XƏBƏR LENTİ
22 Oktyabr 2021
21 Oktyabr 2021
20 Oktyabr 2021



Ramiz İSMAYILIN şeirləri
Ədəbiyyat 11:48 / 21.09.2021

Halaldır

 

Bu ocağa haram düşmür

Ocağım, közüm halaldır.

Şükür tanrının lütfünə

Qazancım-ruzum haladır.

 

Demirəm bağ-bostan belə,

Təmənnam yox dostdan belə,

"Uydurduğum” dastan belə

Yazdığım yazım halaldır.

 

Mən Ramizəm, şan-şöhrətim,

Varım-dövlətim, sərvətim,

Şəhdim, şəkərim, şərbətim

Çörəyim, duzum halaldır.

 

03.03.2021, Xırdalan ş.

 

Var

 

İnsanların əzazili

Məzlumu var, fağırı var.

Hər fağıra fağır demə,

Fağırın da yağırı var.

 

Nadanların duyğusu yox,

Dərd əhlinə qayğısı yox,

Ölüm haqdır-qorxusu yox

Dərdin bundan ağırı var.

 

Sərrafıdır Ramiz sözün

Desin, ipə-sapa düzün,

Allah verən ömrümüzün

Əvvəli var, axırı var.

 

12.03.2021, Xırdalan ş.

 

 

 

 

 

Fəlakətdir

 

Həqiqətə uzanan əl,

Kəsiləndə fəlakətdir.

Xam əlində ağıllı baş

Əziləndə fəlakətdir.

 

Şəhid ölməz, Vətən ölməz,

Dərd bölünər, yurd bölünməz,

Haqq nazilər, haqq üzülməz,

Üzüləndə fəlakətdir.

 

Gözəl ülfət umar, gözlər,

Sığal sevər, tumar gözlər,

Həsrət çəkən xumar gözlər,

Süzüləndə fəlakətdir.

 

Ramiz görüb gördüyünü,

Fələk vurar hər düyünü,

Hər nazına ərköyünün

Dözüləndə fəlakətdir.

 

16.03.2021, Xırdalan ş.

 

Tapdım

 

Sevinci çıraqla gəzdim, tapmadım,

Çıraqsız kədər də, qəhər də tapdım.

Sorğusuz, sualsız kəsdi qarşımı

Gündüz də, gecə də, səhər də tapdım.

 

Aldım göz altına əhlət daşımı,

Haqqa, ədalətə əydim başımı,

Yad bişirdi, dəmə qoydu aşımı

Dadını, tamını zəhərdə tapdım.

 

Şaxta vuran bahar ömrü, yaz ömrü,

Sızıldayan kaman ömrü, saz ömrü,

Tanrı yazan zərrə qədər az ömrü,

Zülüm-zillət adlı "bəhər”də tapdım.

 

 

Ramiz kimi milyon-milyon canlı var,

Qəlbi yaralı var, köksü qanlı var,

Bürüyüb dünyanı gözüqanlılar,

Kənddə qoyub gəldim, şəhərdə tapdım.

 

02.03.2020, Xırdalan ş.

 

Giley-güzar

 

Nə dövrandı, nə zamandı

Üzüm gülmür nə zamandı,

Çölüm saman çuvalıdı

İçim küləşdi, samandı,

Dövran belə əzazilmi, -

Zaman belə quduzdumu?

 

İtirdim dostu, həyanı,

Anlayanı, söz duyanı,

Fələk sayır saydığını

Saya salmır mən sayanı,

Fələk belə amansızmı, -

İnsan belə ucuzdumu?

 

Zülüm-zillət zəncirində

Bir az çürük bənd gəzirəm,

Namərdlər tutub dünyanı,

Əldə çıraq mərd gəzirəm,

Qumar oynayan deyiləm

Baş qatmağa nərd gəzirəm,

Zərim vermir, görən deyir:

Ramiz yenə uduzdumu?!

 

20.05.2020, Xırdalan ş.

 

Özümə

 

İnsan oğlu, vadar etmə

Ölüm diləyim özümə.

Nə başıma daş yağdırım,

Nə kül ələyim gözümə!

 

 

Tanrı verən qısa ömrü,

Alnımıza yazan ömrü,

Yaşamadıq insan ömrü,

Durduq fələyin üzünə.

 

Məkrin, hiylən qana saldı,

Könlümü zindana saldı,

Xoş sözüm nadana qaldı,

"Küyüm-kələyim” özümə.

 

Ay filan-filan balası,

İlansan, yoxsa balası?

İnsan ol, insan balası

Gülab çiləyim üzünə.

 

Yamandan, pisdən ummuram,

Cindən, iblisdən ummuram,

İnsanlar, sizdən ummuram,

Gülsün mələyim üzümə.

 

Səhvdir dünyanın bölgüsü,

Şeytandan gəlib ülgüsü,

Ramiz, bəsdi umu-küsü

Qaldı gileyim özümə!

 

02.06.2020, Xırdalan ş.

Cəhrəm belə fırlandı...

 

Nə bir ürək sındırdım

Nə bir könül "taladım”.

Neçə yerdə yurd salıb

Təzə ocaq qaladım,

Əlimə saz götürdüm

Sözü sözə caladım

Elə bildim şeirdi.

 

 

 

 

 

 

 

Dağda dumana, çənə

Qara, borana düşdüm,

Tale elə gətirdi

Dağdan arana düşdüm,

Aydınlığa can atdım

Tora, torana düşdüm,

Bəlkə belə "xeyirdi”.

 

"Dünya fikir dünyasıdı”

Nə qəm yeyin, nə ah çəkin,

Dərdi dərd eləməyin –

Sinəsinə dağ çəkin.

Çəkənə kef-damaqdı

Sağlam çəkin, sağ çəkin

Şair belə deyirdi.

 

Bu dünyada dərdli çox

Demə Ramiz təkcədi,

Məni tükdən asdılar

Ümid, güman tükcədi.

Daradılar yun kimi

Canım cansız düycədi,

Cəhrəm belə fırlandı

İyim belə əyirdi.

 

11.06.2020, Xırdalan ş.

 

Gəl

 

Yıxılmış ağacam daha

Baltalı gəl, baltasız gəl, -

Vecimə deyil

Qurumuş qaxacam daha

Çantalı gəl, çantasız gəl, -

Vecimə deyil.

 

Bizdən olmaz qoyun əti,

Yasın əti, toyun əti

Cum üstümə qoyun iti, -

Xaltalı gəl, xaltasız gəl, -

Vecimə deyil.

 

Çox aldatdım özümü, çox

Ürəyimin dözümü yox,

Yuxu gördüm yozumu yox,

Butalı gəl, butasız gəl, -

Vecimə deyil.

 

Ramiz deyən nəsihətdi,

Axır sözdü, vəsiyyətdi,

Allah bilən məsləhətdi, -

Xatalı gəl, xatasız gəl, -

Vecimə deyil...

 

01.07.2020, Xırdalan ş.

 

Tapmadım

 

Saza, sözə möhtac oldum

Aşıq tapmadım, tapmadım.

Ən yaralı aşiq mənəm,

Məşuq tapmadım, tapmadım.

 

Günəş göydən zər ələdi,

Aləmi nura bələdi,

Bəxtim taleyim belədi,

İşıq tapmadım, tapmadım.

 

Ramizdən çal-oxu aşıq,

Dərdlə simsarıq, qardaşıq,

Yemək tapdım bircə qaşıq –

Qaşıq tapmadım, tapmadım.

 

03.08.2020, Xırdalan ş.

Bəlli deyil

 

Torpağıma göz tikənin

Əsli-satı bəlli deyil.

Çörəyi dizinin üstə

Etiqadı bəlli deyil.

 

 

 

Əhdi vəfası saxtadı,

Salam-səfası saxtadı,

Yurdu-yuvası saxtadı,

El-elatı bəlli deyil.

 

Çoxdu bici, şarlatanı,

Halala haram qatanı,

Nə əli qana batanı,

Nə cəlladı bəlli deyil.

 

Üzləri çaylaq daşıdı,

Çapdı, taladı, daşıdı,

Zəlidi, quldurbaşıdı,

Nə bəladı bəlli deyil.

 

Dığadı bu, vartandı bu,

Rus sümüyü dartandı bu,

Bəllidi ki, xortdandı bu,

Ayrı adı bəlli deyil.

 

16.08.2020, Xırdalan ş.

 

Bilinmir

 

Dünya ağlar günə qalıb

Necə dünyadı bilinmir.

İnsanlar tamam dəyişib

Doğması-yadı, bilinmir.

 

Qoyun keçi ayağından,

Keçi qoyun ayağından,

Şoru bahadı yağından,

Qaymağın dadı bilinmir.

 

İpəyi bezdən ucuzdu,

Bülbülü qazdan ucuzdu,

Şəkəri duzdan ucuzdu

Qiyməti-zadı bilinmir.

 

 

 

 

Ramizin də ağlı azır,

Ağzına gələni yazır,

Özünə bir quyu qazır

Quyunun adı bilinmir.

 

22.08.2020, Xırdalan ş.

 

Hey!

 

Möcüzədi bu dünyanın hər işi,

Günəş yanar, nur ələyər yerə hey!

Göy gurlayar, şimşək çaxar, sel gələr,

Nərildəyib nərə çəkər dərə hey!

 

Hər dərənin qabağını tap kəsər,

Yüz əyrini, bir düz kəsər, saf kəsər,

Zalım ovçu bərələrdə ov gəzər,

Qan tökülər, qan qoxuyar bərə hey!

 

Aqil insan dost bağına daş atmaz,

Ürəyində kin-küdurət yaşatmaz,

hər zər atan, hər deyəndə şeş atmaz,

Asi düşər Allaha hey, zərə hey!

 

Dəyanəti miras qoyub atalar,

Halal-hümmət düz yol deyib atalar,

Ramiz, bəlkə yüz yol deyib atalar:

Lənət olsun bəd əmələ, şərə hey!

 

26.08.2020, Xırdalan ş.

 


970 oxunub

InvestAZ