XƏBƏR LENTİ
22 Oktyabr 2021
21 Oktyabr 2021
20 Oktyabr 2021



"Baş Planla tanış olana qədər bu məsələ məni çox narahat edirdi" – Aqil Abbas yeni Ağdamdan DANIŞDI
MÜSAHİBƏ 20:36 / 01.06.2021

28 May - Respublika Günü Azərbaycan tarixinə altun hərflərlə yazılası daha bir hadisə baş verdi. 30 illik işğaldan sonra tapdaq altından azad edilən torpaqlarımızda – Ağdamda yenidənqurma işlərinə başlanıldı. Prezident İlham Əliyev Ağdam şəhərinin təməlini atdı.

Ağdamın Baş Planı təsdiq olundu. Həmin tədbirdə Ağdamın öndə gələn insanları, ziyalıları da iştirak edirdi.

Təməlatma mərasimində iştirak edənlərdən biri də millət vəkili Aqil Abbas idi.

Yenisəs.az  bildirir  ki, Aqil Abbas Publika.az-a müsahibəsində Ağdam şəhərinin Baş Planı ilə bağlı təəssüratlarını bölüşüb:

- Aqil müəllim, Prezidentlə birgə Ağdama getdiniz. Ağdam şəhərinin təməlqoyma mərasiminə qatıldınız. Yeni Baş Planla tanış oldunuz. Yeni Baş Plan sizi qane etdimi?

- Əlbəttə, qane etdi. Yeni Baş Plan çox yüksək səviyyədədir. Baş Planla tanış olana qədər bir məsələ məni çox narahat edirdi. Fikirləşirdim ki, Ağdam şəhərinin yenidən təməli qoyularkən yerli memarlıq koloritləri gözləniləcəkmi? Bu, təkcə məni yox, bütün ağdamlıları narahat edən bir məsələ idi. Yeni Baş Planda ənənəvi Ağdam memarlığı, simvolların, elementlərin hamısı nəzərdə tutulub. 100 minlik şəhər yenidən qurulacaq. Hər şey möhtəşəm olacaq. "İmarət" də yenidən bərpa ediləcək. Bu dəfə orada futbol deyil, at yarışları keçiriləcək. Orada gələcəkdə konsertlərin, festivalların keçirilməsi nəzərdə tutulur. Ağdamda otuz minlik stadion tikiləcək. Bilirsiniz, həmin stadion Avropadakı stadionların tayı-bərabəri olacaq. Dünya standartlarına cavab verəcək. Futbol akademiyasının tikilməsi də Baş Planda yer alıb.

- Baş Plana əsasən, başqa nə kimi işlərin gerçəkləşməsi nəzərdə tutulur?

- Qarabağ universiteti açılacaq. Texnikumlar inşa olunacaq. Yeni Baş Planı çox ağıllı şəkildə işləyiblər. Deməli, Ağdamda on beş məktəb tikiləcək. Ən uzaqdan məktəbə gələn şagirdin yolu 350 metr olacaq, yəni uzaq yol olmayacaq. Hər yerdə bir məktəb tikiləcək. Bağçaların tikilməsi də bu cür həyata keçiriləcək. Şəhərin içərisindən çay axacaq. Şəhərin içindən keçən çay turizm üçün də çox əhəmiyyətlidir. Yəni, adamlar qayıqlarla çayın bu başından o başına gedə biləcəklər. Çayın hər iki tərəfi ağaclarla, yaşıllıqlarla əhatə olunacaq. Çay gedib 300 hektarlıq parkdakı hovuza töküləcək. Ümumiyyətlə, yeni Baş Plana əsasən, Ağdamda iki böyük parkın salınması nəzərdə tutulub ki, onların da birində böyük hovuz olacaq. Şəhərin dörd tərəfi dairəvi olaraq bağlarla əhatələnəcək. Kim istəyərsə, həmin hissədə istirahət məkanları, hotellər, koteclər tikə bilər. Bu mənada yeni planda hər şey nəzərdə tutulub. Ağdam ən gözəl şəhərlərdən biri olacaq. Ağdam Qarabağın paytaxtıdır. Şuşa mədəniyyət paytaxtımızdır. Amma vaxtilə Pənahəli xan Ağdamı Qarabağın paytaxtı kimi inşa etdirib. Ağdam Qarabağın düz mərkəzində yerləşir. Ağdamdan Bərdəyə də, Ağcabədiyə də, Füzuliyə də 48 kilometrlik yol var. Ağdamdan Ağdərəyə 34, Şuşaya 37, Xankəndiyə 25 kilometr məsafə var. Yəni, Ağdam bu dərəcədə mərkəzdə yerləşir. Bu mənada hər şey yeni Baş Planda nəzərə alınıb.

- Bəs şəhərin neçə giriş-çıxışı olacaq?

- Yeni Baş Plana əsasən, şəhərin 6 giriş-çıxışı olacaq. Şəhərdəki ana prospektlərin eni 60 metr nəzərdə tutulub. Yeni salınacaq Ağdamda 79 kilometr velosiped yolu nəzərdə tutulub. Yeniliklər, nəzərdə tutulanlar o qədər çoxdur ki, onu beş-on dəqiqəyə sığdırmaq, deyib qurtarmaq mümkün deyil.

- Belə başa düşdüm ki, yeni Ağdam da köhnə Ağdama  oxşayacaq...

- Bəli, köhnə Ağdamın simvolları, ornamentləri qorunub saxlanacaq. Özü də dünya inkişaf edir. Dünənə qədər Yevlax bataqlıq idi. İndi Yevlax Azərbaycanın ən gözəl şəhəridir. Dünənə qədər Ağcabədi bir kəndə bənzəyirdi. Hazırda Ağcabədi Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Ağdam işğaldan əvvəl çox gözəl şəhər idi. Fikirləşin ki, Ağdam 30 il işğal altında qalmasaydı, indi sürətlə inkişaf etmiş bir cənnət məkana çevriləcəkdi. İşğal edilməsəydi, Dubay kimi bir şəhərə çevriləcəkdi. Yeni Ağdamı dövlətimiz salır. Cənab Prezident birbaşa bu işlərə nəzarət edir. Çox gözəl şəhər salınacaq. Təbii ki, ağdamlılar da bundan zövq alır. İlkin olaraq Ağdamda 1750 fərdi yaşayış evi tikiləcək.

- Şəhərdə yaşayan ağdamlılara deyəsən, kəndlərdə də torpaq sahəsi ayrılacaq...

- Bəli, belə bir təcrübə indiyə qədər olmayıb. Şəhərdə yaşayan adamlara kənd yerlərində torpaq payı ayrılmır. Amma burada hər bir Ağdam sakininə, hər bir ailəyə kənd ərazisindən 25 sot torpaq sahəsi veriləcək. Bu, çox möhtəşəmdir. İstəyirsən gedib orada villa da tikə, istəsən əkin-biçinlə məşğul ola bilərsən. Hətta həmin ayrılan torpaq sahələrində meyvə bağları da salmaq mümkündür. Bir daha deyirəm, belə bir şey hələ Azərbaycanda olmayıb. Bir sözlə, Ağdam Azərbaycanda ən gözəl şəhər olacaq. Cənab Prezident də Ağdam haqqında böyük sevgi ilə danışırdı. İşğaldan azad olunan ərazilərdə, Qarabağda ilk bərpa olunan şəhər Ağdam olacaq. Bunun bir sıra siyasi səbəbləri də var...

- Nə kimi siyasi səbəbləri? Bu sual indi hamı üçün maraqlıdır. Niyə məhz Ağdam?

- Ağdamla Xankəndinin arası 20-25 kilometrdir. Ağdamdan Əsgərana 3 kilometr məsafə var. Söhbət ermənilərin yaşadığı ərazilərdən gedir. O mənada ki, Ağdam ən böyük, ən gözəl yaşamalı şəhərə çevriləcək. Ermənilərdən də bizim vətəndaşlığımızı qəbul edib yaşayanlar olacaq, bu öz yerində... Yaşasınlar, biz bir söz demirik, tolerant ölkəyik. Gedənlər də dünəndən getsinlər. Ağdam müasir Ağdamı görəcək və anlayacaq ki, onlar Qarabağda insan kimi yaşamaq istəyirlər, ya yox... Elə indi də deyirlər ki, müharibə istəmirlər. Özləri də insan kimi yaşamaq istədiklərini dilə gətirirlər.

- Bəs Ağdam əhalisinin yeni salınan şəhərə böyük qayıdışı nə zaman reallaşacaq?

- Mənə elə gəlir ki, bu proses 4-5 il çəkəcək. Mən bunu dəqiqliklə deyə bilmərəm, qənaətim 4-5 ildir. Hazırda orada bir cəbhə açılıb. Müharibə bitib, indi Ağdam tikinti cəbhəsidir. Orada bərpa və yenidənqurma cəbhəsi açılıb. Hazırda Ağdamda yüzlərlə texnika işləyir. Dəmir yolu çəkilir. İşıq dirəkləri quraşdırılır. Kommunikasiya xətləri yenidən qurulur. İşlər bu cür davam etsə, çox qısa müddətdə insanlar Ağdama qayıda biləcək.

- Sadə vətəndaşlar Ağdam şəhərində öz istədikləri kimi ev tikə bilərmi? Yoxsa dövlət tərəfindən tərtib olunan Baş Plandan kənara çıxılmayacaq?

- Dövlət orada balaca, inkubator evlər tikməyəcək. Dövlətimiz Ağdamda onun keçmişini, qədimliyini, milliliyini, özünəxaslığını özündə əks etdirən evlər inşa edəcək.


3205 oxunub

InvestAZ