Heç nə əvvəlki kimi deyildi.
Qadın şübhələrini dəfələrlə dilə gətirsə də, ona yanıldığını anlatmaq üçün hər vasitəyə
əl atır, ürəyində yuva salmış şübhənin kökünü kəsməyə çalışırdı. Şair nə qədər dil
töküb, onu əvvəlki kimi sevdiyini söyləsə də, əməlləri bunu isbat etmirdi. Nə əvvəlki
kimi qadını səhər erkən öpüşləri ilə yuxudan oyadır, nə ona həsr etdiyi şeirlərinə
fikir bildirməsi üçün həyəcanla gözləyirdi. Qaşqabaqla dolaşaraq problemlərini bəhanə
gətirir, səbəbin bunlar olduğunu söyləyirdi. Onun problemləri əvvəllər də var idi,
amma o zamanlar qadının bir baxışı ilə gözlərinə işıq gələr, bütün problemləri unudulardı.
Bir təbəssümü ilə işinin uğurlu başlayacağına
əmin olar, onu özünün şans mələyi hesab edərdi.
İllər beləcə ötürdü. Artıq
əvvəlki münasibət qalmamışdı. Bir-birinə sadəcə hörmət edirdilər. Evləndikdən üç-dörd
il sonra sevginin azaldığını, nəhayət yoxa çıxdığını, bunun yerini qarşılıqlı hörmətin,
sayqının tutduğunu bildirən mütəxəssislərə etirazını bildirib, sevginin ən böyük
ilahi güc olduğunu və heç vaxt tükənmədiyini söyləyən şair indi özü də yanıldığını
hiss edirdi. Onun yaradıcılıq üçün yeni ilham pərisinə ehtiyacı vardı. Və...bir
oxucu zəngi onu, axtarışında olduğu ilham pərisinə qovuşdurdu.
Oxucu mesajla onun yazılarına, şeirlərinə hava, su kimi ehtiyacı olduğunu,
hər sabah onun sevgi şeirləri ilə oyandığını, hər gecə qucağında onun kitabı ilə
yuxuladığını yazırdı. Bu, şairə yeni ümidlər, macaralar vəd edirdi. Birinci mesajdanca
özünü belə, görmədiyi o qadına marağı, vurğunluğu başladı. Qadın onun ürəyini oxuyurmuş
kimi, hislərini duyur, istəklərinin nələr ola biləcəyini sadalayır, hər mesajda
onun elə öz misraları ilə xoşbəxt edirdi...
Artıq evə, ailəyə münasibəti tamam soyumuşdu. Bütün gün gözü telefonda qalır,
gizli aşiqindən yeni sevgi etirafları gözləyirdi. Süstləşmiş, yorğun görkəminə gözəgörünməz
bir qüvvənin əli ilə bir ruh, gənclik həvəsi gəlmişdi.
İlk vaxtlar, bir zaman dəli kimi sevdiyi qadınına etdiyi bu xəyanət üçün
vicdanı onu bir az incitsə də qadını, sevgisinin çox hissəsini övladlarına sərf
etməklə onu ikinci plana keçirməkdə, qadın kimi özünə fikir verməməkdə günahlandıraraq
özünə haqq qazandırırdı. İndi yalnız evin maddi tələbatlarını ödəməklə borcundan
çıxdığını zənn edən şair üçün əsl həyat ailədənkənar dünyası idi.
Mesaj yazan xanımdan onun nədən zəng etmədiyini, nədən görüşmək istəmədiyini
soruşarkən o, tələsməməyi, hər şeyin bir zamanı olduğunu, səsini eşidəcəyi, üzünü
görəcəyi günün çox da uzaq olmadığını yazırdı. Bu gizlilik, sirlilik onu daha da
qıcıqlandırır, macara həvəskarı şair özünü on beş yaşlı oğlan kimi hiss edirdi.
Xanımı ondakı bu dəyişikliyi üzə vurmurdu. Özü də bu sahənin adamı olduğundan
ərinin yaradıcılığına müsbət təsir edən bu «dəyişikliyi» səbrlə izləyirdi. Amma
içini gəmirən qısqanclıq hissiylə də bacarmırdı. İki yolun arasında qalan qadın
hələ ki, öz hisslərini qurban verir, sevdiyinin bir gün peşman olaraq onun qiymətini
anlayacağına inanırdı. Günlər üzücü keçirdi. Əvvəllər paltarını dəyişdirməyə, tüklü
üzünü qırxdırmağa güclə nail olduğu həyat
yoldaşı indi üst-başına xüsusi fikir verməyə, hər gün üzünü qırxmağa, bahalı ətirlər
istifadə etməyə başlamışdı. Bir gün gizli
aşiqi görüşməyə razı olar deyə, hər gün səliqəli olmağa çalışırdı.
O gün isə çox təlaşlı idi. Gizli aşiq ona görüşməyi təklif etmişdi.
Həyəcandan ürəyi sinəsindən çıxacaqdı sanki. Görüş təyin olunan yeri xəyalında
min dəfə gəzib gəlmişdi. Mesajlar əsasında təsəvvür etdiyi xanımla görüşünə anlar qalmışdı. Ona aylardı yeni macara yaşadan,
yeni arzular bəxş edən, yeknəsəq həyatına rəngarənglik gətirən bu xanımın ayaqlarından
öpməyə hazır idi.
Nəhayət vədələşdikləri yerə yaxınlaşdı. Qadın nə geyinəcəyini tərif etdiyindən
onu uzaqdan görən kimi tanıdı. Qadın arxası ona tərəf otursa da, sarı rəngli saçları,
marka mal olduğu kənardan bilinən yaraşıqlı paltarı, hündürdaban ayaqqabısı, laklı
dırnaqları, son moda əl çantası ilə çox cəlbedici görünürdü.
Şair həyəcandan yıxılmaqdan özünü güclə saxlayırdı. Ürəyinin döyüntüsü qulaqlarında
guppuldayırdı. Sənəti ancaq sözdən ibarət olan şair nə deyəcəyini, necə başlayacağını
bilmirdi.
Nəhayət qadının oturduğu
skamyaya çatdı. İlk görüş maraqlı alınsın deyə, qadının arxasında dayanıb adətləri
üzrə mesaj atmaq istədi. Bu zaman qadın arxaya çevrildi. Şair gözlərinə inanmadı.
Söz boğazında düyünlənib qalmışdı. Bərəlmiş gözləri ilə, təəssüflə ona baxan qadını
izləyirdi. Bu qadın onun xanımı idi...