XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021



Əbülfət MƏDƏTOĞLUndan beşinci yazı:- Ay camaat, mən Şuşaya gedirəm!
YAZARLAR 10:26 / 13.09.2021

Beşinci yazı

Maşın karvanı sülhməramlıların dayandığı postdan keçib üzü yuxarı qalxaraq şəhərə daxil olur. Burda deyəcəyim sözə kiminsə şübhəsi varsa, durub getsin Şuşaya. Onda Şuşa həsrətinin məhz həmin o giriş qapısından içəri girəndə sanki adamın varlığı bir quş kimi uçub çıxır bayıra. Elə bil o həsrət də azadlıq qazanır... Elə bil o həsrət də Şuşaya qovuşur... Elə bil o həsrət qəfəsdən çıxmış bülbüldü... Sarılır kollara, koslara, daşa, divara... Bax, mən o girişdə məhz bunu yaşadım və mənə elə gəldi ki, ürəyimin necə döyündüyünü özümdən başqa maşındakı digər yol yoldaşlarım da eşitdi. Onlara hiss etdirmədən yavaşca sol əlimdə sıxdım ürəyimi. İnanın ki, indi də əlim ürəyimin üstündədi. Həmin çırpıntını indi də hiss edirəm. Çünki Şuşaya dönmüşəm. Çünki o qapıdan içəri girirəm və dörd gözlə ətrafı canıma, varlığıma hopdurmaq istəyirəm...

Maşınlar yol polisin müşayiəti ilə şəhərin küçələrini keçir, Xarı bülbül otelinin qarşısında dayanır. Həmin məqamda, yəni o beş-üç dəqiqəlik vaxt ərzində heç kim danışmır, hamı susur... Bircə Şuşa danışır... Şuşa danışır, biz acgözlüklə dinləyirik. Elə dinləyə-dinləyə də maşınlardan enirik. Əvvəlcədən kimin hansı otaqda qalacağı məlumdur. Məlum olduğundan 201-ci otağın açarını götürüb yavaşca qapını açıram. Ona görə yavaş açıram ki, açar səsini ruhuma hopmuş Şuşa ovqatını, Şuşa yaşamını hürkütməsini istəmirəm. Düşünürəm ki, yersiz bir hərəkət, yersiz bir söz, yersiz bir səs Şuşanı incidə bilər və Şuşa 30 il dözdüyü həsrətə görə bizi ittiham etməyib qarşıladığı halda mənim və yaxud digərlərinin onu incitməyə mənim və yaxud digərlərinin haqqı yoxdur...…

Otaqlar çox müasir və səliqəli bir şəkildədi. Demək olar ki, müsafir üçün hər şey yerindədi. Mətbəxindən tutmuş hamamına qədər. Hətta otaqda rahat gəzmək üçün çəkələklər də qoyulub. Təmiz, səliqəli dəsmallar da. Hətta hamam xalatı da... Eyvana çıxıram, bəxtimdən qaldığım otağın eyvanı üzü Xankəndinə, Gövhər ağa məscidinə, Xan qızının Sarayına tərəf açılıb, orda dayanıb üzü aşağı Şuşanı Cıdır düzünə qədər seyr etmək mümkündü. Bu da bir qismət işidi.. Mən də digər Allah bəndələri kimi həmişə yol yoldaşımın, otaq yoldaşımın ürəyincə olmasını arzu etmişəim. Çünki səfərdə əsas şərtlərdən biri yol yoldaşı, otaq yoldaşıdır. Bu, əslində lap çox bir dəyərli məqamdır. Elə burada da o dəyər mənə nəsib oldu. Dostum, böyük qardaşım, dəyərli şairim, istedadlı publisistim Vaqif Bəhmənli ilə bir otağa düşmüşdüm. Ara kəsmənin o biri üzündə Salam Sarvanla Mərahim Fərzəlibəyov, üçüncü otaqda isə Fazil Əsəd müsafir idi. Bu detalları ona görə qeyd edirəm ki, bir-birinə çox yaxın olan bu otaq sakinlərinin hamısı bu və ya digər şəkildə bir-birinə sayqısı, sevgisi olan insanlar idi. Ona görə də bizim axşam-səhər bir-birimizlə salamlaşmağımız içdən gəlirdi. Etika xatirinə deyildi. Hətta müştərək gəzintilərdə də biz bir-birimizə xüsusi diqqət yetirirdik...

Bəli, otaqlarda yerləşəndən sonra bizə ayrılmış zaman artıq proqrama uyğun davam etməyə başladı. Proqramda isə nahar fasiləsi idi. Otelin böyük yeməkxanasına daxil oluruq. Özünəxidmət qaydasında yaradılıb burda hər şey. Çeşid-çeşid yeməklər, salatlar, kofe, çay, su... meyvələr... Kim nə istəyir, nə qədər istəyir buyurub nuş etsin!..

Adətən bizlər yemək süfrəsi arxasında uzun-uzadı söhbət etməyə üstünlük veririk. Amma burada hər şey tərsinə, yəni fərqli qaydada oldu. Sanki hamı harasa tələsirdi. Qaçaraq bir tikə yeməklərdən dadıb hamı Şuşanı ziyarətə yüyürürdü, tələsirdi. Şuşanın küçələrini bir topa Azərbaycan ziyalısı səpələnmişdi. Ürəkləri sözlə, həsrətlə, ağrı ilə və nəhayət vüsalla dolu ziyalılar... Oteldən üzü aşağı, sağa-sola, hər tərəfə üz tutub gedirdi adamlar. Mən Zahid Abbasov, Vaqif Bəhmənli və bir də Şuşa ziyalısı Mirzə müəllim... Bizim dördümüz də Şuşanı öz yaddaşımızın imkanı daxilində tanıyırıq. Amma Şuşanı hamıdan daha çox tanıyan təbii ki, Zahidlə Mirzə müəllimdi. Çünki onlar burda doğulublar, burda dünyaya gəliblər, burda işləyiblər. Və 30 ildə bu şəhərin, onun kəndlərinin havasının, suyunun, daşının, torpağının həsrətini yaşayıblar. O həsrət onların yuxularına da qor səpib. O həsrət onların yuxusunu da ərşə çəkib. Bircə arzuları, bircə diləkləri olub:

- Allah bizi Şuşaya qaytarsın...

- Allah bizi Şuşayla qovuşdursun...

- Allah bizə Şuşanın havasını, suyunu dadmağı qismət etsin...

- Allah bizi Şuşada bir süfrə başına yıxsın...

Bəli, bu gün məhz həmin o arzulanan gün idi. Ona görə də Zahid müəllimin, Mirzənin, Vaqif Bəhmənlin bir-birinin sözünü kəsə-kəsə, bir-birinə, həm də mənə verdikləri məlumat məni bu torpağı öpməkdən çəkindirmədi. Yavaşca diz çöküb öpdüm torpağı və:

Torpaq

Od kimidi torpaq –

xışmalasam

ovcum yanacaq...

Və sonra da

barmaqlarımın

ucundan

pardaxlanmış

qan damacaq...

Od kimidi torpaq –

əl uzadıb,

üz sürtüb,

öpməzdən öncə

özün də bax –

gör necə titrəyir, əsir...

Ürək –

sanki, yarpaqdı, yarpaq...

Bax, elə

bu yolla

özünə dönür –

Şəhid qanı ilə

suvarılmış torpaq!

...İlahi, torpağın bu qədər şirin olduğu heç vaxt ağlıma gəlməmişdi. Doğrudu, uşaq vaxtı yıxılıb dizim çapılanda ağrıya dözməyib göz yaşımı tozlu əllərimlə siləndə onda hiss etmişdim torpağın dadını. Amma əhəmiyyət verməmişdim. Bu, bir uşaqlıq xatirəsi olmaqla yanaşı, hər bir uşağın da başına gələn hal idi. Sadəcə mən zaman-zaman könlümü şeirə verəndən sonra göz yaşlarıma qarışan torpağın dadını müəyyən mənada anlamışdım. İndi isə yaşımın bu çağında torpağın baldan da şirin olduğunu dərk etdim. Kimsə bunu şair fantaziyası hesab edə bilər, qoy etsin. Hər halda dediyim onun diqqətini çəkibsə, deməli torpaq həqiqətən şirindi. Axı insanın diqqətini gözəllik, şirinlik çəkib həmişə. Bax elə mən də o təsirlərin yaratdığı ilğımın içərisində Şuşalı günlərimin 30 illik həsrəti ilə sağollaşırdım. Özü də mənim bu 30 illik həsrətimə nöqtə qoyan əsgərin, komandanın qarşısında baş əyərək:

Komandan

Soyumu – sətirimi,

Əbədi çətirimi...

Yurd adlı ətirimi –

Od, közümü qaytardın –

Komandan!

Dünən boynunu bükən

Dünən xəcalət çəkən...

Qaçqınlığa diz çökən –

Bu dözümü qaytardın –

Komandan!

Tutiyə dağım-daşım

Başdan yazıldı yaşım...

Sizlə dikəldi başım –

Cüt gözümü qaytardın,

Komandan!

Ürəyim yarpaq idi,

Sən dözümü qaytardın!

And yerim torpaq idi –

And sözümü qaytardın –

Komandan!

Bu gün Şuşa səfəri zamanı bir söz adamı olaraq yaşadıqlarımın müəyyən hissəsini şeirlə ifadə etməyim bəlkə də kiməsə artıq görünə bilər. Amma inanın ki, bu misralar özü-özündən süzülüb gəlir. Onun içərisində mənim həsrətim də var, vüsalım da, kədərim də, sevincim də. O ki, qaldı bunun şeir kimi necə alınmasına, bunun qiymətini təbii ki, oxucular, bir də ədəbiyyat adamları verə bilər və yəqin ki də verəcək. Bunun üçün heç bir əndişə yaşamıram. Yaşadığım Şuşalı anlarımdı... Biz söhbət edə-edə Şuşanın mərkəzinə doğru gəlirik. Bax, bu Xan qızı Natəvanın bulağıdı... Onunla üzbəüz yenicə istifadəyə verilmiş çox təmtəramlı Qarabağ otelidi. Otellə paralel küçədə Şuşada fəaliyyətə başlamış market yerləşir. Yaxınlaşıb siqaret alıram. Vaqif Bəhmənli üçün də götürürəm. Pulunu böyük qardaş ödəyir. Bizi isti təndir çörəyinin iyi vurur. Bunu hiss edən Zahid müəllim deyir ki, Əbülfət, sən Qəzənfəri tanıyırsan da?

- Hansı Qəzənfəri, Qara Qəzənfəri? – deyə soruşuram.

- Hə, onu deyirəm. 20-25 metr qabaqda onun çörək sexi var. Özü də burdadı, gecə-gündüz işlədir o sexi. Şuşalılara, Şuşada xidmət edənlərə çörək verir Qara Qəzənfər.

Yaxşı tanıdığım bir adam haqqında belə xoş sözlər eşitmək həqiqətən könlümü oxşayır. Elə bu duyğuların içərisində çörək sexinə yaxınlaşırıq. Zahid müəllim özünəməxsus ərklə küçədən səslənir:

- Qəzənfər, ay Qəzənfər!.. (yadıma məşhur filmlərimizdən olan «Qarlı Aşırım» düşür. Yəqin siz də xatırlayırsınız. Qəmlo başının dəstəsi ilə gecə gəlib qapını kəsib ev sahibini səsləyir- Ə.M.)

Zahid müəllimin səsinə sexdən cavab gəlir:

- Ayə, kimsən, gəl içəri...

Bəli, səs tanış, həm də doğmadı. Zahid müəllimlə birlikdə içəri keçirik. Qəzənfər başını aşağı salıb hərbi hissəyə gedəcək çörəyin qaiməsini yazır. Və içəri daxil olanların nəfəsini duyub başını qaldırır. Bizi görəndə əlindəki qələmi stolun üstünə atıb cəld ayağa qalxır:

- Ayə, sizə qurban olum, siz hardan gəlib çıxdınız bura?

Növbə ilə bir-birimizə sarılırıq, hal-əhval tuturuq. Qəzənfər işini köməkçisinə tapşırıb digər otağa keçir. Bizi də dəvət edir həmin otağa. Bildirirəm ki, bayırda dostlarımız gözləyir. Yenə özünəməxsus şəkildə dillənir Qəzənfər:

- Ayə, onlara da qurban olum, çağır onları da içəri. Sizə bir Şuşa çayı süzəcəm bu dəqiqə. Özüm dəmləmişəm elə indicə.

Ardı var.




2543 oxunub

InvestAZ