Hər bir kitab təkcə söz
toplusu, fikir mücrüsü deyil. O həm də yaxşı bir həmsöhbət, yol yoldaşı və dostdur.
Bu mənada nəşriyyatlarımızın oxuculara hədiyyə etdiyi yeni çap məhsulları həmişə
maraq doğurur. Təbii ki, söz adamları, yazı-pozuya meyilli insanlar bu işdən daha
çox qazanırlar. Onların qazancı yeni həmsöhbət tapmaq, yeni söz dünyasına baş vurmaqdır.
«Azərbaycan» nəşriyyatında
yerləşən və özünün çap etdiyi məhsulları ilə həmişə diqqəti çəkən «Maarif» nəşriyyatının
direktoru İsmayıl müəllim bugünlərdə mənə bir kitab bağışladı. Əlboyda olan bu kitabın
üstündə qirayət edən oğlan uşağının şəkli var. Doğrusu, kitabın üz qabığındakı şəkil
mənə çox maraqlı gəldi. Elə kitabın adı da maraq doğururdu. Qeyd edim ki, «Yol»
adlanan bu kitab «Seyid Hüseyn oğulları» tərəfindən 2021-ci ildə Tovuz şəhərində
hazırlanıb və paytaxtda çap olunubdur. Onu araya-ərsəyə gətirən gənc naşir dostum
Fariz bəydir. Bütün bunları ona görə ən xırda detallara qədər vurğulayıram ki, kitab
həqiqətən dəyərlidi. Kitab hər kəsin diqqətini, sevgisini qazanmış və ölkənin
imanlı təbəqəsinin yaxşı tanıdığı İmam Əlidən bəhs edilir. Daha doğrusu, məhz
İmam Əlinin ən məşhur kəlamlarından biri olan «Elm şəhərin qapısıdı» deyiminə
istinadla hazırlanıb və həm də kitaba «İmam Əlinin qısa kəlamları» adı
verilibdir. O ki qaldı, «Yol» adına, bu, əslində həmin kəlamlardan nəticə
çıxarıb, öyrənib, elmin yolu ilə sabaha getməyə bir çağırışdı. Kitabda İmam
Əlinin 345 kəlamı yer alıb. Onların hamısı da insanlığa, mərifətə, elmə,
dostluğa, sevgiyə, sədaqətə köklənib. Məsələn, İmam Əli söyləyir ki, «Əvvəl
yol-yoldaşını tap, sonra yolu axtar» və yaxud «Ağıl o qədər kifayətdir ki, zülümlərdən səni işığa çıxardır», «Arzulara bənd
olmayın, insanları aldadandır», «Layiqli həmdəm tapmaq gözəl səadətdir» və s.
Bəli, hər kəsin hətta
cibində gəzdirə biləcəyi bu ibrətamiz kəlamlar kitabını araya-ərsəyə gətirən
naşirlərə, ona maliyyə dəstəyi verənlərə mən bir oxucu olaraq təşəkkürümü
bildirirəm. Sonda onu da vurğulayım ki, kitab pulsuzdur, satılmır, ancaq
bağışlanır.