Həzi Həsənli yazır:
Həsrət çırağı...
( Adamlar və
talelər)
Doğrudan
da çox vaxt bizimlə yanaşı bir kollektivdə çalışan, qonşuluğumuzda yaşayan və hər
gün üzünü gördüyümüz insanların taleyindən, həyat dramından xəbərsiz oluruq. Hardasa
bir insan ömrü həsrət içində əriyib gedir, amma kimin nə vecinə? İnsanların fərqli
baxışları var. Bilirəm, deyəcəksiniz ki, onsuz da hər bir insanı həyat qayğılı
– qayğısız ömrü ilə alıb aparır. Amma və lakin...
Sözümün canı odur ki, bəzən adamlar bir –
birinin taleyinə, kimliyinə, insani keyfiyyətlərinə bələd olmadan haqqında fərqli fikirlər söyləyir
və düşünürlər. Görəsən, niyə? Görəsən, biz niyə beləyik?! Amma əlahəzrət həqiqət
budur ki, adamları daha yaxından tanıyanlar, taleyindən xəbərdar olanlar və
halını yaxşı duyanlar bunun nə demək olduğunu daha yaxşı anlaya bilər. Bilənlər
bilir, bilməyənlər də bilsin ki, haqqında söhbət açacağım insanın ürəyi həsrət
çırağı kimi gecə - gündüz yanır, alovlanır...
Bütün
normal insanlar kimi, o da öz ömrünü arzu və istəyinə uyğun yaşamaq üçün həyatın
acılı – şirinli günlərini yaşayıb, həyat və yaşam uğrunda enişli – yoxuşlu
yollardan keçib. Dostum Hacı Vahid Hüseynov öz ailə - ocağının qayğıları ilə yaşayan sadə
bir insandır. Həyat ətri, insan nəfəsi - həyan nəfəsi və dörd bir yanını bürüyən nəvələrinin
təravətli ömrü Hacı Vahidin taleyi üçün çox səciyyəvidir.
Əslində çox
təvəzökar insan olan dostumun taleyindən çoxlarının xəbəri yoxdur. Zahiri görkəminə
baxanlar onun necə zərif ürəyə malik olduğunu, necə könül adamı olduğunu hardan
bilə bilərlər ki?! Vaxtilə məni də onun
haqqındakı fərqli düşüncələrim öz ağuşuna almışdı. Amma on ilə yaxın bir müddətdə
onun tale yaşantılarına və xarakter xüsusiyyətlərinə bələd olduqdan sonra
düşüncələrim alt – üst oldu.
O, 1966 –
cı ilin oktyabrında Şamaxı rayonunun Cəyirli kəndində doğulub. Həmin kənddə səkkizinci
sinfi bitirdikdən sonra orta təhsilini Bakıdakı bir saylı fizika – rayaziyyat təmayüllü
internat məktəbində davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra, 1983 –
cü ildə Azərbaycan Politexnik
İnstitutunun (İndiki Texniki Universitet) Maşınqayırmanın Texnologiyası fakültəsinin
axşam şöbəsinə qəbul olunub. Birinci kursu bitirdikdən sonra hərbi xidmətə
çağrılıb və 1984 – 1986 – cı illərdə Moskva şəhərində "N” saylı hərbi hissədə əsgəri
borcunu yerinə yetirib. Hərbi xidmətini başa vurduqdan sonra yenidən təhsilini
davam etdirib. Gündüzlər Bakı Dərin Özüllər zavodunda işləyib, axşamlar tələbə
kimi dərsə gedib.
Vahid
Hüseynov 1987 – ci ildə özünün sevib seçdiyi, ata - anasının yeganə övladı olan
xalası qızı ilə ailə həyatı qurub. Atası dünyasını erkən dəyişdiyindən, anası
onu tək böyütmüşdü. Bu evlilikdən onların dörd övladı ( üç oğlan, bir qız)
dünyaya gəlib. Evliliklərinin ilk illərində hər cür çətinliyə sinə gəriblər.
Övladlarını kirayələrdə yaşaya – yaşaya böyüdüblər.Sonra Qaradağ rayonunun
Sahil qəsəbəsində özlərinə həyət evi tikdirib ömürlərinin sevincli günlərini
yaşamağa başlayıblar. O sevincli günlər
2010 – cu ilin sentyabr ayınadək davam edib. Vahidin ömür – gün
yoldaşının qəfildən xəstələnməsi ailənin sevincli günlərini əlindən alıb. Onun
xaricdən belə müalicəsi üçün Vahid hər əzaba qatlaşıb, əlindən gələni əsirgəməyib.
Sonuncu dəfə Moskva şəhərində aparılan müalicə ümidverici olur, həkimlər onu
ölümün pəncəsindən xilas edə biliblər. Eyni zamanda həkimlər məsləhət görüblər
ki, ömrünün sonunadək müalicəsini davam etdirməli və pəhriz yeməklərlə
qidalanmalıdır. Beləliklə, o, müalicədən sonra həyatını davam etdirib. Düz altı
il həyat öz axarı ilə gedib. Lakin 2016
– cı ilin oktyarın 6 – da gözlənilmədən xəstənin halı yenidən pisləşməyə
başlayıb. İki gün sonra isə əbədi olaraq gözlərini yumub.
Ürəyində
ömür – gün yoldaşının nisgilini daşıyan, dörd övladının və on nəvəsinin sevinci
ilə yaşayan, sevgiyə, haqqa - ədalətə tapınan bu insanın həyat amalına və mənəviyyatına mən də yaxından bələd
oldum. Hacı Vahid Hüseynov əslində özünün yarım əsrlik ömrünü çox mənalı
yaşayıb. Onun zərif ruhlu bir insan
olduğunu illər sonrası bildim. Ömür – gün yoldaşının vaxtsız ayrılığından sonra
dərdlə sirdaşlıq, həsrətlə qardaşlıq edirdi. Bir tərəfdən də nəvəsi Həsənin
"baba, nənəm nəvaxt gələcək?” sualına cavab tapa bilmədiyinə görə, məndən xahiş
etmişdi ki, onun öz dilindən ömür – gün yoldaşının qəbir daşına bir – iki bənd
şeir yazım. Mən də bu şeiri yazmışdım:
Ömrüm – günüm, indi sənsiz qalıbdı,
Həsrətinlə öz içində Vahidin.
Oğluna – qızına həyan olubdu,
Od içində, köz içində Vahidin.
Körpə Həsən səni xəbər alıbdı,
Necə desin, döz içində, Vahidin?!
Bax, Hacı
Vahidin ömrünün təmkin çağında onun dilindən belə bir hüznlü şeir yazmağım səbəbsiz
deyildi. Deyir:
-
Düz
30 il Pərvanə ilə birgə həyatın ağrı – acısına birgə sinə gərdik, sevincinə
birgə sevindik. Onun özü dünyaya tək gəlmişdi, ailənin tək övladı idi. Amma təkliyi
heç sevmirdi. Ona görə də nəvələrinin çox olmasını həmişə arzulayırdı. Həm də
övladlarının və nəvələrinin yolunda ömrünü şam kimi əridirdi. Nəvələri onu həyata
daha çox bağlayırdı, onların toyunu görmək arzusu ilə yaşayırdı. Amma amansız
ölüm övladlarımı anasız, nəvələrimi nənəsiz qoydu...
Hələ onun
özünün həsrətini haraylayıb yazdığı gündəlikdən qeydlərə diqqət yetirin:
" Dostlar, bu gün mən həyatımın ən acı günlərindən
birini yaşadım. Düz 30 il bu həyatın çətinliklərinə birgə sinə gərdiyimiz,
sevincinə birgə sevindiyimiz ömür – gün yoldaşım Pərvanə dünyasını dəyişdi...”
***
"Ömür kitabımın səhifəsinə qara hərflərlə yazılmış
ağrılı – acılı və heç zaman yaddaşımdan silinməyəcək daha bir gün əlavə olundu.
Səkkiz oktyabr, 2016 – cı il. Həmin gündən etibarən övladlarım anasız qaldı”.
***
" Bu gün yaşadığımız faciədən sonra ilk dəfə işə
çıxdım. İşdən çıxıb evə getmək üçün öz maşınıma əyləşdim. Amma çox çalışsam da
maşın işə düşmədi. Evə taksi ilə gedəsi oldum. Bu, mənim həyatımda ilk belə
hadisə idi. Görünür, maşınım da evə getmək istəmədi. Texnika olanda nə olar? Yəqin
onun da "qəlbi” mənim qəlbim kimi sınıb...”
" Bu gün sənin 40 mərasimini qeyd etdik. Artıq 40
gündür ki, bu həyatı sənsiz yaşayırıq. Atamla anam dünyasını dəyişəndə mənə mənəvi
dayaq duran, təsəlli verən sən idin. Bu gün isə sənsiz qalmışam. Bu gün mən
özümü sənsiz tənha hiss edirəm. Nə yaxşı ki, nəvələrimiz var. Təsəllimi onların
təbəssümündən, şaqraq gülüşlərindən alıram. Amma onların səninlə bağlı sualları
qarşısında çox aciz qalıram. Onlar da Həsən ( böyük nəvəsi, Vahidin atasının
adını daşıyır) kimi, sənin nəvaxt qayıdacağını soruşurlar... Nə deyim axı?..
Yerin behiştlik olsun, mənim əbədi ürək sirdaşım!..”
Bəli, indi
bu ailədə böyüyən on nəvədən üçü – Həsən, Zahid və Vahiddir. Vahidin atası Həsən,
qardaşı Zahid və öz adnı daşıyan Vahid indi onun nəvələridir və üçü də
qardaşdır.
Vahid
Hüseynov hacıdır, müqəddəs islam dinimizin, şəriətimizin qayda – qanunlarını həm
yaxşı bilən, həm də ona əməl edən insandır. Onun ömür – gün yoldaşı Sahil qəsəbəsindəki
qəbristanlıqda uyuyur. Vahid vaxt olduqca onun qəbrini ziyarət edir, qəbriniin
üstündə gözləri yol çəkən çiçəklərə qayşı ilə qulluq edir, su verir. Öz vəfalı
yarını ülvi hisslərlə yad edir və ondan sonra ailə qurmaq fikri yoxdur. Ona bu
həyatın uca zirvəsindən baxır, onsuz həsrət dolu günlər yaşayır. Ürəyi həsrətlə
dolu bir insanın haqqında yazmaq da onun üçün bir təsəllidir.
Bu gün Vahid Hüseynovun 55 yaşı var. Ömür –
gün yoldaşının vəfatından sonra nəvələrinin sayı nə az, nə çox , düz on nəfər
olsa da, o, daxilən tənhadır. Ürəyində bir həsrət çırağı yanır. Arzu edirəm ki,
onun ürəyindəki həsrət çırağının əvəzinə ümid çırağ yansın. Nəvələrinin gözəl
günlərini, özəl günlərini görsün. Çünki, bu, ömür – gün yoldaşının da arzusu
idi.
Ömür – gün
yoldaşının qəbri nurla dolsun, cənnətməkan olsun! Vahidin özünün də doğum günü
yaxınlaşır. Ona həyatda möhkəm
cansağlığı və uzun ömür arzulayıram. Qoy, ömür – gün yoldaşının həyatının
davamını da nəvələrinin bəxtəvər günlərində tapsın. Belədə onun da ruhu şad
olar...