XƏBƏR LENTİ
22 Oktyabr 2021
21 Oktyabr 2021
20 Oktyabr 2021



“Mənim ümidim nəinki ölür, heç qrip də olmur”- MÜSAHİBƏ
MÜSAHİBƏ 11:42 / 29.07.2021

Həmsöhbətimiz şairə Xuraman Hüseyndir.

-Sizi yazılarınızla aktiv görsək də, real mühitdə elə də görmürük.

-Bir az mizantropam. Bu sözün bir neçə mənası var. Mən sadəcə "insanlardan qaçan” anlamını özümə aid edirəm. Pandemiyanın da buna təsiri çox oldu. "Kovid dövrü” sanki hamını belə etdi. İnşallah, tezliklə bu arzuolunmaz dövr sona çatar və əvvəlki kimi rahat həyatımızı yaşamağa davam edərik.

-Bəziləri düşünür ki, yaradıcılıq bəs etmir, gərək ədəbi mühitin özündə də görünəsən. Tədbirlər, imza günləri, süfrə arxası və s. Hətta bəziləri bunu gündəlik iş həyatına çevirib.

-Düzdür, ədəbi mühitlə ünsiyyətdə olmaq yaradıcılığa da bir növ təkan, bəlkə də stimul verir. İmza günlərinə getmək istəsəm də hər dəfə bir problem çıxıb. Amma getmək lazımdır. Hazırda yeni kitab üzərində işləyirəm. Bu, esselər kitabı olacaq. Yəqin ki ona nə təqdimat, nə də imza günü edəcəm. Buna hələ ki, həvəsim yoxdu. Bəlkə nə vaxtsa etdim. Bir söz də deyim: ünsiyyətdə olduğum yazarlar çox azdır. Yazdıqlarını oxuyuram, bəzən münasibətimi də bildirirəm. Təki Allah hamısının canını sağ eləsin. Yazsınlar, yaratsınlar. Bizim kifayət qədər istedadlı şairlərimiz, yazıçılarımız var var. Tədbirlər, süfrə arxasında görüşmək yaradıcı adam üçün əlbəttə,yaxşıdır.

 

İnsanlardan qaçan adamam

 

-Şeirlərinizin böyük əksəriyyəti sevgi şeirləridir...

-Əvvəllər sevgi şeirlərini sadəcə şeir yazmaq xatirinə yazırdım. Son illər və hazırda yazdığım şeirləri "alter eqom” adlandıra bilərəm. Sevgi insanı həyata bağlayan hiss olduğu kimi sevgi şeirləri də oxucunun həmişə axtardığı, oxumaq istədiyi şeirlərdir.

-Sevgi, məhəbbət incə ruhun məhsulu olsa da ən yaxşı sevgi şeirlərini kişi şairlər yazır. Ən azından daha çox onların şeirlərini xatırlayırıq. Bu təzad nə ilə bağlıdır?

-Bu, yəqin ki, kişilərin hər yerdə zərif məxluqdan güclü olmasından irəli gəlir. Məncə, onlar poeziyada zərif məxluqlarla bərabər gücə malikdirlər. Zəif olduqlarını demirəm, çünki sevgi şeirləri gözəl olan kifayət qədər çox kişi şair var. Müasir şairlər arasında da sevgi şeiri yazmaqda kişi şairlər üstünlük təşkil edir. Bu, bəlkə də onların xanım şairlərdən çox olmasından irəli gəlir.

-Şablon olsa da, heca, yoxsa sərbəst?

-Heca da, sərbəst də gözəldir. İkisini də çox sevirəm. Hecada yazmağı sadəcə, yaxşı öyrənmək lazımdır. Elə misra düşünə bilərsən ki, onu sərbəst şeirlə ifadə edə bilməzsən, yaxud, əksinə.

-Həm hekayə yazırsınız, həm publisistik məqalələr, həm şeir və s. Bunlar bir-birinə mane olmur? Və ya şeirin enerjisini yemir?

-Yəqin ki, şair Emin Piri də dediyimlə razılaşar: şeir enerjisini heç nə yeyə bilməz. Hərəsinin öz yeri var. Hansında özümü ifadə edə bilirəmsə, onda da yazıram. Əsas yazmaq bacarığının olmasıdır. Ki, buna da istedad deyilir. Oxumaq üçün Allahın verdiyi səs də, şeir yazmaq bacarığı da və s. istedaddır. Xalq şairi Məmməd Araz deyirdi:

Gərəksiz tərif də yuxuya bənzər,

Uyudar qələmi iş üstündə də.

İstedad elə bir toxuma bənzər,

Göyərər bir quru daş üstündə də.

-Bəs siz özünüzü daha çox hansında tapırsınız?

-Əlbəttə, şeirdə. Qarabağın düşmən əsarətində olması haqda saysız, hesabsız şeirlər, hekayələr və s. yazıldı, filmlər çəkildi. Ali Baş Komandan İlham Əliyevin və igid oğulların sayəsində otuz ilə yaxın işğal altında olan Qarabağımız bu işğaldan, əsarətdən xilas oldu. İgidlər qanlarını, canlarını belə torpaq uğrunda fəda etməkdən qorxmadılar, çəkinmədilər. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Şairlərimiz yəqin ki, vətənə qovuşmağımızı daha gözəl, poetik ovqatın uğurlu ifadələri kimi oxuculara çatdıracaqlar.

-Sevdiyiniz birinin gedişi sadəcə küçəmizdə bir cüt ayaq izinin itməsidirsə, bütləşdirdiyimiz insanların, dahilərin bu boyda dünyada heç izinin yoxluğu da hiss olunmaz...

- "Başqa nə deyim ki?” şeirində demişdim şeirin lirik qəhrəmanı gedəndən küçəmizdə bir cüt ayaq izinin azalmasını. Bütləşdirdiyimiz insanların, dahilərin izi beynimizdə, düşüncəmizdə qalır. Yaşadığımız "Həyat” adlı nağılın sonunda göydən üç alma düşməyəcək, biz bu dünyadan gedəcəyik. Bizdən gələcək nəsillərə nə qalacaq? Yazmağı bacarırırıqsa, bunu düşünməliyik. Necə ki, keçib gedən, yaşanıb bitən şair, yazıçı ömürlərindən sonra bizə onların yazdıqları, rəssamların çəkdikləri, bəstəkarların bəstələri qalıb, biz də nəyisə bacarırıqsa və bu bacarığımız Allah tərəfindən verilirsə, onu dəyərləndirmək, gələcək nəsillərə saxlamaq lazımdır...

 

Darıxdırıcı janrdan başqa bütün janrlar gözəldir

 

-İnsanlar özünü ucaldır. Özünü arzu, xəyal, ümid, kimi təqdim edir. Xuraman Hüseynsə "Ümidsizlik” kimi...

-Mən ümidi çox sevirəm. "Ümidsizlik”dən sonra ümid haqda bir-neçə şeir yazmışam. Onlardan birində belə deyirəm: Tumurcuq ümidlərim, fidan ümidlərim solur həyata keçməyən arzularımın kölgəsində, günəşin qarşısını buludlar kəsir, çarəsiz qalır ümidlərim, yenə xəyallarıma dönürlər... Ümumiyyətlə, ümid etmək, ümidi üzməmək çox gözəl hissdir. Bir dəfə Feysbukda belə bir status yazmışdım: "Mənim ümidim nəinki ölür, heç qrip də olmur.” Amma ümid də bəzən insanın gözləntilərini doğrultmur.

-"İyul küləyi”, "Vivaldinin yayı”... Deyəsən, yay fəsli daha amansız izlər buraxıb ruhunuzda...

-Volter deyirdi: "Darıxdırıcı janrdan başqa bütün janrlar gözəldir.” Bütün fəsillər gözəldir, hərəsinin öz yeri var, təki işlərimiz düz getsin və xəstəliklər əl çəksin, biz də başımızı aşağı salıb şeirimizi, hekayəmizi yazaq. Əvvəllər payızı daha çox sevirdim. İndi daha heç nə məndə maraq, nəyəsə rəğbət yaratmır. Sanki get-gedə həyatı olduğu kimi dərk edirəm-yaxşı da ola bilər, pis də, üzülmə... Antonio Vivaldi fəsilləri bəstələri ilə yaşadıb, biz də misralarla yaşadaq, görək nə olur, yaşada biləcəyikmi?!

 

Söhbətləşdi: Emin Piri


2089 oxunub

InvestAZ