XƏBƏR LENTİ
16 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021



Ələsgır BƏDƏLOV: «Polis də bizdən biridir!» düşüncəsi hamımıza hakim olmalıdır
YAZARLAR 11:52 / 10.08.2021

Yaşadığımız zaman kəsiyi özünün problemləri, ictimai-siyasi mənzərəsi və xüsusilə realıqları ilə kifayət qədər sual doğurur. Təbii ki, bu sualların hamısına müxtəlif  aspektlərdən yanaşıb cavab vermək mümkündür. Lakin bütövlükdə, nə suallar, nə də cavablar bütün ictimaiyyəti qane etməyəcək. Ona görə ki, hər kəsin öz yanaşması, öz baxış bucağı var. Elə bu yanaşmanın hər birini suala çevirsək, onda ən azı bir il oturub sual-cavabla məşğul olmalıyıq. Deməli, burada əsas olan budur ki, ortaya çıxan sualda məqsəd nədir. Ümumiyyətlə bu sual nədən qaynaqlanır. Bu məsələnin birinci tərəfidi. İkinci tərəfi isə məhz həmin suala verilən cavabda özünü ifadə edir...

İndi gələk mətləb üstünə. Əgər diqqət yetirmisinizsə, son zamanların gündəmini zəbt etmiş bir məsələyə sosial şəbəkələrdə, mediada, çayxanalarda, bir sözlə, insan toplumu olan hər yerdə müxtəlif münasibətlər ifadə olunur. Daha çox sosial şəbəkələr həmin məsələnin üstünə gedir. Lakin barəsində danışılan mövzu nədənsə həmin sahənin biliciləri, mütəxəssisləri tərəfindən laqeydliklə, biganəliklə, bəzən görməməzliklə yola verilir. Demək istəyirəm ki, gündəmin baş mövzusna çevrilmiş polisə münasibət məsələsi nədənsə polisin şinelindən çıxıb təqaüddə oturanların və yaxud bu gün də o şinelin içində olanların böyüuk əksəriyyətinin sanki diqqətini çəkmir və yaxud da onlar bunu görmürlər.

Bax, elə bu düşüncələrin içərisində mən bir vətəndaş olaraq köhnə dostlara, zamanında polis orqanlarında xidmət etmiş və müəyyən nüfuz qazanmış sabiqlərə üz tutmağı özüm özümdə qərar verdim. Və heç tərəddüd etmədən uzun illərdən bəri tanıdığım, xeyirdə-şərdə, ağrılı-sevincli günlərdə birlikdə olduğum təqaüdçü, polis polkovniki Ələsgər Bədəlova telefon açdım. Təbii ki, öncə hal-əhval tutdum və bildim ki, Ələsgər müəllim doğma İsmayıllıda bu yayın istisini yola verməyə çalışır. Mən ona xoş istirahət dilədikdən sonra bir məsələ ilə bağlı fikirlərini öyrənmək istədiyimi söylədim.

Təbii ki, Ələsgər müəllim də məsələnin mahiyyətini soruşmadan mənimlə razılaşıb buyur dedi.

- Ələsgər müəllim, bu gün gündəmdə olan məsələlərdən biri Azərbaycan polisidir. Baş vermiş olaylarda hər tərəfdən polisə basqılar, onun nüfuzuna xələl gətirən fikirlər, müəyyən arqumentlər səsləndirilir. Amma nədənsə polisdə böyük həyat təcrübəsi olan veteranlar, nə də bu sahənin çörəyini yeyib, onunla vəzifə kürsüləri tutanlar və nəhayət hətta, aidiyyatı qurumların özləri belə həmin fikirlərə kəsərli cavab sərgiləmir, mövqe ortaya qoymur, bəzən də ötəri, bir növü nəyinsə xatirinə münasibətlər dilə gətirilir. Sizcə, Azərbaycan polisinə, ümumiyyətlə, polisə bu münasibət hardan qaynaqlanır?

 - Öncə məsələyə münasibətimi öyrəndiyiniz üçün sizə təşəkkür edirəm. O ki, qaldı söylədiyiniz mövzuya... Doğrusu, mən də baş verənlərlə bağlı daxilən çox ürək sıxan anlar yaşadım. İndinin özündə də o ağrı içimdən çıxmayıbdı. Çünki Azərbaycan polisinin keçdiyi yol çox böyük və şərəfli, qürurverici bir tarixi yoldur. Bu yola, bu xidmətə ümummilli liderimiz zamanında çox böyük diqqət göstərməklə qiymətini veribdi. Mən bunu heç vaxt unuda bilmərəm. Və bunu da heç kim gərək unutmasın. Doğrudu, bütün qurumlarda, nazirliklərdə olduğu kimi, polisin daxilində də, yararsız, daşıdığı mundirə ləkə salan, xələl gətirən, öz davranışı, öz xidməti ilə polisi aşağılayan əməkdaşlar olub, bu gün də var.  Və həmin əməkdaşlar da zaman-zaman yuxarı instansiyalar tərəfindən orqandan uzaqlaşdırılır, cəzalandırılır. Bir az rəqəmlərin dili ilə desəm, bu 100 faizli bir gücün təqribən 8-10 faizi deməkdir. Biz həmin o 8-10 faizə görə, 90-92 faizi qaralasaq, ona çamur atsaq, çox böyük ədalətsizlik, haqsızlıq etmiş olarıq. Bunu gərək unutmayaq. Çünki polisin sıralarında xidmətə bütün varlığı ilə bağlı olan, canını, gecəsini, gündüzünü əsirgəməyən oğullar var. Onlar hər an bizim  hər birimizin hayına çatırlar. Özünüz təsəvvür edin, istənilən adamın özü də  tutduğu vəzifədən, mövqedən asılı olmayaraq, dara düşəndə ilk köməyə səslədiyi 102-dir, polisdir. Hətta  evin içində baş verən ailə dramında da imdada polis çağırılır. Əgər biz bunu ediriksə və hamımız da bunu biliriksə, onda niyə polisə çamur atmalıyıq?  Mən hələ xidmətim zamanımda təklif etmişdim ki, polis həyatını, polisin xidmətə bağlılığını xalqa daha geniş şəkildə, özü də əyani faktlarla çatdırmaq üçün planlı işlər görülməlidi. Məsələn, xidmətini şərəflə  başa vurmuş veteranlarla gənc polislərin, ictimaiyyət nümayəndələrinin görüşlərini keçirmək, polis akademiyasında təcrübəli peşəkar veteranların xildmət yolunu öyrənib onu tədris etmək, əyani vəsaitə çevirmək. Zənnimcə, həm gənc polislərin təcrübə toplamasında, həm də nəsillərin əlaqəsinin davamlı olmasına xidmət edər.

Digər bir məsələ polislə bağlı kliplərin, reklam çarxlarının hazırlanması və burada gerçəyin ifadə olunması çox böyük önəm kəsb edə bilər. Bu işi təkcə əlaqədar qurumlar deyil, sahəyə maraq göstərən qeyri-hökumət təşkilatları da sifariş verə bilər. Bunun üçün yalnız istək lazımdı. Özü də bu istəyin mayasında polisə sevgi dayanmalıdı. Necə ki, Türkiyədə, eləcə də digər Avropa ölkələrində polislə, jandarma ilə bağlı qanunlar, görüntülər, eləcə də kliplər yayımlanır...

- Ələsgər müəllim, mən Sovet dönəminin başçısının həyatından fraqmentləri, yəni arxiv materiallarını televiziyada izləyəndə həmişə milisin yol kəsişməsində dayanmasını, yolu keçən yaşlı insanlara, uşaqlara köməklik göstərməsini böyük maraqla izləyirəm.

- Qardaşım, həmin hallar bu gün də var. Özü də kifayət qədərdir. Sadəcə onu çəkmək, xalqa göstərmək lazımdır. Amma nədənsə daha çox polisi məhkəmə binalarının qarşısında, mitinqlərdə ekrana gətirirlər. Bu da polisə olan soyuq və hətta deyərdim kinayəli münasibət formalaşdırır. Amma unuduruq ki, həmin polislər də bizlərin ailəsindən çıxıbdı. Onlar da birimizin qardaşı, birimizin oğlu, başqa birimizin hansısa bir qohumudu. Yəni bu xalq toplum halında nədisə, polis də onun bir hissəsidi. Ona görə də biz özümüz özümüzə sevgimzi, etiramımızı elə formalaşdırmalıyıq ki, onu yad basqılar, həmlələr təsir edə bilməsin. Polislə xalqın münasibətinə kölgə salmasın, bu münasibət çat verməsin. Təəssüf hissi ilə deməliyəm ki media, sosial şəbəkələr bəzən polisin həyatını elə təqdim  edir ki, bunu yumşaq desək, bir təqaüddə olan polis polkovniki kimi mənim ürəyimi ağrıdır. Anlaya bilmirəm ki, belə məqamda niyə təcrübəli, nüfuzlu, həyatını, ömrünü xildmətə həsr etmiş və bunun hesabına da müəyyən maddi durum da qazanmış veteranlar, eləcə də vəzifədə olanlar susurlar. Axı biz susduqca, bizim üstümüzə daha çox gəlirlər.  Öz haqqımızı təqaüddə olsaq belə, bugünkü gənc polislərlə birlikdə biz də qorumalıyıq. Bunun üçün çox da böyük vəsait sərf etməyə lüzum yoxdu. Sadəcə təşəbbüs göstərmək, mediada polislə bağlı bədii əsərləri, mahnı mətnlərinin müsabiqəsini keçirmək, şəhid polislərin adı ilə  bağlı idman yarışları təşkil etmək, eləcə də polisin  həyatından bədii və sənədli filmlər çəkmək, romanlar, povestlər yazmaq üçün addımlar atılmalıdı. Bax, bu təşəbbüskarlıq bizim dünyagörüşümüzdə, mənəviyyatımızda mütləq öz təsirini göstərəcəkdir. Burada bir məqamı da qeyd etmək istəyirəm ki, tanıdığım polis ailələri var ki, onlar baba, ata, oğul, nəvə, necə deyərlər, bir şəcərə həyatını bütünlüklə polisə həsr edib. Onlar barəsində çəkilişlər edib yayımlamaq bunun özü də çox müsbət nəticə verə bilər və buraya hüquq-mühafizə orqanlarında şərəflə işləmiş, bu gün isə ömrünü hüquq elminə həsr edən ziyalılarımızın da mövqeyini təbliğ və tətbiq etmək işin xeyrinə olar.   Bütövlükdə isə gəlin etiraf edək ki, biz bu gün polisə dar günümüzün köməyi kimi baxırıq. Əgər bu münasibəti dəyişməsək, polisi hər yerdə özümüzdən biri kimi görüb sayğı ilə yanaşmasaq, onda polisə ögey münasibət zaman-zaman davam edəcək. Bax, o zamanı qabaqlamağın bir yolu da ziyalıların, elm adamlarının, millət vəkillərinin, ağsaqqalların, xüsusilə də,veteran polislərin birlikdə əl-ələ verib ictimai fikirləri dəyişəcək, addımlar atması çox vacibdir. Təkcə polis günündə polisi təbrik etmək yox, hər gün onu öz qardaşın, oğlun kimi görmək cəmiyyətimizin də, elə polisimizin də ən böyük mənəvi qazancı olar. Bax, mənim istəyim və edilən basqılara cavabım da bundan ibarətdir. Düşünürəm ki, yaşımın bu çağında, ömrümün böyük bir hissəsini həsr etdiyim polislə bağlı fikirlərimi hər yerdə, hər an söyləmək mənim ürəyimin istəyi və hətta tələbidir.  Mən bu istəyə bütün ömrüm boyu sadiqəm.

...Bu bir təqaüddə olan polis polkovnikinin özünün dünəninə, bugününə və sabahına  münasibətinin qısaca ifadəsidir. Çox istərdim ki, dünəni, bugünü və sabahı məhz polislə bağlı olan, xüsusilə söz deməyə haqqı olan hər kəs öz fikrini söyləməkdə tərəddüd etməsin. Çünki deyilən söz təkcə yadigar deyil, o həm də təsir vasitəsidir. Özü də ictimai şura. Gəlin, bunu unutmayaq!


                                                                                                          Əbülfət MƏDƏTOĞLU


2072 oxunub

InvestAZ