XƏBƏR LENTİ
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



ƏSA... MÜDAFİƏ SİLAHI... - Fəridə RƏHİMLİ yazır
YAZARLAR 09:47 / 30.07.2021

Niyə əsayla müdafiə olunurdular? Çünki indi silahları yalnız əsa idi. Əsasız addım ata bilmirlər, əsa itirdikləri ayaqlarını əvəz edir, müdafiə olunmaq üçün də ondan silah kimi istifadə edirlər. Yeriyib yüyürə bildikləri, heç kimə möhtac olmadıqları zaman xalqı da möhtaclıqdan, köləlikdən qorumaq üçün sinələrini qabağa vermişdilər. İki ayaqla getdilər, tək ayaqla döndülər...

Bir mərmiylə göyə sovrulan arzularının puç olduğu gündü o gün - ayağının onu tərk etdiyi gün. Ayılanda, olayı anlayanda dəhşətdən dəli olmaq həddinə gəldiyi gün.

O sızıldayan sahibsiz ayağı tez-tez yuxusuna girir Qazinin. Özünün bir parçası olan o ayağın harda dəfn olunmasından xəbəri olmayanları da var. Görəsən gedib ayağının məzarı başında ağlayanı varmı bu Qazilərin? O "məzarın” başında keçirdiyi analaşılmaz hisslərin - ayaqlıların heç vaxt anlamayacağı, onlara yad olan hisslərin cilovunda çapalayan Qazilər görəsən yuxuda bayatı, ağı deyirlərmi ölmüş ayaqlarına?!.

Bəzən yuxuda ayaqlı görürlər özlərini. Döyüşürlər, qələbə çalırlar, qaçırlar, yüyürürlər, futbol oynayırlar - yuxuda xoşbəxt olurlar Qazilər. Çoxu belə də xoşbəxtdi, çünki anlayana mərdlik, kişilik, qeyrət nümunəsidir bugünkü halları. Görəsən heç "kaş ki” deyirlərmi? Kaş ki, o an orda olmasaydım. Kaş ki, bir an o mərmidən yan keçsəydim... kaş ki, bu gün "mənəm, mənəm” deyən nacinsləri qorumasaydım!...

"Lazım  gəlsə yenə gedəcəyik.... Ayaqlarımız orda bizi gözləyir. Onlara qovuşmağa gedəcəyik, düşmənə  son  və  qəti  dərs  verməyə”, - deyirlər. Amma ... Vətəndə harınlamış, vicdanını itirmiş, amalı, məqsədi maddiyyat olan, milli hissiyyatın, qeyrətin nə demək olduğunu bilməyən "vətəndaşlarla” döyüşməli olurlar - nadan sürüsüylə, cahil dəstəsiylə, vətəni pul, var-dövlət, rahatlıq kimi anlayan ələbaxan yaltaq sürüsüylə - qoçularla.

Bu münasibət onlara düşmən gülləsindən  də betər olur! Bu arxadan   vurulan  zərbədi. Bu, bütün amallarının puç olmasıdi! Ayaqlarının boş qalan yeri   otuz  ildən sonra indi daha çox, daha dözülməz ağrıyla sızıldayır. Qürur hissiylə yaşadığı illər bir anın içərisində mənasız bir heçliyə dönür. Haqlımı, haqsızmı olduğunu ayırd edə bilmir. Qoçuların qarşısında özünü müdafiə üçün əsasına əl atanda anlayır  ki,  demək hər  şey - Ümid də, Güvən də, elə Vətən də   əldən getdi!   Çünki o, pul hərisləri  ilə döyüşür. Belə olduğu halda Əlvida, Vətən! Əlvida, qovuşacağıma ümid etdiyim ayağım! Sənə tərəf gələ bilməyəcəm. O dünyada görüşənədək! Kaş ki sənlə gedəydim, bugünkü dəhşətləri yaşamayaydım. Qələbə əzmimlə tərk edəydim bu dünyanı. O zaman ölümüm özümə mənalı görünərdi. Düşmən gülləsiylə ölmək bu qədər acı, ağrıdıcı olmazmış! Düşməninin kim olduğunu ayırd edə bilməmək əzabını yaşamaq daha ağırmış!

... Qarabağda qalan ayağının sızıltısını o günə qədər belə dəhşətlə hiss etməmişdi Qazi. Kim idi Qazi? Vətən qarşısında borcunu verib hər kəsin üzərində haqqı olanmı, yoxsa döyüşdə ölmədiyinə peşman edilmiş keçmiş döyüşçümü?

O gün ki Vətəndə Qazinin ayağını əvəz edən əsası   ondan   pul  umanlara  qarşı  özünü müdafiəyə qalxdı..


3791 oxunub

InvestAZ