XƏBƏR LENTİ
29 Noyabr 2021
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



Adil MİSİRLİ : - Çay necə dəmlənməli və içilməlidir?
Maraqli 12:54 / 17.08.2021


Biz çox çaysevən millətik. Vaxtımızın müəyyən hissəsini çayxanada, ya da başqa yerdə çay içməklə keçiririk. Amma açıq deyək ki, çayın dəmlənməsində biz xeyli məqamları doğru yerinə yetirmirik. Bunu nəzərə alaraq, çay dəmləmək haqqında bir az ətraflı və geniş danışmaq istərdik.

Çay yeməkdən xeyli qabaq içilməlidir. Yeməkdən sonra içilirsə, yeməyə təsir edib, onu parçalaya bilmir. Yəni yemək yaxşı həzm olunmur, qidalanma düzgün getmir. Maddələr mübadiləsi arzuolunan şəkildə baş tutmur. Çay yeməyə tam qarışa bilmir, öz vəzifəsini layiqincə yerinə yetirmək qabiliyyətindən uzaq düşür. Təbii ki, bu zaman mədədə narahatlıq meydana gəlir. Demək çay yeməkdən öncə içilsə, öz funksiya və vəzifəsinə lazımınca əməl edər.

* * *

Yeri gəlmişkən, bir neçə söz də çayın dəmlənməsi barəsində söyləyək. Əvvəlcə çayniki qaynadılmış su ilə yaxalamaq lazımdır. Sonra birinci olaraq, mütləq şəkildə çaynikə dağ su tökülməlidir. Bundan sonra suya (çaynikə) quru çay atılmalı, əlavə edilməlidir. Çünki belə olan zaman çay lazımi qaydada dəmlənir və öz rəngini alır. Əvvəlcə quru çayı çaynikə atıb üstünə su almaq məqsədə uyğun deyil. Axı belə olan təqdirdə zərblə yuxarıdan tökülən su çaynikdəki quru çayı tez bir zamanda parçalayır və çayın tərkibindəki zərərli maddələri, eləcə də çay tozunu ayırıb özünə birləşdirir. Çay nəticədə təbii ki, keyfiyyətsiz olur. Quru çay yavaşca yuxarıdan suya əlavə edildikdə isə çay yaxşı dəmlənir, öz təravət və qoxusunu itirmir, ətirli olur.

* * *

Dəmlənmək üçün dəm çaynikini yanan qazın, ya da başqa odun üstünə qoymaq olmaz. Çay dəmə qoyulan zaman od söndürülməlidir. Çünki quru çay da qaynadılmamalıdır. Bəziləri çayniki yanan odun üstünə qoyur, qoy bir buğum dəmlənsin, deyirlər. Halbuki belə olanda çay tərkibindəki bütün vitaminləri itirir, ləzzətsiz, keyfiyyətsiz olur. Çayı dəmləmək üçün söndürülmüş odun üstünə qoymaq məsləhət görülür. Özü də cəmi 3-5 dəqiqə müddətinə. Bundan sonra çayniki götürüb, üstünə məhrəba, ya da qalın parça qoyub yenə 3-5 dəqiqə gözləmək lazımdır.

* * *

Çaya kəklikotu, mixək, zəncəfil əlavə etmək istəyirsinizsə, bunu mütləq çayniki sönmüş, güclü olmayan odun üstündən götürəndən sonra əlavə edin. Çünki adlarını çəkdiyimiz ədviyyatı çaydan xeyli kövrək və zərif olduğundan quru çayla birlikdə, eyni vaxtda çaynikə atmaq məsləhət bilinmir. Çox qaynar, isti çay aludəsi mədədə xərçəng xəstəliyinin yaranmasına şərait yarada bilər.

* * *

...Yaponiyada çay dəmləmək, içmək geniş bir dəsgahdır. Bu adət əsrlərin sınağından keçmiş, xalqın müdriklik və dözümlülüyündən yoğrulmuşdur. Burada səbr və təmkinlə, tələsmədən çay içmək çoxdan adət-ənənəyə çevrilmişdir. Bu yaxınlarda bir çaysevər yaponiyalı həmkarımla bərabər çay içərək xeyli söhbət etdik. Geniş dünyagörüş və biliyə malik olan yaponiyalı onunla sən demə, mənim çay içməyimə, söhbətimə diqqətlə nəzər yetirirmiş. Azərbaycana tez-tez gələn yaponiyalı bizim mətbəx və

adətlərimizdən xəbərdardır. O, limonlu çay içməkdən də danışdı və bu barədə mənim fikirlərimi soruşdu. Mən ona limonlu çayın faydasından, belə çayın adamı xərçəng xəstəliyinə tutulmaqdan qorumasından, çəkisini eyni qaydada taraz vəziyyətdə saxlamasından, bədəni artıq piqmentlərdən əridib azad etməsindən danışdım. Və onu da qeyd etdim ki, limonu çaya əlavə edərkən onu qaşıqla dərhal əzib, şirəsini çayla qarışdırmaq lazımdır. Belə olan zaman limondakı bütün vitaminlər tezliklə çayla qarışır, çay ətirli, təravətli və müalicəvi olur. Onu da nəzərə çatdırdım ki, çaya salınmış limonu çoxları kimi götürüb çeynəmək və ya yemək olmaz. Çünki limon artıq çaydakı çay tozunu və başqa mənfi elementləri özünə çəkmiş olur...

Qonağın sifətində qəribə cizgiləri seyr etdim. O, belə qəribə baxışlarla məni sakitcə xeyli süzdü və sonda sifətinə xəfif qızartı çökdü. Nəhayət, o, öz fikrini açıqca söylədi:

- Sizin xalq çox müdrik xalqdır. Bu özünü bir çox sahədə qabarıq büruzə verir. Ancaq nə gizlədim, sizdə bir çoxları məhz çaydakı limonu sonda ya çeynəyir, ya da yeyir. Bunu isə əlbəttə, etmək qətiyyətlə olmaz. Və nə yaxşı ki, bunu bilən, başa düşən həmsöhbətlə rastlaşdım. Mən bundan çox məmnun oldum. Buna görə ancaq sağ ol deyə bilərəm.

Yaponiyalının dedikləri, təvazökarlıqdan uzaq olsa da, nə gizlədim, məndə xoş əhval, ovqat yaratdı. Biz nə vaxtsa yenidən görüşmək, bir yerdə "lumulu" çay içmək ümidi ilə, səmimiyyətlə ayrıldıq...



4511 oxunub

InvestAZ