XƏBƏR LENTİ
29 Noyabr 2021
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



SÖZÜN ƏSİRİ VƏ YA SÖZ UĞRUNDA YAŞAMAQ - Tural Cəfərli yazır
Ədəbiyyat 09:58 / 26.06.2021

Şair, publisist Əbülfət Mədətoğlunun şeirlərini duymaq cəhdim

 

Onun söz uğrunda yaşadığı bu dünyada bir çox dəyərlər və məqamlar öz mənasını, öz aktuallığını itirsə də, o həmişə sözün dəyərini və məqamını uca tutur.  O, söz  üçün yaşadıqca özü də "söz” kimi bütövləşir, dəyər qazanır, ucalır... O sözün əsiridi. İllərdi bu əsirlikdən qurtula bilmir. Düzü, heç özü də bunu istəmir. O sözün əsiri olduqca, mənəvi dünyasında azadlığın şirin dadını alır və  göylərin sonsuzluğuna qovuşur. Bu qovuşma, hər gün, hər saat, hər an baş verir. Onun "söz”dən başqa heç nəyi yoxdu...

     Adətən səhərlər neqativ hadisələrdən  uzaq durmaq üçün sosial şəbəkələrə baxmıram. Gündəmi zəbt edən şou xarakterli xəbərlər, reytinq xatirinə yazılan mətnlər informasiya yükündən ibarət olduğundan, heç olmasa günortaya qədər gözümü telefonun ekranından uzaq tutmağa çalışıram. Ancaq elə olur ki, ya vərdişdənmi, ya maraqdanmı bu prinsipdən yayınıram. Ancaq hərdən yaxşı ki, yayınıram. Çünki qarşıma pozitiv və düşündürücü məqamlar da çıxır. Belə məqamlardan biri də öz ovqatı və dünyası ilə adamı sakitləşdirən, səbrlə, inamla özünə kökləyən şeirlərdi...

Qəlbimdə çıraq - şam , adın

Başına dönən şamandım...

Heç kim üçün yaşamadım -

Allahdan və səndən başqa!

 

Sadə və axıcı sözlərin rəqsini izləyirik sanki. Bu rəqs insanın ürəyini dincə qoyur, düşüncələrini sərinlədir və hisslərimizə özəllik qatır.  "Başına dönən şamandım...”  Sözlərin mirvari dəqiqliyi ilə düzülüşü və məna baxımından anlamı asan və bir o qədər də dərin olan bir sətir.  Özünəməxsusluq, heç kimi yamsılamadan və özünün olanını təqdim etmək... Budur, əsl sözün və şairin fərqi!

 

"Heç kim üçün yaşamadım-Allahdan və səndən başqa!”  Duyğuların bir gizli xəzinə kimi gizləndiyi və Allah qatında açıldığı zaman. Burada "heç kim üçün yaşamadım” ifadəsi həmçinin müəllifin özü üçün də yaşamadığını, bütün həyatını və varlığını bağladığı hədəflər açıq aydın sezilir.

 

Dilimi sıxıb tuturam

Sözü - demədən uduram...

Mən , hamını unuduram -

Allahdan və səndən başqa!

 

Unutmaq-fəlsəfi və bir o qədər də həyati anlam kəsb edir. İnsan üçün "unutmaq” yaşamaq üçün ən vacib amildir. Unutmayan, yaşaya da bilməz. Unutmaq, bir növ həyatın davam etməsi, zamanın yazılmayan  qanunudur. Hamını unudan adam, Allahını və birini unutmayanda əslində özünü də unutmuş olur. O özünü zamanın alt qatlarında itirən və gələcəyə gözü bağlı, ancaq ürəyi açıq şəkildə gedən dərvişdi…

"Sözü-demədən uduram”. Sözlə nəfəs alan və sözlə yaşayan adam, ürəyində sözdən bir yuva qurub. Bu yuvanı isə ancaq sözlə yıxmaq olar. Şair söz yuvasını sözlə qurduğu kimi, sözlə yıxmağın mümüknülüyün də vurğulayır…

 

Yorulmuş bir dəvəyəm

Dərddi, qəmdi küyənim....

Bir Allahdı, bir də sən -

Mənə " sağ ol!"- deyənim...

 

Sufizim, mistika, yol… Şair getdiyi yolun sonunu düşünmür. Bu yol onu Tanrıya, Eşqə aparır. Bu yolda ona bəla da göndərilə bilər. O isə bəlaya "gəl” deyir. Çünki "bəla” nemətdi. Dərdin, qəmin bəlasına razılıq edir, bunun nemətindən heç vaxt məhrum olmaq istəmir. Bütün bu bəlalara "xoş gəlmisən” dediyinə görə Allah da ona "sağ ol” deyir. Şair burada məhz bu incə məqama işarə edir…  

 

Ahımı karvana qoş,

Ümidimi küləyə...

Ürək bərabər tutur,

Ən müqəddəs mələyə -

Səni!

 

Sözün başlanğıcı da, sonu da müqəddəsliyə tərəf yönəlir. Şairin "ah”ı karvana bənzəyir. Bu "ah” yol gedir.  Bu "ah” karvanının sarvanı  isə yardı. Son əlac kimi "ümid”ini küləyə tapşıran müəllif yarın ürəkdəki yerini və onun təsvirini çox böyük ustalıqla verir: "Ürək bərabər tutur, Ən müqəddəs mələyə -Səni!”

   

Üyüd dəyirmanında,

Ömrümü yarma elə...

Allahın özü qədər ,

Sevən varmı de, belə -

Səni?

 

Allahın bəndəsinə olan sevgisinin ölçüsü yoxdu. Bu ölçünü "söz”lə göstərməyə çalışan şair öz sevgisini də nümayiş etdirmiş olur. Bu sevgi Tanrıya və onun bənsədinə ünvanlanan, qovuşulmayan, həsrət dolu bir sevgidi…  Bu sevginin şəklini "söz”lə çəkən şair ümidlə yaşayır..

 

Çökmüş dəvə kimi dizim yer eşir,

Məni bu halımda qəmdi dindirən...

Uzaqdan üstümə bir kölgə düşür -

Gəlir, ayağına məni endirən...

 

    

Ümumiyyətlə, bədənlə ruh bir-birinə zidd varlıqlardır. Ruh ilahi aləmin – vəhdətin, bədən isə maddi dünyanın – kəsrətin еlеmеntləridir. Bədənə nur və gözəllik vеrən ruhdur. Haqqın camal və cəlal gözəlliyi öz varlığını ruh vasitəsilə bədəndə təzahür еtdirir. Bədən nəfsani еhtiraslara, həvavü-həvəsə, ruh isə ilahi aləmə mеyllidir. Bədəni təşkil еdən ünsürlər maddi aləmə məxsus olub maddi aləmdə qalır, ruhlar isə bədən öldükdə ondan ayrılıb qеyb aləminə səfər еdir. Ruhların qərar tutduğu məkan Aləmi-mələküt, yəni Ruhlar aləmidir.

 

Mən ruhumla səninləyəm hər bir an,

Nəfəsim də şirə çəkir adından...

İnanclısan , deyim eşit və inan -

Tanrım kimi sən çıxmırsan yadımdan!..

 

"Yaddaş” məsələsi insanın min illər boyu formalaşdırıdığı və beləliklə tarixdə qalmaq və gələcəkdə xatırlanmaq ehtiyacında yaranan bir anlayışdır. Bu anlayışın Tanrıya köçürülməsi də məhz əbədiyyətin, əbədi həyatın ümidinə varmaq kimi başa düşülür.  Çünki Tanrı zamanın özüdü, zaman özü də Tanrıya aiddir. Zamanın idarəsi Tanrıya məxsusdur. Şair də özünü Tanrının ixtiyarına  buraxır…

     

Səhər də, axşam da köhnə biçimdə

Mən vaxt öldürürəm, vaxt da ki, məni...

Təzə heç nə yoxdu köhnə içimdə -

Oxşamır o köhnə vaxtda ki , məni!

 

Xoşbəxtliyin  digər  açarı  zamandadır.Kim  zamanını  düz  xərcləyirsə, o adam xoşbəxtdir. Şair öz xoşbəxtliyini zamanın fövqündə axtarır. Axtarır, ancaq axtardığını itirmədiyini də anlayır. Çünki o zamanın içində yeni bir zaman yaşayır. Bu zamanın adı "tənhalıq”dı… Tənhalıq şairin təbii görkəminə bir az da çox təbiilik qatır. Sanki onu daha ağrılı və daha kədərli libasda  təqdim edir. Bu libası isə şair heç vaxt əynindən çıxarmaq istəmir…

 

Gecəm şamdı - əriyir,

Bələnirəm tüstümə...

Sol gözüm çox səyriyir,

Əyilib qoy üstünə -

Gözünü!

 

Gecə-qaranlıqda bir işıq, işıqda bir qaranlıqdı. Tüstü həm də qəlbin xəzinəsindən xəbər verir. Qəlbin xəzinəsi isə eşqdi. Xəzinənin üstündə əfsanələrdə deyildiyi kimi ya əjdaha, ya ilan olardı. Tüstü də çıxanda burulan ilana oxşayır, qəlbdəki xəzinəni işarə edir.  Bu xəzindən yəqin etmək olur şairin halını. Onun nələrdən keçdiyini və hansı əzablarla çarpışdığını aydın sezmək olur.

 

Mən səni sevməzdim,Qadın -

Oxumasam sətir, sətir...

Dedim. hamı bildi adın -

Dur , sevgimi götür, gətir!..

 

Əbülfət Mədətoğlunun şeirlərini oxuduqca fəlsəfi və bir o qədər təbii bir dünyaya düşürsən. Bu dünyanın səsi də, rəngi də, havası da ayrıdı. Bu səs adamın ruhunu oxşayır, bu rəng adamın gözünü nurlandırır, bu hava adamın ağlını başından alır… Sevginin, təmizliyin, səmimiyyətin sözlə bu cür dəqiq, fərqli və incə təsviri adamı heyrətləndirir. Anlayırsan ki, ömrünü sözə və sözün varlığına həsr etmiş bir müəliffi oxuyursan. Oxuduqca, yeni bir yolu görürsən. Sonra bu yolun davamını axtarırsan. Yolun davamını isə müəllif oxucunun ixtiyarına verib. İstəyən  gedəcək, istəməyən bu yolda azıb qalacaq…

 

Tural Cəfərli


2720 oxunub

InvestAZ