XƏBƏR LENTİ
22 Oktyabr 2021
21 Oktyabr 2021
20 Oktyabr 2021



Aqil Abbas: “İclasda nə danışdığımı yazsalar, məni deputatlıqdan çıxararlar” – MÜSAHİBƏ
MÜSAHİBƏ 15:04 / 08.09.2021

Millət vəkili, "Ədalət” qəzetinin təsisçisi Aqil Abbas Bakıvaxtı.az-a müsahibə verib.

Yenisəs.az müsahibəni təqdim edir:

Bu gün təsisçisi olduğunuz "Ədalət” qəzeti ölkənin sayılıb-seçilən mətbu orqanlarındandır. Azərbaycan mediasının hazırki durumundan razısınız?

Xeyr.

Narazılığınıza səbəb nədir?

Qəzetsiz cəmiyyət ola bilməz. Qəzetləri şüurlu şəkildə məhv etdilər. Kim etdi, hansı siyasətin qurbanıyıq, bilmirəm. Deyəcəklər ki, qəzetlərə yardım ayırırıq. Bəli, dövlət yardım edir, çox sağ olsunlar. Amma əvvəllər qəzetlər öz-özünə dolana bilirdilər. Mən sizə deyim qəzetlər niyə məhv oldu. Bu, qəsdən planlaşdırılmış bir şeydi. Qəzetlərin küçə satışını ləğv etdilər. Metroların giriş-çıxışlarında da satış ləğv olundu. İnsanlar qəzeti metroda oxuya-oxuya gedirdi. Əvvəllər "Qasid” adında firmanın nə qədər qəzet köşkləri var idi. Onu da ləğv etdilər. Sonradan guya qəzet köşkü açdılar. Deyim biləsiniz, ora köşk deyil, univermaqdır. Əvvəllər qəzet köşklərində sadəcə qəzet satılardı, əlavə olaraq uzaqbaşı siqaret, qələm, dəftər satılardı. İndiki köşklər univermaqdır və ordakı satıcının qəzetləri satmaq maraq dairəsində deyil. Çünki o, qəzetdən pul qazanmır. Bu da qəzetlərin tirajına zərər vurdu. Azərbaycanda elə qəzet var idi ki, aparıcı mətbu orqanlarından idi, lakin satış edə bilmədiyi üçün bağlandı. Biri elə "Bizim yol”. Ora indi sayt kimi fəaliyyət göstərir. Sayt başqa şeydir, qəzet başqa. Saytda bu gün yazı yerləşdirərsən, beş dəqiqə sonra tapşırıq verərlər, çıxararsan. Amma qəzetdə bu, mümkün deyil. O, artıq arxivə gedir. Məsələn, elə "Bizim yol”da oxumuşdum ki, bir nəfər hansısa mövzuda şikayət edib və onu dərc ediblər. Sonradan İcra başçısı həmin adamı qorxudubmu və ya cibinə pul basıb, nədirsə, yığıb redaksiyaya deyib ki, o yazını çıxarın, yoxsa sizi məhkəməyə verərəm. Ona görə biz hansı inkişafdan danışa bilərik.

Qəzet adı nə qədər böyük olsa da, dövlət xüsusi yardım ayırsa belə, bu gün qəzet əməkdaşları əməkhaqqılarından şikayət edir və saytlara üz tuturlar.

Guya saytlarda maaş çoxdur ki?

Nisbətən, bəli.

Nə qədər əməkhaqqı alırsan?

600 manat

600 manat çoxdur ki, qızım? Onu da Media İnkişaf Agentliyi yaranandan sonra üç nəfərə verirlər. Bəs bir qəzeti buraxmaq üçün  nə qədər işçi lazımdır, bilirsiniz? "Ədalət” qəzetində iyirmi nəfər şəxs işləyir. Dövlət bura 5 min manat vəsait ayırır. Biz bu pulun 40%-ə qədərini dövlətə qaytarırıq; əməkhaqqından tutulmalar, sosial fond, o fond, bu fond... Bu 5 min manatın 2 min 500 manatı belə getdi. Ofisin arendası, qəzetin çapını da üstünə gəlsək, 5 min manatla qəzet buraxmaq olar?!  Elə qəzet var ki, ona 15 min manat vəsait ayrılır. Lakin bu pulun müqabilində onların qarşılarına elə tələblər qoyurlar ki, o 15 min də qəzetə bəs eləmir. Heç bir qəzetə pul verməsinlər. Sadəcə qəzetlərin satış azadlığına icazə versinlər.

 Bəzən deyirlər ki, Jurnalistika ixtisası bitirməyənlər bu sahədə işləməməlidir, onlar medianı məhv edirlər. Sizcə jurnalist olmaq üçün təhsil mütləqdir ya qabiliyyət kifayət edir?

 Bu, düzgün yanaşma deyil. Vladimir Lenin deyirdi ki, bədii təxəyyülə malik olan hər kəs jurnalist ola bilər. Azərbaycanda Rüstəm və Maqsud İbrahimbəyovlar, Çingiz Əlioğlu, Zakir Fəxri, Vaqif Cəbrayılzadə, Məmməd Araz və s. hamısı qeyri-ixtisas bitirib, amma tanınmış publisist olublar. Mən belə adamlardan çox sayaram. Eləcə də Rusiya, Türkiyə, Qərb mətbuatında qeyri-ixtisas bitirib jurnalist olan nə qədər adam var.  İndi Lenini söysək də, bu dedikərində haqlıdır. Lakin elə insanlar var ki, nə bədii təxəyyülü var, nə savadı var, gəlir mətbuata qəzet və ya sayt açır. Azərbaycan da balaca ölkədir. Gün ərzində nə qədər hadisə ola bilər ki, bütün saytlar özəl xəbərlərini hazırlasınlar. O, bundan götürür, bu, ondan. Hazırda media haqqında yeni qanun layihəsi hazırlanır. Orda nələr olacaq bilmirəm. İndi sayt açmağa nə var?! Əvvəllər heç olmasa icazə var idi. İndi Ədliyyə Nazirliyindən xəbər gəlməmiş sayt yaradırlar. Ümumiyyətlə qadağan etmək də olmur. O saat Avropa "cumar” adamın üstünə ki, sən söz azadlığını pozursan.  Hələ bir dənə də qanun var; Diffamasiya haqqında Qanun. Bu qanun belədir ki, mən səni təhqir edirəm və əcəb edirəm.

Diffamasiya haqqında Qanunun tərəfdarısınız?

Qətiyyən! Bu qanun qəbul olunsa, Azərbaycan Konstitutsiyasına dəyişiklik olunmalıdır. Konstitutsiyada yazılır ki, dövlət mənim hüquqlarımı qorumağa borcludur. Yaxşı, məni təhqir ediblər və dövlət də deyir ki, diffamasiya haqqında qanun var, sənin hüququnu qoruya bilmərəm. Belə olsa, xaos yaranar. Biz hələ keçid dövründə yaşayırıq. Azərbaycan otuz ildir ki, müstəqildir. Azərbaycan Almaniya, Fransa, İngiltərə, Amerika deyil. Ölkə yeni-yeni özünə gəlir. Görürsünüz ki, sarı mətbuat və rekert jurnalistikası xeyli azalıb. İndi əsas reketçiliklə QHT-lər məşğuldur.

Medianın İnkişafı Agentliyinin yeni qanun layihəsindən söz açdınız. KİV haqqında qanundan nələrin çıxarılmasını istərdiniz? Hazırlanan qanun layihəsinə nələr əlavə olunmalıdır?

Bu sual çox çətin oldu (Gülümsəyir). Sözün açığı bütün qanunu əzbər bilmirəm. Media haqqındakı hazırki qanun normaldır. Saytlarla, youtube kanalları ilə iş o qanunda yoxdur. Yəqin ki, yeni layihəyə bunlar əlavə olunacaq. Qanuna dəyişiklik olunmasının tərəfdarıyam.

Aqil müəllim, Media Ombudsmanının da yaradılması düşünülürdü. Bu məsələ niyə gecikir?

Belə bir fikir var idi, bəli. Hazırda bu işi Mətbuat Şurası görür. Yəni vətəndaşlarla və dövlət orqanları ilə medianın münasibətlərini bura tənzimləməyə çalışır. Media Ombudsmanının da yaradılması düşünülürdü. İndi Ombudsmanımız var da, elə orda media ilə bağlı şöbə yarada bilərlər.

Real danışsaq, bu gün biri yıxılsa ən birinci həmkarı tərəfindən vurulanlar, elə məhz media nümayəndələridir. Niyə jurnalist həmrəyliyi yoxdur?

Əslində jurnalist həmrəyliyi var. Sadəcə olaraq, bayaq dediyimiz jurnalistlərinöz həmrəyliyi var, trolların öz həmrəyliyi. Bu dəqiqə medianı trollar idarə edir. Özü də həm hökümətin, müxalifətin, Rusiyanın, İranın, həm də Qərbin trolları var. Hərəsinin öz həmrəyliyi var. Bir yazı yazarsan, görərsən ki, Azərbaycanın əleyhinə nə qədər şərhlər yazarlar. Ədalətli, peşəkar jurnalistlərin də öz həmrəyliyi var. Onlar bir-birləri ilə rəqabətə girmir, bir-birlərini aşağılamaq istəmirlər. Məsələn, mən yaxşı bir yazı görürəmsə, yazını qəzetimdə həmin mənbəyə istinadla verirəm. Lakin qeyd etdiyim kimi, trollar da öz həmrəyliyini qurur. Məsələn, həmkarım Fazil Mustafa Feysbukda yaxşı bir status yazır və rəy bölməsinə baxırsan ki, trolların hamısı burda onun əleyhinə fikir yürüdürlər.

Rusiya trolları demişkən, ötən gün Jirnovski-Vahabzadə məsələsində İsfəndiyar Vahabzadəni haqlı hesab etməyinizi dəstəkləyənlər çox olsa da, çoxu da narazılıq elədi.

Bəli, söyürlər, bilirəm. Olsun. Belə şeylər olur. Medianın İnkişafı Agentliyindən gözləntilər böyükdür. Görək tənzimləmələri bacara biləcəklərmi?

Reklam məsələsində də problemlər var. Azərbaycanda şirkətlərin bir-biri ilə rəqabət aparması üçün alternativ yoxdur. Azərbaycanda bir semenet zavodu və ya bir Azərsun varsa, bir qida şirkəti varsa niyə reklam vermək məcburiyyətində qalsın ki! Ən çox reklam verənlər toyxanalar, şadlıq saraylarıdır. O da ki, Allaha qurban olum, toy yoxdur.

Trollar mövzusuna qayıtmaq istəyirəm. Deputatların trolları barədə nə düşünürsünüz?

Tək deputatların yox, siyasətçilərin də öz trolları var. Biri yazan kimi "gül açdı, bahar oldu”, trolları o saat "bəh-bəh” yazır. Hətta belə jurnalistlər də var ki, öz dəstələri var. Həmçinin deputatlarda da... Məsələn, Qüdrət Həsənquliyevi Fərəc Quliyev sevmirsə, Fərəcin trolları Qüdrətin əleyhinə yazır. Mən iyirmi ildir ki, deputatam, amma nə trol... Əvvəla, mənim trol saxlamağa pulum nə gəzir? Yazıdı yazıram, söyən də var, tərifləyən də. Bu saat qırğındır ki, mən niyə İsfəndiyarı müdafiə etmişəm. Ay qardaş, mən ziyalıyam, vətəndaşam və bu, mənim şəxsi düşüncəmdir. Azərbaycanda nə qədər adam varsa, İsfəndiyarı söyür. A bala, niyə söyürsən? Məsələn, lap səhv edib. Yox bir, gəlin əlin-qolun bağlayıb Rusiyaya təhvil verək. Deməli, Jirnovski söyə bilər, amma biz ona cavab verə bilmərik? Tək Jirnovski yox, Solovyov, Zatulin-matulin, zir-zibil nə qədər söyür bizi. Donuz oğlu donuz Jirnovski biz və ermənilər üçün təhqiramiz bir ifadə işlədərək deyir ki, Ermənistan və Azərbaycanın torpağı var ki, bir-birləri ilə müharibə edirlər? o ərazilər Rusiyanındır. İndi İsfəndiyar və ya başqası ona niyə etirazlarını bildirməsinlər? Jirnovski xalqımızı, Ali Baş Komandanı təhqir edib və layiqli cavabını alıb. İndi sözüm Jirnovskinin tərəfindən çıxış edən həmyerlilərimizədir: qoy, ruslar qırğın salsın, söysün, siz niyə söyürsünüz? Durub Bəxtiyar Vahabzadəni söyürlər. Bu xalqın müstəqillik əldə etməsi üçün ən çox çalışanlardan biridir Bəxtiyar Vahabzadə.

Olduqca səmimi və açıqsözlü birisiniz. Olubmu ki, emosional cavab verdiyiniz bir açıqlamanı sonradan sildirmisiniz?

Dediyim heç bir sözə görə qətiyyən peşman olmamışam. Nə demişəmsə, demişəm. Niyə peşman olmalıyam ki? Mən ən çox o jurnalistlərə əsəbləşirəm ki, mövzu haqqında on dəqiqə danışmışam və görürəm ki, üç kəlimə söz yazıb. Hələ söydürmək üçün də başlığa demədiyim sözü çıxarırlar. Lakin dediyim heç bir sözü sonradan sildirməmişəm. Demirəm mən həmişə düz danışıram. Mən Allahın bacısı oğlu deyiləm və dediklərim də Quran ayəsi deyil. Mənim subyektiv fikirlərim var. Bəlkə də sonradan peşman olub öz-özlüyümdə "niyə belə dedim” demişəm, amma yığıb redaksiyaya hansısa yazını sildirməmişəm.

Bildiyiniz kimi, jurnalistlərə tikilən 3-cü binanın şəhid və qazi ailələrinə verilməsi üçün bəzi media və QHT nümayəndələri Prezidentə müraciət ünvanlayıblar.

Niyə verilsin? O binada 250 ev var. O 250 evlə üç min şəhid ailəsinin problemi həll olunacaq? Dövlət şəhid ailələrinə və qazilərə hər il nə qədər ev tikir. Dövlət 250 jurnalist evinin ümidinə qalıb? Heç nə. Bəziləri guya təklif veriblər. O təklif verənlərin də hamısının jurnalist binalarında evləri var. İndi Prezident bu 5-10 nəfərin sözü ilə fikrin dəyişəcək? Bunlar fikirləşir ki, Prezident dediyi sözü geri götürər?

İlk təklif elə həmkarınız Etibar Əliyevdən gəldi

Çox böyük səhv edib. O, mənim dostumdur. Olduqca savadlı alimdir, yaxşı da deputatdır. Amma bu təklifi irəli sürməklə çox böyük səhv edib. Həkimə də ev verilir, alimə də. Bu gün dövlət jurnalistlərin də vəziyyətinin yaxşılaşdırılması üçün çalışır, ona görə ki, onlar da ailə-məişət məsələlərini həll edə bilsinlər. "Ədalət” qəzetinin xanım əməkdaşlarından biri 25-27 ildir ki, burda işləyir, amma evi yoxdur. Biz dəfələrlə KİVDF-yə bununla bağlı müraciət etdik. Lakin bu xanımın hansısa sözü Vüqar Səfərlinin xoşuna gəlməmişdi deyə "nə qədər biz burdayıq, sən ev ala bilməyəssən” demişdi. Həmçinin jurnalist Etibar Cəbrayıloğlu. Bizim işçi olub. Olduqca savadlı və qeyri-adi qələmi olan jurnalistdir. Ona da ev vermirdilər. Mən dava çıxardım. İclasda nə danışdığımı yazsalar məni deputatlıqdan çıxararlar. Kim onun əleyhinə idi, hamısı ilə mübahisə etdim. Nəhayət ki, ev ala bildi. Yəni ona görə deyirəm ki, jurnalistlərə ev verilməlidir. Müharibədən çıxmışıq. Bir az özümüzə gələk, binanın hələ dördüncüsü də tikiləcək inşallah.

 

 

Nuranə Daxilqızı



2563 oxunub

InvestAZ