Ramazan bayramı ərəfəsində
məzarları ziyarət edərkən qaçqınlıq illərindən sonra kənd qəbiristanlığında məzarların
sayının çoxaldığıı müşahidə etdim. Burda yerli əhalidən başqa Kəlbəcər, Laçın, Cəbrayıl,
Zəngilan qaçqınları da dəfn olunmuşdular. Həmişəki kimi üstündə bayraq dalğalanan
məzarları da ziyarət etdim. Bir neçə ay getmədiyimdən daha bir şəhid məzarının olduğunu
gördüm və ona tərəf addımladım. İlahi, bu o gənc idi...
Cəbhə zonasının insanları
başqalarına nisbətən daha ürəkli, qorxmaz olurlar. İllərdi başlarının üstündən
«uçan» güllələrə fikir vermədən çöldə, tarlada əkin-biçiniylə, mal-qarasını otarmaqla,
gündəlik normal həyatları ilə məşğuldurlar. Gün-güzəranları ürək açan olmasa da,
torpağa bağlı olan bu insanlar kəndi yenidən tərk etməyi düşünmürlər belə.
Martın son günləri atəşkəsin
pozulması get-gedə daha da artırdı. Kənd sakinləri xəstəsindən, qocasından, körpəsindən
nigaran olmağa başlamışdılar. Atılan güllələr, mərmilər evlərin dam örtüyünə, pəncərələrə,
həyətlərə düşür, insanların əl-qolunu iş-gücdən soyudurdu. Kəndin kişiləri gecə
yarısınadək bir yerə toplanıb vəziyyəti müzakirə edir, çıxış yolu düşünür, bununla
həmdə kəndə keşik çəkməli olurdular. Qadınlar da rahat yatmırdılar təbii ki. Bircə
körpələr dünyadan xəbərsiz yatır, güclü atışma olmayınca yuxudan ayılmırdılar. Bu
vəziyyət bir neçə gün davam etdi. İldırım sürətiylə yayılan xəbər səksəkədə yaşayan
camaata bir rahatlıq gətirdi – kəndə xüsusi təyinatlılar gəlir!
Kəndin palçıqlı yolunda
onların döyüş maşınının batdığı xəbəri gəldi. Bir neçə gənc köməyə tələsdi. Bu zaman
qarşı tərəfdən gələn Vaqif kişi onların məqsədini anlayıb, özünəməxsus zarafatla:
A bala, onlar sizi iki loxmaya yeyərlər, onların sizin köməyinizə ehtiyacları yoxdur.
Bunu eşidən körpə uşaqlar «yeyərlər» sözündən ürpənən kimi oldular. Vaqif kişi sözünə
davam etdi: Yəni, mənim çiynimə bir Vaqif də qoysanız, boyum onlarınkından balaca
olar. Onlar bir təkana texnikanı palçıqdan götürüb kənara qoydular. Kişinin sözünü
söyləyərkən üzündəki məmnunluğu hamı sezdi. Demək rahatlamaq olardı.
Camaat onların tamaşasına
durmuşdu. Onlar xüsusi tünd geyimli, üzlərinə o rəngdə boya çəkilmiş, boyları ən
azı bir metr səksən santimetr olan, müxtəlif müasir silahlılarla silahlanmış bu
gənclərə baxmaqdan qürur duyur, qadınlar bu qürurdan, sevincdən qəhərlənib
göz yaşı axıdır, kişilər eyni hissi
keçirsələr də onların etdiklərini siqaret yandırmaqla əvəz edirdilər. Bu görüntü
uşaqlar üçün daha maraqlı idi. Hər kəsdə bir məmnunluq, rahatlıq, onların düşməndən
qisas alacağına böyük ümid vardı. Xüsusi təyinatlıların üzərindəki sərtlik, özgüvən,
qorxmazlıq hər kəsə sözsüz, səssiz şəkildə: Arxayın olun, torpağımıza burnunu soxmuş
düşmənin başını əzəcəyik! – deyirdi. Tək bir gənc dönüb səmimiyyətlə camaata baxdı.
Qaragözlü bu gənc qonşu kəndlərin birindən idi. Baxışıyla: Sizin hər birinizin neçə
gündü çəkdiklərinin hesabını çəkəcəyik, mənim ailəm də siz çəkəni çəkdi – dedi sanki...
O gecə kənd sakinləri neçə
günlük yuxusuzluqdan sonra rahat yata bildilər. Aprelin 2-si səhərə yaxın güclü
atışma başladı. Yer-göy bir-birinə qarışdı. Atılan güllələrin, mərmilərin gurultusundan
evlərin şüşələri cingildəyir, partlayış sanki hər kəsin yanında baş verirdi. Gələn
xəbərlərsə ürəkaçan idi. Düşmən qısa zamanda geri oturdulmuşdu. Kəndin üstündən
aşağısından gedən döyüş texnikaları, əsgərlər əsl müharibənin olduğunu göstərirdi.
Düşmən əsgəri postu buraxıb qaçır, silahlarını belə götürməyə macal tapmır, yaxud
buna cəhd etmirdilər. Yaralanan, ölən yoldaşlarına kömək etməyi ağıllarından da
keçirmirdilər. Ölənlər arasında Livandan gəlmiş muzdlular, zəncilər də vardı. Dağlıq
Qarabağdakı bütün xəstəxanalar, hospitallar yaralıyla, meyitlə dolu idi. Artıq yaralıları
Yerevana daşımağa başlamışdılar... Döyüş müvəffəqiyyətlə başa çatmışdı – kəndimizin
üst tərəfindəki Lələtəpə yüksəkliyi düşməndən
geri alınmışdı! İllərdi düşmən o yüksəklikdən kəndlərimizi, strateji əhəmiyyətə
malik olan Horadiz şəhərini nəzarətdə saxlayırdı.
Tezliklə kənd camaatını
məyus edən xəbərlər də gəlməyə başladı – çox sayda şəhidlərimiz vardı...
Müharibədə udan tərəf olmur deyirlər, hər iki tərəf uduzur. Çünki çirkin siyasətin
qurbanı qəlbi həyat eşqi ilə dolu olan gənclər olurlar.
Bütün kənd camaatı şəhidlər
üçün ağlayır, minnətdarlıq hissiylə onları uğurlayırdılar. Amma onların kim
olduqlarını görmə şansımız yoxdu. Buna icazə verilmirdi. Geri dönənlər içində
gözüm nədənsə o, qaragözlü gənci axtarırdı. Özümə təskinlik verərək, yəqin
başqa yolla gedib, deyə düşünürdüm.
Amma o gün – Ramazan
bayramında üstündə bayraq dalğalanan məzarlıqda gördüyüm, qara gözləriylə mərmərdən
səmimiyyətlə baxan gənc o idi – Şəhidim, Qeyrətlim, Təəssübkeşim, Vətənin ən layiqli oğlu...Cənnət sakini...