Hər kəsin vətənpərvərlik duyğusu Vətəninə olan sevgisi, məhəbbəti
boydadır. Vətənini ürəkdən – candan sevən gənc bu şərəfli yolda hər cür fədakarlıq
etməyə hazır olur. O da şagirdləri ilə apardığı
tərbiyəvi söhbətlərdə Vətən sevgisini önə çəkir. Bunu özünə bir vətəndaşlıq
borcu bilir. Ölkəmizin tarixi, mədəniyyəti haqda şagirdlərini asan başa düşüləcək
tərzdə məlumatlandırır. Bu məlumatlar
uşaqların vətənpərvərlik ruhunda böyüməsi üçün mühüm əhəmiyyət kəsb
edir.
Ümummilli lider Heydər Əliyevin dediyi kimi :
"Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən gənc vətənpərvər ola
bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Bu,
sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa
bağlı olmaq – budur vətənpərvərlik!.”
Elə ən böyük sevgi də Vətən sevgisidir. Vəfadarın məramı səmimiyyətdən, Vətənə sədaqətdən
yoğrulub. Onun auditoriyada şagirdlərinə aşıladığı hisslər onların qəlbində
dövlətə və dövlətçiliyə inamını artırır.
Vəfadar Xəlilov gənc yaşlarından Vətənin
şöhrət yolunu deyil, Vətənə xidmət
yolunu seçib. Öz doğma kəndində yaşamağa, öz doğma məktəbində işləməyə üstünlük verib. Universiteti bitirib,
təzəcə qönçələnən gəncliyin ümidli, arzulu tələbəlik illərini başa vurub, Vətən
qarşısında əsgəri borcunu yerinə yetirdikdən sonra, vaxtilə orta təhsil aldığı
məktəbdə əmək fəaliyyətinə başlayıb. Saatlı rayonunun Sarıcalar kənd tam orta məktəbində
müəllim işləyir, informatika fənnini tədris edir. İşlədiyi müddət ərzində təhsil
uğurları da qazanıb. Qazandığı uğurlarla fəxr edir. Bildiklərini şagirdlərinə
aşılamaqda əlindən gələni əsirgəmir. Kənd müəlliminin maaşı az olsa da, Vəfadar
şikayətlənməyi xoşlamır. Başqalarından fərqli olaraq, şəhərdə qalıb işləməyə, artıq məvacib
qazanmağa üstünlük verməyib. Ürəyindəki
sevgi bağları ana torpağın vəfalı oğlu kimi, onu doğma yurda qırılmaz tellərlə bağlayıb.
Müəllim kimi fəaliyyətinin ilk günlərindən şağirdlərini
ürək həyanı bilərək, öz işindən zövq
almağa başlayıb. Onların Vətənin layiqli övladları kimi yetişməsi üçün əlindən
gələni əsirgəmir və bir müəllim kimi özünü xoşbəxt sayır.
O,
kənd – kəsəyə çox bağlıdır. Sarıcaların icma rəhbəri kimi kəndarası yolların çınqıl daşları ilə təmir
olunmasında yaxından iştirak edib. Kənddə futbol meydançasının yenidən
qurulması, Bankomat və Milliön aparatlarının quraşdırılması da onun təşəbbüsü
ilə mümkün olub. Övladlarına da vətənpərvərlik
duyğularını kəndinin, el – obasının insanlarına bir vətəndaş kimi gərəkli
olması ilə aşılayır. Onun məktəbdə əla
qiymətlərlə oxuyan, azərbaycan dili və ədəbiyyatı fənnini sevə - sevə öyrənən
qızı Vəfanın da Vətənə olan sevgisini hərarətlə yazdığı bir bənd şeirindən duymaq olur:
Neçə ildir mirasdır bu
bayram, bu ənənə,
Xalqımızın yadından heç
çıxmayan təntənə...
Bu gün bayram keçirək,
Laçında, Kəlbəcərdə,
Birdəfəlik son qoyaq bu
nisgilə, bu dərdə...
Bu misralar məktəbli balamızın saf duyğularından və obrazlı təfəkküründən
süzülüb gələn fikir qönçələridir. Burada poetik düşüncə ilə yanaşı, səmimi bir
etiraf var. Bu körpə etiraf onun Vətənə olan körpə sevgisindən boylanan hürkək
bir əsintidir. Nə bilmək olar, bəlkə
neçə - neçə illər sonra, bu gün boy atan Vəfa balamız yeni zəfər dünyamıza aid
yeni – yeni şeirlər yazacaq?! Ona bu yolda uğurlar diləmək də uca könüldən gələn
bir arzudur.
Gənc
müəllim Vəfadar Xəlilov normal bir kənd
evində, valideynləri və öz ailəsi, üç gül balası ilə xoşbəxt yaşayır. Yaz
olanda həyətlərində gül – gülü, çiçək – çiçəyi çağırır. Vəfadar təbiət gözəlliklərinin
vurğunudur. Hər gün səhər tezdən oyanır, həyət – bacaya əl gəzdirir, inəklərini
yemləyir, su verir. Həyətdə yaşıllığa qulluq etməkdən, əkdiklərini becərməkdən,
suvarmaqdan xüsusi zövq alır. Su qıtlığı ilə əlaqədar, çətinliyi aradan
qaldırmaq üçün həyətlərindəki arteziandan istifadə edir. Sonra da məktəbə -
ulduz gözlü uşaqların münbit qəlbinə nur – işıq bəxş etmək üçün dərsə tələsir.
İşlədiyi məktəbdə 600 – dən çox şagird təhsil alır. Ümumilikdə birincidən on
birinciyədək 21 sinif var. O, bütün siniflərə dərs keçir. Məktəbdə yaradılan şəraitdən də
razılıq edir. Deyir:
-
Yaxşı şəraiti olan məktəbdə təhsil almaq şagirdlər
üçün rahatlıq deməkdir. Müasir tipli məktəbdə, əlbəttə, müəllimlər də həvəslə
işləyər. Belə məktəblərdə tədris də, davamiyyət də yaxşı olur. Məktəb binası təmir
olunduqdan sonra şagirdlərin təhsil almaları üçün hər cür şərait yaradılıb. Təhsil
ocağı lazımi avadanlıqlarla təchiz edilib.
Burada sinif otaqlarından başqa emalatxana, laboratoriya, hərbi hazırlıq
otağı, idman zalı və s. mövcuddur. Məktəbin ərazisində abadlıq işləri və səliqə - səhman göz oxşayır.
Vəfadar
çox gülərüz və mehriban oğlandır. O, mənəvi ehtiyacları maddi ehtiyaclardan
üstün tutur. Onun vətənpərvərliyi, bir kənd müəllimi kimi ictimai fəallığı
xoşuma gəldiyi üçün haqqında yazmaq qərarına gəldim. Vəfadar
bunu biləndə hürkək bir sevinc ovqatına kökləndi. Gözlərindəki gülüş,
sifətindəki xoşbəxtlik nuru biraz da artdı. Süfrə başında oturub, isti çay içdiyimiz anlarda Vəfadarın ilıq nəfəsi,
isti sözləri qəlbimizi isindirdi.
O, günün tələbləri ilə yaşayıb işləməyə
çalışan, həyata fəal müdaxilə etməyi bacaran bir gəncdir. Həyatda gördüklərinə
və təhsildə rast gəldiyi problemlərə seyrçi mövqedən yanaşmır. Müasir həyatımızın ciddi ictimai problemlərinə də vətəndaşlıq
mövqeyindən yanaşaraq münasibət bildirir. Sözündə - söhbətində "Vətənin qəlbini
döyündürən” arzularını dilə gətirir. Onun ən ümdə sevgisi də, ümidi, inamı da Vətənə
bağlıdır. Ürəyi Vətən eşqi, yaşayıb yaratmaq, həyatda yaxşı ad – san qazanmaq həvəsi
ilə döyünür. İkinci Vətən müharibəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsində təkidlə cəbhəyə getmək istədiyini bildirmişdi. Amma obyektiv səbəbdən cəbhəyə getməyi alınmasa da, ikinci Vətən müharibəsi zamanı arxa cəbhədə
fəal iştirak edib. Bu münasibətlə Saatlı rayon Gənclər və İdman İdarəsinin
diplomuna layiq görülüb.
Ümumiyyətlə, Vəfadar Xəlilov həm gənc müəllim,
həm də içtimai fəal kimi bir neçə diplom və sertifikatlara layiq görülmüşdür. O
cümlədən, "İlin müəllimi” diplomuna,
Heydər Əliyev Fondunun "Regionların inkişafı” ictimai birliyinin birinci könüllülər proqramında
iştirakına, eləcə də təhsil kurikulumu üzrə təlim kurslarında ikinci, müəllimlər
arasında bilik yarışmasında birinci yerə çıxdığına görə sertifikatlara layiq
görülmüşdür.
... Mən şəhər
tünlüyündən yorulanda, vaxt olduqca Vətənimizin gözəl təbiətinin qoynuna səyahət
etməyi çox sevirəm. Könlüm ana torpağı
qariş - qarış dolanıb gəzdikcə içimdəki narahatlıq duyğusunu tərk edirəm.
Xüsusilə yaz aylarında nərgiz – bənövşə ətirli, füsunkar Azərbaycan təbiətinin
çənli – dumanlı dağlarının mənzərəsi məni maqnit kimi özünə çəkir. Amma Muğan düzündə, Sarıcalar kəndində də aran
sübhünün başqa bir əfsunlayıcı duyğusallığını gördüm.
Oradakı sərin sabah nəsimi, qönçələri açan güllərin, çiçəkləyən meyvə
ağaclarının nübar qoxusu, nizam – intizamlı, mehriban, gənc bir kənd müəlliminin
yaşantıları, həyat və fəaliyyəti, eləcə də sükut dolu çöllərdə yazın gəlişindən
xəbər verən şanapipiklərin səsi hələ də xoş bir təəssürat kimi qəlbimdə
yaşayır. Böyük şairimiz Səməd Vurğunun məşhur
- "Nə gözəl yaraşır Muğana Ceyran” misraları da təəssüratlarıma çalar qatır. Elə bu xoş təəssüratdan
Vəfadarla aramızda bir doğmalıq körpüsü yarandı. Məni Muğan torpağına aparan o
yolla Bakıya qayıdarkən ruhumun havasına köklənib bu şeiri yazdım:
Mən keçib gəldiyim Muğan yoluymuş,
Vurğunun gəzdiyi Muğan uluymuş.
Ürəyin sevinclə, nurla doluymuş,
Olmasın qəlbinin qübarı, dostum!
Tanrı töhfəsidir
gülən gözlərin,
Dostluğun dərindir,
ülfətin şirin.
Sən könül həmdəmi
oldun şairin,
Unutmaz bu əhdi,
ilqarı, dostum!
Vəfadar naxışdır
sənin adında,
Bax, belə
qalasan elin yadında!
Bəzəkdir ömrünə
üç övladın da,
Övladdır atanın
vüqarı, dostum!
Muğan Muğan
olmaz ümmandan ayrı,
O çöllər gözəli
Ceyrandan ayrı.
Dağ da qəribsəyər
insandan ayrı –
Gəl gəzək səfalı
dağları, dostum!
Ərmağan edirsən
hər cür incini,
Həziylə bölürsən
öz sevincini.
O gözəl bağçanda
alıb dincini,
Solmasın
bağçanın baharı, dostum!..
PS : Bu günlərdə Vəfadar müəllimin yeni yaşı tamam olur. Yeri gəlmişkən,
yeni dərs ilinin başlanması və yeni yaşının tamam olması münasibətilə Vəfadar
müəllimi səmimi qəlbdən təbrik edirəm!
Əziz dostum, sənə həyatda möhkəm
cansağlığı, uzun ömür və işlərində yeni – yeni uğurlar diləyirəm...