqlar Əməkdar jurnalistdirlər, mən isə...”; "Bəxtiyar Vahabzadənin
poeziyasının diliylə danışsaq – ay Mahir, bu boyda münasibətimiz bir yazıya dəymədi?”
Bu siyahını artırmaq, üstəlik "Mahir” xitabının
yanına digər adları da əlavə etmək olar. Amma yubiley yazısıdır. Müsbət notlar
tam hakim olmalıdır təbrikimin cövhərinə.
Atamın bir sözü vardı: 50 yaşacan gərək 10 ildən
bir yubiley keçirəsən. 50 yaşdan 70 yaşa qədər isə hər 5 ildən bir. 70 yaşdan
80 yaşacan isə hər il. Çünki yaşın qazandırdığı sağlamlıq axsımaqlarıyla
yaşanılan hər il qiymətli sayılır. 80 yaşdan sonra isə hər günü gərək qeyd edəsən.
Çünki yaşanılan hər gün qənimətdir. Bu mənim bəzilərinin "Akifin yaşı yayda
olub, sən isə bu yazını payızın ilk günündə qələmə alırsan. Toydan sonra
nağara?” replikasına bir cavabımdır. Həm də ruslar gözəl deyib: "Luçşe pozdno,
çem nikoqda”. Həm də ki, bundan sonra Qabilin öncəgörənliyinə inansaq, yubileylər
ilbəil, dalbadal düzüləcək. Axı Akif Cabbarlı 70-i haqlayıb. 2021-ci il isə
başa çatmayıb.
70 yaş münasibətilə Akif Cabbarlı kitab da buraxıb.
Onu oxuyandan sonra münasibət bildirməsəm Mahir olmaram. Çünki əminəm – tənqid
olunacaq məqamlar da var bu kitabda. Yaxşılıq deyil ha əlimdən gəlməsin.
Amma tənqid etmərəm. Çünki o kitabda Akifin "Sahibsiz
və çarəsiz itlərin gecə söhbəti” adlı hekayəsi var. Bu hekayə müasir dövrümüzün
güzgüsüdür: Bəlkə hürsəm mənə də ilikli sümük atdılar. Müasir, mədəni dildə desək
"Ağlamayan uşağa süd vermirlər”, "Qapı döymək lazımdır. Açmırlarsa pəncərədən
gir”, "Yaltaqlıqla uzağa getmək olar”, "Naxallıq ikinci xoşbəxtlikdir” və sairə.
Bu reallıqdır. Amma elə də olur ki, itin hürməyinə sümük yox, daş
tolamazlayırlar, təpik vururlar, "poşol” deyirlər. Bax Akifin bu hekayəsi o
talesiz itlər barədədir. Baxmayaraq ki, insanın taleyi olar, heyvanın yox. Amma
talesizlik özü də bir taledir. Akifin yaratdığı it isə alleqorik bir surət.
Bu illər ərzində Akif çox yerlərdə çalışıb. O vaxt
yeganə olan televiziyamızda "Xəbərlər”in baş redaktoru, Azərbaycan radiosunda
baş redaktor müavini, "Həftə” analitik-siyasi proqramın rəhbəri, Ədliyyə
nazirliyində mətbuat katibi, Milli Məclisin orqanı olan "Azərbaycan” qəzetində,
İTV-də əməkdaş... Bu gün də çalışır. Jurnalistika onun həyatının mənasıdır.
İndi Kinomatoqrafçılar İttifaqında işləyir. Modern.az və digər mətbu orqanlarda
yazılarla çıxış edir. Dostlarını tez-tez
arıyır, hal-əhvalını xəbər alır. "Bir vaxt tapın oturaq” ifadəsi dilinin əzbəridir
– qarşılıq verən isə... Bu ifadənin isə bir açması var: Akif Cabbarlı dost sevəndir,
mehriban insandır, heç kimi də yadından çıxartmır.
1996-cı ildən tanıyıram onu. AzTV-yə qədəm basdığım
gündən. 15 yaş fərqimiz olmasına baxmayaraq, bunu heç vaxt hiss etməmişəm.
Böyüklə böyük, kiçiklə kiçik olub. Daha doğrusu heç bilməmişəm ki, məndən 15
yaş böyükdür. 70 yaşında faş oldu bu fərq. O boyda AzTV-də və jurnalistlər cəmahiriyyəsində
bir adam da tapılmaz ki, onun haqqında pis söz danışmaq bir yana, xırda
giley-güzar etsin.
Elə ki, kiminsə yaşı, yubileyi oldu, lap balaca
kitabçası çıxdı, hayqırır bütün respublikaya yazdığı ürək sözləriylə. Ay
camaat, agah olun, dostumun kitabı çıxıb. Mən oxudum, siz də oxuyun. Ay camaat,
dostumun yubileyidir. Mən təbrik etdim, siz də edin. Ay camaat, dostum, qələm
yoldaşım, iş yoldaşım ölüb. Siz də dərdimə şərik olun. Akif Cabbarlının cövhəri
budur, mayası belə yoğrulub. Başqa xüsusiyyətlərini, kişiyə xas şakərlərini, zarafatlarımızı,
üç fazalı elektrik xəttinə dahiyanə bənzətməsini, oğlunun toy günündə səhər-səhər
baş verən mübahisəmizi, bir sözlə AzTV-dəki sərgüzəştlərimizi yazmayacağam. Cobi
hələ ki, qadağa qoyub mənə. Yubiley yazımın, təbrikimin də gecikməyinə məhz əsas
səbəb bu oldu.
Gözləyirəm. Gözləyirəm ki, onu Əməkdar jurnalist fəxri
adı almağı münasibətilə təbrik edim. Buna haqqı çatır. Bu günlərdə Şuşada
Vaqifin məqbərəsinin yenidən açılması mərasimində Akif Cabbarlını Prezident
İlham Əliyevin yanında görəndə fikirləşdim. Akif Cabbarlı bu ada layiqdir. Axı
o, Ümummilli lider Heydər Əliyevi 1-ci katib olanda görüb, Prezident İlham
Əliyevi isə hələ o vaxt Vaqif məqbərəsinin açılışında. İndi də görür. Dövlətimizin
uğurlarına sevinir, qələmiylə bu yolda əməli iş görür. Neçə publisistik, bədii yazının toplandığı
kitabların müəllifidir. Prezidentin ali sosial mükafatına layiq görülüb.
Jurnalistlərin binasından ona da mənzil payı düşüb.
Bu qədər. Bir kiçik yubiley yazısında yazacaqlarım
bu qədər. Bir insanın 70 illik həyat yolunu, yaradıcılığını bir yazıya
sığışdırmaq mümkün deyil. Buna heç çalışmadım da... Axı 70-dən sonra hər il
yubiley keçirəcək Akif Cabbarlı. Əgər atam Qabilin dediyinə inansaq.
TƏBRİKLƏR,
TƏBRİKLƏR, BİR DƏ TƏBRİKLƏR!